Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-562/2024 22.04.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi Almuradov Ülvi Ramiz oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçinin tələbi.
1. Ərizəçi şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2005-ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tələbin dəlilləri.
2. xx.xx.2005-ci ildə anadan olmuş X3 anadangəlmə psixi və fiziki qüsurlu xəstədir. Hazırda 95%-lə birinci dərəcəli əlildir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibb Sosial Ekspert Komissiyasının sonuncu müayinəsinə dair məlumatda göstərilmişdir ki, “çox ağır əqli gerilik dərin kəmağıllıq, qulluq və müalicə tələb edən ciddi nitq, davranış və dayaq-hərəkəti aparatının pozuntuları ilə, İQ-0 nitq artikulyasiyasının spesifik pozuntusu” müddətsiz diaqnoz qoyulmuşdur. Əmək qabiliyyətsizdir. Daim kənar şəxsin qulluğuna ehtiyacı var.
Tərəflərin izahatları.
3. Maraqlı şəxs Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə ərizəyə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
4. Məhkəmə iclasında Ərizəçi ərizədə qeyd olunanlara uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi.
İş materialları.
5. AZ-İ seriyalı, 711685 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2005-ci il tarixdə anadan olmuşdur. Ata qrafasında X4, ana qrafasında Həsənova (Həbibullayeva) Lamiyə Yusif qızı qeyd edilmişdir.
6. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, X3 “çox ağır əqli gerilik, Dərin kəmağıllıq, qulluq və müalicə tələb edən ciddi nitq, davranış və dayaq-hərəki apparatının pozuntuları ilə. İQ-0, Nitq artikulyasiyasının spesifik pozuntusu” diaqnozu ilə müddətsiz birinci qrup əlildir.
7. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasının Ərizəçi ünvanlanan xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Ərizəçi AR MPM-nin 317-ci və 321-ci maddələrinə əsasən qəyyumun psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında məhkəmə qətnaməsi olduqdan sonra təyin edilməsi və bu səbəbdən aidiyyəti üzrə məhkəməyə müraciət etməsinin məqsədəmüvafiq olması bildirilmişdir.
8. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X6 xx.xx.2024-cü il tarixli, 380 №-li ekspert rəyində qeyd olunmuşdur ki, X2 Uşaq serebral iflicinin qalıq əlamətləri, dərin əqli geriliklə müəyyən edilir. Bunu anamnestik məlumatlar, təqdim edilmiş tibbi sənədlər və hal-hazırki psixiatrik müayinənin nəticələri (anamnestik məlumatlara yoxlanılan şəxsin doğuş travması ilə anadan olması, körpəlik dövründə qızdırmalı hal keçirməsi, bununla əlaqədar, müalicələrdə olması, yoxlanılan şəxsdə serebral iflic müəyyən edilməsi, yaşıdlarına nəzərən psixo-fiziki inkişafda geri qalması, nitqi tək - qeyri - aydın olmaqla tək-bir sözlərdən ibarət olması, bununla əlaqədar əvvəllər nevropatoloqun müalicəsini qəbul etməsi, sonralar Bakı Uşaq Nevroloji Xəstəxanasında müalicədə olması, xəstəliyi ilə əlaqədar fizioloji ifrazatları ilə natəmiz olması, xx.xx.2022-ci il tarixdə müayinə edilərək “Çox ağır əqli gerilik, Dərin kəmağıllıq, qulluq və müalicə tələb edən ciddi nitq, davranış və dayaq-hərəki apparatının pozuntuları ilə. İQ-0. Nitq artikulyasiyasının spesifik pozuntusu” diaqnozu ilə ona müddətsiz İ qrup əlillik təyin edilməsi, hər hansı bir işi müstəqil yerinə yetirməməsi səbəbi ilə əlaqədar daim kənar şəxsin himayəsi və nəzarətinə ehtiyacının olması, hazırki müayinə gedişatında dərin əqli gerilik əlamətlərinin biruzə verməsi və s.) sübut edir. X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün kifayət qədər əsaslar vardır. X3 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını başa düşmək və onları idarə etmək iqtidarında deyildir. X1 psixi vəziyyəti məhkəmədə iştirak etməsinə imkan vermir.
İşin faktiki halları.
9. İş materiallarında olan sənədlərə və rəyə əsasən xx.xx.2005-ci il təvəllüdlü X1 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmadığı işin mübahisəsiz hallarıdır.
Tətbiq edilən hüquq.
10. Azərbaycan Respublikası Mülki Məcəlləsi.
Maddə 28. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti 28.8. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər.
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi.
Maddə 317. Ərizənin verilməsi 317.2. Məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Maddə 321. Məhkəmənin ərizə üzrə qətnaməsi 321.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi.
12. Məhkəmə ərizəçi tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir.
13. Belə ki, tərəfin izahatından və iş materiallarından müəyyən olunur ki, xx.xx.2005ci il təvəllüdlü X3 psixi qüsurlarına görə hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında deyil. Qanunvericiliyin tələblərinə görə bu hal şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün əsasdır.
Məhkəmə xərcləri.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
15. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
16. Beləliklə, məhkəmə ərizəçini dinləyib, məhkəmə psixitarik ekspertizasının rəyini nəzərdən keçirib, toplanmış və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2005-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir.
17. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə,
qət etdi:
Ərizə təmin edilsin. 16 noyabr 2005-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.