Məhkəmə qərarları › İş №2(010)-5652/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5652/2025

22.12.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5652/2025 22.12.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X6rşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X8 (bundan sonra – cavabdeh) qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən təbii sudan istifadəyə görə hesablanmış 3300 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində ticarət cərgəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeyriyaşayış obyekti olmuşdur. Həmin qeyri-yaşayış obyektini kafe kimi istifadə etmişdir. Bayram ərəfəsində suyun verilməsində problem olduğu üçün dəfələrlə cavabdehin qaynar xəttinə zəng edərək məlumat vermiş və təbii sudan istifadə ilə əlaqədar yaranmış problemin aradan qaldırılmasını xahiş etmişdir. Lakin, dəfələrlə müraciət olunmasına baxmayaraq, vaxtında heç bir tədbir görülməmişdir. Sonradan isə onun iştirakı və razılığı olmadan cavabdehin nümayəndələri tərəfindən akt tərtib edilmiş və həmin akta əsasən də qeyri-yaşayış obyektinə 3300 manat məbləğində borc hesablanmışdır. Hesab edir ki, həmin borcun hesablanması və eyni zamanda aktın tərtib edilməsi qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması ilə aparılmışdır. Təbii sudan istifadə ilə əlaqədar yaranmış problem barədə cavabdeh orqana özü məlumat vermişdir. Onu müəyyən etmək üçün cavabdehin qaynar xəttinə olan zənglər barədə sorğu verməklə asanlıqla aydınlıq gətirmək olar. Amma, əfsuslar olsun ki, cavabdeh öz vəzifəsini yerinə yetirmək, təbii suyun obyektə verilməsini təmin etmək əvəzinə belə bir əsassız akt tərtib etmişdir. Bu isə bir istehlakçı kimi hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Ona görə hesab edir ki, işin bütün halları araşdırılmalı və adına əsassız yazılmış bu borc silinməlidir. Tərəflərin izahatları Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə baxış iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iş üzrə yekun qərar qəbul edilməsi imkanını məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. İş materiallarına əlavə edilən sənədlər və onlar əsasında təsdiq edilən faktlar Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 1099 nömrəli sərəncamından müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi, 123 nömrəli evin qarşısında fərdi avtomaşınların saxlanılması üçün aşağıdakı vətəndaşlara kollektiv qarajların tikintisinə icazə verilməsi qərara alınmışdır: ... 1.6. İddiaçı... . "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2006-cı il tarixli texniki şərtlərdən müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən, iddiaçıya məxsus daş qarajın su təchizatına aid təsərrüfat-məişət məqsədləri üçün birləşmə nöqtəsinin Yeni Günəşli qəsəbəsi daxili su kəməri şəbəkəsindən diametri 15 mm-dən artıq olmayaraq qəbul olunması, su sərfinin dəqiq qeydiyyatı məqsədi ilə birləşmə nöqtəsində su sayğacının quraşdırılması, su təchizatının normal olması üçün ehtiyat su tutumunun nəzərdə tutulması göstərilmiş və d15 mm su xətti və sayğac sifarişçinin öz gücü və vəsaiti hesabına quraşdırıldıqdan sonra birləşmənin “X9” İİ tərəfindən yerinə yetiriləcəyi qeyd edilmişdir. xx.xx.2006-cı il tarixli, xx/xx/0004089 nömrəli su sayğaclarının qəbuluna dair aktdan müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsində yerləşən və iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə ******* nömrəli su sayğacı abonentin iştirakı ilə komissiya tərəfindən texniki şərtlər əsasında qəbul edilib istismara buraxılmışdır. xx.xx.2023-cü il tarixli, 601899 nömrəli aktdan müəyyən olunur ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti Suraxanı rayon Sukanal İdarəsinin əməkdaşları tərəfindən ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə baxış keçirilmiş və araşdırma zamanı kənar xətdən istifadə edildiyi aşkar edilmişdir. xx.xx.2025-ci il tarixli abonent kartından müəyyən olunur ki, iddiaçının ünvan 2 ünvanında su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə 2142.56 manat məbləğində borcu vardır. İşin faktiki halları Cavabdehin əməkdaşları tərəfindən iddiaçının abonent olduğu ünvanda sudan qeyriqanuni istifadə halı müəyyən edilmiş, 020419$43649 nömrəli abonent kodu üzrə müvafiq akt tərtib edilmiş, akt əsasında abonentə 2142.56 manat məbləğində borc hesablanmışdır. Tətbiq edilən hüquq “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 3. İstehlakçıların hüquqları. Azərbaycan Respublikası ərazisində istehlakçılar aşağıdakı hüquqlara malikdir: öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə. Maddə 26. İstehlakçıların hüquqlarının məhkəmə müdafiəsi. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər. Azərbaycan Respublikasının Su Məcəlləsi Maddə 97. Sudan ödənişli istifadə. Bu Məcəllənin 18-ci maddəsinin ikinci hissəsinin tələbləri nəzərə alınmaqla, Azərbaycan Respublikasında sudan ödənişli istifadə edilir. Sudan ödənişli istifadənin məqsədi su təminatına yönəldilmiş dövlət xərclərini ödəmək, su təsərrüfatı müəssisələrinin, idarələrinin və təşkilatlarının özünümaliyyələşdirmə prinsipi ilə fəaliyyət göstərməsini təmin etmək, su ehtiyatlarından səmərəli və qənaətlə istifadə olunmasına və suların mühafizəsinin yaxşılaşdırılmasına maddi maraq yaratmaq, suyun dəqiq uçotunu aparmaq və su təsərrüfatı sahəsinə investisiya qoyuluşunu stimullaşdırmaqdan ibarətdir. Azərbaycan Respublikasında sudan ödənişli istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Bələdiyyələrin su təsərrüfatı obyektlərində sudan ödənişli istifadə qaydaları və şərtləri bu Məcəllə, digər müvafiq qanunvericilik aktları, habelə bələdiyyə aktları ilə müəyyən edilir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 62. Xidmətlərə görə borcların alınması. İstehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirlər görməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları” 3.1. STKM-in hüquqları aşağıdakılardır: 3.1.1. STTSAS-a qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, bir nüsxəsi istehlakçıya təqdim olunan akt tərtib etməklə və qanunsuz qoşulmanı dərhal su və kanalizasiya sistemindən ayırmaqla, su təchizatı və kanalizasiya şəbəkəsindən istifadəni dayandırmaq və dəymiş ziyanın ödənilməsini təqsirkar şəxsdən tələb etmək. 3.1.2. smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış və ya suölçən cihaz quraşdırılmamış istehlakçıdan verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq təqdim edilmiş hesabın ödənilməsini tələb etmək.

4. İstehlakçıların vəzifələri. 4.1. İstehlakçıların vəzifələri aşağıdakılardır: Bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçıların vəzifəsidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi

Yuxarıda qeyd edilmiş normalardan göründüyü kimi, istehlakçı tərəfindən sudan istifadə qaydalarının pozulması nəticəsində su təchizatı və kanalizasiya müəssisəsi (STKM) zərər dəyibsə, müəssisə həmin zərəri istehlakçıdan tələb etməkdə haqlıdır. Lakin, bunun üçün ilk növbədə, bu zərərin həqiqətən iddiaçının təqsirli hərəkətləri nəticəsində dəymiş olduğu sübut edilməlidir. Bu halı sübut etmək isə hər bir halda cavabdehin üzərinə düşür. Belə ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmçinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. İş materiallarından görünür ki, iddiaçının təqsirli hərəkətləri nəticəsində dəymiş zərəri sübut etmək üçün iddiaçı tərəfindən məhkəməyə iddia edilən pozuntuların (sudan qeyriqanunu istifadə) aşkar edilməsi barədə akt və abonent kartları kimi sübutlar təqdim edilmişdir. Lakin məhkəmə hesab edir ki, bu sübutlar əsasında iddiaçının abonent olduğu ünvanda sudan qeyri-qanuni istifadə edildiyi nəticəsinə gəlmək mümkün deyil. Ona görə ki, cavabdeh tərəfindən bu halı təsdiq edəcək hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. İş materiallarından görünür ki, tərtib edilmiş akt istehlakçı tərəfindən imzalanmamış, istehlakçının akta imza etməkdən imtina etməsi ilə bağlı da aktda heç bir qeyd edilməmişdir. Bundan əlavə, akt sudan istifadə qaydalarında pozuntu aşkarlayan cavabdehin əməkdaşları tərəfindən də imzalanmamış, akt yalnız "xxxx" ASC-nin Suraxanı Sukanal İdarəsinin əməkdaşları tərəfindən imzalanmışdır. Bununla belə, aktda həmin şəxslərin vəzifəsi barədə hər hansı məlumat göstərilməmişdir. Həmçinin, akt baxışda iştirak edən hər hansı hal şahidi tərəfindən də imzalanmamış, baxış zamanı videoçəkiliş aparılmasını təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir. İddiaçının sudan qeyri-qanuni istifadə etməsini təsdiq edən sübut kimi məhkəməyə yalnız müvafiq akt təqdim edildiyindən məhkəmə belə nəticəyə gəlir ki, iş materialları əsasında iddiaçının abonent olduğu ünvanda sudan qeyri-qanuni istifadə edildiyi sübuta yetirilməmişdir. Bu səbəbdən müvafiq akt əsasında iddiaçıdan pul tələb edilə bilməz. İddianın hansı hissədə qismən təmin edilməsi ilə bağlı hissədə məhkəmə qeyd edir ki, iddiaçı ona əsassız olaraq hesablanmış 3300 manat məbləğində borcun silinməsini xahiş etsə də, iş materiallarına əlavə edilmiş abonent kartının tədqiqindən aydın olur ki, ünvan 2 ünvanının abonenti olan iddiaçıya su təchizatı və tullantı sularından istifadəyə görə qanunsuz olaraq hesablanmış borc məbləği 2142.56 manat təşkil edir. Belə olan halda, iddia qismən təmin edilməli, 2142.56 manat məbləğində borc silinməlidir. Məhkəmə xərcləri

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, dövlət rüsumu ödəməkdən azad edilmişdir. Belə olan halda, iddia tələbinin təmin edilmiş hissəsinə (2142.56 manat) mütənasib olaraq, ödənilməmiş 41.43 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə

Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçıya xx.xx.2023-cü il tarixli akt əsasında 020419$43649 nömrəli abonent kodu üzrə hesablanmış 2142.56 manat məbləğində borc onun hesabından silinməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. İddiaçı xx.xx.2023-cü il tarixli akt əsasında 020419$43649 nömrəli abonent kodu üzrə hesablanmış 2142.56 (iki min yüz qırx iki manat əlli altı qəpik) manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilməmiş 41.43 (qırx bir manat qırx üç qəpik) manat məbləğində dövlət rüsumu “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7 tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar