Məhkəmə qərarları › İş №2(010)-546/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-546/2021

26.02.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-546/2021 26.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X2 iclas katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı “əsassız hesablanmış cərimənin silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı cаvаbdeh «Cavabdeh» İstehsalat Birliyinə (bundan sonra “Cavabdeh” İB) qarşı “əsassız hesablanmış cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən “Cavabdeh” İB-nin təbii qazdan istifadə qaydalarının pozulması haqqından xx.xx.2018-ci il tarixli, 58/1530 saylı akta əsasən **********00000 saylı abonent İddiaçı qanunsuz hesablanmış 399 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixində ARDNŞ “Cavabdeh” İstehsalat Birliyi əməkdaşları yaşadığı mənzilə quraşdırılmış G-4 İtron qaz sayğacını sökmüş, yerinə G-4 İtron markalı yeni sayğac quraşdırmışlar. Səbəb olaraq bildirmişlər ki, sayğacın yivli birləşməsində plombun simi qırılmışdır. Bununla bağlı xx.xx.2018-ci il tarixli, ******* saylı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt tərtib edilmişdir. xx.xx.2020-ci il tarixində isə ARDNŞ “Cavabdeh” İstehsalat Birliyi əməkdaşları ərazidə sayğaclara baxış keçirmiş, bu dəfə də bildirmişlər ki, sayğacda korroziya var. Nəticə etibarilə ******* saylı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt tərtib edilmişdir. Sonradan məlum olmuşdur ki, sökülən qaz sayğacı ekspertizaya aparılmışdır və yararsız hesab olunmuşdur. Eyni zamanda, təbii qazdan istifadə qaydalarının pozulması haqqında 58/1530 saylı akt tərtib edilmişdir. Bu azmış kimi cərimə edildiyi və hal-hazırda cərimə olaraq hesablanmış 399 manat borcdan 338 manat borcu olduğu bildirilmişdir. Barəsində tətbiq edilmiş cərimə və hesablanmış borc qanunsuz və əsassızdır. Belə ki, həmin əməkdaşların sayğacı necə sökdükləri, köhnə sayğacla necə davrandıqları ona məlum deyil. Sayğacda korroziyanın yaranması və ya plombunda çürümə, pozulma və ya sınma yaranması cavabdeh qurumun əməkdaşlarının sayğacı sökən zaman səliqəsiz və diqqətsiz davranması nəticəsində yarana bilərdi. Cavabdeh qurumun bu cür qanunsuz davranışından və onu cərimələməsindən belə çıxır ki, sayğac sökülən zaman sayğacı sökənlər istədiyi kimi davrana bilərlər, amma bunun məsuliyyəti abonentin üzərindədir? Eyni zamanda, vaxtlı-vaxtında işlədilən qazın pulunun ödənilməsi, hətta işlədilən qazın pulundan əlavə balansa artıq pul ödəməsi də sübut edir ki, onun sayğaca müdaxilə etməsi gülüncdür. Bütün bunlar cavabdeh tərəfindən mülki hüquqdan sui-istifadədir. Onun yaşadığı ünvana qaz təminatının dayandırılması qanunla qorunan hüquqlarını pozur. Eyni zamanda, vaxtlı-vaxtıda işlədilən qazın pulunun ödənilməsi də sbüut edir ki, onun sayğaca müdaxilə etməsi gülüncdür. İşin gülünc hissəsi də ondan ibarətdir ki, quraşdırılan sayğac elektron tipli sayğacdır. Kartın balansına nə qədər pul yükləyirsə o qədər də təbii qaz işlədir. Yəni kartın balansına 5 manat yükləyirsə, 5 manatlıq da təbii qaz işlədir. Kartın balansında qaz qurtardıqda avtomatik olaraq təbii qazın verilməsi dayanır. Sayğaca müdaxilə etməklə nə təbii qazın verilməsi bərpa olunur, nə də kartın balansına pul yüklənmir. Belə olduğu halda o, hansı səbəbdən dolayı sayğaca müdaxilə etsin? Hansı səbəbdən dolayı sayğacı yararsız vəziyyətə salsın? Əlavə olaraq, sayğac hamının əlinin çatacağı yerdədir və küçədən keçən istənilən şəxs sayğaca müdaxilə edə bilər, plombu sındıra bilər. Bütün bunların qarşısını almaq praktiki cəhətdən mümkün deyil. Çünki o, bu cür halların qarşısını almaq üçün 7/24 sayğacın keşiyində dayanmalıdır. Eyni zamanda, bu cür qanunsuzluqla qarşılaşan tək o deyil, ətrafda yaşayan abonentlər də eyni aqibətlə qarşılaşır və bu cür hüquqi əsas olmadan cərimələnmələr kütləvi hal alıb. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin həcminin artıraraq məhkəmədən 2018-ci il tarixli akta əsasən iddiaçıya hesablanmış 400 manat bordun silinməsi və cavabdeh qurum tərəfindən cərimə hesabına tutulmuş 69 manatın iddiaçının hesabına qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlı olduğundan ərizə məhkəmə tərəfindən qəbul edildi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh “Cavabdeh” İB-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2018-ci il tarixli, 58/1530 nömrəli aktın surətindən görünür ki, istehlakçı İddiaçıb məxsus yaşayış sahəsində xx.xx.2018-ci il tarixdə təbii qazın uçotu və TQİQ-yə riayət olunması yoxlanılmış və sayğacın flyans birləşmələrində plomb aşkar edilməmiş, sayğaca baxış keçirilərək plomblanması tələb edilmişdir. **********00000 kodlu abonentin saldosundan görünür ki, abonent İddiaçı 2018-ci ilin mart ayında 399.60 manat borc hesablanmış, bunun 0.36 manatı ayın əvvəlinə borc, 399.24 manatı isə akta əsasən hesablanmış borc olmuşdur. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2018ci il tarixli, ******* nömrəli Aktın surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Zığ qəsəbəsi, Qum adası yaşayış massivində yerləşən evində əvvəlki sayğacın plombu qırıldığından yeni qaz sayğacı quraşdırılmışdır. İddiaçı məxsus smart sayğaclı abonentin 2011-2020-ci il tarixləri üzrə qazdan istifadəyə görə yaranmış borcların, ödənişlərin, sərfiyyatların və borca görə tutulmaların göstərildiyi cəvdəldən görünür ki, İddiaçı qazdan istifadəyə görə karta yüklədiyi məbləğdən 2018-ci ilin oktyabr ayından etibarən hissə-hissə olmaqla, cəmi 59.2 manat məbləğində pul borca görə tutulmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “Cavabdeh” İstehsal Birliyinin əməkdaşları tərəfindən İddiaçı evində quraşdırılmış qaz sayğacına baxış keçirilmiş və sayğacın flyans birləşmələrində plombun olmadığı müəyyən edilərək akt tərtib edilmiş, yeni sayğac quraşdırılmışdır. Bundan sonra, cavabdeh orqan tərəfindən iddiaçıya həmin akt əsasında 399.24 manat məbləğində borc hesablanmışdır. Bundan sonra, iddiaçı tərəfindən qaz kartına hər ödəniş edildikdə ödənişin bir hissəsi həmin borca çıxılmış, bu hesabla iddia ərizəsi ilə məhkəməyə müraciət edilən tarixə cəmi 59.2 manat məbləğində pul iddiaçının ödənişlərindən çıxılmışdır. Hazırda İddiaçı həmin aktın əsassız tərtib edildiyini, beləliklə ona əsassız yerə borc hesablandığını bildirərək bu borcun silinməsini və borca görə ödənişlərindən çıxılmış məbləğlərin geri qaytarılmasını tələb edir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən, öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən, dövlət istehlakçıların mənafelərinin müdafıəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfıyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası qanununun 13-cü maddəsinin 6-cı bəndində göstərilir ki, qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın: 4.2-ci maddəsinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. 4.5-ci bəndinə əsasən, qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin qaydaların Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinin tələbinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 5.5-ci bəndinə əsasən, qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. 6.7-ci maddəsinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3 və 560.3.5.2.-ci maddələrinə görə, istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. İşin müəyyən edilmiş hаllаrındаn göründüyü kimi iddiaçı tərəfindən sаyğаcа hər hаnsı müdаxilə edilməsi, ümumiyyətlə iddiaçının hər hansı təqsirli hərəkət və hərəkətsizliyinin olması sübuta yetirilməmişdir. Qaz sayğacının plombun olmamasının müəyyən edilməsi təklikdə buna görə istehlakçıya borc hesablanmasına əsas vermir. Bu zaman nəzərə alınmalıdır ki, cavabdeh təşkilat məhkəməyə qaz sayğacına iddiaçı tərəfindən müdaxilə edilməsini sübut edəcək mötəbər və təkzib olunmaz sübutlar təqdim etməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, qaz sayğacının plombun olmaması müəyyən edilsə də bunun sayğacdan keçən qazın sərfiyyatının düzgün aparılıb-aparılmaması ilə hər hansı səbəbli əlaqəsinin olması da cavabdeh tərəfindən sübut edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, təqsiri sübuta yetirilmədiyi halda dəymiş zərərin əvəzinin iddiaçıdan tutulması yolverilməzdir. Lakin məhkəmə qeyd edir ki, iş materiallarında olan saldodan görünür ki, cavabdeh tərəfindən iddiaçıya akta əsasən hesablanmış borc 400 manat deyil, 399.24 manat məbləğindədir. Eyni zamanda, bu akta əsasən, iddiaçının ödənişlərindən cəmi 69 manat yox, 59.2 manat məbləğində pul tutulmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh tərəfindən həmin akta əsasən iddiaçıya hesablanmış 399.24 manat məbləğində borc silinməli, iddiaçı tərəfindən bu borca görə ödənilmiş 59.2 manat məbləğində pul iddiaçıya geri qaytarılmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə əsasən, məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Bu Məcəllənin 217.4-cü maddəsinin tələbinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı hər hansı təqsirli hərəkəti nəticəsində cavabdeh təşkilata məxsus sayğacın zədələnməsi və ziyan vurulması müəyyən edilmədiyindən, ümumiyyətlə iddiaçının hər hansı təqsiri sübut edilmədiyindən iddiaçıya buna görə borc hesablanması qanunsuzdur və hesablanmış borc silinməli, bu borca görə hesabından çıxılmaqla ödənilmiş pul iddiaçıya geri qaytarılmalıdır. "Dövlət Rüsumu" haqqında Azərbaycan Respublikası Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “Cavabdeh” İstehsalat Birliyi tərəfindən İddiaçı xx.xx.2018-ci il tarixli akta əsasən hesablanmış 399.24 manat (üç yüz doxsan doqquz manat iyirmi dörd qəpik) məbləğində borc onun hesabından silinsin. İddiaçı tərəfindən cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə ödənilmiş 59.2 manat (əlli doqquz manat iyirmi qəpik) məbləğində pul iddiaçıya geri qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar