Məhkəmə qərarları › İş №2(010)-5329/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5329/2025

25.12.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5329/2025 25.12.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, Musayeva Aysel Xaliddin qızının katibliyi ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı əsassız hesablanmış borcun silinməsi və vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi. İddia tələbi və tələbin əsaslandırıldığı hallar İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra – cavabdeh) qarşı əsassız hesablanmış borcun silinməsi və vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən 499.51 manat məbləğində borcun silinməsi və mənəvi zərərə görə 1000 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 8 nömrəli mənzildə yaşayır. Cavabdeh tərəfindən istifadəsində olan ünvan 1 ünvanında yerləşən 8 nömrəli mənzilə heç bir səbəb olmadan 500 manat məbləğində əsassız borc yazılmışdır. Cavabdeh tərəfindən ona şifahi olaraq bildirilmişdir ki, guya o, kənar xəttdən istifadə etmişdir və borc ona görə yaranmışdır. Amma, bunu rəsmi olaraq sübut edə bilmir. Evə baxış keçirmədən bu cəriməni yazmaq qanunsuzdur. Belə ki, kənar xəttin olduğunu sübut edən hallar aşkar olunmuşdursa, bu yerindəcə aktlaşdırılmalı idi. Lakin, o, bunu abonent kodunun hesablandığı qəbzdən aşkarlamışdır. İllər keçsə də, bunun qanunsuz olduğunu bildikləri üçün nə vaxtsa silinəcəyini zənn etmişlər. Amma, yanıldığını fərq etmişdir. 2025-ci il sentyabr ayında borcu olmadığı halda cavabdehin əməkdaşları gəlib xəbərdarlıq etmədən işığını kəsmiş, ona həm maddi, həm də mənəvi zərbə vurulmuşdur. Çünki, o, dənizdə (Neft daşlarında) olduğu üçün evdə ailəsi işıqsız qalmış və soyuducuda olan ərzaqları istifadəyə yararsız hala düşmüşdür. O, cavabdehin Suraxanı rayon ərazi idarəsinə gedib işığın niyə kəsildiyini soruşsa da, onunla kobud davranılmış, əvəzində işığın yandırılmasına köməklik göstərilməmişdir. Daha sonra, evdə olmadığı üçün cavabdehin əməkdaşları təkcə onun sayğacını dəyişərək smart tipli sayğac quraşdırmışlar. Bu özbaşınalıq Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olduğundan, bütün bu məsələlərə məhkəmədə baxılmasına qərar verərək, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Tərəflərin izahatları İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, abunə haqqında qeyd olunan məbləğin 165.49 manatı cavabdehə aid olmadığı üçün abonentdən tələb olunmayan qrafaya daxil edilməsini, digər 486.95 manat məbləğin isə abonentin aylar üzrə sərf etdiyi elektrik enerjisinin dəyərini tam ödəmədiyi üçün yaranmasını, R208192 saylı akt üzrə abonentə əlavə sərfiyyat və cərimə məbləği hesablanmamasını, iddiaçının silinməsini tələb etdiyi məbləğin isə sırf sərf etdiyi elektik enerjsinin dəyəri olmasını bildirmiş və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Belə olan halda, məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar xx.xx.2021-ci il tarixli, R seriyalı, 208192 nömrəli aktdan müəyyən olunur ki, iddiaçının şifahi müraciətinə əsasən, cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus mənzilə quraşdırılan elektrik enerjisinin sərfiyyat göstəricilərini qeydə alan sayğac müayinə edilərək abonentə məxsus sayğacın artıq yazması aşkar edilmiş, sayğacın laboratoriya şəraitində yoxlanılması və yenisi ilə əvəz edilməsi qərara alınmışdır. xx.xx.2021-ci il tarixli, ******* nömrəli məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında protokoldan müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən 8 nömrəli mənzilin abonentinə məxsus ********* nömrəli sayğac çıxarılmış, sayğac yenisi ilə əvəz edilərək ünvana 20978658 nömrəli sayğac quraşdırılmışdır. xx.xx.2021-ci il tarixli, 213390 nömrəli sayğacların və cərəyan transformatorlarının yoxlanılması barədə protokoldan müəyyən olunur ki, ********* nömrəli sayğac laboratoriya yoxlamasından keçmiş, yoxlama zamanı sayğacın normal buraxılan xəta işə işləməsi aşkar olunmuşdur. Elektrik enerjisindən istifadəyə dair göstəriciləri özündə əks etdirən abunə haqqında elektron çıxarışdan müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən 8 nömrəli mənzilin abonenti (abonent kodu – **********70008) olan iddiaçının elektrik enerjisindən istifadəyə görə xx.xx.2025-ci il tarixə 499.51 manat məbləğində borcu yaranmışdır. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmənin sorğusuna cavabdeh tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 13-13/2- 1/16-18798/2025 nömrəli cavab məktubundan müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən 8 nömrəli mənzilin abonentinin borc məbləği cavabdehin fəaliyyəti dövründən əvvəl istehlak edilmiş elektrik enerjisinə görə 165.49 manat, cəmiyyətin fəaliyyəti dövründə istehlak edilmiş elektrik enerjsinə görə 496.95 manat təşkil edir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları” 1.3. Enerjitəchizatı müəssisəsi elektrik enerjisinin alqı-satqı müqaviləsi əsasında dövlət elektroenergetika müəssisəsindən, yaxud müstəqil enerji istehsalçısından elektrik enerjisini satın alır və onu istehlakçılara satır. Enerjitəchizatı müəssisəsi ilə abonent arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmalıdır. 8.1. Dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. 8.2. Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. 8.4. Enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. 8.14. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 19. Elektrik enerjisinin istehlakı. 19.1. İstehlakçıların elektrik enerjisi ilə təchizatı təchizatçılar tərəfindən həyata keçirilir. 19.4. Təchizatçı ərazi məhdudiyyəti olmadan sərbəst istehlakçılara elektrik enerjisinin topdan və ya pərakəndə satışını həyata keçirir. Sərbəst istehlakçıların elektrik enerjisi təchizatı ikitərəfli müqavilələr, mərkəzləşdirilmiş bazarda bağlanan alqı-satqı müqavilələri və ya pərakəndə satış bazarında təchizatçı ilə bağlanılan elektrik enerjisinin təchizatı müqaviləsi əsasında həyata keçirilir. 19.6. Elektrik enerjisi istehlakçısının vəzifələri aşağıdakılardır: 19.6.4. istehlak edilən elektrik enerjisinin dəyərini və sabit tarifi hər ay elektrik enerjisinin təchizatı müqaviləsinin şərtlərinə uyğun olaraq təchizatçıya ödəmək; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdıraraq, təqdim edilmiş sübutlara tam, obyektiv, hərtərəfli və qərəzsiz baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə baxış iclasında təqdim edilmiş sübutların bilavasitə tədqiqi nəticəsində müəyyən edildi ki, ünvan 1 ünvanında yerləşən 8 nömrəli mənzilin abonenti hazırkı iş üzrə iddiaçıdır. Həmin ünvanda elektrik enerjisindən istifadə iş üzrə tərəflər arasında bağlanan elektrik enerjisinin alğı-satqısına dair müqavilə əsasında həyata keçirilir. Yəni, cavabdeh hüquqi şəxs iddiaçını elektrik enerjisi ilə təmin edir, iddiaçı isə əvəzində hər ay istifadə etdiyi həcmdə elektrin enerjisinə görə müəyyən edilmiş ödənişləri cavabdehə ödəyir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən elektrik enerjisindən istifadəyə dair göstəriciləri özündə əks etdirən abunə haqqında elektron çıxarışdan müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən 8 nömrəli mənzilin abonenti (abonent kodu – **********70008) olan iddiaçının elektrik enerjisindən istifadəyə görə xx.xx.2025-ci il tarixə 499.51 manat məbləğində borcu yaranmışdır. Bundan əlavə, məhkəmənin sorğusuna cavabdeh tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 13-13/2-1/16-18798/2025 nömrəli cavab məktubundan müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən 8 nömrəli mənzilin abonentinin borc məbləği cavabdehin fəaliyyəti dövründən əvvəl istehlak edilmiş elektrik enerjisinə görə 165.49 manat, cəmiyyətin fəaliyyəti dövründə istehlak edilmiş elektrik enerjsinə görə 496.95 manat təşkil edir. İddiaçının yaşadığı ünvanda cavabdehin fəaliyyəti dövründən əvvəl istehlak edilən elektrik enerjisinə görə 165.49 manat borcun mövcud olması həm iddiaçı, həm də cavabdeh tərəfindən məhkəməyə təqdim edilən abunə haqqında arayışların tədqiqi nəticəsində aşkar görünür. Həmçinin, o da müəyyən olunur ki, bu borc enerjitəchizatı müəssisəsi olan cavabdehin fəaliyyət göstərdiyi dövrdən əvvəl yaranmış və haqlı olaraq iddiaçının abonent koduna daxil edilməmişdir. Abonent kodu üzrə mövcud olan 496.95 manat məbləğində cari borc isə iddiaçının cavabdehə ödəməli olduğu aylıq debitor borcdur. Öhdəlik hüquq münasibətlərinin yaranma əsası kimi çıxış edən elektrik enerjisinin alğı-satqısına dair müqavilə üzrə öhdəliklərin vaxtında və lazımı qaydada (vicdanlılığın tələb etdiyi tərzdə) yerinə yetirilməməsinə görə yaranan borcun (debitor borc) əsassız olması halı müəyyən edilmir. Belə ki, həmin borcun əsassız hesablanmasına dair iddiaçının özü tərəfindən mötəbər və təkzibedilməz sübutlar məhkəməyə təqdim edilməmişdir. İddiaçıya məxsus abonent koduna daxil edilən borcun debitor (sayğacdan istifadə) borc olması artıq iş materialları ilə tam təsdiqini tapsa da, iddiaçı iddia ərizəsində həmin borcun sayğacdan kənar istifadə nəticəsində hesablandığı bildirmişdir. Halbuki, iddiaçının özü tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli, R seriyalı, 208192 nömrəli aktdan müəyyən olunur ki, iddiaçının şifahi müraciətinə əsasən, cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus mənzilə quraşdırılan elektrik enerjisinin sərfiyyat göstəricilərini qeydə alan sayğac müayinə edilərək abonent məxsus sayğacın artıq yazması aşkar edilmiş, sayğacın laboratoriya şəraitində yoxlanılması və yenisi ilə əvəz edilməsi qərara alınmışdır. Elə həmin tarixdə tərtib edilmiş protokola əsasən, abonentinə məxsus sayğac yenisi ilə əvəz edilmişdir. İş materiallarına əlavə edilmiş abunə haqqında saldodan həmin protokol əsasında hansısa borcun hesablanması aşkar edilmir. Odur ki, məhkəmən hesab edir ki, cavabdeh tərəfindən hesablanan borc sayğacdan istifadə nəticəsində yaranmış debitor borcu olduğundan və öhdəlik hüququ münasibətlərinə əsasən iddiaçınin isifadə etdiyi xidmətin əvəzini ödəmək öhdəliyi olduğundan iddia tələbi əsassız hesablanmış borcun silinməsi hissəsində əsassızdır və təmin edilməməlidir. Məhkəmə iddia tələbinin mənəvi zərərin ödənilməsinə dair hissəsinə münasibətdə qeyd edir ki, həmin hissə birbaşa borcun əsaslı olub-olmaması məsələsinin həllindən asılı olduğundan və iddiaçıya hesablanan borcun əsassız olması müəyyən edilmədiyindən, iddia tələbi həmin hissədə də təmin edilməməlidir. Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur. İddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə məhkəmə hesаb edir ki, iddiaçının cavabdehə qarşı əsassız hesablanmış borcun silinməsi və vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilməməli və ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə qət etdi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı əsassız hesablanmış borcun silinməsi və vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar