Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5563/2025 19.02.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, X8 qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi. Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, oğlu xx.xx.2008-ci il təvəllüdlü X2 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını başa düşmədiyi və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyi üçün fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, xx.xx.2008-ci il təvəllüdlü X6 onun oğludur. O, oğlu ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Oğlu doğulduğu vaxtdan, yəni uzun müddətdir ki, ağır kəmağıllıq, kəskin imbesillik kobud, nitq və davranış pozuntuları, uşaq autizmi kanner sindromu xəstəliyindən əziyyət çəkir. Onun kənar şəxsin qulluğuna və idarəsinə ehtiyacı vardır. Oğlu hal-hazırda İ qrup əlildir və buna görə pensiya alır. Müəyyən hüquqi sənədləşdirmə işləri aparmaq üçün, yəni pensiya kartını almaq və gələcəkdə lazım olacaq digər sənədləşmə işləri aparmaq məqsədi ilə ona oğlunun qəyyumu təyin edilməyi vacibdir.O, hər dəfə sənəd işləri və ya pensiya kartını almaq lazım olduqda çox çətinliklə oğlunu lazım olan qurumlara aparır. Odur ki, ona qəyyum təyin edilib, sənəd işləri ilə özü məşğul olmaq istəyir. Oğlu psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını başa düşmədiyi və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən o, oğlu üzərində qəyyum təyin olunmağı məqsədi ilə Suraxanı Rayon İcra Başçısı yanında Qəyyumluq və Himayəçiik Komissiyasına müraciət etmişdir. Lakin ona məhkəmə qaydasında oğlunun fəaliyyət qabiliyyəti olmayan kimi hesab olunmasının zəruri olduğunu bildirilmişdir. Odur ki, oğlu xx.xx.2008-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi məhkəmə tərəfindən müəyyən olunmaqla və onun oğlu üzərində qəyyum təyin olunmağı zərurəti yaranmışdır. Tərəflərin izahatları. Məhkəmə iclasında Ərizəçi ərizənin təmin edilməsini xahiş edərək, ərizənin məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə maraqlı şəxs Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materialları. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2025-ci il tarixdə Ərizəçi ünvanlanmış 5-20/2-Ə-394-099/2025 nömrəli məktubdan görünür ki, xx.xx.2008-ci il təvəllüdlü övladı X6 üzərində qəyyum təyin edilməsi ilə bağlı Ərizəçi ərizəsinə baxılmış və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 317-ci və 321-ci maddələrinə əsasən, qəyyumun psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında məhkəmə qətnaməsi olduqdan sonra təyin edilməsi bildirilmişdir. Həmçinin, ərizəçiyə aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Ucar rayon İHB-nin Lək kəndi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 173652 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 (atası X7, anası Ərizəçi) xx.xx.2008-ci ildə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2008-ci il tarixdə 43 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin (ASAN 5) Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2025-ci il tarixli ******* nömrəli arayışına əsasən, Ərizəçi və xx.xx.2008-ci il təvəllüdlü övladı X6 ünvan 1 ünvanında qeydiyyatdadır. AR Səhiyyə Nazirliyi 2 nömrəli X1 Həkim-Psixiatr Komissiyası tərəfindən verilmiş 1/232 saylı xx.xx.2025-ci il tarixli rəydən görünür ki, xx.xx.2008-ci il təvəllüdlü X4 uşaq autizmi diaqnozu qoyulmuşdur. İlkin hərbi qeydiyyata alınma haqqında İQ seriyalı, 652449 nömrəli Vəsiqədən görünür ki, xx.xx.2008-ci il təvəllüdlü övladı X6 xx.xx.2024-cü il tarixdə tibbi komissiyanı keçmiş və onun müalicəyə ehtiyacı olduğu hesab edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi ilə bağlı çıxarışdan görünür ki, xx.xx.2008-ci il təvəllüdlü X4 uşaq autizmi kanner sindromu.Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, ağır kəmağıllıq, kəskin imbesillik kobud, nitq və davranış pozuntuları diaqnozu qoyulmuş, kənar şəxslərin qulluq və nəzarətinə ehtiyacı olduğu və müddətsiz əlilliyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X12 tərəfindən (ekspert həkim-psixiatr X5) verilmiş xx.xx.2025-ci il tarixli, 4333 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyinin nəticə hissəsindən görünür ki, X3 Uşaq auitizmi, Kanner sindromu, ağır dərəcəli əqli gerilik müəyyən edilmişdir. X6 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də X6 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. X3 müəyyən edilən Uşaq auitizmi, Kanner sindromu, ağır dərəcəli əqli gerilik ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 28. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti. 28.1. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. 28.2. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. 28.8. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. 28.9. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin sağaldığı və ya sağlamlıq vəziyyətinin xeyli yaxşılaşdığı halda məhkəmə onu fəaliyyət qabiliyyətli sayır. Onun üzərində müəyyənləşdirilmiş qəyyumluq məhkəmə qərarına əsasən ləğv edilir.... Maddə 33. Qəyyumluq və himayəçilik 33.1. Qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir.... 33.4. On dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilir. 33.5. Qəyyumlar qəyyumluqda olanların qanun üzrə nümayəndələri olur və onların adından və onların mənafeləri üçün bütün zəruri əqdləri bağlayırlar. Maddə 34. Qəyyumluq və himayəçilik orqanları 34.1. Qəyyumluq və himayəçilik orqanları qanunvericiliklə müəyyənləşdirilir. 34.2. Fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. 34.3. Qəyyumluqda olanların yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı onların qəyyumlarının və himayəçilərinin fəaliyyətinə nəzarət edir... Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 305. Məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlər. 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.3. şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında... Maddə 317. Ərizənin verilməsi. 317.2. Məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır.... Maddə 318. Ərizənin məzmunu ...318.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi pozuntunun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Maddə 319. Şəxsin psixi vəziyyətini müəyyən etmək üçün ekspertizanın təyin edilməsi Hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəmə-psixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər. Maddə 320. Ərizəyə baxılması 320.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. 320.3. Məhkəmə, ərizə vermiş şəxslərin bilə-bilə əsassız olaraq şəxsin fəaliyyət qabiliyyətini məhdudlaşdırmaq və ya şəxsi fəaliyyət qabiliyyətindən məhrum etmək üçün vicdansız hərəkətlərini müəyyən etdikdə, məhkəmə xərclərini onlardan tutur və yüz on manatadək cərimə edir. Maddə 321. Məhkəmənin ərizə üzrə qətnaməsi ...321.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə - 100 manat. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Ərizəçi məhkəməyə müraciət edərək, oğlu xx.xx.2008-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materialları ilə müəyyən olunur ki, X6 Ərizəçi oğludur, uşaqlıqdan xəstədir, nə etdiyinin mənasını və məsuliyyətini dərk etmir. X2 hər hansı psixi xəstəliyinin olub-olmamasının, eləcə də onun öz hərəkətlərini dərk etmək və idarə etmək imkanının müəyyən edilməsi məqsədilə məhkəməpsixiatrik ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X12 tərəfindən verilmiş müvafiq rəylə təsdiq olunur ki, X3 uşaq auitizmi, kanner sindromu nəticəsində yaranan ağır dərəcəli əqli gerilik, davranış pozuntuları ilə müəyyən edilir. X6 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Bununla da, iş materialları ilə X2 əqli geriliyi və davranış pozuntuları nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxs olması tam sübut olunur. Eyni zamanda, məhkəmə qeyd edir ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi həmin şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2008-ci il təvəllüdlü X2 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını başa düşmədiyi və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyi üçün fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 311, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2008-ci il təvəllüdlü X6 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını başa düşmədiyi və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyi üçün fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva
Məhkəmə qərarları › İş №2(010)-5563/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5563/2025
19.02.2026 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver