Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-5472/2021 21.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəmənin hakimi Miriyeva Səlimə Miri qızı, İddiaçı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə məhkəməyə təqdim edilərkən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələbləri pozulduğundan iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsində ümumiyyətlə, cavabdehin hansı fiziki və ya hüquqi şəxs olduğu göstərilməmiş, cavabdehin adı, poçt ünvanı barədə iddia ərizəsində heç bir qeyd edilməmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları ərizədə göstərilməlidir. Həmçinin, Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Məhkəmə hesab edir ki, iddia ərizəsində nə cavabdehin adını, nə də ona qarşı yönəldilmiş tələbi konkret göstərə bilməyən, eləcə də cavabdehin poçt ünvanını qeyd etməyən iddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin forma və məzmunla bağlı tələblərini pozmuşdur. Həmçinin, nəzərə alınmalıdır ki, cavabdehin adı və poçt ünvanı barədə heç bir məlumat olmaması məhkəmə bildiriş və qərarlarının cavabdehə çatmaması, cavabdehin məhkəmə prosesindən məlumatlı olmaması ilə nəticələnə bilər ki, bu da mülki mühakimə icraatının çəkişmə prinsipinin kobud pozuntusu deməkdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasının 127-ci maddəsinin 7-ci bəndinə əsasən, məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllənin 9.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Həmin Məcəllənin 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Bundan başqa, iddia ərizəsini iddiaçının şəxsiyyətini müəyyən etməyə imkan verən heç bir sənəd əlavə edilmiş, elektron məhkəmə informasiya sistemi vasitəsilə də müvafiq məlumatın əldə edilməsi mümkün olmamışdır. Belə olan halda məhkəmə iddiaçının şəxsiyyətini müəyyən edə bilmədiyindən iddia ərizəsinin buna səlahiyyəti olan şəxs tərəfindən imzalanmış olması nəticəsinə gələ bilmir. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, cavabdehin adı, ona qarşı yönəldilmiş dəqiq tələb (faktiki olaraq nə qədər məbləğdə borcun silinməsi), cavabdehin poçt ünvanı, iddiaçının şəxsiyyəti barədə məlumat olmadan iddia ərizəsinin icraata qəbul edilməsi mümkün deyil. Bu səbəbdən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göründüyü kimi, bütün bu tələblərə riayət edilməsi birbaşa qanunvericiliyin tələbidir. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. (MPM md. 151.1) Beləliklə, mülki prosessual qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: İddiaçı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-5472/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-5472/2021
21.09.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver