Məhkəmə qərarları › İş №2(010)-524/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-524/2025

03.03.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-524/2025 03.03.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Allahyarlı Eltac Rauf oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs 4 saylı Bakı Maraqlı şəxsndə Notariat ofisi) qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi Paylı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Kooperativ küçəsi, dalan 1, ev 6a / Nəsib Məlikov küçəsi, ev 15 b və 15 v ünvanda yerləşən fərdi yaşayış evindən iddiaçının payına düşən ev 15 v 1/2 hissədən A tik -1 otaqdan (y/s -18,0 kv.m, k/s-8,6 kv.m) ibarət hissəni cavabdeh - Cavabdeh bağışlamağı barədə 4 saylı Bakı Maraqlı şəxsndə Notariat ofisində bağlanmış xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi və iddia ərizəsinin verilməsi üçün ödədiyi 100 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi. İddia tələbinin dəlilləri Bir müddət əvvəl iddiaçının səhhətində problemlər yaranmış, həkimə müraciət etmək məcburiyyətində qalmışdır. Xəstəxanalara gedərkən qardaşı - Cavabdeh da iddiaçı ilə birgə getmişdir. Bir çox müayinələrdən keçmiş və analizlər vermiş, iddiaçı sonuncu analizlərin cavabını gözlədiyi vaxt Cavabdeh ona bildirmişdir ki, həkimlərin verdiyi məlumatlara əsasən iddiaçıda xərçəng xəstəliyi aşkar olunmuşdur. Analizlərin nəticəsi bu faktı təsdiqlədikdən dərhal sonra iddiaçının müalicələri başlanmalıdır. Müalicələrin xərclərini ödəmək üçün maddi imkanının olmadığını bilən qardaşı iddiaçıya bildirmişdir ki, narahat olmasın, o bankdan öz adına kredit götürüb müalicələrin xərcini ödəyəcəkdir. Lakin bankdan kredit götürməsi üçün iddiaçıya təklif etmişdir ki, o paylı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Kooperativ küçəsi, dalan 1, ev 6a/ Nəsib Məlikov küçəsi, ev 15 b və 15 v ünvanda yerləşən fərdi yaşayış evindən iddiaçının payına düşən ev 15 v 1/2 hissədən A tik-1 otaqdan (y/s -18,0 kv.m, k/s- 8,6kv.m) ibarət hissəni ona bağışlasın. Həmin ev cavabdehin mülkiyyətinə keçsin ki, həm adına əmlak olduğu üçün ona bankdan kredit verilə bilsin, həm də əgər müalicələr müsbət nəticə verməsə, iddiaçı vəfat etsə, həmin evi satıb pulu ilə bankdan götürdüyü kredit borclarını ödəyə bilsin. Əgər hər şey qaydasında getsə, iddiaçı müalicə olunub sağalsa, cavabdeh evi təkrar ona qaytaracaq və müalicəsi üçün götürülmüş kredit borclarını da iddiaçının özü ödəyəcək. İddiaçı qardaşına inanıb güvəndiyi üçün onun bu təklifini qəbul etmiş, tərəflər xx.xx.2024-cü il tarixdə 4 saylı Bakı ‘Asan Xidmət” Mərkəzində Notariat ofisinə gedərək, iddiaçının paylı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən iddiaçının payına düşən ev 15 v 1/2 hissədən A tik -1 otaqdan (y/s -18,0 kv.m, k/s-8,6 kv.m) ibarət hissəni qardaşı - Cavabdeh bağışlamaq barədə “daşınmaz əmlakın bağışlanması müqaviləsi” bağlamışlar. Lakin bu hadisədən bir müddət sonra sonuncu tibbi müayinələrin və analizlərin cavabı çıxdıqda məlum olmuşdur ki, iddiaçıda xərçəng xəstəliyi yoxdur və müalicəsi üçün bankdan kredit götürməyə də ehtiyac yoxdur. Belə olan halda iddiaçı qardaşı Cavabdeh ilə əlaqə saxlayıb bildirmişdir ki, onda xərçəng xəstəliyi yoxdur və müalicəsi üçün də pul tələb olunmur, evini özünə qaytarsın. Lakin cavabdeh buna etiraz edərək evi iddiaçıya qaytarmaqdan imtina etmiş, evin artıq onun mülkiyyətində olduğunu və iddiaçıya həmin evdən çıxmalı olduğunu bildirmişdir. İddiaçı qardaşının ona qarşı münasibətinin tamamən dəyişdiyini görüb anlamışdır ki, Cavabdeh onu aldadaraq, sözügedən evi öz adına sənədləşdirmiş, əsl məqsədi xəstəliyi barədə iddiaçıya yalan məlumatlar verməklə evini əlindən almaq olmuşdur. Hal-hazırda qardaşı Cavabdeh iddiaçı ilə danışmaq, görüşmək belə istəmir, yeganə yaşayış yeri olan evi əlindən alıb, onu evsiz qoymaq istəyir. Tərəflərin izahatları İddiaçı izahatı: İddia tələbini müdafiə edərək bildirir ki, Cavabdeh dələduzluq yolu ilə evi ondan alıb. İddiaçını aldadıb ki, o, xərçəng xəstəsidir. Ona dərmanlar verib qida borusunu yandırıblar. Hal-hazırda rentgendən gəlib. Anası cavabdehə ev də, maşın da alıb. Anası mübahisə olunan evə olan öz payını iddiaçıya verib, onu da Cavabdeh aldadaraq ondan alıb. Cavabdeh xəstə olduğu üçün iddiaçıya baxacağına söz vermişdi. Cavabdeh izahatı: O, İddiaçı əqdin etibarsız hesab edilməsi tələbinə dair iddiasını qəbul etmir. İddiaçını xəstəxanaya o, aparmamışdır. Bacısı ona “WhatsApp” tətbiqi vasitəsilə səsyazılar göndərib. Həmin səsyazmalardan aydın başa düşülür ki, iddiaçı evi ona heç bir məcburiyyət olmadan, öz razılığı ilə bağışlamaq istədiyini bildirmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs 4 saylı Bakı Maraqlı şəxsndə Notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilmiş, 4 saylı Bakı Maraqlı şəxsndə Notariat ofisin notariusu Hacıyeva Hicran Qismət qızının xx.xx.2025-ci il tarixdə ərizəsi daxil olmuşdur və həmin ərizədə o, iddia tələbinə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə mülki işə iclasa gəlməyən müstəqil tələb irəli sürməyən üçüncü şəxs 4 saylı Notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları 1823671 saylı xx.xx.1969-cu il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.1969-cu ildə Bakı şəhəri, Xətai rayonunda anadan olmuşdur. 315272 saylı xx.xx.1978-ci il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, Cavabdeh xx.xx.1978-ci ildə Bakı şəhəri, Xətai rayonunda anadan olmuşdur. xx.xx.2010-cu il tarixli **********63-10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı adına rəsmiləşdirilmişdir. Bakı şəhəri 4 saylı ASAN Mərkəzində Notariat ofisinin xüsusi notariusuna İddiaçı tərəfindən ünvanlanmış ərizədən görünür ki, İddiaçı, o xx.xx.2010-cu il tarixli **********63-10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli çıxarış əsasında mülkiyyət üzrə ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini bağışlamaq istəyir. xx.xx.2024-cü il tarixli Daşınmaz əmlakın bağışlanma müqaviləsindən görünür ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 510.4 kv/m, yaşayış sahəsi 332.2 kv/m, yardımçı sahəsi 178,2 kv/m olan 20 otaqlı fərdi yaşayış evinin paylı mülkiyyət üzrə onlara məxsus hissəsindən ev 15v ½ hissəsindən A tik- 1 otaq (y/s-18.0 kv.m, k/s-8.6 kv.m) hissəni qardaşı X1 bağışlamışdır. Bakı şəhəri 4 saylı ASAN Mərkəzində Notariat ofisinin xüsusi notariusuna Cavabdeh tərəfindən ünvanlanmış ərizədən görünür ki, xx.xx.2024-cü il tarixdə rəsmiləşdirilmiş müqavilə üzrə əldə etdiyi daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının 10 iş günü müddətində qeydə alınması məqsədilə ərizənin və müqavilənin daşınmaz əmlakın dövlət reyestrinə elektron qaydada göndərilməsini təmin edilməsini istəyir. İş materiallarında olan diskə əlavə edilmiş səsyazısında İddiaçı Cavabdeh bildirir ki, nə qədər ki canım üstümdədi evi sənin adına keçirmək istəyirəm. Ona görə ki, birdən mən ölsəm sənin üstünə gəlməsinlər. Mənim meyitimi heç kəs yerdən götürməyəcək. İstəyirəm mənə bir şey olsa bilim ki, arxamda dayağım var. Hansı yolla istəyirsənsə o yolla gedək evi sənin adına keçirim. Amma o evdə yaşamayın. O ev nə anaya, nə də mənə qismət oldu. Mən o evdə yaxşı gün görmədim. Xəstəlikdən sağalsam belə yenə də evi sənin adına keçirəcəm, söz verirəm. Bu gündən sabaha ümidim yoxdur. İnsanam bütün günü yollarda işləyirəm, birdən məni maşın vurar ölərəm. Evi ona görə sənə verirəm ki, xəstələnsəm, ölsəm bilim ki arxamda dayağım var. Ölsəm evi satıb mənim meyitimi yerdən götürərsən. Evi anam mənə verib mən də sənə verirəm. Heç kəs mənə bu barədə bir söz deyə bilməz. Hamısı otursun öz yerlərində. Evi sənə özüm istəyərək verirəm xeyrini görəsən. Məndə xərçəng xəstəliyi yoxdur, həkimlərə inanmıram. Sən məni özünə dərd eləmə fikir eləmə. Mənə Allah şəfa verəcək, nə yazıbsa qismətimə o da olacaq. Övladım da yoxdur ki, onun dərdini çəkim. Mənə bir şey olsa icazə ver Firdovsi gəlsin yanıma, onu çox istəyirəm. İstəyirəm son nəfəsimi onun yanında verim. xx.xx.2024-cü il tarixli 2407 saylı Azərbaycan Respublikası Bakı şəhəri Sabunçu Rayon İcra hakimiyyəti Başçısının Sabunçu qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin vediyi arayışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 2 ünvanındakı “A” tikilisinin 1(bir) otağı-18 kv.m ƏMDK Daşınmaz Əmlakın Dövlət Reyestri Xitmətinin xx.xx.2010-cu il tarixli MAN0063694 saylı çıxarışına əsasən ona məxsusdur və həmin hissədə İddiaçı tək qeydiyyatdadır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.[332] 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 339.1 Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 668.1.1 Bağışlama daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə etibarlıdır. 670.1. Bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi İşin faktiki halı ondan ibarətdir ki, xx.xx.2024-cü il tarixində İddiaçı ilə Cavabdeh arasında daşımaz əmlakın bağışlanma müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən ona məxsus payı Cavabdeh bağışlamışdır. Hazırda İddiaçı sözügedən müqavilənin etibarsız hesab olunması və onun hüquqi nəticələrinin ləğv edilməsini istəyir. Belə ki, iddiaçının dəlili ondan ibarətdir ki, сavabdeh onu aldatmış, aldadılma nəticəsində düşdüyü ağır vəziyyətdən istifadə etmişdir. Cavabdeh isə iddia tələbini qəbul etmir və etirazını onunla əsaslandırır ki, mübahisəli evə dair bağışlama müqaviləsi mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmamaqla bağlanmışdır, müqavilə bilavasitə iddiaçının iradəsini ifadə edir. Başqa sözlə tərəflər arasında notarial qaydada imzalanmış müqavilə var, notariusda hansı müqaviləni imzaladığı və bunun nəticələri iddiaçıya izah edilmişdir. İddiaçını aldatmamış, ona xəstəliyi ilə bağlı yalan məlumat verməmiş, iddiaçıya müalicəsi ilə bağlı hər hansı bir vəd verməmişdir. İlk olaraq qeyd edilməlidir ki, əqdlər iqtisadi dövriyyənin axımlılığını təmin edən başlıca hüquqi vasitədir və yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən bağışlama müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələri). Yuxarıda qeyd edilən maddi hüquq normalarının müqayisəli təhlilindən də göründüyü kimi, hər hansı əqdin (o cümlədən bağışlama müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdlər iradə ifadələri nəticəsində əmələ gəldiklərinə görə, bir əqdin etibarlı olması üçün onu əmələ gətirən iradə ifadəsinin də sağlam olması, başqa sözlə iradə və onun bildirilməsi arasında vahidliyin mövcudluğu lazımdır. Bu vahidlik həm iradənin formalaşmasında, həm də onun bildirilməsi anında mövcud olmalıdır. Belə ki, iradə formalaşdığı anda sağlam olmalı və buna uyğun olaraq bildirilməlidir. Bu uyğunluğun (vahidliyin) olmadığı hallarda iradə ifadəsinin zədələnmiş olduğunu demək olar. İradə ifadəsinin sağlamlığına təsir edən, daha doğrusu onu (iradə ifadəsini) zədələyən ümumi hallar bunlardır: 1- vacib əhəmiyyətli yanılma, 2- aldatma, 3təhdid edilmə (hədələnmə). Aldatma, əqdin tərəflərindən birində qəsdən səhv bir qənaət və təsəvvür əmələ gətirərək, ya da ondakı səhv qənaət və təsəvvürü davam etdirərək onun həmin bu səhv təsəvvürə görə əqd bağlamasına səbəb olmaqdır. Göründüyü kimi, aldatma əslində əqdin bir tərəfinin qəsdən yanılmasına səbəb olmaqdır. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair qərarında qeyd olumuşdur ki, MM-də nəzərdə tutulan müqavilə növlərindən biri bağışlama müqaviləsidir. Bağışlama müqaviləsi mövcud olan əqdlərdən biri olmaqla əmlaka mülkiyyət hüququnun və ya bəzi əmlak hüquqlarının hədiyyə verəndən hədiyyə alana keçməsində ifadə olunur. Bir qayda olaraq, bağışlama müqaviləsini bağlamaq niyyəti hədiyyə verən və hədiyyə alan arasında yaranmış şəxsi münasibətlərin təsiri altında yaranır. MM-in 666.1-ci maddəsinə görə bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul olunduğu ehtimal olunur. Bağışlama müqaviləsinin aşağıdakı xüsusiyyətlərini fərqləndirmək mümkündür: • bağışlama müqaviləsi əvəzsiz müqavilədir, yəni hədiyyə verənin təmənnasız iradə ifadəsinə əsaslanır və onun bəhrələnməsi istisna edilir; • hədiyyə alanın əmlakı artır; • hədiyyə alanın əmlakının artımı hədiyyə verənin əmlakının azalması nəticəsində əmələ gəlir; • hədiyyə verənin hədiyyəni bağışlamaq niyyəti olur; • hədiyyə alanın hədiyyəni qəbul etməyə razılığı olur. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz bu normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Buna görə də, məhkəmə müqavilənin etibarsızlığı ilə bağlı nəticəyə gələrkən iş üzrə tədqiq edilmiş konkret sübutları, müqaviləyə qədərki və sonrakı danışıqları, hərəkətləri, müqavilə üzrə edilən-edilməyən hərəkətləri, bir sözlə, tərəflər arasındakı bütün münasibətləri nəzərə almalıdır. Məhkəmə bir daha qeyd edir ki, iddiaçı iddiasını onunla əsaslandırır ki, cavabdeh iddiaçının xərçəng xəstəsi olmadan sözügedən xəstəliyə tutulmasına inanması ilə bağlı addımlar atmış (iddiaçını özünün tanıdığı həkimə aparmış, həmin həkim ona xərçəng xəstəliyi diaqnozu qoymuş), nəticədə iddiaçını xərçəng xəstəsi olmasına, müalicəsi və əməliyyat olunması üçün 10000 manat məbləğində vəsaitə ehtiyacı olmasına, bütün bunlara görə cavabdehin özünün adına kredit götürəcəyinə, kredit götürməsi üçün evin cavabdehin adına olmasının vacibliyinə inandırmış, bununla da iddiaçı özünü çıxılmaz vəziyyətdə hesab edərək özü üçün əlverişsiz şərtlərlə müqavilə bağlamalı olmuşdur. Göründüyü kimi, iddiaçı cavabdeh tərəfindən aldadıldığını, bununla da özünün ağır vəziyyətə düşdüyünü zənn etdiyindən sözügedən bağışlama müqaviləsini bağlamalı olduğunu iddia edir. Cavabdeh isə iddiaçının həqiqəti söyləmədiyini əsas gətirərək iddia tələbi ilə razılaşmır. Cavabdeh iddiaçının izahatında qeyd etdiyi əsaslarla əsl həqiqətin fərqli olduğuna dair sübut kimi məhkəməyə iddiaçının səs yazısı əks olunan CD disk təqdim etmişdir. İlk növbədə, qeyd edilməlidir ki, bu səs yazısındakı şəxslərin kimliyi tərəflərin heç biri tərəfindən mübahisələndirilməmiş, hər iki tərəf danışan şəxsin İddiaçı olduğunu qəbul etmişdir. Məhkəmə bu səs yazısının sübut kimi qəbul edilənliyi məsələsinə münasibət bildirməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilir ki, şəxsi yazışma və şəxsi teleqraf məlumatları yalnız onların ünvanlandığı şəxslərin razılığı ilə açıq məhkəmə iclasında açıqlana bilər. Göstərilən qaydalar şəxsi xarakterli məlumat daşıyan səs və video yazıların tədqiqində də tətbiq olunur (maddə 10.10). Qanunla icazə verilən hallardan başqa, gizli yolla əldə edilmiş səs və ya video yazılardan sübut kimi istifadə oluna bilməz (maddə 95.2). Məhkəmə hesab edir ki, qanunvericiliyin güddüyü məqsədlər və baxılan işin halları baxımından məhkəməyə təqdim edilmiş səs yazısı qanunsuz və ya gizli yolla əldə edilmiş sübut kimi qiymətləndirilməməlidir. İlk növbədə, nəzərə alınmalıdır ki, prosessual qanunvericiliyin qanunu pozmaqla əldə edilmiş səs yazılarının sübut kimi qəbul edilməsini qadağan edən normaları hər kəsin şəxsi toxunulmazlıq hüququnun, şəxsi və ailə həyatının qorunması təminatlarından biri kimi çıxış edir və Konstutusiyanın 32-ci maddəsindən irəli gəlir. Belə ki, Konstitusiyanın şəxsi toxunulmazlıq hüququna təminat verən 32-ci maddəsinə əsasən hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır. Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır. Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz. Nəzərə alınmaldır ki, adı çəkilən maddənin İİİ hissəsində nəzərdə tutulan məhdudiyyət hər kəsin şəxsi təhlükəsizlik hüququnun qanuni əsaslar olmadan əsassız məhdudlaşdırılmasına, şəxsi və ailə həyatı sirrinə dövlət tərəfindən və digər şəxslərdən tərəfindən qanunsuz müdaxilələrə qarşı yönəlmişdir. Bu cür yanaşma “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyada ortaya qoyulmuşdur. Belə ki, Konvensiyanın 8-ci maddəsinə əsasən, hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətlərin qarşısını almaq üçün, sağlamlığı, yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir. Bu baxımdan şəxsi toxunulmazlıq hüququna qanunsuz müdaxilə nəticəsində əldə olunmamış, şəxsi və ailə həyatı sirrini özündə əks etdirməyən heç bir səs yazısı özüözlüyündə Konstitusiyanın 32-ci maddəsinin mənası baxımından şəxsi toxunulmazlıq hüququna qanunsuz müdaxilə kimi qiymətləndirilə bilməz. Təsadüfi deyil ki, “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Hazırkı iş üzrə məhkəməyə təqdim edilmiş CD diskdə olan səsyazılarını iddiaçının birbaşa cavabdehə göndərməsini, tərəflərin hər ikisi qəbul etmişdir. Bu baxımdan məhkəmə həmin CD diskdə olan səs yazısını hazırkı iş üzrə sübut kimi qiymətləndirir. Məhkəmə bu cür nəticəyə gələrkən xüsusən onu da nəzərə alır ki, İddiaçı Cavabdeh ilə aralarında olan müqavilə münasibətlərinin əsl mahiyyətini sonradan qətiyyətlə inkar etməsi, müqavilənin etibarsız hesab edilməsini tələb etdiyini nəzərə alındıqda, cavabdehin iddiaçı ilə aralarında yaranmış münasibətlərinin əsl mahiyyətini sübut etmək üçün başqa yolu qalmamış, bu səs yazısı cavabdeh üçün həqiqəti sübut etməyin yeganə vasitəsi olmuşdur. Nəhayət məhkəmə nəzərə alır ki, təqdim edilmiş səs yazısı hazırkı mübahisə üzrə həqiqətin müəyyən olumasını təmin etməyin ən mühüm vasitəsi kimi çıxış edir və məhkəmə tərəfindən həmin sübutun qəbul edilməməsi məhkəmə icraatının Konstitusiya ilə müəyyən edilmiş məqsədlərinə riayət etməmək kimi qiymətləndirilə bilər. Belə ki, Konstitusiyanın 125-ci maddəsinin Vİİ-ci hissəsinə müvafiq olaraq məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Beləliklə, məhkəmə Konstitusiyanın 32-ci maddəsində müəyyən edilmiş məhdudiyyətin məqsədləri, 125-ci maddəsinin Vİİ hissəsinin ifadə olunmuş həqiqətin müəyyən edilməsini prinsipinin tələbləri baxımından hazırkı iş üzrə məhkəməyə təqdim edilmiş səs yazısının əks olunduğu sübutu mümkün hesab edir. İddiaçının iddia tələbinə dair irəli sürdüyü əsaslara gəldikdə isə məhkəmə xatırladır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 339.2-ci maddəsinə görə şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Hazırki işdə iddiaçı müqavilənin etibarsız sayılmağını ona görə istəyir ki, həmin müqaviləni qardaşı olan cavabdeh iddiaçını xərçəng xəstəsi olmasına, müalicəsi və əməliyyat olunması üçün 10000 manat məbləğində vəsaitə ehtiyacı olmasına, bütün bunlara görə cavabdehin özünün adına kredit götürəcəyinə, kredit götürməsi üçün evin cavabdehin adına olmasının vacibliyinə inandırdığı üçün bağlamışdır. İddiaçı israr edir ki, özünü çıxılmaz vəziyyətdə hesab erməsəydi, əmlakını qardaşına bağışlamazdı. Lakin, məhkəməyə təqdim edilmiş səsyazısında iddiaçının xəstə olduğunu düşünsə belə, müalicəsi, əməliyyat xərcləri ilə bağlı hər hansı bir ümidindən və gözləntisindən, planlarından bəhs etdiyi müəyyən edilmir. Əksinə sözügedən səsyazısında iddiaçı səsləndirir ki: “Evi ona görə sənə verirəm ki, xəstələnsəm, ölsəm bilim ki, arxamda dayağım var. Ölsəm evi satıb mənim meyitimi yerdən götürərsən”. Yəni, sözügedən səsyazısından iddiaçının ağır və çıxılmaz vəziyyətdə özünü zənn edərək evini qardaşına bağışlamağa məcbur olması müəyyən edilmir. İddiaçının xərçəng xəstəliyinə tutulmasını düşünməyinin qardaşı Cavabdeh vasitəçiliyi ilə müraciət etdiyi həkimin onu aldadaraq ona doğru olmayan diaqnoz qoymasına münasibətdə də məhkəmə bildirir ki, bu hal da məhkəmədə hər hansı bir sübutla öz təsdiqini tapmır. Məhkəmə vurğulayır ki, əqdin aldatma və ya şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində bağlanıldığı nəticəsinə gələ bilmək üçün iş üzrə həmin halları təsdiq edən çox ciddi və təkzibolunmaz mötəbər sübutlar mövcud olmalıdır. Hazırki işdə isə bu aşkar edilmir. Hədiyyə verən yəni, İddiaçı hədiyyəni qardaşı olan Cavabdeh təmənnasız bağışlamaq niyyəti olmuş və cavabdehə göndərmiş olduğu səsyazmalarda açıq aşkar özü dəfələrlə bunu bildirmişdir. Bağışlama müqaviləsi əvəzsiz müqavilədir ona görə də, iddiaçı daşınmaz əmlakı cavabdehə bağışlayan zaman təmənnasız iradə ifadəsini nümayiş etdirmiş və bundan heç bir şəkildə əvəz istəməmişdir. Beləliklə, məhkəmə, daşınmaz əmlakın bağışlanması müqaviləsinin aldatma yolu ilə və ya şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlanmasının məhkəmə iclasında təsdiqini tapmadığını, bununla da müqavilə bağlanarkən iddiaçının iradəsinin zədələnməsinin müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı sayıla bilməz, ona görə də təmin edilməməlidir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddia üzrə iddiaçını müqaviləni imzalamağa məcburetmə, yəni zorakılıq və ya hədələmə halları da məhkəmə tərəfindən müəyyən edilməmişdir.

Məhkəmənin gəldiyi nəticə İddiaçı Cavabdeh (4 saylı Bakı Maraqlı şəxsndə Notariat ofisi) qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ: İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs 4 saylı Bakı Maraqlı şəxsndə Notariat ofisi) qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar