Məhkəmə qərarları › İş №2(010)-5240/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5240/2022

29.12.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5240/2022 29.12.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçı Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdeh ASC-yə qarşı borcun silinməsi iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun adına olan su kodunun passivə atılaraq əsassız hesablanmış borcun silinməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən əsassız olaraq hesablanmış 661.75 manat borcun silinməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, İddiaçı 05 may 2016-cı il tarixində "xxxx" ASC-nin Suraxanı Rayon Su Kanal İdarəsinə müraciət edərək müqavilə bağlamış və abonent kodu açdırmışdır. Qeyd edir ki, yaşadığı 267 saylı bağça kommunal xərcləri ödədiyindən orada yaşayan ailələr su kodu açdırıb su və kanalizasiya xidmətlərinə görə ödəniş etmirlər. Onun abonent kodunu açmaqda məqsədi isə madddi vəziyətinin yaxşı olmadığı üçün sosial yardım almaq olmuşdur. 2018-cı ildə ona su borcunun olduğu bildirilmişdir. Dəfələrlə müraciət edib adında olan 661 manat borcu silinməsini tələb etsə də, mənfi cavab bildirilərək məhkəməyə müraciət etməli olduğu təkid edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh ASC-nin nümayəndəsi X3 bildirdi ki, iddiaçı məhz öz adına abonent kodu açdırdığından bağça ərazisində sərf olunan suya görə həm də onun abonent hesabı üzrə hesablamalar aparılmışdır. Hazırkı iddia tələbinə münasibətin bildirilməsini məhkəmnin öz mülahizəsinə buraxır. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyərək iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -Müqavilə nömrəsi 32548930, müqavilə tarixi xx.xx.2016-cı il, müqavilə vəziyyəti aktiv, abonent kodu **********670 olan İddiaçı məxsus Abonent kartından görünür ki, sudan istifadəyə görə 2018-ci il üzrə 236 manat, 2019-cu il üzrə 86.5 manat, 2020-ci il üzrə 54 manat, 2021-ci il üzrə 165.25 manat və 2022-ci il üzrə 120 manat olmaqla, ümumilikdə 661.75 manat məbləğində borc hesablanmışdır. - xx.xx.2022-ci il tarixli İddiaçı müraciətinə cavab olaraq ünvanlanmış məktubdan görünür ki, əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirildiyi bildirilmişdir. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan halları ondan ibarətdir ki, məhkəmə iclasında tərəflərin izahatı zamanı aydın olmuşdur ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, 267 saylı uşaq bağçasında (AB y/s, ev 267) yaşayan İddiaçı sosial yardım almaq məqsədilə öz adına xx.xx.2016-cı il tarixli müqavilə əsasında abonent hesabı açdırmışdır. Tərəflərin izahatı zamanı müəyyən edilmişdir ki, bağçada istifadə olunan su sərfiyyatına görə bağçanın abonent hesabına yazılan borcla yanaşı, eyni zamanda paralel olaraq iddiaçının öz adına açdırdığı abonent hesabı üzrə də borc məbləği hesablanmışdır. Qeyd olunanlara əsasən iddiaçı əsassız olaraq hesablanmış borc məbləğinin silinməsini tələb edir. Cavabdeh isə hazırkı iddia tələbi üzrə qərar qəbul edilməsini məhkəmənin öz mülahizəsinə buraxdığını bildirmişdir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 26- cı maddəsinə və X1 2.1.9.2 yarımbəndinə əsasən istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 61-ci maddəsinin 1-ci bəndinə əsasən Su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, tərəflərin izahatı zamanı müəyyən edilmişdir ki, İddiaçı sosial yardım almaq məqsədilə öz adına xx.xx.2016-cı il tarixli müqavilə əsasında abonent hesabı açdırmışdır. Yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, 267 saylı uşaq bağçasında su sərfiyyatına görə bağçanın hesabına yazılan borcla yanaşı, eyni zamanda onun abonent hesabı üzrə də paralel olaraq borc məbləğ hesablanmışdır. Cavabdeh tərəfin də izahatı zamanı müəyyən edilmişdir ki, həmin ünvanda yaşayan iddiaçı öz adına abonent hesabı açdırdığı üçün hesablamalar həmçinin həmin abonent kodu üzrə də aparılmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçıya məxsus abonent hesabı üzrə əsassız olaraq hesablanmış həmin 661.75 manat məbləğində borc silinməlidir. Çünki, eyni sərfiyyata görə iki dəfə borc hesablanması qanunsuz və əsassızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin sadalanan maddələrini rəhbər tutaraq məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən iddiaçıya əsassız olaraq hesablanmış 661.75 manat məbləğində borc silinsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar