Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5520/2021 01.12.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Babayeva (Bəhrəmova) Ufeliya Əsəd qızının Cavabdeh ASC Suraxanı rayon Sukanal İdarəsinə qarşı «kommunal xərclərin silinməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Babayeva (Bəhrəmova) Ufeliya Əsəd qızı Cavabdeh ASC Suraxanı rayon Sukanal İdarəsinə qarşı «kommunal xərclərin silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC Suraxanı Sukanal İdarəsi tərəfindən iddiaçıya hesablanmış 500 (beş yüz) manat məbləğində borc pulun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə təqdim edərək, 522,46 manat borc pulun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2003-cü il tairxdən Suraxanı rayonu Əmircan qəsəbəsi, Ramiz Qarayev küçəsi, 29 saylı evdə 2 nəfər ailə üzvü ilə yaşayır. Yaşadığı evin kanalizasiya xətti yoxdur. Göstəriən ünvana köçüb yaşadıqdan sonra hər ay 2,3,4,5 manat məbləğində su pulu ödəmiş, əvvəldən həmin ünvanda iki nəfər yaşasa da su sərfiyyatı üçün bir müddət 6 (altı) nəfərə hesablanmış bir neçə ildən sonra 4 nəfərə və sonra 2 (iki) nəfərə hesablanmışdır. Baxmayaraq ki, 2017-ci ildən kanalizasiya üçün pul hesablanmayıb, buna baxmayaraq yenə də qalıq borc məbləği ilə razılaşmır. Hətta 2008-ci ildə su üçün sayğac quraşdırılıb. Ödəniş həmin sayğacla tam üst-üstə düşür. Məhkəmə iclasında dindirilən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verib iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsini rəhbər tutaraq, işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iddiaçını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı və iş materiallarında olan Abonent kartı ilə müəyyən edilmişdir ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin su təchizatı və çirkab sularının axıdılması xidməti üzrə abonenti İddiaçı (abonent kodu: **********030, müqavilə nömrəsi: ********) ona məxsus ünvan 1 ünvanında göstərilmiş su təchizatı və çirkab suların axıdılması xidmətinə görə cavabdeh tərəfindən hesablanmış 522,46 manat məbləğində borc 2016-cı ilədək hesablanmış borcdur. «Sudan istifadə qaydaları»nın 1.6-cı maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən göstərilən su təchizatı və tullantı sularının axıdılması xidmətləri üçün istehlakçı ilə su təchizatı və kanalizasiya müəssisəsi arasında bağlanılmış alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qanunun 1.7-ci maddəsinə görə müqavilələr fiziki şəxslərlə qanunla müəyyən edilmiş formalara uyğun bağlanılmalıdır. Həmin Qanunun 2.1.6-cı maddəsinə əsasən verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq hər ay istehlakçıya ödəməli olduğu vəsaitin həcmini əks etdirən hesabı təqdim etmək (göndərmək) su təchizatı və kanalizasiya müəssisəsinin vəzifəsidir. Həmin Qanunun 2.1.9-cu maddəsinə görə aşağıdakı hallarda suyun verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş təqdim etmək (göndərmək): 2.1.9.1. quraşdırılmış suölçən cihaz dövlət standartlarının tələblərinə cavab vermədikdə; 2.1.9.2. verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq tərtib edilmiş hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra müvafiq vəsait 1 (bir) ay müddətində tam ödənilmədikdə su təchizatı və kanalizasiya müəssisəsinin vəzifəsidir. “Su təchizatı və tullantı suları” haqqında Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz Beləliklə də, işin faktiki halları ilə müəyyən olur ki, cavabdeh tərəfindən su təhcizatı və tullantı sularının axıdılması xidmətlərinin göstərilməsi üçün hesablanmış borc 2016-cı ilədək hesablanmış borcdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527.1-ci maddəsinə əsasən, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin Məcəllənin 551.2 və 551.2.1-ci maddələrinə əsasən, kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Həmin Məcəllənin 552.1-ci maddəsinə əsasən, müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Müddət hesablanarkən müddətin başlandığı gün nəzərə alınmır. Öhdəliyin məzmunu hərəkətsizlikdirsə, müddət bu öhdəliyin yerinə yetirilmədiyi andan başlanır. Məhkəmə iş üzrə müəyyən edilmiş faktiki hallara qeyd olunan maddi hüquq normalarının tələblərinə qiymət verərək qeyd etməyi zəruri hesab edir ki, abonent haqqında məlumatlardan göründüyü kimi, iddiaçı tərəfindən həyata keçirilmiş vaxtaşırı ödənişlər müddəti ötmüş qalıq borcuna görə deyil, aylıq su sərfiyyatına görə həyata keçirilmişdir. Belə olan halda isə məhkəmə bu nəticəyə gəlir ki, iddiaçının cavabdehə olan 2016-cı il tarixə hesablanmış 522,46 manat məbləğində borcun ötən beş ildən artıq müddət ərzində Cavabdeh ASC tərəfindən tələb edilməsi ilə bağlı məhkəmədə tələb irəli sürülmədiyindən iddiaçının iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin sadalanan maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 1 –da yaşayan (abonent kodu **********030, müqavilə nömrəsi ********) iddiaçı Babayeva (Bəhrəmova) Ufeliya Əsəd qızına hesablanmış 522,46 (beş yüz iyirmi iki manat qırx altı qəpik) manat məbləğində borc Cavabdeh ASC Suraxanı Sukanal İdarəsi tərəfindən silinsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-5520/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5520/2021
01.12.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver