Məhkəmə qərarları › İş №2(010)-5275/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5275/2021

29.09.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5275/2021 29.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin etibarnamə üzrə nümayəndəsi X9 iştirakları ilə İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı aktın ləğv olunması və borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı cavabdeh X3rşı aktın ləğv olunması və borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, ******* saylı aktın ləğv olunması, abonent hesabında hesablanmış 972 manat borcun “Azəriqaz” İstehsalat Birliyi tərəfindən silinməsinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən sayğacın çıxış plastmas borusunun deşilməsi səbəbilə istehlakçı hesabında 972 AZN borc yazılmışdır. Borcun silinməsi tələbi ilə 06.04.2021-ci il tarixdə Azəriqaz İB-nə müraciət etmiş, lakin müraciətinə etinasız yanaşılmışdır. Sayğaca ümumiyyətlə müdaxilə olunmamış və bu barədə heç bir sübut yoxdur. Sadəcə olaraq Azəriqaz İB ehtimallara əsaslanaraq qanunsuz olaraq abonent hesabında 972 AZN borc hesablanmışdır. Cavabdeh məhz onun (iddiaçı) tərəfindən sayğaca hər hansı müdaxilə edildiyi, qəsdən zərər yetirildiyi barədə heç bir sübut təqdim etməmiş, iddiaya etirazını öz əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmiş rəy və aktlarla, subyektiv mülahizə və ehtimallara əsaslandırmağa çalışmışdır. Belə ki, müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Dövlət orqanlarının, icra və s., orqanlarının aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Ona görə də əsassız olaraq hesablanmaqla iddiaçıdan tələb olunan qaz sərfiyyatına görə 972 manatın silinməsi və aktın ləğv olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh «Azəriqaz» İstehsalat Birliyinin nümayəndəsi X12 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, sözügedən ünvana baxış keçirilmiş və yoxlama zamanı iddiaçının yaşadığı ünvanda istifadə olunan qaz sayğacına müdaxilə olunması müəyyən olunmuşdur. Həmin sayğac laboratoriya göndərilmiş və laboratoriya rəyinə əsasən sayğaca müdaxilə olunduğu aşkar olunmuşdur. Odur ki, Azəriqaz İB-yi tərəfindən istehlakçıdan qaz sərfiyyatına görə hesablanmış 972 manat tələb olunur. Ona görə də iddia ərizəsinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. X4 əməkdaşları tərəfindən tərtib olunmuş 30.10.2018-ci il tarixli ******* saylı aktın surətindən müəyyən olunur ki, X1 yaşadığı ünvanda quraşdırılmış sayğacın yararsız olması aşkar edilmiş, itirilmiş qazın bərpası üçün dəymiş ziyanın hesablanması qərara alınmışdır. X4 31.10.2018-ci il tarixli xidmət sahələrinin görəcəyi işlər barədə tələblər surətindən müəyyən olunur ki, X2 barəsində tərtib olunmuş 31.10.2018-ci il tarixli ******* saylı akta əsasən cəmi 9720 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. X8 tərəfindən tərtib olunan abonentin saldosundan müəyyən olunur ki, X1 tərtib olunan aktlar üzrə qaz sərfiyyatına görə borcu 972 manat təşkil edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlakın Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X11 Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Çıxarışın surətindən müəyyən edilir ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4042-60, 6 saylı evin 174 saylı mənzili İddiaçı mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1992-ci ildə doğulmuşdur, anası X2 və atası X10r. İş materiallarına əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X2 17.12.2020-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının mənzilində quraşdırdığı sayğacın yararsız olmasını müəyyən edən cavabdeh yararsız sayğacı yenisi ilə əvəz edərək iddiaçının təqsirini sübuta yetirmədən ondan qaz sərfiyyatına görə dəyən ziyanı tələb edir. Məhkəmə qeyd edir ki, Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının 28.11.2016-cı il tarixli 18 nömrəli qərarının 2.3-cü bəndinə əsasən, həmin əlavənin cədvəl bölməsinin 4.1.1-ci və 4.1.2-ci şərtlərində illik istehlak həcmi dedikdə təbii qazın bir təqvim ili ərzindəki istehlak həcmi nəzərdə tutulur və həmin tariflər 01.01.2017-ci il tarixdən qüvvəyə minir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında 12.05.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2.-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.6.-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). Göründüyü kimi iddiaçının evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın yararsız hala düşməsində istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya əsassız və qanunsuz tələb irəli sürmüşdür. Ona görə də məhkəmə iddia ərizəsini əsaslı hesab edib təmin edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilməli olan dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması barədə ******* saylı akt ləğv olunsun. “Azəriqaz” X6 Tural Fariz oğlundan (kod **********01740) qaz sərfiyyatına görə tələb etdiyi 972 manat pul vəsaiti silinsin. “Azəriqaz” İstehsalat Birliyindən 30 (otuz) manat dövlət rüsumu dövlət nəfinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar