Məhkəmə qərarları › İş №2(010)-557/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-557/2022

21.02.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-557/2022 21.02.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı cаvаbdeh “Azəriqaz” İstehsalat Birliyinə (bundan sonra “Azəriqaz” İB) qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən “Azəriqaz” İB tərəfindən ona təbii qaza görə əsassız hesablanmış 432 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində Elektroterm Bağçılıq yaşayış massivində nömrəsiz evdə ailəsi ilə yaşayır. “Azəriqaz” İstehsalat Birliyi ilə bağlanmış müqavilə üzrə yaşadığı ünvandakı evi cavabdeh tərəfindən təbii qazla təmin edilir, istehlak edilmiş təbii qazın uçotu sayğacla aparılır. 2021-ci ilin oktyabr ayının 29-da cavabdehin əməkdaşları tərəfindən ******* nömrəli akt tərtib edilmiş və həmin akt əsasında ona 432 manat borc yazılmışdır. Belə ki, abonentin saldosu adlı sənədi cavabdehdən alan zaman görmüşdür ki, ona akt əsasında 432 manat borc hesablanmışdır. Həmin aktın verilməsi üçün müraciət etdikdə ona aktın kserosurəti təqdim edildi. Qeyd edilən aktda onun həmin akta imza etməkdən imtina etməyi göstərilmişdir, halbuki akt tərtib edilərkən o, orda iştirak etməmişdir. Cavabdeh isə öz növbəsində hesablamalarının hüquqi əsaslarını ona bildirməmiş və sübuta yetirməmişdir. Beləliklə, cavabdehin hesablamaları heç bir normativ hüquqi akta əsaslanmamışdır. Bundan başqa, onunla cavabdeh arasında bağlanmış müqavilədə qaz paylayıcısını (cavabdehin) istehlakçı tərəfindən istehlak olunmuş qazın dəyərinin yalnız qaz sayğacını göstəricisinə əsasən ödənilməsini tələb etmək hüququnun olması nəzərdə tutulmuşdur. Göründüyü kimi həmin müqavilənin şərtlərində qaz paylayıcısının heç bir halda qaz sayğacından kənar hesablanmış borcun birbaşa və məcburi qaydada ödənilməsini istehlakçıdan tələb etmək hüququ, eləcə də istehlakçının həmin borcun mübahisəsiz ödənilməsi vəzifəsi nəzərdə tutulmamışdır. Eyni zamanda, mübahisələndirilən aktda sayğacdakı qüsur kimi sayğacın kənar təsir nəticəsində plastmas qapağının, hesablama mexanizminin və hesablama mexanizminin qoruyucu ekranının sınması göstərilmişdir. Bildirir ki, qaz sayğacı onun evində və ya onun həyətində yerləşdirilməmişdir. Həmin zədələrin məhz onun tərəfindən qaz sayğacına vurulması sübut olmadığı halda ona 432 manat cərimə yazılmışdır. Hazırkı iş üzrə sübut etməvəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh təşkilat zərərin onun qanunsuz hərəkət və yaxud hərəkətsizliyi nəticəsində vurulmasını, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olmasını və onun təqsirli olmağını sübuta yetirməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, 2021-ci ilin oktyabr ayında o, evinə gələn qazın kəsildiyini görmüşdür. Bundan sonra gedib sayğaca baxmış və sayğacın plastmas hissəsinin əzildiyini aşkarlamışdır. Qonşularla danışıb onların evinə qazın gəldiyini müəyyən etdikdən sonra qaz kəsintisinin sayğacdakı zədə ilə əlaqəli olduğunu bilmiş, dərhal qaz idarəsinə məlumat vermişdir. Bundan sonra, idarənin əməkdaşları gələrək, sayğaca baxış keçirmiş, sayğacın maşın, yaxud başqa bir zərbənin təsirindən zədələndiyini bildirmiş, sayğacı laboratoriyaya aparacaqlarını demişlər. Həmin vaxt sayğacdakı zədənin istehlakçının, yəni onun müdaxiləsinə görə baş verməsi barədə ona heç nə deyilməmiş, o da sayğacın dəyişməsini istədiyi üçün akta qol çəkmişdir. Sonradan sayğacın laboratoriya yoxlanışında da iştirak etmiş, həmin vaxt da ona təqdim edilmiş sənədlərə qol çəkmişdir. Daha sonra, sayğac dəyişdirilərək yeni sayğacla əvəz edilmişdir. O, qazdan adi qaydada istifadə etməyə davam etmişdir. Lakin ödəniş etdikdə ona məlum olmuşdr ki, cərimə edilmişdir. O, bunun səbəbi ilə maraqlandıqda həmin gün tərtib edilmiş akta görə cərimə edildiyi bildirilmişdir. Hansı ki, onun sayğaca heç bir müdaxiləsi olmamış, bunu qaz idarəsinin əməkdaşları da təsdiq etmişdir. Bu səbəbdən həmin qanunsuz akta görə cərimə edilməsi əsassızdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh “Azəriqaz” İB məhkəmə iddiaya etirazla müraciət edərək qeyd etmişdir ki, **********2 nömrəli sayğacın yoxlanılması barədə 29/1710-04126 nömrəli akt əsasında “Sayğacdan qaz keçir, hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Hesablama mexanizminin qoruyucu ekranı sınıb” şəklində rəy verilmişdir. “Məişət tipli qaz sayğaclarının yoxlanılması nəticəsində aşkar ediləcək qüsurların yoxlanılması barədə” “Azəriqaz” İB-nin direktoru tərəfindən 18.10.2018-ci il tarixdə təsdiq edilmiş Təlimatın məişət qaz sayğaclarına aid olan hissəsinə uyğun olaraq, yuxarıda qeyd edilən qüsur sayğaca müdaxilə kimi qiymətləndirilmişdir. Rəy əsasında “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 29.10.2021-ci il tarixli, ******* saylı akt üzrə dəymiş zərərin məbləği 432 manat hesablanaraq, abonentin saldosuna daxil edilmişdir. “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” müqaviləsinin 2.3.4-cü bəndinə əsasən, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsi olaraq müəyyən edilmişdir. Saldoya nəzərə saldıqda qaz sayğacına müdaxilənin baş verdiyi təsbit olunan dövrlə 2021-ci ilin sentyabr ayı üzrə cəmi sərfiyyat 32 m3, müdaxilədən sonrakı dövrün elə ilk ayına isə (2021-ci ilin oktyabr) sərfiyyat 241 m3 təşkil etmişdir. Təbii qazın sərfiyyat göstəriciləri arasında kəskin fərq olduğu asanlıqla görülə bilər. Qeyd edilən hal sayğaca müdaxilə edilməsi nəticəsində real istehlak edilən təbii qaz sərfiyyatının sayğacdan keçən sərfiyyatdan qat-qat artıq olduğunu sübut edir. Sayğaca müdaxiləyə maraqlı olan şəxs və faydalanan yeganə şəxs istehlakçı olmuşdur. Yəni, istehlakçı sayğaca müdaxilə etməklə faktiki istehlak etdiyi qaz sərfiyyatını sayğac tərəfindən dəfələrlə (təxmini yeddi dəfə) az qeyd edilməsinə nail olmaqla, tam ödənişdən yayınmış, qanunvericiliyin tələblərini pozmuş, beləliklə də Birliyə təqsirli hərəkəti ilə ziyan vurmuşdur. Cavabdeh “Azəriqaz” İB-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Azəriqaz” İstehsalat Birliyi ilə abonent İddiaçı oğlu arasında bağlanmış 21.08.2020ci il tarixli, AKX-0236440/08-2020 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”dən görünür ki, bu müqaviləyə əsasən Paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir, İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 12.10.2021-ci il tarixli, ******* nömrəli Aktın surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar yaşayış sahəsi, fərdi yaşayış evində X2 məxsus sayğac yenisi ilə əvəz edilmiş, qaz xəttində, sayğacda olan qaynaq və yivli birləşmələr təzyiq altında sabun köpüyü ilə yoxlanılmış və heç bir sızma aşkar edilməmişdir. Quraşdırılan qaz sayğacı texniki texniki qaydalara cavab vermiş, qaz sayğacı abonentə təhvil verilmişdir. “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında 29.10.2021-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, akta müəyyən edilmişdir ki, 29.10.2021-ci il tarixli laboratoriyanın 29/1710-04126-1 saylı MSK-ya əsasən, **********2 nömrəli sayğacın kənar təsir nəticəsində plastmas qapağı, hesablama mexanizmi və mexanizminin qoruyucu ekranı sınıb. Sayğacdan qaz keçir, hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Hesablayıcı mexanizmin rəqəmlərinin oxu sol hissədən öz yuvasından çıxıb. 29.10.2021-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının qaz sayğacının yoxlanılması barədə 29.10.2021-ci il tarixli, ******* nömrəli akta əsasən qaz sayğacına müdaxilə olunmuş və nəticədə qaz itkisi yaranmış, itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır (4x12x90=4320 m3). **********00455 kodlu abonentin saldosundan görünür ki, abonentə 2021-ci il üçün qalıq və aktlara əsasən 432 manat məbləğində borc hesablanmışdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, “Azəriqaz” İstehsal Birliyinin əməkdaşları tərəfindən İddiaçı evində quraşdırılmış qaz sayğacına baxış keçirilmiş və “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmiş, akta uyğun olaraq, itirilmiş qazın bərpası üçün 432 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Cavabdeh orqan tərəfindən verilmiş iddiaya etirazdan və ona əlavə edilmiş sənədlərdən də görünür ki, həqiqətən istehlakçıya həmin dövrdə qalıq və akta görə 432 manat məbləğində cərimə hesablanmışdır. Hazırda İddiaçı həmin aktın əsassız tərtib edildiyini, beləliklə ona əsassız yerə borc hesablandığını bildirərək, bu borcun silinməsini tələb edir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən, öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən, dövlət istehlakçıların mənafelərinin müdafıəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfıyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası qanununun 13-cü maddəsinin 6cı bəndində göstərilir ki, qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın: 4.2-ci maddəsinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. 4.5-ci bəndinə əsasən, qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin qaydaların Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinin tələbinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 5.5-ci bəndinə əsasən, qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. 6.7-ci maddəsinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3 və 560.3.5.2.-ci maddələrinə görə, istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. İşin müəyyən edilmiş hаllаrındаn göründüyü kimi iddiaçı tərəfindən sаyğаcа hər hаnsı müdаxilə edilməsi, ümumiyyətlə iddiaçının hər hansı təqsirli hərəkət və hərəkətsizliyinin olması sübuta yetirilməmişdir. Qaz sayğacının zədələnməsinin müəyyən edilməsi təklikdə buna görə istehlakçıya borc hesablanmasına əsas vermir. Bu zaman nəzərə alınmalıdır ki, cavabdeh təşkilat məhkəməyə qaz sayğacına iddiaçı tərəfindən müdaxilə edilməsini sübut edəcək mötəbər və təkzib olunmaz sübutlar təqdim etməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, qaz sayğacında nöqsanların olduğu müəyyən edilsə də bunun sayğacdan keçən qazın sərfiyyatının düzgün aparılıb-aparılmaması ilə hər hansı səbəbli əlaqəsinin olması da cavabdeh tərəfindən sübut edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, təqsiri sübuta yetirilmədiyi halda dəymiş zərərin əvəzinin iddiaçıdan tutulması yolverilməzdir. Bu səbəbdən həmin borc silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə əsasən, məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Bu Məcəllənin 217.4-cü maddəsinin tələbinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı hər hansı təqsirli hərəkəti nəticəsində cavabdeh təşkilata məxsus sayğacın zədələnməsi və ziyan vurulması müəyyən edilmədiyindən, ümumiyyətlə iddiaçının hər hansı təqsiri sübut edilmədiyindən iddiaçıya buna görə borc hesablanması qanunsuzdur və hesablanmış borc silinməlidir. "Dövlət Rüsumu" haqqında Azərbaycan Respublikası Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı 29.10.2021-ci il tarixli akta əsasən hesablanmış 432 (dörd yüz otuz iki) manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar