Məhkəmə qərarları › İş №2(010)-5346/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5346/2021

30.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5346/2021 30.11.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 20.03.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********23603 Samsung Galaxy A51 markalı telefon üçün 604.4 (altı yüz dörd manat qırx qəpik) manat ödənilməmiş hissə, 96.6 (doxsan altı manat altmış qəpik) manat dəbbə, 24.03.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********64993 iPhone 11 Pro Max markalı telefon üçün, 2370 (iki min üç yüz yetmiş) manat ödənilməmiş hissə, 662 (altı yüz altmış iki) manat dəbbə pulu olmaqla ümumilikdə, 3733 manat borc, 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri Cavabdeh, "xxxx" MMC ilə 20.03.2020-ci il və 24.03.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********23603 Samsung Galaxy A51 markalı telefon və İMEİ kodu **********64993 iPhone 11 Pro Max markalı telefon almış və nəticədə 3733 (üç min yeddi yüz otuz üç) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 20.03.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 886.4 (səkkiz yüz səksən altı manat, qırx qəpik) manat (12 ay x 64.7 manat + 110 manat ilkin ödəniş) İMEİ kodu **********23603 Samsung Galaxy A51 markalı telefon üçün ümumilikdə, 701 (yeddi yüz bir) manat olmaqla ondan, 604.4 (altı yüz dörd manat qırx qəpik) manat ödənilməmiş hissə, 96.6 (doxsan altı manat, altmış qəpik) manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 24.03.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3508 (iiç min beş yüz səkkiz) manat (18 ay x 138 manat + 1024 manat ilkin ödəniş) İMEİ kodu **********64993 iPhone 11 Pro Max markalı telefon üçün ümumilikdə, 3032 (üç min otuz iki) manat olmaqla ondan, 2370 (iki min üç yüz yetmiş) manat ödənilməmiş hissə, 662 (altı yüz altmış iki) manat dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1420 manat təşkil edir. Tərəflərin izahatları Məhkəmə iclasında dindirilən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq, işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: 20.03.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən "xxxx" MMC Samsung Galaxy A51 markalı telefonu Cavabdeh verməyi, Cavabdeh isə bunun müqabilində 12 ay müddətinə ayda 64,7 manat ödəməyi öhdəsinə götürmüşdür. 24.03.2020-ci il tarixlinisyə alqı-satqı müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən "xxxx" MMC iPhone 11 Pro Max markalı telefonu Cavabdeh verməyi, Cavabdeh isə bunun müqabilində 18 ay müddətinə ayda 138 manat ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC tərəfindən tərtib edilmiş 03.03.2021-ci il tarixli maliyyə arayışından görünür ki, borclu Cavabdeh "xxxx" MMC-yə 20.03.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 604,4 manat məbləğində ödənilməmiş hissə, 96,6 manat məbləğində dəbbə pulu və 24.03.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 2370 manat məbləğində ödənilməmiş hissə, 662 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 3733 manat məbləğində borcu vardır. "xxxx" MMC-nin bildirişindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh müqavilənin şərtlərini tam şəkildə yerinə yetirmədiyi təqdirdə məhkəmədə barəsində iddia qaldılmasına dair xəbərdar edilmişdir. Tətbiq edilə hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1 Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2 Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. 600.4 Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1 Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 465.2 Borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.

Məhkəmənin mövqeyi Məhkəmə müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında 20.03.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqavilə ilə iddiaçı alqı-satqı qiyməti 886,4 manat olan özünə məxsus Samsung Galaxy A51 markalı telefonu cavabdehə vermiş, cavabdeh isə həmin malları qəbul etmiş və dəyərini 12 ay müddətinə ayda 64,7 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ilə cavabdeh arasında 24.03.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqavilə ilə iddiaçı alqı-satqı qiyməti 3508 manat olan özünə məxsus iPhone 11 Pro Max markalı telefonu cavabdehə vermiş, cavabdeh isə həmin malları qəbul etmiş və dəyərini 18 ay müddətinə ayda 138 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından müəyyən edilir ki, cavabdehin sözügedən müqavilələr üzrə 2974,4 manat məbləğində əsas borc, 758,6 manat cərimə borcu qalmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehə xəbərdarlıq edilmiş, lakin bundan sonra da cavabdeh müqavilə şərtlərini lazımınca icra etməmiş və iddiaçıya ödənilməli olan vəsaiti müqavilə ilə müəyyən edilmiş qaydada və müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh alqı-satqı müqavilələri üzrə öz üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etmədiyindən iddiaçı hazırki iddia tələbini irəli sürməkdə haqlıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə sözü gedən normanı rəhbər tutaraq 20.03.2020-ci il tarixli müqavilə üzrə cərimə borcunun 50 manat və 24.03.2020-ci il tarixli müqavilə üzrə cərimə borcunun 100 manat miqdarında müəyyən edilməsini ağlabatan hesab edir. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 20.03.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə əsas borca görə 604,4 (altı yüz dörd manat qırx qəpik) manat, cərimə borcuna görə 50 (əlli) manat və 24.03.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə əsas borca görə 2370 (iki min üç yüz yetmiş) manat, cərimə borcuna görə 100 (bir yüz) manat olmaqla ümumilikdə 3124,4 (üç min bir yüz iyirmi dörd manat qırx qəpik) manat məbləğində pul vəsaiti alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir.

Məhkəmə xərcləri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.2 İddia qiyməti 500 manatadək olduqda 20 manat, 500 manatdan artıq olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, dövlət rüsumuna görə 30 (otuz) manat məbləğdə pul cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və AR MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 20.03.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə əsas borca görə 604,4 (altı yüz dörd manat qırx qəpik) manat, cərimə borcuna görə 50 (əlli) manat və 24.03.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə əsas borca görə 2370 (iki min üç yüz yetmiş) manat, cərimə borcuna görə 100 (bir yüz) manat və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat olmaqla ümumilikdə 3154,4 (üç min bir yüz əlli dörd manat qırx qəpik) manat məbləğində pul vəsaiti alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar