Məhkəmə qərarları › İş №2(010)-542/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-542/2021

19.03.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-542/2021 19.03.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhərrəmov Orxan Kazım oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2, Cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı istehlakçı hüququnun müdafiəsi və əsassız hesablanmış borcun silinməsi barədə iddia tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı istehlakçı hüququnun müdafiəsi və əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin əməkdaşları tərəfindən ona aid Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Kalinin küçəsində yerləşən ticarət köşkünə elektrik enerjisindən istifadəyə görə abonent koduna (Abunə kodu 11/1791) cərimə borcu kimi yazılmış 2322,72 manat əsassız borcun silinməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən ona məxsus Suraxanı rayonu, Y/Suraxanı qəsəbəsi, Kalinin küçəsində yerləşən ticarət köşkünə quraşdırılmış işıq sayğacına onun xəbəri olmadan qanunsuz olaraq 2322,72 manat əsassız cərimə borcu hesablanmışdır. Onun yuxarıda qeyd etdiyi ünvandakı ticarət köşkündəki sayğacda heç bir problem olmadığı halda cavabdehin əməkdaşları tərəfindən onun xəbəri olmadan qanunsuz akt tərtib olunaraq əsassız cərimə yazılmışdır. Ticarət köşkündə işlətdiyi elektrik enerjisinin dəyəri əvvəlcədən karta yüklənir və sonra istifadə edilir. Onlar həmişə istifadə etdikləri elektrik enerjisinin pulunu əvvəlcədən ödəmişlər. Yuxarıda qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş edir. İddiaçının nümayəndəsi X7 məhkəmə iclasında iddianı müdafiə edərək, borcun əsassız olaraq yazıldığını bildirdi və iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X6 izahatında göstərdi ki, iddiaçı tərəf sayğacdan keçən işıq xəttinə qanunsuz olaraq iki ədəd cihaz quraşdırmış və bu cihazların köməyi ilə elektrik enerjisini sayğacdan ötürmədən birbaşa istifadə etmişdir. Bu hal qurumun əməkdaşları tərəfindən aşkarlanmış, yerində sənədləşdirilmiş və video lentə alınmışdır. Odur ki, iddanın rədd edilməsini xahiş edir. İşin obyektiv araşdırılması üçün cihazların əks olunduğu video lentə baxış keçirilməsi məqsədilə məhkəmənin təşəbbüsü əsasında məhkəmə iclasına mütəxəssis dəvət edilmişdir. X1 məhkəmə iclasında tərəflərin iştirakı ilə cihazların əks olunduğu videolenti izlədikdən sonra izahatında bildirmişdir ki, cihazlar elektirk açarlardır. Videoda əks edilən aparatla sayğaca kənar müdaxilə edilməsi mümkündür. Belə ki, şəxs istənilən halda sayğacı həmin avtomat vasitəsilə xəttdən kənarlaşdıra bilər. Bunun üçün aparatı söndürmək kifayətdir. Ümumiyyətlə sayğacın giriş hissəsinə bu cür müdaxilə qadağandır. Məhkəmə mütəxəssisin bildirdiklərinə tənqidi yanaşılması üçün əsas görmür. Məhkəmə iddiaçının, cavabdehin və mütəxəssisin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır, buna görə də iddia rədd edilməlidir. İşə əlavə edilmiş xx xxxxxxx 2020-ci il tarixli, NDQ 008096 № li Aktdan görünür ki, istehlakçı Sevil Quliyevaya məxsus sayğaca baxış keçirilmiş və müəyyən edilmişdir ki, sayğac obyektin daxilində quraşdırılmış, xəttin üzərinə qoruyucu avtomat quraşdırılmış, istənilən vaxt sayğac dövriyyədən kənarlaşdırılır, faktiki işlədicilərlə aylıq sərfiyyatın uyğun gəlmədiyi qeyd edilişdir. İşə əlavə edilmiş xx.xx.2020-ci il tarixli Hesab ödəniş vərəqindən görünür ki, 11/1791 saylı abunə kodunun sahibinə xx.xx.2020-ci il tarixinə 4624,46 qəpik borcunun olması barədə xəbərdarlıq edilmişdir. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, iddiaçı cavabdeh qurum tərəfindən ona hesablanmış cəriməni əsassız hesab edir, cavabdeh qurumun nümayəndəsi isə cərimənin kənar xəttdən istifadəyə görə yazıldığını bildirir. Sübut kimi abonentin sayğacına quraşdırılmış cihazların əks olunduğu videolentə əsaslanır və bildirir ki, bu cihazlar vasitəsilə iddiaçı elektrik enerjisini sayğacdan kənar istifadə etmişdir. Məhkəmə iclasına dəvət edilmiş mütəxəssis videoda əks edilmiş həmin cihazların vasitəsilə elektrik enerjisinin sayğacdan kənar götürülməsinin mümkün olduğunu bildirir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki-Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM sübutların toplanması və verilməsi yükünü sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Hazırkı işdə iddiaçı tərəf ona cərimənin əsassız yazıldığını, elektrik enerjisindən sayğacdan kənar istifadə halının olmadığını bildirsə də, işin araşdırılan halları ilə iddia tələbi öz təsdiqini tapmır. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbində qeyd edilənlər öz təsdiqini tapmır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin qeyd edilən maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar