Məhkəmə qərarları › İş №2(010)-556/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-556/2022

15.03.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-556/2022 15.03.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “əsassız yazılmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “əsassız yazılmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 600714 nömrəli aktın ləğv edilməsi və hesablanmış borc məbləği kimi göstərilən 4045.19 manat məbləğində borcun silinməsinin cavabdehə həvalə olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 27 avqust 2021-ci il tarixdə Cavabdeh ASC-nin Suraxanı Rayon Sukanal İdarəsinin işçiləri Vəliyev Elman və Həşimov Fərid tərəfindən ünvan 1 ünvanında yerləşən əmlakda araşdırma aparılmış və iddiaçı barəsində 600714 nömrəli akt tərtib olunaraq, sayğacdan kənar xətt aşkar edildiyinə görə, adına 4045.19 manat məbləğində borc hesablanmışdır. İddiaçı tərtib olunmuş aktı və onun əsasında hesablanmış borc məbləğini qeyri-obyektiv, işin faktiki halları ilə uyğun gəlməyən və qanunvericiliyin tələblərinə zidd hesab edir. Belə ki, 27 avqust tarixində tərtib olunmuş 600714 nömrəli aktla razı olmadığından nə həmin aktı, nə də hər hansı bir sənədi imzalamamışdır. Hətta əksinə kənar xəttin olmadığını bildirmiş və quraşdırılmış su sayğacının əmlakdan kənar çöldə yerləşdiyinə görə, ora edilən hər hansı bir müdaxiləyə görə məsuliyyət daşımadığını təkidlə bildirmişdir. Həmçinin iddiaçı barəsində akt tərtib olunsa da ödəniş sənədi verilməmişdir. Borcun hesablandığı ünvan əhali qrupu üzrə istehlakçı kateqoriyasına daxil olsa da borc məbləği qeyri-əhali istehlakçı qrupuna əsasən hesablanmışdır. Yazılmış aktdan belə məlum olur ki, iddiaçı yaşayış sahəsi kimi istifadəsi nəzərdə tutulan evi, qeyri-yaşayış sahəsi, fəaliyyət növü idman zalı olaraq istifadə etmişdir ki, bu da qanunvericliyin tələbləri ilə tam ziddir. Ümumiyyətlə tərtib olunmuş aktda əmlakın fəaliyyət növü olaraq “idman zalı” kimi qeyd olunmasının səbəbləri iddiaçıya məlum deyil. Cavabdeh qurum ilə aralarında 020327 nömrəli, 19483863 nömrəli müqavilə bağlanmış və buna uyğun olaraq hər ay vaxtı-vaxtında adına hesablanmış borc məbləğlərini zamanında ödəyir. Məhkəmə iclasında dindirilən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə uyğun izahat verib iddianın təmin olunmasını xahiş etdi. O, izahatında göstərdi ki, idman zalı pandemiya dövründə işləməmişdir, zalların işləməsinə icazə verildikdən sonra avqust ayının sonunda zal işləməyə başladı. O, izahatında bildirdi ki, boru xətti iddiaçının obyektindən kənarda, yəni çöldə yerləşir və sərbəst boru xəttinə müdaxilə onun sayğacına qədər olan hissədə baş verib, iddiaçı bunda təqsirli olmadığından buna görə məsuliyyət daşımır. Cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, 27.08.2021-ci il tarixdə Cavabdeh ASC-nin Suraxanı rayon Sukanal ldarəsinin işçiləri tərəfindən ünvan 2 ünvanında yerləşən əmlakda araşdırma aparılmış və barəsində 60074 nömrəli akt tərtib olunaraq İddiaçı 4045,19 manat məbləğində cərimə olunmuşdur. Sudan istifadə edilməsi üçün sərbəst boru xəttinə iddiaçının sayğacına qədər rezin boru ilə çıxış qoyulmuşdur. 4045.19 manat məbləğində cərimə “Sudan istifadə Qaydaları”na 4 saylı Əlavəyə əsasən hesablanmışdır. Ünvanda su ilə bağlı bir narazılıq yoxdursa və ödənişlər aparılırsa, ora yoxlama aparılmır və yoxlama aparılırsa da bu gec-gec baş verir. Adıçəkilən Əlavəyə əsasən su təchizatı sisteminə qanunsuz qoşulma aşkar edildikdə və belə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadıqda, itirilmiş suyun həcmi olaraq ötən bir il müddətindən Əlavədəki cədvələ əsasən hesablanır. İddiaçının obyekti idman zalıdır. İdman zalıüçün 70 m3 su istifadə etməsi ağlabatan deyil. Məhkəmə iddiaçını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, məhkəmə iş materiallarına əsasən müəyyən edir ki, 27.08.2021-ci il tarixdə Azərbaycan Respublikasının 28.10.1999-cu il tarixli 723-İQ saylı “Su təchizatı və tullantı sulları haqqında” Qanununun tələblərinə uyğun olaraq istehlakçı İddiaçı Qədir oğluna məxsus Y.Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, ev 15 ünvanında yerləşən obyektin su təchizatı və kanalizasiya sisteminə baxış keçirilmiş və araşdırma zamanı sayğacdan kənar xəttin olması müəyyən edilmişdir. Məhkəmə həmçinin iş materiallarına əsasən müəyyən edir ki, abonent kodu 020327 olan İddiaçı Qədir oğlunun 4045,19 manat məbləğində borcu vardır. Məhkəmə müəyyən edir ki, cərimənin tətbiq edilməsinə səbəb qismində sudan istifadə edilməsi üçün sərbəst boru xəttinə iddiaçının sayğacına qədər rezin boru ilə çıxış qoyulması göstərilmişdir. Məhkəmə hesab edir ki, sözügedən fakt hər iki tərəfin izahatları ilə təsdiq edildiyindən bu hal məhkəmə tərəfindən mübahisələndirilmir. Məhkəmə qeyd edir ki, sayğac çöldə yerləşdirildiyindən iddiaçının sayğacına qədər sərbəst boru xəttinə müdaxilənin olduğu təqdirdə belə, bunun iddiaçı tərəfindən törədilməsi sübuta yetirilməmişdir. Belə olduğu halda, məhkəmə hesab edir ki, sudan istifadə edilməsi üçün sərbəst boru xəttinə iddiaçının sayğacına qədər rezin boru ilə çıxış qoyulmasında iddiaçının təqsiri müəyyən edilmədiyindən, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə həmçinin nəzərə almışdır ki, iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin sadalanan maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin 600714 nömrəli aktı ləğv edilsin və cavabdeh tərəfindən İddiaçı hesablanmış 4045.19 manat məbləğində borc silinsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar