Məhkəmə qərarları › İş №2(010)-531/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-531/2022

21.02.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-531/2022 21.02.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X3 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə (bundan sonra mətndə “Azəriqaz” İB) qarşı “aktın etibarsız hesab edilərək ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Azəriqaz" İB tərəfindən qanunsuz olaraq tərtib olunmuş 30.03.2018-ci il tarixli aktın etibarsız hesab edilərək ləğv edilməsi, ona məxsus ünvan 1 ünvanında yerləşən mənzilə quraşdırılmış X1 adına olan **********00030 kodlu sayğaca hesablanan 373,8 manat borc məbləğinin silinməsi, ona məxsus mənzilə yeni müqavilə bağlanmaqla yeni sayğacın quraşdırılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, yalnız qanunsuz olaraq hesablanmış 373,8 manat borc məbləğinin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, O, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini 2010-cu ildə almış və 2011-ci ildən orada heç bir yaşayış yoxdur. O, orada daimi yaşamasa da arada gedib evdəki şəraiti yoxlamışdır. Həmin vaxt qaz, su və işıqdan istifadə etməmiş, yalnız onların gəlib-gəlmədiyini yoxlamışdır. Qeyd etdiklərinə əsasən orda yaşamadığı 10 il ərzində kommunal xidmətlərdən istifadə etmədiyinə dair sənədlər də mövcuddur. Kommunal xidmətlər üçün quraşdırılmış sayğacların da heç biri onun adına deyil, evi aldığı şəxs X1 adınadır. O, həmin sayğacları öz adına keçirtmək üçün müraciət etdiyi vaxt qaz sərfiyyatına görə borcu olduğunu öyrənmişdir. 2012-ci ildə 20 manat məbləğində ödəniş etmiş və həmin balansdan indiyə kimi yalnız 98 kub istifadə edilib. Buna görə də qeyd olunanların nəzərə alınması və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçı öz izahatında 2011-ci ildən həmin mənzildə yaşayış olmadığını qeyd etmişdir, lakin abonent saldosundan və "xxxx" ASC və "xxxx" ASC-yə təqdim etdiyi sənədlərdən görünür ki, iddiaçı 2012-ci ilin ilk iki ayı ərzində müvafiq olaraq 20 və 30 manat məbləğində ödənişlər etmiş və 2012-ci ilin iyun ayına kimi qeyd olunan evdə daimi, 2016-cı ilin oktyabr ayından 2019-cu ilin fevral ayına kimi isə fasilələrlə yaşamışdır. Həmçinin həmin mənzili xüsusi mülkiyyətinə keçirdərək aldığını bildirirmişdir. Əgər elə bir hal olsa idi alqı-satqı edilmədən əvvəl həmin mənzilə dair bütün kommunal xidmətlər sıfırlanmalı, buna dair iddiaçıya arayış təqdim edilməli, yalnız bundan sonra alqı-satqı həyata keçirilməli idi. Bundan əlavə, iddiaçı həmin evdə yaşamayacağı təqdirdə də bu barədə səlahiyyətli orqanlara yazılı surətdə bildirməli idi, lakin bildirməmişdir. Abonent saldosuna əsasən iddiaçının 2010-cu ildən 2018-ci ilədək 373,80 manat məbləğində borcu yaranmışdır. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını hərtərəfli araşdırıb, tərəfin izahatını dinləyib hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş “Çıxarış”ın surətindən görünür ki, ünvan 3 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 25.08.2010-cu il tarixdə qeydiyyata alınmışdır “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən ünvan 3 ünvanına dair tərtib edilmiş “Təbii X2nın pozulması haqqında” 58/1515 saylı 30.03.2018-ci il tarixli aktına əsasən görünür ki, sayğacın flyans birləşməsində plomb aşkar edilməmişdir. “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən ünvan 3 ünvanına dair tərtib edilmiş “Məişət qaz sayğaclarının quraşdırılması, yoxlanılması, istismara qəbulu və abonentə təhvili haqqında” 27.07.2006-ci il tarixli aktdan görünür ki, təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və sayğac yenisi ilə əvəzlənmişdir. Abonent saldosundan görünür ki, ünvan 3 ünvanına (abonent kodu: **********00030) 373,80 manat məbləğində əlavə qaz sərfiyyatı hesablanmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 №-li qərarı ilə təsdiq olunmuş “X2”nın 1.3-cü bəndində göstərilmişdir ki, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt əlavə edilir. Qaydaların 3.1.5-ci bəndinə görə qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməlidir. Qaydaların 5.2-ci bəndinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların 6.5-ci bəndinə görə qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, “Azəriqaz” İB-nin “Təbii X2nın pozulması haqqında” 58/1515 saylı 30.03.2018-ci il tarixli aktına əsasən ünvan 3 ünvanına hesablanmış 373,80 manat məbləğində borc ləğv olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin “Təbii X2nın pozulması haqqında” 58/1515 saylı 30.03.2018-ci il tarixli aktına əsasən ünvan 3 ünvanına (abonent kodu: **********00030) hesablanmış 373,80 (üç yüz yetmiş üç manat səksən qəpik) manat məbləğində borc ləğv olunsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar