Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-545/2021 21.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, Məhkəmə iclas katibi X3 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh1 və qeyrisinə qarşı “müqavilə öhdəliklərindən irəli gələn pul” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilə öhdəliklərindən irəli gələn pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə xx.xx.2019-cu il tarixdə bağlanmış müqavilə öhdəliklərini pozmaqla cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, materialı alınmış, hazırlanmış və quraşdırılmış qurğulara - göstərilən xidmətə görə ümumilikdə 1360 manat pulun cavabdehlərdən Cavabdeh1 və X1 müştərək qaydada alınaraq alınaraq iddiaçı xidmət göstərən İddiaçı ödənilməsi, xidmətin göstərildiyi və yekunlaşdığı gündən xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədər hesablanmış günlük 2 faiz hesabı ilə 9 aya görə 270 gün üçün 3105 manatın Cavabdeh1 alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, Cavabdeh1 ilə xx.xx.2019-cu il tarixdə 4 ədəd pəncərə, 3 ədəd qapı, 1 ədəd fortuçka hazırlanması və quraşdırılmasına dair müqavilə bağlayaraq, Suraxanı rayon ərazisində yerləşən Qızıl Qum adasında təzə tikilən mənzildə 4 ədəd pəncərə, 2 ədəd qapı, artıq yaşayış olan digər qonşu mənzildə isə 1 ədəd qapı kompleksi hazırlanaraq quraşdırılmışdır. Quraşdırılma zamanı bütün detallar xx.xx.2019-cu il tarixdən quraşdırılma yerinə çatdırılmış, xx.xx.2019-cu ildə qapı, xx.xx.2020-ci ildə 2 ədəd pəncərə qoyulmuş, digər 2 pəncərə quraşdırılmamış, qapı isə yerinə qoyulub bərkidilməmişdir. Buna səbəb isə evin sahiblərini pəncərə dizaynını bəyənməmələri olmuşdur. Cavabdehlə xx.xx.2020-ci il tarixdə yeni razılaşma olaraq, 210 manat şüşəyə, 250 manat əlavə olaraq plastik PVC-yə, 92 manat qutu profili hesablanaraq, ümumilikdə 1912 manat olmaqla, lakin heç bir ödəniş olmadığından ilkin sifariş vermiş pəncərələr quraşdırılaraq, ödəniş olduqdan sonra yeni dizaynlı şəklində yeni 2 ədəd qurğu hazırlanması həyata keçiriləcəyi bildirilmişdir. Lakin bu günə kimi nə sifarişçi, nə özünü “İRS Construction” Tikinti şirkət rəhbəri kimi qələmə verən, nə də evin sahibi digər Cavabdeh2 pul ödənişi ilə bağlı heç bir hərəkət etməmişlər. Eyni zamanda məlum oldu ki, cavabdeh Səfərov digər cavabdehi tikinti şirkəti adı altında aldadaraq təmir-tikinti işlərinin aparacağını vəd verərək, onunla da müqavilə bağlayıb, onun vasitəsilə digər cavabdehə xidmət göstərmiş, lakin digər Cavabdeh2 montaj zamanı özü də yaxınlaşaraq əlavə olaraq, yalnız rəngli profilə görə 250 manat ödəyəcəyini qeyd etsə də, sonradan mövcud vəziyyətlə razılaşsa da, bu günə kimi heç bir ödəniş edilməmişdir. Şifahi məlumata əsasən ev sahibi 10.000-ə yaxın pul vəsaitini həmin cavabdehə ödəmişdir. Cavabdeh isə həmin evə təyin olunmuş pul vəsaitlərindən pəncərəyə aid pulları ödəməyərək mənimsəmiş və özünü tam məsuliyyətsiz aparır. Sonuncu məhkəmə iclasının vaxtı barədə məhkəmə tərəfindən sms-xəbərdarlıq göndərildikdən sonra Səfərəli ona zəng vuraraq işin məhkəməyə verilməsindən narazı olduğunu və ayın axırına kimi borcunu ödəyəcəyini bildirmiş, o isə razılaşmamış və mübahisənin məhkəmə vasitəsilə həll olunacağını qeyd etmişdir. Göründüyü kimi cavabdeh məhkəmə iclasıları barədə məlumatlıdır və özü bilərəkdən məhkəmə prosesində iştirak etmir. Bundan əlavə, müqavilənin 8.2-ci bəndinə əsasən xidmət göstərən quraşdırma günündən 3 gündən artıq müddət keçərsə, quraşdırma günündən xidmət haqqının ödənildiyi günə qədər hər gün üçün xidmət haqqının 2 faizinə qədər məbləğ tələb edilməsini irəli sürə bilər. Həmin müqavilənin 8.1.2-ci bəndinə əsasən sifarişçi qapı və pəncərənin tam istifadə edilməsinə nail olmaq üçün müvafiq tələb irəli sürmək hüququna malikdir. Hər hansı bir qurğunu istifadəyə tam yararsızlığını aşkar edərsə, iradını bildirir xidmət göstərənin yeni qurğu hazırlamaqdan imtina etdiyi halda qurğunun materialına və xidmətinə görə ödədiyi məbləği tamamilə xidmət göstərəndən tələb etmək hüququna malikdir. Həmin müqavilənin 10-cu bəndinə əsasən müqavilənin qüvvədə olduğu müddəa ləğvi və xitamı ilə bağlıdır. Müqavilənin şərtlərinə əsasən quraşdırılmış qurğulara görə günlük xidmət haqqının 2 faizi ödənməlidir. Müqavilənin 9-cu bəndində xidmət haqqının 1 ay ərzində ödənilməsi göstərilir. Həmin müqavilənin 8.2.2-ci bəndində 2 faizin hesablanacağı müddətin başlanğıcı xx.xx.2020-ci il tarixidir. Həmin tarixdən xx.xx.2020-ci il tarixə qədər 9 ay müddəti keçir. Buna görə də qeyd olunanların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. xx.xx.2021-ci il tarixli məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, onlara ev üçün qapı-pəncərə lazım idi. Bu səbəblə şirkətə müraciət etmiş və xx.xx.2019-cu il tarixdə müqavilə imzalamışlar. Həmin müqaviləyə əsasən ilkin olaraq məbləğin 30 faizini ödəməli idilər, qalan məbləği isə iş görülüb bitdikdən sonra ödəyəcəkdilər. Beləliklə ilkin olaraq 3000 manat verərək Səfərəli ilə müqavilə imzalamışlar. Səfərəli onlara yanvar ayında malların qiyməti artacağı üçün ödənişi etmələrini bildirmiş və bu məqsədlə 10000 manat ödəniş etmişlər. Geri qalan 3000 manatı isə kreditlə hissəhissə ödəyəcəklərinə razılaşmışlar. Bundan sonra qapı-pəncərə gətirib quraşdırılmış, lakin onların istədiyi formada olmadığı olmamışdır. Sonra başqa adam tapıb ona düzəltdirmişlər və Səfərəli tərəfindən edilən hər şey yarımçıq qalmışdır. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh1 və İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli “xidmətin göstərilməsinə, qapı-pəncərənin hazırlanması üçün tələb edilən materialların təhvil-təsliminə” ödəmə qaydası və təminata” dair müqavilədən görünür ki, xx.xx.2020-ci il tarixinə qədər podratçı öz vəsaiti hesabına təmir materialı, plastik profilləri və aksesuarları ilə 1360 manata hazırlanmasını öhdəsinə götürmüşdür. Detalların sayı və ölçüləri: 4 ədəd pəncərə, 3 ədəd qapı, 1 ədəd fortuçka. Ölçüləri: 139x236 - 2 ədəd, 139x153 – 1 ədəd, 139x158 – 1 ədəd, 218x80 – 1 ədəd, 95x220 – qapı sistemi – 1 ədəd, 38x38 fortuçka – 1 ədəd. Ağcaqanad torları: Hər açılan pəncərə hissəsinə (fortuçka daxil deyil) – 7 ədəd. Hər bir qurğunun sıra ilə hazırlanmasına görə xidmət haqqının dəyəri: - manatla – 139x236 – qapısız – 260manat, 139x236 – qapılı – 340 manat, 139x153 və 139x158 – hər ikisi ayrılıqda 200 manat, 218x80 – 160 manat, 220x95 – 180 manat (quraşdırma daxildir), quraşdırmasız – 1275 manat, hazırlanma ümumi – 515 manat. Bütün detalların quraşdırılması 238x139 – hər biri 20 manat, 153x139 – hər biri 10 manat, qapılar – 10 manat, fortuçka – 5 manat, ümumi quraşdırma dəyəri – 85 manat. Materialla detalların hazırlanması, quraşdırılması, ümumi – 1360 manat təşkil edir. Usta podratçı və hesabına alıb, hesabat vermək – 730 manat, yol xərci 17+13=30 manat. Müqavilənin 8.2-ci bəndinə əsasən xidmət göstərən quraşdırma günündən 3 gündən artıq müddət keçərsə, quraşdırma günündən xidmət haqqının ödənildiyi günə qədər hər gün üçün xidmət haqqının 2 faizinə qədər məbləğ tələb edilməsini irəli sürə bilər. Həmin müqavilənin 8.1.2-ci bəndinə əsasən sifarişçi qapı və pəncərənin tam istifadə edilməsinə nail olmaq üçün müvafiq tələb irəli sürmək hüququna malikdir. Hər hansı bir qurğunu istifadəyə tam yararsızlığını aşkar edərsə, iradını bildirir xidmət göstərənin yeni qurğu hazırlamaqdan imtina etdiyi halda qurğunun materialına və xidmətinə görə ödədiyi məbləği tamamilə xidmət göstərəndən tələb etmək hüququna malikdir. Müqavilənin şərtlərinə əsasən quraşdırılmış qurğulara görə günlük xidmət haqqının 2 faizi ödənməlidir. Müqavilənin 9-cu bəndində xidmət haqqının 1 ay ərzində ödənilməsi göstərilir. Həmin müqavilənin 8.2.2-ci bəndində 2 faizin hesablanacağı müddətin başlanğıcı xx.xx.2020-ci il tarixidir. Qəbul aktından görünür ki, xx.xx.2019-da 220x95 sm ölçülü qapı qoyulub qəbul edildi. xx.xx.2020-də 153x139 və 157x139 ölçülü pəncərə qoyulmuşdur (2 pəncərə). 139x235 2 ədəd pəncərə tikilidə quraşdırılmış vəziyyətdə saxlanıldı. 218x81 sm ölçülü qapı yerinə qoyuldu, bərkidilmədi. Qeyd olunan qəbul aktı xx.xx.2020-ci il tarixdə Cavabdeh1 tərəfindən təsdiq edilmişdir. İddiaçı tərəfindən Cavabdeh1 ünvanlanmış xx.xx.2020-ci il tarixli pretenziya məktubundan görünür ki, müqavilənin şərtlərini kobud şəkildə pozaraq hazırlanmış qurğuları və şüşələri əsassız olaraq geri qaytardığına görə 3 gün müddətində pretenziyaya münasibət bildirməyi,əks halda mübahisənin məhkəmə qaydasında həll olunacağı bildirilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1.-ci maddəsində deylir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Hazırkı işdə iddiaçı ilə Cavabdeh1 arasında mahiyyətinə görə podrat müqaviləsi mövcuddur. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımı şəkildə icra etməsinə baxmayaraq, cavabdeh bunun müqabilində ona pulla əvəz ödəmək öhdəliyini icra etməmişdir. Ona görə də, hazırkı mübahisəyə podrat müqaviləsinə dair normalar tətbiq edilməlidir. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Cavabdeh məhkəməyə yerinə yetirildiyi iddiaçı tərəfindən iddia olunan işlərin görülməməsi və ya lazımı şəkildə görülməməsi ilə bağlı hər hansı sübut təqdim etməyib. Eyni zamanda, iddiaçının təqdim etdiyi qəbul aktından görünür ki, onun iddia ərizəsində irəli sürülən əsas məbləğin əvəzi olaraq iddia olunan işlər tam şəkildə yerinə yetirilib. Bununla da, iddiaçının həmin məbləği tələb etmək hüququ yaranıb. İddianın dəbbə pulu ilə bağlı hissəsinə gəldikdə isə, bu hissədə iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1.-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 465.2.-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Həmin Məcəllənin 462.1.-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Tərəflər arasında bağlanmış sözügedən müqavilədə dəbbə pulunun gündəlik 2 faiz olması barədə razılıq var. Lakin, məhkəmə həmin şərt əsasında hesablanmış dəbbə pulunun əsas öhdəlik üzrə yaranmış borca münasibətdə mütənasib olmadığı qənaətinə gəlir. AR Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə dəbbə faizi üzrə yaranmış borcun əsas borcun yarısı həddində tutulmasını daha mütənasib əvəz hesab edir. Beləliklə, iddia həmin hissədə 665 manat həddində təmin edilməlidir. Digər cavabdehə gəldikdə isə, məhkəmə hesab edir ki, həmin şəxs iddiaçı ilə nə yazılı, nə də şifahi müqavilə üzrə qarşılıqlı podrat və digər işlərin görülməsi üzrə münasibətin tərəfi olmadığından, iddia ona aid hissədə təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1.-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Halbuki, Cavabdeh2 ilə iddiaçı arasında hər hansı müqavilə olmamışdır. Cavabdehlərin öz aralarında podrat sifarişi olmuş, iddia olunan podrat məmulatı həqiqətən Cavabdeh2 aid evə quraşdırılmışdır. Lakin, bu fakt Cavabdeh2 qarşı iddianın təmin edilməsi üçün əsas hesab oluna bilməz. Beləliklə, iddia Cavabdeh1 aid hissədə qismən təmin edilməli, ondan əsas podrat borcuna görə 1360 manat və dəbbə borcuna görə 680 manat tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia qismən təmin edilsin. Cavabdeh1 1360 manat əsas və dəbbə borcuna görə 680 manat olmaqla, cəmi 2040 (iki min qırx) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Təranə Mahmudova
Məhkəmə qərarları › İş №2(010)-545/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-545/2021
21.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver