Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-567/2023 05.04.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiаçı İddiaçı cаvаbdeh Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın ləğv edilməsi və **********00040 saylı abonent İddiaçı qanunsuz olaraq tələb olunan 1036.8 manat məbləğində pulun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki: “Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi, 82 saylı evdə qeydiyyatdayam və hal-hazırda həmin ünvanda yaşayıram. Cavabdeh tərəfindən həmin ünvana G-4 İtron Smart-kart tipli sayğac quraşdırılmışdır. Qeyd edim ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh əməkdaşları tərəfindən həmin sayğac çıxarılaraq yerinə yeni Smart G-4 kart tipli sayğac quraşdırılmışdır. Lakin Cavabdeh əməkdaşları sonradan bizim ünvana gələrək köhnə G-4 İtron Smart kart tipli sayğacda zədənin aşkar edilməsini bildirmiş və mənə əlavə olaraq 1036.8 manat məbləğində cərimə hesablanmışdır. Baxmayaraq ki, indiyədək vaxtlı-vaxtında işlətdiyim qazın pulunu ödəmiş, qaz sayğacını səliqəli işlətmiş və qaz sayğacına bizim tərəfimizdən heç bir müdaxilə edilməmişdir. İstifadə etdiyim qazın həcmindən görünür ki, mən elə də böyük həcmdə qaz işlətmirəm və belə olan təqdirdə mənim sayğaca müdaxilə etməyimə əsas yoxdur. Nəzərə alsaq ki, qaz sayğacı evdən çöldə hamının keçə biləcəyi yerdə yerləşir. Belə olan təqdirdə sayğaca qərəzli şəkildə müdaxilə edə bilərlər. Sayğac çöldə olduğundan 7/24 mən sayğaca nəzarət edə bilmərəm. Qeyd edim ki, vətəndaşların qazla təmin edilməsi, sayğacın qorunması Cavabdeh öhdəsinə düşür və onun səlahiyyətindədir. Bildirmək istəyirəm ki, iddiaçının əsassız olaraq məndən pul tələb etməsi məni məhkəməyə müraciət etməyə vadar etmişdir”.
İddia tələbinin həcminin azaldılması.
3. İddiaçı məhkəməyə iddia tələbinin həcminin azaldılmasına dair ərizə təqdim edərək məhkəmədən iddia tələbinin aktın ləğv edilməsi hissəsində nəzərə alınmamasını xahiş etmişdir.
İddiaya etiraz.
4. Cavabdeh İB-nin nümayəndəsi iddiaya etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki: “İddia ərizəsi tamamilə əsassızdır və rədd edilməlidir. Belə ki, Cavabdeh İBnin əməkdaşları tərəfindən istehlakçıya məxsus **********00040 saylı abonent kodu verilmiş yaşayış evinə quraşdırılmış 1202AQ**********1 nömrəli sayğac çıxarılaraq yoxlanılması üçün Sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasına göndərilmişdir. Həmin sayğac laboratoriyada yoxlanılmış, “Qaz sayğacının yoxlanılması barədə” MSK-29/1710-01876-1 saylı akta əsasən sayğacın çıxış plastmas borusunun deşilməsi aşkar olunmuşdur. Həmin faktla bağlı xx.xx.2022-ci il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt tərtib edilmiş, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunmasına dair tələbnamə müvafiq komissiya tərəfindən təsdiq edilərək qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli tələbnaməyə əsasən hesablanmış dəymiş ziyanın həcmi 8640 m3 təşkil etmişdir. Hesablanmış 1036.8 manat məbləğində dəymiş ziyan 2022-ci ilin iyun ayından abonentin koduna yerləşdirilmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, qaz sayğacına müdaxilə etməklə təbii qazın hesabatının düzgün aparılmamasına nail olunmasında iddiaçıdan başqa heç kimin marağı ola bilməz. Göründüyü kimi iddiaçı qanunazidd, təqsirli hərəkət etməklə, yəni sayğaca müdaxilə etməklə təbii qazın dəqiq hesabatının aparılmasını əngəlləmişdir. İddiaçının təqsirli hərəkətləri nəticəsində itirilmiş qazın bərpasının hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 1.3-cü bəndinə uyğun olaraq bağlanmış qazın alqı-satqısı barədə müqavilənin 2.2.6-cı bəndi (İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi)), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi çıxış etsə də, iddiaçının ərizəsində qeyd olunan qanunvericiliyə əsaslanan hesablanmış zərərin əvəzi kimi ona yazılmış borc məbləğinin silinməsinin hər hansı hüquqi əsası yoxdur. Bir daha bildiririk ki, **********00040 saylı abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacın düzgün işləməməsi, sıradan çıxarılması, yəni iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Bu hal tərəflər, yəni iddiaçı və cavabdeh arasında imzalanmış müqavilədə də öz əksini tapmışdır. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), hebelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Göründüyü kimi iddiaçının sayğaca müdaxilə etməsi Cavabdeh İB-nin əməkdaşları tərəfindən aşkar edilmiş və bu qanunazidd hərəkət nəticəsində dəymiş ziyanın əvəzi olaraq iddiaçının abonent hesabına borc hesablanmışdır. Halbuki iddiaçı ona müvafiq müqavilə ilə quraşdırılan sayğaca guya müdaxilə etməməsini qeyd edərək məhkəmədə yanlış təsəvvür yaradaraq dəymiş ziyanın silinməsinə və uydurma məbləğ əldə edərək əsassız varlanmağa çalışır. Beləliklə, yuxarıda qeyd olunanlara əsaslanaraq iddia ərizəsinə öz etirazımızı bildiririk”.
Tərəflərin izahatları.
5. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.
6. Cavabdeh İB-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
İş materialları.
7. Cavabdeh İB və İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 12/31419 nömrəli “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilədən görünür ki, Paylayıcı bu Müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir, İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir.
8. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Şınıx ünvanında 1202AQ**********1 nömrəli sayğacın borusunda dəlik aşkarlanmış, yeni sayğacla əvəzlənmişdir.
9. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* №-li aktdan görünür ki, istehlakçı İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən sayğaca Cavabdeh İB-nin əməkdaşları tərəfindən baxış keçirilmiş, 31/5-2022-ci il tarixli dövlət yoxlamasına əsasən 1202AQ**********1 saylı sayğacın gövdəsinin üst hissədən korroziyaya uğradığı, sayğacın çıxış plastmas borusunun deşildiyi, xətaların normadan artıq olduğu və hesablama mexanizminin minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmədiyi müəyyən edilmişdir.
10. xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən sayğacda xx.xx.2022-ci il aşkarlanmış qüsura görə 8640 m3 həcmində dəymiş zərər hesablanmışdır.
11. **********00040 kodlu abonentin saldosundan görünür ki, abonentə 2022-ci ilin iyun ayında “qalıq və aktlar”a əsasən 1036.8 manat məbləğində borc hesablanmışdır.
İşin faktiki halları.
12. Cavabdeh İstehsal Birliyinin əməkdaşları tərəfindən İddiaçı adına quraşdırılmış qaz sayğacına baxış keçirilmiş, sayğac yenisi ilə əvəzlənmiş, laboratoriya rəyinə əsasən sayğacın gövdəsinin üst hissədən korroziyaya uğradığı, sayğacın çıxış plastmas borusunun deşildiyi, xətaların normadan artıq olduğu və hesablama mexanizminin minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmədiyi müəyyən edilərək istehlakçı barəsində “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli akt tərtib edilmişdir. Bundan sonra sayğacda aşkarlanmış qüsurla əlaqədar itirilmiş qazın həcmi (8640 m3) hesablanmış, buna uyğun olaraq iddiaçıya 2022-ci ilin iyun ayı üçün “qalıq və aktlar”a əsasən 1036.8 manat məbləğində borc hesablanmışdır. Hazırda İddiaçı sayğaca heç vaxt müdaxilə etmədiyini, onun bunda heç bir təqsiri olmadığını, buna baxmayaraq, ona əsassız yerə borc hesablandığını bildirərək, bu borcun silinməsini tələb etmişdir.
Tətbiq edilən hüquq.
13. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 3. İstehlakçıların hüquqları. Azərbaycan Respublikası ərazisində istehlakçılar aşağıdakı hüquqlara malikdir: öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə. Maddə 26. İstehlakçıların hüquqlarının məhkəmə müdafiəsi. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər.
14. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 13. Qazın pаylаnmаsı, satılması və qazın verilməsinin dayandırılması. 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”.
4. Qaz sayğaclarının quraşdırılması və istismarı. 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 560. Hüquqdan sui-istifadənin qadağan edilməsi. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.5.2. istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
18. "Dövlət rüsumu" haqqında Azərbaycan Respublikasının Qanunu.
Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.5. istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar.
Məhkəmənin mövqeyi.
19. İşin müəyyən edilmiş faktiki hаllаrındаn göründüyü kimi iddiaçıya məxsus sayğaca baxış keçirilərək sayğac yenisi ilə əvəz edilmiş, köhnə sayğacda laboratoriya rəyi əsasında aşkarlanan bütün qüsurlar abonentin təqsiri kimi qiymətləndirilərək dəymiş zərər akta əsasən borc kimi abonentin saldosuna yazılmışdır. Halbuki sadəcə olaraq qaz sayğacının zədələnməsinin müəyyən edilməsi faktı əsasında dəymiş zərər istehlakçıdan tələb edilə bilməz. Belə ki, bunun üçün ilk növbədə sayğacda aşkarlanan qüsurların məhz iddiaçının təqsirli hərəkətlərinin nəticəsi olması sübuta yetirilməlidir. Cavabdehin iddiaya etirazda istinad etdiyi “Qaz sayğacına müdaxilə etməklə təbii qazın hesabatının düzgün aparılmamasına nail olunmasında iddiaçıdan başqa heç kimin marağı ola bilməz” şəklindəki əsaslandırma iddiaçının qaz sayğacında aşkarlanmış qüsura görə təqsirli olması nəticəsinə gəlmək üçün kifayət deyil.
20. Nəzərə alınmalıdır ki, yuxarıda da istinad edilmiş (§ 14, 15) “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun və “Qazdan istifadə qaydaları”nın müvafiq maddələrindən görünür ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi istehlakçı yox, qaz paylayıcısı daşıyır. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
21. Bundan əlavə, tərəflər arasında bağlanmış “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilənin 2.2.4-cü bəndində istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək paylayıcının hüququ kimi; 2.3.4-cü bəndində isə təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsi kimi müəyyən edilmişdir.
22. Göründüyü kimi həm qanunvericilikdə, həm də tərəflər arasında bağlanmış müqavilədə istənilən zərərin yox, məhz istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində dəymiş zərərin istehlakçı tərəfindən ödənilməsi müəyyən edilmişdir. Belə olan halda yalnız iddiaçının təqsiri mötəbər sübutlar əsasında təsdiq edildikdən, belə bir təqsirin olduğu məhkəmə tərəfindən müəyyən edildikdən sonra dəymiş zərər iddiaçıdan tələb edilə bilər.
23. Hazırkı işdə isə cavabdeh orqan məhkəməyə qaz sayğacına məhz iddiaçı tərəfindən müdaxilə edilməsini sübut edəcək mötəbər və təkzib olunmaz sübutlar təqdim etməli olduğu halda bunu etməmişdir. Əksinə, iş materiallarında olan iddiaçıya məxsus qaz sayğacının çıxarılması haqqında tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktda sayğacın çıxarılmasının əsası kimi əvvəlcə “İstismar müddəti bitmişdir. Təzələndi” qeydi yazılmış, lakin sonradan eyni yerə “Sayğacın borusunda dəlik aşkarlandı. Əvəzləndi” qeydi əlavə edilmişdir. Bu vəziyyətdə laboratoriya rəyi əsasında qüsurlar aşkar olunan sayğacın yerindən çıxarılarkən həqiqətən qüsurlu olması belə müəyyən edilmir.
24. Həmçinin qaz sayğacının həqiqətən həmin nöqsanlara görə çıxarıldığı müəyyən edilsə idi belə, bu nöqsanların sayğacdan keçən qazın sərfiyyatının düzgün aparılıbaparılmaması ilə hər hansı səbəbli əlaqəsinin olması da cavabdeh tərəfindən sübut edilməmişdir.
25. Belə olan halda məhkəmə hesab edir ki, təqsiri sübuta yetirilmədiyi halda dəymiş zərərin əvəzinin iddiaçıdan tutulması yolverilməzdir. Bu səbəbdən həmin borc silinməlidir.
Məhkəmənin gəldiyi nəticə.
26. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı xx.xx.2022-ci il tarixli akta əsasən hesablanmış 1036.8 manat (min otuz altı manat səksən qəpik) məbləğində borc silinməlidir.
27. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı xx.xx.2022-ci il tarixli akta əsasən hesablanmış 1036.8 manat (min otuz altı manat səksən qəpik) məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva