Məhkəmə qərarları › İş №2(010)-537/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-537/2024

08.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-537/2024 08.02.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçı, cavabdehin etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi.

1. İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona (abonent kodu **********70000) təbii qaza görə əsassız hesablanmış 1036.80 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Cavabdeh etirazla məhkəməyə müraciət edərək, hazırki iddia ərizəsi əsassız olduğundan onun təmin edilməməsini xahiş etmişdir.

İddia tələbinin dəlilləri.

3. O, Bakı şəhəri, Zığ qəsəbəsi, ,’’Bahar” bağlar yaşayış massivi ünvanda yaşayır, həmin evdə istehlak edilən qazın ölçüsünü aparan sayğac da onun adınadır. Onunla cavabdeh arasında qaz təchizatı haqqında müqavilə bağlanmışdır. Abonent kodu **********70000. İstifadəsində olan evə verilən təbii qazın həcmini müəyyən edən qaz sayğacı mexaniki tiplidir, küçədə quraşdırılmışdır. Bu yaxınlarda evə təbii qazın verilişi dayandırılmışdır, soyuq aylarda qaz verilməyən evdə çox soyuq olduğu üçün yaşayış mümkün olmadığı üçün o, Suraxanı rayon Qaz İdarəsinə müraciət etdikdə ona məlum olmuşdur ki, cavabdeh tərəfindən ona 2022-ci ilin iyul ayında 1036,80 manat borc yazılmışdır, həmin borcun ödənilməməsi səbəbindən evə təbii qazın verilişi dayandırılmışdır. Hal-hazırda hava soyuqdur və qarşıdan gələn qış aylarında daha da soyuq olacağı gözlənilir, belə şəraitdə evdə yaşayış mümkün deyildir. Cavabdehin bu hərəkətləri ədalətsiz, qanunsuz və əsassızdır. Belə ki, cavabdeh sayğacı çıxararaq aparmış, yoxlama zamanı müəyyən edilmişdir ki, “Sayğaca baxış keçirildi, sayğacın klapanının üzərindəki kipləşdirici təbəqə aşkar olunmamıdır, sayğacın element yuvasının qapağının alt hissədən gövdəyə birləən hissədə sınıq vardır. Cavabdeh tərəfindən “nəticədə ALARM-1 rejimində olması, sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmədiyi, sayğacın yadda arxivinin oxunması, sayğacda xx.xx.2020 və xx.xx.2022-ci ildə AİARM-1 rejiminin aşkar olunması, xətaların təyin edilə bilməməsi, sayğacın membranının fasilələr ilə işlədiyindən sayğacı sınaq qurğusunda yoxlamağın mümkün olmaması, kamera vasitəsilə sayğacın daxilinə baxış keçirilməsi, kənar təsir izlərinin aşkar edilməməsi, sayğacın istismara yararsız olması” müəyyən edilmişdir. Göründüyü kimi sayğacda kənar təsir izlərinin aşkar edilməməsi cavabdehin özü tərəfindən müəyyən edilmişdir. Əvvəla sayğacın istismara yararsız olmasına görə o, cavabdehlik daşımır, həmin məsuliyyət Cavabdeh İB-nin üzərindədir.

Tərəflərin izahatları.

4. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək tələbin təmin edilməsini xahiş etdi.

5. Məhkəmə iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi X3 bildirdi ki, iddia tələbi ilə bağlı məhkəməyə etiraz ərizəsi təqdim etmişdirlər. İddia ərizəsi tamamilə əsassızdır və rədd edilməlidir. Belə ki, Cavabdeh əməkdaşları tərəfindən iddiaçıya məxsus sayğac çıxarılaraq yoxlanılması üçün Cavabdeh X1 Departamentinin laboratoriyasına göndərilmişdir. Həmin sayğac laboratoriyada yoxlanılmış, müvafiq akta əsasən “sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir, ALARM-1 rejimi aşkar olundu, qaz itkisi, müdaxilə” barədə rəy verilmişdir. Həmin faktla bağlı xx.xx.2022-ci il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt tərtib edilmiş, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunmasına dair tələbnamə müvafiq komissiya tərəfindən təsdiq edilərək qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli tələbnaməyə əsasən hesablanmış dəymiş ziyanın həcmi 8640 m3 təşkil etmişdir. Hesablanmış 1036,80 manat məbləğində dəymiş ziyan 2022-ci ilin iyun ayından abonentin koduna yerləşdirilmişdir.

İş materialları.

6. xx.xx.2017-ci il tarixli, 12/10105 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə”dən görünür ki, Paylayıcı Cavabdeh İB müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı İddiaçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilmiş hesaba əsasən ödəməyi öz öhdəsinə götürür. Müqavilənin icra yeri Suraxanı rayon ərazisi müəyyən edilmişdir.

7. xx.xx.2022-ci il tarixli, ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” Aktdan görünür ki, sifarişçi (istehlakçı) İddiaçı yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, ’’Bahar” bağlar yaşayış massivində G-4 markalı, itron tipli, 1402AZ**********54 nömrəli sayğac çıxarılmış və G-4 markalı, mexaniki tipli, **********7 nömrəli sayğac quraşdırılmışdır.

8. Cavabdeh İB-nin əməkdaşları tərəfindən istehlakçı İddiaçı ünvanına dair tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* saylı aktdan görünür ki, aparılmış dövlət yoxlamasına əsasən, 1402AZ**********54 nömrəli sayğacın klapanının üzərindəki kipləşdirici təbəqə aşkar olunmamışdır. Sayğacın hesablama mexanizminin keçən qazın həcmini qeyd etmədiyi və ALARM-1 rejiminin aşkar olunduğu müəyyən edilmişdir.

9. Bakı Regional Qazın Satış Departamenti İtirilmiş təbii qazın hesablanması Komissiyası tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, №536, Zığ-Bahar y/m – 5417 – 0000 ünvanında qaz sayğacının zədələnməsi nəticəsində 8640 m3 itirilmiş təbii qazın həcmi müəyyənləşdirilmişdir.

10. Abonent saldosundan görünür ki, İddiaçı tərəfindən 2022-2023-cü illər daxil olmaqla istehlak olunan qazla bağlı müəyyən ödənişlər olunmuşdur. Qalıq və aktlar üzrə 2022-ci il üçün 1036.80 manat brc qeyd edilmişdir.

İşin faktiki halları.

11. İşin məhkəmə tərəfindən araşdırılması zamanı müəyyən edilir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilərək, dövlət yoxlanmasından keçirilməsi üçün göndərilmiş, yerinə yeni sayğac quraşdırılmışdır. Dəyişdirilmənin səbəbi sayğacın növbəti dövlət yoxlanışına göndərilməsi olmuşdur. Cavabdeh tərəf iddiaçının onun ünvanında quraşdırılmış sayğaca müdaxilə etdiyini əsas gətirərək, qeyd olunan miqdarda cərimə borcu hesablamışdır. İddiaçı tərəfin öz tələbinin əsaslandırması isə ondan ibarətdir ki, onun tərəfindən sayğaca heç bir müdaxilə edilməmişdir, sayğac onun evindən kənarda yerləşir və sayğacın işlək vəziyyətdə saxlanılması üçün məsuliyyəti cavabdeh özü daşıyır.

Tətbiq edilən hüquq.

12. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 №-li qərarı.

4.2-ci bəndinə əsasən, Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.6-cı bəndinə əsasən, Qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7-ci bəndinə əsasən, Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən, İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

13. AR Mülki Məcəlləsi.

Maddə 21. Zərərin əvəzinin ödənilməsi

21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 1.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

14. AR Mülki Prosessual Məcəlləsi. Maddə 36. İddiaçının seçməsinə görə aidiyyət

36.11. İcra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. Maddə 77. Sübutetmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Məhkəmənin mövqeyi.

15. Məhkəmə iş materiallarını hərtərəfli araşdırıb, tərəflərin izahatını dinləyib hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməlidir.

16. Hazırkı işdə sayğacda xətaların olmasının məhz iddiaçının təqsiri üzündən baş verməsi müəyyən edilmir. Ona görə də, sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, iddiaçının ünvanı üzrə hesablanmış 1036.80 manat məbləğində borc silinməlidir. Məhkəmə eyni zamanda cavabdehin iddia tələbinə etirazını əsaslı hesab etmir. Ona görə ki, sayğacda aşkar edilən qüsurun istehlakçı (iddiaçı) tərəfindən müdaxilə nəticəsində yaranması halı sübut edilmir. Belə olduğu halda, dəymiş zərər də iddiaçıya aid edilə bilməz.

Məhkəmə xərcləri.

17. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

Məhkəmənin gəldiyi nəticə.

18. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh "AZƏRİQAZ" İB tərəfindən İddiaçı hesabına əsassız olaraq hesablanmış 1036.80 manat borc silinməlidir.

19. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia təmin edilsin. Cavabdeh "AZƏRİQAZ" İB tərəfindən İddiaçı hesabına əsassız olaraq hesablanmış 1036.80 manat borc silinsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar