Məhkəmə qərarları › İş №2(010)-5684/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-5684/2021

07.10.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-5684/2021 07.10.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəmənin hakimi Miriyeva Səlimə Miri qızı, İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin Cavabdeh qarşı “müqavilənin ləğvi, mənzilin boşaldılaraq qaytarılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativi ("xxxx" MTK) Cavabdeh qarşı “müqavilənin ləğvi, mənzilin boşaldılaraq qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən "xxxx" MTK ilə Cavabdeh arasında bağlanmış ********* saylı, 01.02.2019-cu il tarixli payçı müqaviləsinin ləğv edilməsi, Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” massivi, bina 1, 4M saylı mənzildən çıxarılması və həmin mənzilin boşaldılaraq iddiaçı "xxxx" MTKya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə məhkəməyə təqdim edilərkən ərazi aidiyyəti ilə bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələbləri pozulduğundan iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Hazırkı işdən görünür ki, Cavabdeh Qəbələ rayonu, Vəndam qəsəbəsində qeydiyyatdadır. Bu səbəbdən hazırkı iddia ərizəsi ilə ərazi aidiyyəti qaydasında Qəbələ Rayon Məhkəməsinə müraciət edilməli idi. Məhkəmə, həmçinin qeyd edir ki, qanunvericilikdə müstəsna aidiyyət qaydasında məhkəməyə müraciət edilməsi də nəzərdə tutulmuşdur. Üstəlik, nəzərə alınmalıdır ki, mübahisə predmetini təşkil edən mənzil Bakı şəhəri, Suraxanı rayonunda yerləşir. Bu səbəbdən iddiaçı da Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə istinadla müstəsna aidiyyət qaydasında Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. Lakin məhkəmə hesab edir ki, hazırkı iddia ərizəsi müstəsna aidiyyət qaydasında Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə yox, ərazi aidiyyəti qaydasında Qəbələ Rayon Məhkəməsinə verilməli idi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Göründüyü kimi, Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin məzmununa görə, daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: - daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; - daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi; - sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan). Beləliklə, müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddiaları ehtiva edir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, həmin halların dairəsi qanunvericilikdə dəqiq müəyyən edildiyinə görə geniş təfsir edilə bilməz. (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02.06.2021-ci il tarixli Qərarı) Hazırkı iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, tərəflər arasında payçı müqavilə bağlanılmış və bu müqaviləyə əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” massivi, bina 1, 4M saylı mənzil Cavabdeh sahibliyinə verilmişdir. Yəni, Cavabdeh həmin mənzilin müqavilə əsasında qanuni sahibidir. Bu baxımdan Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsində müəyyən edilmiş “qeyri-qanuni sahiblikdən götürülmə” və “sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasının aradan qaldırılması” hallarının hazırkı mübahisəyə aidiyyəti yoxdur. Məhkəmə hesab edir ki, Cavabdeh mübahisəli mənzilə hələ qüvvədə olan müqavilə əsasında, qanuni olaraq sahiblik edir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsnin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Bu baxımdan iddia ərizəsinin müstəsna aidiyyət qaydasında mənzilin yerləşdiyi rayonun məhkəməsinə verilməsi istisna edilməlidir. Bütün bu qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi ərazi aidiyyəti ilə bağlı qaydaları pozmaqla verildiyindən bu iddiaya Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində baxıla bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 151.2. Zəruri hallarda iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxıla bilər. 152.1.3. əgər iş ərazi aidiyyatı üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.1.9. iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda; 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, mülki prosessual qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin Cavabdeh qarşı “müqavilənin ləğvi, mənzilin boşaldılaraq qaytarılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar