Məhkəmə qərarları › İş №2(010)-57/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-57/2023

25.04.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-57/2023 25.04.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas kаtibliyi, İddiaçı və Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “istilik sisteminin texniki standartlara uyğun təmin edilməsi və borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbi.

1. İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “istilik sisteminin texniki standartlara uyğun təmin edilməsi və borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən binada istilik sisteminin texniki standartlar çərçivəsində quraşdırılmasının təmin edilməsi, istilikdən faydalanmadığı halda yaranan və tələb olunan abonent borcunun silinməsi, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin qanun qarşısında cavab verməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki: “Yaşadığım binada uzun müddət istilik təchizatı olmamışdır. Təxminən 8 il əvvəl istilik sistemi quraşdırılmış və bina istiliklə təmin olunmuşdur. Onu da qeyd etmək istəyirəm ki, tikilən qazanxana iki binanı istiliklə təmin edir: Hacınski küçəsi ev 100 və ev 101. Quraşdırma zamanı mənzildaxili avadanlıqları sakinlər almış, quraşdırma xərclərini ödəmişlər. Lakin quraşdırma texniki standartların tələblərinə cavab vermir, uyğun gəlmir, istilikdən faydalana bilmirəm. 800 manata qədər çəkdiyim xərc hədər gedir, mənzilim istiliklə təmin olunmur. Abonent haqqı şişir və məndən tələb olunur. Əsas məsələ: Nəzarət olunmadan quraşdırılan istilik sistemini bəzi bloklarda sakinlər necəsə, bəzi bloklarda isə haradansa gəlib çıxan quraşdırıcılar quraşdırmışlar. Binanın texniki mərtəbəsi var. Təyziq altında vurulan isti su bloklardan binanın texniki mərtəbəsinə qalxmalı, oradan aşağı paylanmalıdır. Lakin binada təzyiq altında vurulan isti su 1-ci mərtəbədən 9-cu mərtəbəyə qədər radiatorları təchiz edərək qalxır, bir otaqdan digərinə kecərək, yenidən qazanxanaya qayıdır. Bu zaman 18 dəfə 900 bucaq altında borular kəskin əyilməyə məruz qalır. Bu isə temperatur, həm də təzyiq itkisinə gətirib çıxarır. Digər hal: 2 binanı təhciz edən qazanxanada 8 ədəd “Kombi” cihazı var, lakin onlardan 3 ədədi işlək vəziyyətdədir. Bu isə radiatorlarda isti su hənirtisi verir. Hər iki bina bir sistemdə yerləşir, eyni standartlar üzrə quraşdırmalar aparılmalıdır, müxtəlifliklər çoxdur. Ekspertiza təyin olusun və sakinlərin rəyi dinlənilsin. Binada istilik sisteminin texniki standartlara uyğun quraşdırılması təmin olunsun, mənə faydalanmadığım istiliyə görə hesablanan 300 manat silinsin, mən o borcu heç vaxt ödəməyəcəyəm. “Azəristiliktəhcizat” qanun qarşısında cavab versin”.

Tərəflərin izahatları.

3. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, yaşadığı binada istilik sistemi düzgün quraşdırılmamışdır. Belə ki, binada istilik aşağı mərtəbədən mənzillərə paylana-paylana yuxarı qalxır və yuxarı – onun yaşadığı doqquzuncu mərtəbəyə istilik qalxana qədər temperatur azalır. Halbuki qanunla istilik yuxarıda yerləşən texniki mərtəbədən paylanılmalıdır. Digər tərəfdən, qazanxanada səkkiz kombi olduğu halda bunlardan cəmi dördü işləyir. Hansı ki, dördüncü də yeni işləməyə başlamışdır. Artıq 7-8 ildir ki, vəziyyət bu cürdür. Buna baxmayaraq, ondan istiliyə görə pul tələb edilir. Bundan başqa, istlilik sistemi düzgün quraşdırılmadığından batereyalarda səs-küy yaranır. Dəfələrlə yuxarı instansiyalara bununla bağlı şikayət etməsinə baxmayaq, şikayətinə düzgün baxılmır. Üstəlik, istilikdən istifadə etmədiyi halda ondan buna görə pul tələb edilir. Bu səbəbdən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iddianı qəbul etməyərək bildirdi ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti istehlakçılarla istilik enerjisinin alqı-satqısı müqaviləsi bağlayır və buna uyğun olaraq istehlakçıya yalnız istilik enerjisinin satışını həyata keçirmək vəzifəsini daşıyır. Digər tərəfdən, istehsalçı Cəmiyyət istilik enerjisini borular vasitəsi ilə yaşayış binalarının giriş qapılarınadək gətirir. Binadaxili boruların çəkilməsi, saxlanılması, təmiri və s. bu kimi işlər mənzil mülkiyyətçilərinin vəzifələridir. Bu səbəbdən hazırkı iddia əsassızdır. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi.

İş materialları.

5. "xxxx" MMC tərəfindən tərtib edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki: “Qeyd olunan yaşayış binası Cavabdeh ASC-yə məxsus DKTİQ 920-5 saylı qazanxana vasitəsi ilə istiliklə təmin olunur. Həmin qazanxana vasitəsi ilə Suraxanı rayonu, Hacınski küçəsi 101 saylı yaşayış binası da istiliklə təmin olunur. Hacınski 100 saylı yaşayış binası 9 mərtəbə, 5 giriş, 108 mənzildən, Hacınski küçəsi 101 saylı yaşayış binası isə 9 mərtəbə, 6 giriş, 72 mənzildən ibarətdir. Yaşayış binalarının birlikdə tələb olunan istilik gücü 735450.41 kkal/saat təşkil edir. Qeyd olunan yaşayış binalarının layihə üzrə istilik təchizatını həyata keçirən qazanxanada 8 ədəd “Walson” markalı 115 kw gücündə divar qazanları (kombi) quraşdırılmışdır. Qazanxananın gücü 8 x 115 kw = 920 kw təşkil edir ki, bu da 920 kw x 860 = 792200 kkal/saat deməkdir. Qazanxanada quraşdırılmış nasos və mühərriklər qrupu binanın tələbatına uyğun seçilərək quraşdırılmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq bildiririk ki, Cavabdeh ASC-yə məxsus DKTİQ 920-5 saylı qazanxananın gücü həmin binaların istiliklə təmin olunması üçün yetərlidir. Baxış keçirilən zaman qazanxana işlək vəziyyətdə idi. Qazanxana bütün texniki standartlara uyğun quraşdırılıb və qazanxanadan verilən istilik həmin binaların keyfiyyətli istilik təchizatını təmin etmək səviyyəsindədir. Baxış zamanı Hacınski küçəsi 100 saylı yaşayış binasının aşağı paylayıcı istilik sistemlərində hər hansı bir qüsur aşkarlanmamışdır. Çoxmənzilli yaşayış binalarında binadaxili və ya mənzildaxili istilik sistemlərinin düzgün quraşdırılması istiliyin keyfiyyətinə birbaşa təsir edən amillərdən hesab olunur. Bundan başqa həmin qazanxanadan istiliklə təmin olunan yaşayış binaları köhnə tipli olduğundan və binada heç bir enerji qoruyucu tədbirlər görülmədiyindən bina ümumilikdə enerjieffektivlik tələblərinə cavab vermir. Yəni binanın istilik itkilərinə qarşı izolyasiya olunmaması, heç bir fasad enerji qoruyucu üzlük qatının olmaması, giriş qapıların və pəncərələrinin açıq olması, zirzəmidəki problemlər, binadaxili, mənzildaxili problemlər əlavə enerji itkilərinə səbəb olmaqla enerji ehtiyaclarının tam ödənilməsinə imkan vermir ki, bu da mənzillərdə əlavə qızdırıcıların quraşdırılmasına təlabat yaradır. Hazırda vətəndaşın mənzili istiliklə təmin olunur. Amma müraciət edən sakinin mənzili də daxil olmaqla mənzildaxili istilik sistemləri quraşdırılarkən texnoloji ardıcıllıq, tikinti norma və qaydalarının tələbləri pozulduğundan, həmçinin yuxarıda qeyd olunan digər səbəblərdən həmin mənzildə istiliyin temperaturu nisbətən aşağıdır. Bununla əlaqadar olaraq bildiririk ki, həmin mənzilin mövcud parametrlərə uyğun istiliklə təmin olunması üçün qeyd olunan problemlər aradan qaldırılmalıdır. Əlavə olaraq bildiririk ki, istilik təchizatının keyfiyyətinin daha da yaxşılaşdırılması məqsədi ilə cəmiyyət tərəfindən qazanaxada əlavə qazanların quraşdırılması məsələsinə də baxıla bilər”.

6. Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Hacınski küçəsi, ev 100 ünvanında yerləşən binanın 74 sakini adından imzalanmış aktda qeyd edilmişdir ki, qazanxana quraşdırıldığı tarixdən 2021-2022-ci ilin qış mövsümünün sonuna qədər 2-3 ədəd divar qazanları (kombi) işlək vəziyyətdə olmuşdur. Təxminən xx.xx.2023-cü il tarixdən bir ay öncə qazanxanada əlavə bir ədəd divar qazanı işə salınmışdır. Hal-hazırda qazanxanada dörd ədəd divar qazanı işləyir.

7. ünvan 1 ünvanında yerləşən binanın 11 sakini adından imzalanmış aktda qeyd edilmişdir ki, qazanxana quraşdırıldığı tarixdən 2021-2022-ci ilin qış mövsümünün sonuna qədər 2-3 ədəd divar qazanları (kombi) işlək vəziyyətdə olmuşdur. Təxminən xx.xx.2023cü il tarixdən bir ay öncə qazanxanada əlavə bir ədəd divar qazanı işə salınmışdır. Halhazırda qazanxanada dörd ədəd divar qazanı işləyir. Yaşadıqları evin bir üzlü üç girişi var.

Yerində müayinə.

8. Məhkəmə tərəfindən mənzilin yerləşdiyi binanın qazanxanasında, eləcə də iddiaçının mənzilində həm iddiaçının, həm də Cavabdeh ASC-nin mütəxəssisinin iştirakı ilə yerində müayinə keçirilmişdir. Qazanxanaya baxış zamanı qazanxanadan verilən istiliyin 620, qayıdan istiliyin 480 olduğu müəyyən edilmişdir. İddiaçı buna etiraz edərək, binaya verilməli olan istiliyin 75-800 olmalı olduğunu bildirmişdir. İddiaçının mənzililində olan qonaq otağında quraşdırılmış radiatora baxış zamanı mütəxəssis bildirmişdir ki, 20 m2 sahəyə 6 qızdırıcı bölmə olmalıdır. Belə ki, radiatorda qızdırıcı bölmələrin sayı çox olduqda su həmin bölmələrin içindən fırlanıb çıxana qədər soyuyur. İddiaçının qonaq otağındakı radiatorun isə 15 qızdırıcı bölməsi var və bu, normadan 2.5 dəfə çoxdur. Bundan başqa, həmin radiatora qoşulan vintillər 25 mm-dir, halbuki 20 mm olmalıdır. Vintilin ölçüsünün düzgün olmaması suyun keçiriciliyini azaldır ki, bu da nəticədə istiliyin azalmasına səbəb olur. Bundan başqa, istilik üçün qızdırıcıya su daşıyan dik dayaqlar (borular) birbaşa qızdırıcıya birləşmək əvəzinə, bir neçə yerdən sındırılmış, yəni boru birbaşa qızdırıcıya birləşdirilməmiş, bir neçə yerdən döngələrlə (qaynaqlarla) birləşdirilmişdir. Bu cür qaynaqlarla qızdırıcılara birləşdirilmiş boruların su keçiriciliyi azalır. Yataq otağındakı radiatora baxış zamanı mütəxəssis bildirmişdir ki, radiatora birləşən boru (vintil) kombi üçün nəzərdə tutulmuş borudur və içəridə keçiriciliyi 6 mm-dir. Belə ki, həmin vintillər suyun mənzildən sürətlə çıxmasını təmin etmək üçündür. İddiaçının mənzilində isə kombi sistemi yoxdur. Bu səbəbdən yataq otağında yarım dövr plastik vintillər qoyulmalıdır. Hansı ki, içərisi 20 mm-dir. Yəni vintillər düzgün quraşdırılmamışdır. Əgər 20 mm-lik vintillər quraşdırılsa idi, otaq daha yaxşı qızardı. Bundan başqa, vintillər qızdırıcıya düzgün yerdən birləşməmişdir. Belə ki, su qızdırıcıya aşağıdan girməli, bundan sonra istiliyi verə-verə yuxarı çıxmalı, həmçinin baypas sistemi olmalıdır. Baypas sistemi odur ki, radiatora qədər əsas vintildən başqa bir dənə də bir çap kiçik xətt qoyulur. Bu ona görə qoyulur ki, radiator çirklənərsə, yaxud tutularsa, su dövr edib aşağılara gedə bilsin. İddiaçının mənzilində baypas sistemi yoxdur. Bu o deməkdir ki, bütün binanın lazımınca qızdırılması üçün ən böyük əngəl elə iddiaçının mənzilində düzgün quraşdırılmamış istilik sistemidir. Belə ki, iddiaçının mənzilində quraşdırılan istilik sistemində baypas sistemi nəzərdə tutulmadığından dövriyyə pozulur. Mənzilin mətbəxindəkı istilik sisteminə baxış zamanı mütəxəssis bildirmişdir ki, radiatora gedən dik dayaq radiatordan 3 metr məsafədə yerləşir. Halbuki normalda dik dayaq qızdırıcıya 50 sm məsafədə quraşdırılmalıdır. Radiatora su daşıyan dik dayağın radiatordan bu qədər uzaqda yerləşməsi ona gətirib çıxarır ki, su vintillərdən radiatora çatana qədər soyuyur. Ümumiyyətlə, mətbəxdə radiator quraşdırılması nəzərdə tutulmamışdır. Bu özü də mənzilin istilik səviyyəsinə təsir göstərir. Bütün bunlardan görünür ki, iddiaçının mənzilində istilik sistemi düzgün qurulmadığından mənzilə istilik düzgün verilmir. Buna baxmayaraq mənzildə istilik normaldır. Bu barədə Bakı şəhər İcra Hakimiyyətinin 2005-ci il tarixli qərarı da var ki, dik dayaqlar və mənzildaxili problemlər vətəndaşın öz vəsaiti və şəxsi təşəbbüsü ilə quraşdırılır və bərpa edilir. Yəni mənzildəki istilik sisteminin düzgün quraşdırılmamasına görə məsuliyyəti iddiaçı özü daşıyır. İddiaçı isə bütün bu qeyd edilənlərə etiraz edərək bildirmişdir ki, o, hər mövsümün əvvəli radiatorları açır, içini yuyur və yerinə yerləşdirir. Mənzilə istiliyin lazımınca verilməməsində onun mənzil sakini kimi heç bir təqsiri yoxdur. Mənzildaxili istilik sistemini texniki standartlara cavab verən formada qurmaq Cavabdeh ASC-nin vəsifəsi olmuşdur. Bundan əlavə, binaya verilən istilik yuxarıda yerləşən texniki mərtəbədən gəlməlidir. Qaraçuxurdakı bütün beşmərtəbəli binalarda da istilik bu cür – yuxarıdakı texniki mərtəbədən verilir. Cavabdeh ASC tərəfindən düzgün istilik sistemi quraşdırılmadığından o, 8 ildir ki, əziyyət çəkir. Binada istiliyin yaxşı verildiyini iddia edən mənzil sakinləri yalan danışırlar. Məhkəmə tərəfindən binanın başqa bir neçə sakinindən də mənzillərə verilən istiliyin yaxşı olub-olmadığı soruşulmuş, sakinlər istiliyin normal olduğunu bildirmiş, hətta bir sakin mənzil çox isti olduğundan pəncərələri açdıqlarını qeyd etmişdir.

İşin faktiki halları.

9. İddiaçı ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır və həmin ünvanda yaşayır.

10. İddiaçı yaşadığı binada, eləcə də mənzildə istilik sisteminin düzgün quraşdırılmadığını, sistemin texniki standartlara cavab vermədiyini, buna görə məsuliyyətin iş üzrə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin üzərinə düşdüyünü iddia edir. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti isə yaşayış binasına qədər istilik xətlərinin, binanın paylayıcı istilik sistemlərinin normal vəziyyətdə olduğunu, çoxmənzilli yaşayış binalarının mənzildaxili istilik sistemlərinin qurulması və bərpasının mənzil mülkiyyətçiləri tərəfindən həyata keçirildiyini, iddiaçının mənzilində iddiaçı tərəfindən istilik sisteminin düzgün quraşdırılmadığını iddia etmişdir.

11. Məhkəmə tərəfindən iddiaçının mənzilinə texniki standartlara cavab verən istilik verilib-verilməməsinin müəyyən edilməsi və digər əlaqəli texniki suallara cavab verilməsi məqsədilə "xxxx" MMC mütəxəssis qismində işə cəlb edilmiş və müvafiq yazılı rəy alınmışdır. Bundan başqa məhkəmə tərəfindən mənzilin yerləşdiyi yaşayış binasını istiliklə təmin edən qazanxanada, eləcə də iddiaçının mənzilində yerində müayinə keçirilmişdir.

Tətbiq edilən hüquq.

12. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi.

Maddə 29. Yaşayış sahəsi mülkiyyətçisinin hüquq və vəzifələri. 29.3. Qanunla və ya müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, yaşayış sahəsinin mülkiyyətçisi yaşayış sahəsinin və əgər həmin sahə mənzildirsə, müvafiq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır, kommunal mənzildə otaq mülkiyyətçisi isə əlavə olaraq həmin mənzilin otaq mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır. Maddə 35. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakına mülkiyyət hüququ. 35.1. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. 35.2. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir. Maddə 135. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq ödəmək vəzifəsi. 135.1. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Maddə 136. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın tərkibi. 136.1. Dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələrində sosial kirayə müqaviləsi və ya kirayə müqaviləsi üzrə yaşayan kirayəçinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir: 136.4. Kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir.

13. “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 3. Elektrik və istilik enerjisi ilə təchizatın subyektləri. Enerji təchizatı müəssisələri hüquqi şəxs olub müqavilələr əsasında elektrik və istilik enerjisini dövlət elektroenergetika müəssisəsindən və istehsalçılardan satın alır, müvafiq texniki və iqtisadi şərtlər razılaşdırılmaqla istehlakçılara satır. Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. İstilik enerjisi istehlakçısının enerji təchizatı şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alınması üçün texniki şərtlərin verilməsi bu Qanunun 11-ci maddəsinin birinci hissəsində göstərilən istilik enerjisindən istifadə qaydaları ilə müəyyən edilir.

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il, 41 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası”.

1.1. Tətbiq sahələri. 1.1.3. Elektrik və istilik qurğularının əsas və yardımçı avadanlıqlarının mexaniki və avtomatlaşdırılmış vasitələrinin layihələndirilməsi, tikilməsi, quraşdırılması və istismarının təşkili qüvvədə olan qaydalara və tikinti normalarına uyğun olmalıdır. 1.2. Qurğulara dair tələblər. 1.2.3. Elektrik və istilik qurğuları, quruluşları və şəbəkələrinin istismarı müvafiq qurumların təsdiq etdiyi normativ sənədlərinin tələblərinə uyğun olaraq yerinə yetirilməlidir.

15. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 3. İstehlakçıların hüquqları. Azərbaycan Respublikası ərazisində istehlakçılar aşağıdakı hüquqlara malikdir: öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə. Maddə 26. İstehlakçıların hüquqlarının məhkəmə müdafiəsi. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

17. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikasının Qanunu.

Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.5. istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar.

Məhkəmənin mövqeyi.

18. İşin faktiki hallarından göründüyü kimi, İddiaçı sakini olduğu Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Hacınski küçəsi, ev 100 Cavabdeh ASC tərəfindən istiliklə təmin edilir. İddiaçı iddia edir ki, Cavabdeh ASC yaşayış binasını, eləcə də onun yaşadığı mənzili texniki standartlara uyğun şəkildə istilik enerjisi ilə təmin etmir.

19. Məhkəmə tərəfindən Cavabdeh ASC-nin mütəxəssisinin, eləcə də iddiaçının iştirakı ilə sözügedən yaşayış binasını istiliklə təmin edən qazanxanada, eləcə də iddiaçının mənzilində yerində müayinə keçirilmişdir. Bu zaman mütəxəssis tərəfindən qazanxanadakı qızdırıcılardan çıxan və daxil olan istiliyin dərəcəsi əyani şəkildə göstərilmiş, verilən istiliyin havanın temperaturuna və Cavabdeh ASC-nin müəyyən etdiyi standartlara uyğun olduğu qeyd edilmişdir. İddiaçının mənzilində yerində müayinə zamanı həm yaşayış otaqları, həm də mətbəxdə quraşdırılmış istilik sisteminə yenə mütəxəssisin və iddiaçının iştirakı ilə baxış keçirilmişdir. Mütəxəssis göstərmişdir ki, iddiaçının mənzilində quraşdırılmış qızdırıcıların (radiatorların) bölmələrinin sayı yaşayış otaqlarının sahələrinə mütənasib deyil. Həmçinin qızdırıcılara istilik daşıyan vintillər düzgün quraşdırılmamış, vintillər birbaşa qızdırıcıya birləşmək əvəzinə, bir neçə yerdən qaynaq edilmişdir. Həmçinin xüsusən mətbəxdə quraşdırılmış qızdırıcı vintillərdən çox aralı məsafədə yerləşdirilmişdir. Bütün bu səbəblərdən istilik daşıyıcısı (su) vintillərdən qızdırıcıya daxil olana qədər soyuyur və bu da mənzilin istilik enerjisi ilə təmin edilmə keyfiyyətini aşağı salır. Yerində müayinədə iştirak edən iddiaçı isə bildirmişdir ki, bütün bu qeyd edilən nöqsanlara görə məsuliyyəti cavabdeh daşıyır. Çünki mənzil daxilində istilik sisteminin normalara uyğun quraşdırılması cavabdehin vəzifəsi olmuşdur.

20. Məhkəmə yerində müayinədə iştirak etmiş mütəxəssisin məhz iş üzrə cavabdehin nümayəndəsi olduğunu nəzərə alaraq, obyektivliyi təmin etmək məqsədilə mübahisə tərəflərinin heç birinə bağlılığı olmayan üçüncü bir şəxsi – "xxxx" MMC-ni iş üzrə mütəxəssis kimi cəlb etmişdir. Həmin MMC-nin nümayəndələri tərəfindən də həm yaşayış binasını istilik enerjisi ilə təmin edən qazanxanaya, həm də iddiaçının mənzilinə baxış keçirilmiş və müvafiq mütəxəssis rəyi məhkəməyə təqdim edilmişdir. Verilmiş rəydə baxış keçirilən zaman qazanxananın işlək vəziyyətdə olduğu, qazanxananın bütün texniki standartlara uyğun quraşdırıldığı və qazanxanadan verilən istiliyin yaşayış binasının keyfiyyətli istilik təchizatını təmin etmək səviyyəsində olduğu, həmçinin yaşayış binasının aşağı paylayıcı istilik sistemlərində hər hansı qüsurun aşkarlanmadığı qeyd edilmişdir. Bundan başqa rəydə göstərilmişdir ki, yaşayış binaları köhnə tipli olduqlarından və heç bir enerjiqoruyucu tədbir görülmədiyindən binalar ümumilikdə enerjieffektivlik tələblərinə cavab vermir. Həm bu səbəbdən, həm də mənzildaxili istilik sistemi quraşdırılarkən texnoloji ardıcıllıq, tikinti norma və qaydaları pozulduğundan iddiaçının mənzilində istiliyin temperaturunun nisbətən aşağı olduğu nəticəsinə gəlinmişdir.

21. Göründüyü kimi, həm yerində müayinə zamanı Cavabdeh ASC-nin mütəxəssisi tərəfindən əyani şəkildə göstərilməklə, həm də iş üzrə mütəxəssis kimi cəlb edilmiş hüquqi şəxsin verdiyi yazılı rəy əsasında müəyyən edilmişdir ki, iddiaçının yaşadığı binanı istiliklə təmin edən binanın qazanxanasında, eləcə də binanın aşağı paylayıcı istilik sistemlərində nöqsan yoxdur. Bununla belə iddiaçının mənzilinə verilən istiliyin temperaturu aşağıdır. Ona görə ki, həm yaşayış binası köhnə olduğundan enerjieffektiv deyil (istilik itkilərinə qarşı izolyasiya olunmaması, fasad enerji qoruyucu üzlük qatının olmaması və s.), həm də mənzildaxili istilik sistemi düzgün quraşdırılmamışdır.

22. İddiaçı mənzildaxili istilik sisteminin düzgün quraşdırılmamasına görə məsuliyyətin Cavabdeh ASC-nin üzərinə düşdüyünü iddia etsə də, məhkəmə iddiaçının bu mövqeyi ilə razılaşmır. Belə ki, Cavabdeh ASC-nin mənzildaxili istilik sistemlərini quraşdırmaq kimi bir vəzifəsi yoxdur. Cavabdeh ASC respublika ərazisində istilik enerjisinin istehsalı, ötürülməsi və paylanması istiqamətində fəaliyyət göstərir və onun “paylama” funksiyası obyektləri istiliklə təmin edən istilik enerjisi mənbələrinin (hazırkı işdə qazanxana) düzgün fəaliyyətinin və həmin mənbədən obyektə qədər istilik enerjisinin daşınmasının təmin edilməsindən ibarətdir. Buna uyğun olaraq, qazanxana və yaşayış binasının aşağı paylayıcı qurğusu normal fəaliyyət göstərdiyi halda yaşayış binasının köhnə olması, bu səbəbdən enerjieffektiv olmaması, mənzildaxili istilik sistemlərinin düzgün quraşdırılmaması kimi hallara görə ayrı-ayrı şəxslərin mənzillərinə çatan istilik enerjisinin temperaturu aşağıdırsa, buna görə məsuliyyət cavabdeh təşkilatın üzərinə düşə bilməz. Belə ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin bu problemləri aradan qaldırmaq kimi bir vəzifəsi, yaxud funksiyası yoxdur. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nizamnaməsinin 3.2.13-cü bəndindən də görünür ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti istilik enerjisi təchizatı sisteminə qoşulmalar üçün hüquqi və fiziki şəxslərin müraciətləri əsasında mövcud sistem və qurğuların texnoloji imkanlarını nəzərə alaraq, müvafiq texniki şərtlər verə bilər. Göründüyü kimi, Cavabdeh ASC-nin istilik enerjisinin mənzillərə paylanmasını təşkil etmək vəzifəsi yoxdur, lakin əgər şəxs müraciət edərsə, istilik enerjisi təchizatı sisteminə qoşulmaq üçün müvafiq texniki şərtlər verə bilər. Hazırkı işdə belə bir hal müəyyən edilməmiş, iddiaçı mənzildaxili istilik sistemini məhz cavabdeh təşkilatın verdiyi texniki şərt əsasında quraşdırdığını iddia etməmişdir.

23. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının mənzilində istilik normadan aşağıdırsa, buna görə məsuliyyəti mənzildaxili istilik sistemini düzgün quraşdırmamış iddiaçı daşıyır. Təsadüfi deyil ki, məhkəmə tərəfindən keçirilmiş yerində müayinə zamanı iddiaçı ilə eyni binada yaşayan bir neçə sakinin mənzillərinə verilən istiliklə bağlı mövqeləri öyrənilmiş, həmin sakinlər mənzillərinə verilən istiliyin onları qane etdiyini bildirmişlər.

24. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi – binada istilik sisteminin texniki standartlar çərçivəsində quraşdırılması hissəsində əsassız olmuşdur.

25. İddia tələbinin növbəti hissəsi istilik enerjisindən faydalanılmadığı halda tələb edildiyi iddia edilən abonent borcunun silinməsi ilə bağlıdır ki, məhkəmə bu hissədə də iddia tələbi ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Artıq yuxarıda da qeyd edildiyi kimi, iddiaçının mənzilində istiliyin temperaturunun nisbətən aşağı olmasının səbəbi yaşayış binasına istilik enerjisinin lazımınca verilməməsi deyil. Belə olan halda iddiaçı istehlak etdiyi istilik enerjisinin dəyərini ödəməlidir.

26. İddia tələbinin növbəti hissəsi Cavabdeh ASC-nin qanun qarşısında cavab verməsi ilə bağlıdır ki, bu hissədə tələb həm qeyri-müəyyən olduğundan, həm də yuxarıda qeyd edilənlərə əsasən iddiaçının mənzilinə çatan istilik enerjisinin temperaturunun az olmasında cavabdeh təşkilatın təqsiri müəyyən olunmadığından iddia bu hissədə də təmin edilə bilməz.

Məhkəmənin gəldiyi nəticə.

27. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.

28. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “istilik sisteminin texniki standartlara uyğun təmin edilməsi və borcun silinməsi” tələbinə dair iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar