Məhkəmə qərarları › İş №2(010)-5285/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-5285/2021

12.11.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Atalığın müəyyən edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-5285/2021 12.11.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X4 iclas kаtibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “atalığın müəyyən edilməsi və aliment” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “atalığın müəyyən edilməsi və aliment” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh 21.10.2008-ci ildə Bakı şəhəri Suraxanı rayonunda doğulmuş (Bakı şəhəri Suraxanı rayonu Qeydiyyat Şöbəsi tərəfindən bu barədə verilmiş doğum haqqında akt qeydləri kitabında 28.04.2099-cu il tarixli, 985 nömrə ilə qeqydə alınmış AZ-İİ № 245479 doğum haqqında şəhadətnamənin ləğv edilməsini, 21.10.2008-ci ildə Bakı şəhərində doğulmuş X2 doğum haqqında şəhadətnaməsinin ata qrafasında Cavabdeh adı və ana qrafasına əvvəlki kimi İddiaçı adının yazılmasını, cavabdehlə birgə nikahdan olan 21.10.2008-ci il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin miqdarı məhkəməyə müraciət etdiyi tarixdən bir uşağa görə hər ay 175 manat sabit pul məbləğinin Cavabdeh tutularaq iddiaçı kimi onun (İddiaçı) xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, cavabdehlə ailə münasibətləri cavabdehin səbəbsiz dava-dalaş salması səbəbindən bitmişdir. Artıq yola getmədiklərindən atası evinə qayıtmışdır. Onu yola verməmələrinin səbəbi hamilə olduğu vaxt ürəyində problem aşkar olunması olmuşdur. Belə ki, onun ürəyində “parok” olduğu müəyyən edilmişdir. Bu səbəbdən valideynləri cavabdehi “xəstə qız aldığına görə” qınamışlar. Həm də onlar cavabdehi öz yerliləri olan gürcüstanlı qız ilə evlənmədiyinə görə qınamışlar. Ürəyində problem olduğuna görə uşağı səkkiz aylığında qeysəriyyə əməliyyatı ilə dünyaya gətirmişdir. Cavabdehin harada işlədiyini dəqiq bilmir. X5 evi var, lakin evi başqasının adına rəsmiləşdirmişdir. Cavabdehin aliment ödəmək üçün kifayət qədər maddi imkanı var. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmənin iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Məhkəmə işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. Belə ki, tərəflər arasında olan münasibətlər ailə münasibətləridir və bu səbəbdən iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirak etməli idilər. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 2.1-ci maddəsi ilə bu Məcəllə ilə tənzimlənən ailə münasibətlərinin dairəsi müəyyən edilmişdir. Həmin maddəyə əsasən Azərbaycan Respublikasının Ailə Məcəlləsi nikahın bağlanması, nikaha xitam verilməsi və onun etibarsız sayılması qaydaları və şərtlərini müəyyən edir, ailə üzvləri (ər-arvad, valideynlər və uşaqlar), eləcə də ailə qanunvericiliyində nəzərdə tutulmuş hallarda və həddə başqa qohumlar və digər şəxslər arasında yaranan əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir, habelə valideyn himayəsindən məhrum olan uşaqların tərbiyəyə götürülməsi qaydalarını müəyyən edir. Bundan başqa, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 26.1-ci maddəsinə əsasən ailə münasibətlərindən irəli gələn aşağıdakı mübahisələr bu Qanuna uyğun olaraq mediasiya vasitəsilə həll oluna bilər: 26.1.1. nikahın davam etdirilməsi şərtləri; 26.1.2. valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası; 26.1.3. uşağın yaşayış yerinin müəyyən edilməsi; 26.1.4. uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası; 26.1.5. ailə münasibətlərindən irəli gələn digər mübahisələr. Göründüyü kimi, mübahisə tərəflər arasında olan ailə münasibətlərindən irəli gəlmişdir. Bu münasibətlərdən irəli gələn iddia ilə məhkəməyə müraciət etməzdən əvvəl isə tərəflər mediasiya prosesində iştirak etməlidir. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun: 3.1. mediasiya aşağıdakılar üzrə tətbiq edilir: 3.1.1. mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla); 3.1.2. ailə münasibətlərindən irəli gələn mübahisələr; 3.1.3. əmək münasibətlərindən irəli gələn mübahisələr; 3.1.4. inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr. 3.2. Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 28.1. Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Göründüyü kimi, yuxarıda qeyd edilən ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə ilkin mediasiya sessiyasında iştirak məcburidir. Tərəflər “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesində iştirak etdikdən sonra, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməli, bu zaman mediasiya prosesində iştirak etməsini təsdiq edən müvafiq sənədi məhkəməyə təqdim etməlidir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: ...149.2.4-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat ... 150.0. İddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: ...150.0.8. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd. 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə... ...152.1.6-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə... Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, MPM-in 259.0.12-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1— 150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Bu Məcəllənin 260.1-ci maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Şərh olunanlara əsasən və MPM-in 259, 260, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: İddiaçı Cavabdeh qarşı “atalığın müəyyən edilməsi və aliment” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar