Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-577/2025 06.05.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X3 iclas katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi (Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti maraqlı şəxs qismində cəlb edilməklə) şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Ərizəçinin xahişi Ərizəçi (Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti maraqlı şəxs qismində cəlb edilməklə) şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2008-ci il təvəllüdlü qızı X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2008-ci il təvəllüdlü X8 onun qızıdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən, onunla X4 arasında bağlanmış nikah pozulmuş və qızı Baharın onun yanında qalması müəyyən edilmişdir. O, qızı ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Qızı Bahar uzun müddətdir ki, kvadroplegik spastik serebral iflic xəstəliyindən əziyyət çəkir, onun kənar şəxsin qulluğuna və idarəsinə ehtiyacı vardır. Qızı hal-hazırda pensiya alır, lakin hər dəfə sənəd işləri və ya pensiya kartını almaq lazım olduqda çox çətinliklə qızını lazım olan qurumlara aparır. Odur ki, qızına qəyyum təyin edilib sənəd işləri ilə özü məşğul olmaq istəyir. Qızı psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını başa düşmədiyi və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən qızı üzərində qəyyum təyin olunması məqsədi ilə Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etmişdir. Lakin, ona məhkəmə qaydasında qızının fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmasının zəruri olduğu bildirilmişdir. Odur ki, qızı xx.xx.2008-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinin məhkəmə tərəfindən müəyyən olunması və onun qızı üzərində qəyyum təyin edilməsi zərurəti yaranmışdır. Tərəflərin izahatları Məhkəmə baxış iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq olunan faktlar Samux rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZ-İİİ seriyalı, 801496 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X8 (atası Ərizəçi, anası X4) xx.xx.2008-ci il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2009-cu il tarixdə 298 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(010)- 2739/2024 nömrəli qətnaməsindən müəyyən olunur ki, iddia təmin edilmiş, Ərizəçi və X4 arasında bağlanmış və 4 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində 1236 sayla qeydə alınmış xx.xx.2023-cü il tarixli nikahın pozulması, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2008-ci il təvəllüdlü X5 nikah pozulduqdan sonra Ərizəçi yanında qalması qət edilmişdir. AR ƏƏSMN Tibb-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə xx.xx.2024-cü il tarixli elektron çıxarışdan müəyyən olunur ki, xx.xx.2008ci il təvəllüdlü X5 (sağlamlıq imkanları məhdud uşaq) sağlamlıq vəziyyəti xx.xx.2020-ci il tarixdə komissiyanın ekspertləri tərəfindən qiymətləndirilmiş, uşağa “G80.0 Kvadroplegik spastik serebral iflic, Kvadroplegik spastik serebral iflic, Ağırlaşma G82.4 Spastik tetraplegiya, spastik tetroparez, Ağırlaşma F78 Əqli geriliyin digər formaları, çox ağır əqli gerilik” diaqnozu təyin edilmiş və xx.xx.2026-cı il tarixinədək sağlamlıq imkanlarının məhdud olması göstərilməklə qulluğa ehtiyacının olduğu qeyd edilmişdir. Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş AZ-İ seriyalı, 501178 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi və X1 nikahı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən pozulmuş, nikaha xx.xx.2024cü il tarixdə xitam verilmiş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2024-cü il tarixdə 523 nömrə ilə qeyd edilmiş, nikah pozulduqdan sonra kişiyə Hüseynov soyadı verilmişdir. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli cavab məktubundan müəyyən olunur ki, Ərizəçi qanunvericiliyin tələbləri izah edilmiş və qızının fəaliyyəti qabiliyyəti olmayan şəxs hesab edilməsi haqqında ərizə ilə aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X2 Həkim Psixiatr Komissiyası tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 3136 nömrəli rəydən müəyyən olunur ki, komissiya tərəfindən xx.xx.2008-ci il təvəllüdlü X7 “F73.1 – Dərin kəmağıllıq, qulluq və müalicə, F90.1 – tələb edən ciddi davranış və F80.2 – nitq pozuntuları. İQ-0, Z74.3 – Yanaşı USİ-nin qalıq əlamətləri” diaqnozu təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X12 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, 530 saylı ambulator məhkəmə-psixiatrik ekspertizasına dair ekspert rəyindən müəyyən olunur ki, X6 uşaq serebral iflicinin qalıq əlamətləri, dərin əqli geriliklə müəyyən edilir. Bunu anamnestik məlumatlar, təqdim edilmiş tibbi sənədlər və hal-hazırkı psixiatrik müayinənin nəticələri (anamnestik məlumatlara yoxlanılan şəxsin doğuş travması ilə anadan olması, yoxlanılan şəxsdə serebral iflic müəyyən edilməsi, yaşıdlarına nəzərən psixo-fiziki inkişafda geri qalması, nitqi inkişaf etməməsi, bununla əlaqədar əvvəllər nevropatoloqun müalicəsini qəbul etməsi, sonralar Bakı Uşaq Nevroloji Xəstəxanasında müalicədə olması, Bakı şəhəri 2 saylı Bakı şəhər Psixiatriya Xəstəxanasında xx.xx.2024-cü il tarixdə Həkim Psixiatrik Komissiyasından keçdiyi zaman onda “Dərin kəmağıllıq, qulluq və müalicə tələb edən ciddi davranış və nitq pozuntuları” diaqnozunun müəyyən edilməsi, əqli geriliyi, narahatlığı, fizioloji ifrazatları ilə natəmiz olması, hər-hansı bir işi müstəqil yerinə yetirməməsi səbəbi ilə əlaqədar daim kənar şəxsin himayəsi və nəzarətinə ehtiyacının olması, AR ƏƏSMN TSEK tərəfindən xx.xx.2020-ci il tarixdə müayinə edilərək “G80.0 Kvadroplegik spastik serebral iflic. Ağırlaşma G82.4 Spastik tetraplegiya, Spastik tetroparez. Ağırlaşma F78 Əqli geriliyin digər formaları. Çox ağır əqli gerilik” diaqnozu ilə ona müddətsiz İ qrup əlillik təyin edilməsi, hazırda yaşayış yeri üzrə poliklinikada qeydiyyatda olmaqla müalicə qəbul etməsi, hər-hansı bir işi müstəqil yerinə yetirməməsi səbəbi ilə əlaqədar daim kənar şəxsin himayəsi və nəzarətinə ehtiyacının olması, hazırkı müayinə gedişatında dərin əqli gerilik əlamətlərinin biruzə verməsi və s.) sübut edir. X6 uşaq serebral iflicinin qalıq əlamətləri, dərin əqli geriliklə müəyyən edilir. X8 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə də X8 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. X8 onda müəyyən edilən uşaq serebral iflicinin qalıq əlamətləri, dərin əqli geriliklə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. xx.xx.2024-cü il tarixli, 68385000 nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, ərizəçi tərəfindən xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 28.8. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.3. şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında. Maddə 317.2. Məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Maddə 317.3. Şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Maddə 321.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmənin mövqeyi Məhkəmə ərizəçinin izahatını dinləyib, işin faktiki hallarını və iş materiallarını araşdıraraq, təqdim edilmiş sübutlara tam, obyektiv, hərtərəfli və qərəzsiz baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. İşin faktiki hallarından görünür ki, Ərizəçi X4 ilə faktiki nikah münasibətlərindən bir uşaq – xx.xx.2008-ci il təvəllüdlü X8 anadan olmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(010)-2739/2024 nömrəli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikahın pozulması və nikah pozulduqdan sonra faktiki nikah münasibətlərindən doğulmuş uşağın – xx.xx.2008-ci il təvəllüdlü X5 atasının yanında qalması qət edilmişdir. Hazırda ərizəçi öz yanında qalması qət edilmiş qızı – xx.xx.2008-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi haqqında xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmiş, bu barədə ərizəni qızının psixi vəziyyəti ilə əsaslandırmışdır. Ərizəçinin xahişinin əsasını təşkil edən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ilə bağlı hissədə məhkəmə nəzərə çatdırır ki, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslərin məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi imkanı nəzərdə tutulmuş və bu qaydada ərizələrin təmin edilməsi imkanı qanunvericiliklə bir sıra imperativ şərtlərdən asılı edilmişdir. Şəxslərin fəaliyyət qabiliyyətinin əsası və həcmi məhz həmin şəxslərin anlaqlılıq səviyyəsinə görə müəyyən edilir. Anlaqlılıq fiziki şəxslərə xas olmaqla onun şüurlu şəkildə hərəkət edə bilmə qabiliyyətini ifadə edir. Fiziki şəxsin fəaliyyət qabiliyyəti onun anlaqlılıq səviyyəsinə uyğun olaraq formalaşır. Mülki qanunvericiliyə görə fiziki şəxslərin anlaqlılığına təsir edən başlıca iki faktor mövcuddur. Bunlar azyaşlılıq və şəxsin psixi (əqli) sağlamlıq vəziyyətidir. Fiziki şəxslər anlaqlılıq səviyyələrinə uyğun olaraq tam fəaliyyət qabiliyyətlilər, məhdud fəaliyyət qabiliyyətlilər və fəaliyyət qabiliyyətsizlər şəklində ümumi qruplara ayrılmışdır. Şəxsin öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərini idarə edə bilməməsi (şəxsin fəaliyyət qabiliyyətinə malik olmaması) xüsusi hal olmaqla, yalnız məhkəmə tərəfindən təsdiq edildiyi halda müəyyən hüquqi nəticələr yaradır. Belə ki, bu kateqoriyadan olan şəxslər psixi pozuntu nəticəsində özü-özlüyündə öz hərəkətlərinin mənasını başa düşmür və öz hərəkətlərinə müstəqil rəhbərlik edə bilmir, lakin şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi haqqında ərizələrin verilməsi isə yalnız bu kimi halların məhkəmə tərəfindən təsdiq edilməsi və hüquqi nəticələrə səbəb olması məqsədini güdür. Belə ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi pozuntunun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Məhkəmə həmçinin işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Belə ki, məhkəmə iclasında işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, ərizəçinin xx.xx.2008-ci il tarixdə Bakı şəhərində doğulmuş qızı X8 uşaq serebral iflicinin qalıq əlamətləri, dərin əqli geriliklə diaqnozu ilə xəstədir. Hüseynova Bahar xəstəliyi ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2020-ci il tarixdə müayinə edilmiş, “G80.0 Kvadroplegik spastik serebral iflic, Ağırlaşma G82.4 Spastik tetraplegiya, spastik tetroparez, Ağırlaşma F78 Əqli geriliyin digər formaları, çox ağır əqli gerilik” diaqnozu ilə sağlamlıq imkanlarının məhdud olması və qulluğa ehtiyacının olması qeyd edilmişdir. İş üzrə təyin olunmuş məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2025-ci il tarixdə verdiyi 530 nömrəli rəyinə əsasən müəyyən olunmuşdur ki, X8 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə də X8 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Göründüyü kimi mülki qanunvericiliyin tələbinə görə ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan şəxs sayıla bilər. Əgər həmin şəxs məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan şəxs sayılarsa, onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı tərəfindən həmin şəxsə qəyyum və ya himayəçi təyin edilir. Mülki-Prosessual Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2008-ci il tarixdə Bakı şəhərində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olan X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.2008-ci il tarixdə Bakı şəhərində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olan X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ödənilmiş 100 (yüz) manat dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fəridə Rzayeva
Məhkəmə qərarları › İş №2(010)-577/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-577/2025
06.05.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver