Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-554/2022 27.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X2 iclas katibliyi, Ərizəçi və Maraqlı şəxs X1 iştirakları ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi. Ərizəçi maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən qızı Əhməd-zadə Nuranə Elman qızının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki: “Mənim qızım Əhməd-zadə Nuranə Elman qızı uşaqlıqdan psixi xəstəlikdən əziyyət çəkməklə böyümüşdür. Hazıradək hərəkətlərini normal idarə edə bilmir. O, ikinci qrup əlildir. Onun əlilliyi təsdiq olunmuş və illərdir ki, ona əlilliklə bağlı pensiya təyin olunmuşdur. Pensiya alınmasına dair plastik kartın surətini də ərizəmə əlavə edirəm. Qızım öz hərəkətlərini və davranışını idarə edə bilmədiyi üçün ona mən qulluq edirəm. Mən Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə müraciət edərək qızımın qəyyumu təyin olunmağımı xahiş etsəm də mənə imtina məktubu verilərək məhkəməyə müraciət etmək hüququm izah edilmişdir. Qeyd edim ki, oğlum mənimlə birlikdə ünvan 1 ünvanında yaşayır və həmin ünvanda da qeydiyyatdayıq. Bu səbəbdən də mən yaşayış yerimiz üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edirəm”. Tərəflərin izahatları. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək bildirdi ki, qızı Əhməd-zadə Nuranə Elman qızı 25.03.1995-ci ildə doğulmuşdur. O, doğulduğu vaxtdan xəstədir. Bir müddət sonra ona əqli gerilik diaqnozu qoyulmuşdur. Qızına özü baxır və ona baxmaq xüsusi qulluq tələb edir. Onun bütün işlərinə özü nəzarət edir. Hazırda qızı üzərində qəyyum təyin edilmək istəyir, lakin bunun üçün qızı fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Odur ki, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs X3 ərizəni qəbul edərək bildirdi ki, ərizəçinin qızının fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas olduğu ekspertiza rəyi ilə təsdiq edilmişdir. Odur ki, ərizənin təmin edilməsinə etirazı yoxdur. İş materialları. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının yanında Qəyyumluq və Himayə Komissiyası tərəfindən verilmiş 30.11.2021-ci il tarixli məktubdan görünür ki, Əhməd-zadə Nuranə Elman qızı üzərində qəyyum təyin edilməsi üçün şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi olması zəruri olduğundan aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X5 tərəfindən verilmiş 31.03.2022-ci il tarixli, 769 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyinin nəticə hissəsindən görünür ki, 25.03.1995-ci il təvəllüdlü Əhmədzadə Nuranə Elman qızında orta dərəcəli əqli gerilik, davranış pozuntuları ilə müəyyən edilir. 25.03.1995-ci il təvəllüdlü Əhməd-zadə Nuranə Elman qızı psixi vəziyyətinə görə öz hərəkətlərini dərk etmək və onları şüurlu idarə etmək iqtidarında deyil. Əhməd-zadə Nuranə Elman qızının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə əsaslar vardır. İşin faktiki halları. Ərizəçi maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən qızı Əhməd-zadə Nuranə Elman qızının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçinin qızı Əhməd-zadə Nuranə Elman qızının hər hansı psixi xəstəliyinin olubolmamasının, eləcə də onun öz hərəkətlərini dərk etmək və idarə etmək imkanının müəyyən edilməsi məqsədilə məhkəmə-psixiatrik ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X5 tərəfindən verilmiş müvafiq rəydə göstərilmişdir ki, 25.03.1995-ci il təvəllüdlü Əhməd-zadə Nuranə Elman qızında orta dərəcəli əqli gerilik, davranış pozuntuları ilə müəyyən edilir. 25.03.1995-ci il təvəllüdlü Əhməd-zadə Nuranə Elman qızı psixi vəziyyətinə görə öz hərəkətlərini dərk etmək və onları şüurlu idarə etmək iqtidarında deyil. Əhməd-zadə Nuranə Elman qızının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə əsaslar vardır. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəni müdafiə edərək təmin edilməsini xahiş etmiş, maraqlı şəxsin nümayəndəsi ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 28. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti. 28.8. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 305. Məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlər. 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.3. şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında. Maddə 317. Ərizənin verilməsi. 317.2. Məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. 317.3. Şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Maddə 321. Məhkəmənin ərizə üzrə qətnaməsi. 321.1. Şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən fəaliyyət qabiliyyəti məhdudlaşdırılan şəxs üzərində himayəçi təyin etmək üçün əsasdır. 321.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmənin mövqeyi. Psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərini idarə etmək iqtidarında olmayan Əhməd-zadə Nuranə Elman qızının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş onun anasının ərizəsi üzrə qaldırılmış və fəaliyyət qabiliyyəti olmayan hesab edilməli olan şəxsin yaşayış yeri üzrə məhkəməyə verilmişdir. Şəxsin psixi vəziyyətini müəyyən etmək üçün keçirilmiş prixiatrik ekspertiza nəticəsində Əhməd-zadə Nuranə Elman qızının fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilməsi üşün əsaslar olduğuna dair müvafiq rəy verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər qanuni əsas vardır. Məhkəmənin gəldiyi nəticə. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, ərizə təmin edilməli, 25.03.1995-ci il təvəllüdlü Əhməd-zadə Nuranə Elman qızı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Şərh оlunаnlаrа əsаsən və MPM-in 216-220, 335-338, 227, 357 və 360-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 25.03.1995-ci il təvəllüdlü Əhməd-zadə Nuranə Elman qızı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-554/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-554/2022
27.04.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver