Məhkəmə qərarları › İş №2(010)-5789/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5789/2025

13.02.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5789/2025 13.02.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı (bundan sonra – iddiaçı) Cavabdehnə (bundan sonra – cavabdeh) qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona hesablanmış 445.20 manat məbləğində debitor borcun əsassız hesab edilərək silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında qeydiyyatda olsa da, Bakı şəhəri, Suraxanı rayonu, Mədən – S.Əliyev küçəsində yerləşən 40 nömrəli fərdi yaşayış evində yaşayır. Qeyd edilən yaşayış evində yerləşən sayğaca cavabdeh tərəfindən baxış zamanı sayğacda problem olduğu bildirilmiş və sayğacın dəyişdirilməsi təklif edilmişdir. Lakin, o, buna razı olmasa da, cavabdeh tərəfindən sayğac dəyişdirilmişdir. Ona bildirilmişdir ki, sayğac mənfiyə doğru işləyir. Öz etirazını bildirdikdən sonra yenə cavabdehin əməkdaşları öz bildiklərini etmiş və akt yazaraq ondan qol çəkməsini tələb etmişlər. Cavabdehin əməkdaşları tərəfindən həmin sayğac çıxarılaraq yerinə yeni sayğac quraşdırılan zaman soruşmuşdur ki, sayğac necə geri işləyə bilər? Məhkəmə qərarı ilə cavabdehin ona olan borcu qurtarmamışdır, əgər qurtarsa idi, qaz kəsilərdi. Cavabdeh tərəfindən ona xx.xx.2025-ci il tarixdə ******* nömrəli aktda göstərilmiş 445.20 manat borc əsassız yazılmışdır. Bundan sonra, o, cavabdehə müraciət edərək, sayğacın dedikləri əsassız iddiaya görə sayğac mənfiyə işləmişdirsə, onun günahının olmadığını söyləyən zaman qarşı tərəfin cavabı isə “bəli, bizim günahımızdır” şəklində olmuşdur. Tərəflərin izahatları Məhkəmə baxış iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçıya ilk dəfə 2018-ci il tarixdə təbii qazdan istifadə qaydalarının pozulması barədə tərtib edilmiş akt əsasında borc yazılmış, lakin məhkəmənin qərarı əsasında həmin borc əsassız hesab edilərək silinmişdir. Daha sonra, həmin borc cavabdeh tərəfindən iddiaçıya geri qaytarılmış, iddiaçı da aldığı məbləği kart hesabına yükləyərək təbii qazdan istifadə etməyə davam etmişdir. İddiaçının özü də etiraf edir ki, həmin məbləği kart hesabına yüklədikdən sonra heç bir ödəniş etməmiş və mütəmadi olaraq təbii qazdan istifadə etməyə davam etmişdir. Halbuki, iki il ərzində təbii qazdan istifadəyə görə ödəniş edilmədiyi təqdirdə borcun yaranması istisna olunmur. Bununla belə, xx.xx.2025-ci il tarixdə iddiaçının yaşadığı ünvanda yerləşən qaz sayğacına baxış keçirilmiş, həmin qaz sayğacının deşik olduğu müəyyən edilmiş və sayğac yenisi ilə əvəzlənmişdir. Həmçinin, bu zaman müvafiq akt tərtib edilmişdir. Bundan əlavə, iddia tələbinin əsası kimi istinad edilən fakt və halların təsdiqinə dair mötəbər sübutları təqdim etmək iddiaçının vəzifəsidir. Odur ki, iddia tələbinin təmin edilməməsini xahiş etdi. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar xx.xx.2018-ci il tarixli, ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktdan müəyyən olunur ki, ünvan 3 ünvanında yerləşən “İTRON” G4 markalı, 1202AQ**********0 nömrəli qaz sayğacı çıxarılmış və “İTRON” G4 markalı, 1802AZ**********38 nömrəli qaz sayğacı quraşdırılmış, qaz xəttində, sayğacda olan qaynaq və yivli birləşmələr təzyiq altında sabun köpüyü ilə yoxlanılmış və heç bir sızma aşkar edilməmiş, quraşdırılan qaz sayğacının texniki qaydalara cavab verdiyi və qaz sayğacının abonentə təhvil verildiyi qeyd olunmuşdur (digər qeydlər – sayğaca kamera vasitəsilə baxış keçirilmiş və dəlik aşkarlanmışdır). xx.xx.2018-ci il tarixli, QSN – 29/1710-00694/1-12 nömrəli aktdan müəyyən olunur ki, Cavabdeh İB-nin SOCAR**********00040020A00371 nömrəli, xx.xx.2018-ci il tarixli məktubuna əsasən, “Qaz sayğaclarına nəzarət” komissiyası tərəfindən Bakı RQOQX Departamentinin xidməti ərazisində əhali sektorunda istismarda olan qaz sayğaclarına xx.xx.2018-ci il tarixdə aparılmış təftiş işləri nəticəsində aşağıda nömrəsi qeyd olunan “Smartkart” tipli qaz sayğacı xx.xx.2018-ci il tarixli yoxlama aktı nəticəsində yararsız hesab edilir: G4 markalı, 1202AQ**********0 nömrəli sayğac. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2018-ci il tarixli, ******* nömrəli aktdan müəyyən olunur ki, istehlakçının ünvanında yerləşən sayğaca baxış keçirilmiş, baxış zamanı xx.xx.2018-ci il tarixli laboratoriyanın 29/1710-00694/1-12 nömrəli MSK-ya əsasən G4 tipli, 1202AQ**********0 nömrəli sayğacın çıxış plastmas borusunun deşildiyi aşkar edilmişdir. Həmin akt əsasında tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən olunur ki, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 6 saat, hesabat müddəti 180 gün, kombinin maksimal saatlıq qaz sərfi 2.6 m3/saat, orta günlük iş rejimi 18 saat, hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və dəymiş ziyanın həcmi 1.2 x 6 x 180 = 1296 m3, 2.6 x 18 x 180 = 8424 m3 kimi hesablanmışdır. xx.xx.2025-ci il tarixli, ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktdan müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev ünvanında yerləşən “İTRON” G4 markalı, 1802AZ**********38 nömrəli qaz sayğacı çıxarılmış və ******* nömrəli qaz sayğacı quraşdırılmış, qaz xəttində, sayğacda olan qaynaq və yivli birləşmələr təzyiq altında sabun köpüyü ilə yoxlanılmış və heç bir sızma aşkar edilməmiş, quraşdırılan qaz sayğacının texniki qaydalara cavab verdiyi və qaz sayğacının abonentə təhvil verildiyi qeyd olunmuşdur (digər qeydlər – klapanın rezini yerində aşkarlanmamışdır). İşin faktiki halları xx.xx.2025-ci il tarixli, ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktdan müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev ünvanında yerləşən “İTRON” G4 markalı, 1802AZ**********38 nömrəli qaz sayğacı çıxarılmış və ******* nömrəli qaz sayğacı quraşdırılmış, qaz xəttində, sayğacda olan qaynaq və yivli birləşmələr təzyiq altında sabun köpüyü ilə yoxlanılmış və heç bir sızma aşkar edilməmiş, quraşdırılan qaz sayğacının texniki qaydalara cavab verdiyi və qaz sayğacının abonentə təhvil verildiyi qeyd olunmuşdur (digər qeydlər – klapanın rezini yerində aşkarlanmamışdır). **********00000 nömrəli abonent kodu iddiaçının adınadır və həmin abonent kodu üzrə iddiaçıya 311 manat məbləğində borc hesablanmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 560. Hüquqdan sui-istifadənin qadağan edilməsi. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.5.2. istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 3. İstehlakçıların hüquqları. Azərbaycan Respublikası ərazisində istehlakçılar aşağıdakı hüquqlara malikdir: öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə. Maddə 26. İstehlakçıların hüquqlarının məhkəmə müdafiəsi. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 13. Qazın pаylаnmаsı, satılması və qazın verilməsinin dayandırılması. 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”

4. Qaz sayğaclarının quraşdırılması və istismarı. 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu

Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.5. istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar.

Məhkəmənin mövqeyi və gəldiyi nəticə

Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, təqdim edilmiş sübutlara tam, obyektiv, hərtərəfli və qərəzsiz baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə baxış iclasında təqdim edilmiş sübutların bilavasitə tədqiqi nəticəsində müəyyən edildi ki, ünvan 5 ünvanının abonenti İddiaçıdır. İddiaçı və təbii inhisar subyekti olan Cavabdeh İB arasında qazın alğı-satqısına dair müqavilə bağlanmış, cavabdeh tərəfindən iddiaçının yaşadığı ünvanda yerləşən qaz xəttinin üzərinə qaz sayğacı quraşdırılmış və **********00000 nömrəli abonent kodu verilmişdir. xx.xx.2025-ci il tarixli, ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktdan müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev ünvanında yerləşən “İTRON” G4 markalı, 1802AZ**********38 nömrəli qaz sayğacı çıxarılmış və ******* nömrəli qaz sayğacı quraşdırılmış, qaz xəttində, sayğacda olan qaynaq və yivli birləşmələr təzyiq altında sabun köpüyü ilə yoxlanılmış və heç bir sızma aşkar edilməmiş, quraşdırılan qaz sayğacının texniki qaydalara cavab verdiyi və qaz sayğacının abonentə təhvil verildiyi qeyd olunmuşdur (digər qeydlər – klapanın rezini yerində aşkarlanmamışdır). İddiaçı həmin akt əsasında ona 445.20 manat məbləğində borc hesablandığını, bu borcun əsassız olduğunu bildirmiş və həmin borcun əsassız hesab edilərək silinməsini məhkəmədən xahiş etmişdir. Lakin, nəzərə alınmalıdır ki, təbii inhisar subyekti olan cavabdeh tərəfindən tərtib edilmiş qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında bu və ya digər akt əsasında məişət abonentinə hər hansı məbləğdə borc yazılması istisna olunur. Belə ki, formalaşmış məhkəmə təcrübəsinə əsasən, məişət abonentlərinə təbii inhisar subyekti tərəfindən borc yazılmasına səbəb olan qanunazidd hərəkətlər qismində adətən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma və istehlak edilən təbii qazın sərfiyyat göstəricilərini qeydə alan qaz sayğacına müdaxilə çıxış edir. Halbuki, iş materiallarında qeyd edilən hüquqazidd hərəkətlər barədə hər hansı akt aşkar edilməmişdir. Bununla belə, məhkəmə baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi sübutların məcmu şəklində yoxlanılması və qiymətləndirilməsi prosesi zamanı xx.xx.2025-ci il tarixli, ******* nömrəli akta münasibətdə izahat verərək bildirmişdir ki, məişət abonenti olan iddiaçının yaşadığı ünvana cavabdehin əməkdaşları tərəfindən baxış keçirilmiş, qaz sayğacında fiziki müşahidə əsasında müəyyən edilən qüsurlar aşkar edilmiş və qaz sayğacı laborator şəraitdə yoxlamadan keçirilməsi üçün xüsusi müəyyən edilmiş laboratoriyalara aparılmışdır. Həmçinin, bu zaman qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt əsasında qaz sayğacında qüsur aşkar edildiyi üçün abonent barəsində təbii qazdan istifadə qaydalarının pozulması barədə akt qəbul edilmişdir (xx.xx.2026-cı il tarixli məhkəmə video-audio yazısının 08:10 – 08:35-ci dəqiqələri). Məişət abonenti olan iddiaçıya borc hesablanmasına səbəb olan müvafiq aktın mövcudluğu iddiaçı tərəfindən sübuta yetirilməsə belə, cavabdehin nümayəndəsinin qeyd edilən faktı etiraf etməsi iddiaçını müvafiq faktı sübuta yetirmək vəzifəsindən azad edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Məişət abonenti olan iddiaçı tərəfindən qaz sayğacına müdaxilədə ehtimal edilən təqsiri barədə cavabdeh tərəfindən tərtib edilmiş aktın mövcudluğu məhkəmə icraatı gedişində müəyyən edildiyindən, məhkəmə araşdırması bu aktın qanunla müəyyən edilmiş prosedur qaydalara riayət edib-edilməməklə tərtib edilməsinin müəyyən edilməsi istiqamətində aparılmalıdır. Məhkəmə ilk növbədə vurğulayır ki, bu sahəni tənzimləyən qanunvericilikdə qaz sayğaclarının quraşdırılması, onların işlək vəziyyətdə saxlanılmasına nəzarət edilməsi, istehlakçı tərəfindən həmin sayğaclarının zədələnməsi, habelə təbii qazdan sayğacdan kənar (qanunsuz qoşulma yolu ilə) istifadə edilməsi hallarının müəyyən edilməsi, rəsmiləşdirilməsi, zərərin hesablanması, eyni zamanda istehlakçının bu prosesə cəlb edilməsi qaydası təsbit edilmiş və bu işlərin görülməsi (sayğacın işlək vəziyyətdə saxlanılmasına və təbii qazdan düzgün istifadə edilməsinə nəzarət edilməsi də daxil olmaqla) iddiaçının səlahiyyətlərinə aid edilməklə, aşkar edilmiş pozuntulara istehlakçı tərəfindən yol verilməsini sübut etmək vəzifəsi də məhz cavabdehin üzərinə qoyulmuşdur. Bu səbəbdən istehlakçının təbii qazdan qanunsuz qoşulma yolu ilə istifadə edilməsi aşkar edildikdə, cavabdehin əməkdaşları bu halları rəsmiləşdirilməsini, o cümlədən istehlakçının iştirakı ilə pozuntu halının qeydə alınmasını təsdiq edən müvafiq aktın tərtib edilməsini təmin etməlidir. Belə ki, istehlakçının iştirakının təmin edilməsi bu prosedurun şəffaflığı ilə bağlı olmaqla, istehlakçının məlumatlandırılması və məsələyə dair onun münasibətinin öyrənilməsi məqsədini daşıyır. Həmçinin, aşkar edilmiş pozuntu cavabdehin əməkdaşları tərəfindən texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə almalıdır. Məhkəmə nəzərə çatdırır ki, sayğaca müdaxilə, qanunsuz qoşulma halları aşkar edilərkən bunun rəsmiləşdirilməsi proseduru, o cümlədən görülməli olan tədbirlər və tərtib edilməli olan sənədlər “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinin 8-1-ci hissəsində (tərəflər arasında mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan redaksiyada) təsbit edilmiş və hüquqi nəticə etibarı ilə qaz paylayıcısı tərəfindən ona vurulmuş zərərin ödənilməsinin istehlakçıdan tələb edilməsinin mümkünlüyü bu prosedurdan asılı edilmişdir. Başqa sözlə, həmin maddədə müəyyən edilmiş prosedura riayət edilməməsi vurulmuş zərərin ödənilməsinin istehlakçıdan tələb edilməsini, o cümlədən hər hansı məbləğdə cərimənin hesablanıb istehlakçının abonent saldosuna daxil edilməsini istisna edir. Həmin prosedura əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Cavabdehin nümayəndəsi tərəfindən faktın etirafı əsasında mövcudluğu müəyyən edilən aktın “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun tərəflər arasında mübahisəli hüquq münasibətləri qüvvədə olan dövrdə mövcud olan 13-cü maddəsinin 8-1-ci hissəsində müəyyən edilmiş prosedur əsasında qəbul edilməsini təsdiq edən bu və ya digər sübut məhkəməyə təqdim edilməmişdir. Halbuki, məişət abonenti olan iddiaçı tərəfindən istehlak edilən təbii qazın sərfiyyat göstəricilərini qeydə alan qaz sayğacına müdaxilə nəticəsində itirilmiş təbii qaza görə vurulmuş zərərin əvəzinin abonent tərəfindən ödənilməsi xüsusi prosedur qaydadan – inzibati orqanlar tərəfindən həyata keçirilən inzibati xətalara dair işlər üzrə fəaliyyətdən (eləcə də bu fəaliyyət nəticəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsindən) və ya cinayət təqibi orqanları tərəfindən həyata keçirilən fəaliyyətdən (eləcə də bu fəaliyyət nəticəsində cinayət təqibi orqanının müvafiq qərarından və ya məhkəmənin qərarından) asılı edilmişdir. Aktın doğruluğunu sübut etmək vəzifəsinin cavabdehin üzərində olması, aktın, eləcə də akt əsasında hesablanmış zərər məbləğinin həqiqətə uyğun olması barədə mötəbər və təkzibedilməz sübutların məhkəməyə təqdim edilməməsi nəzərə alınmalı və müvafiq akt əsasında iddiaçıya hesablanmış borc silinməlidir. O da nəzərə alınmalıdır ki, təklikdə abonent saldosu əsasında iddiaçıya hesablanmış borcun əsaslı olması qənaətinə gəlmək mümkün deyildir. Bununla belə, iddiaçı ona müvafiq akt əsasında 445.20 manat məbləğində borc hesablandığını bildirsə də, iş materiallarına əlavə edilmiş abonentin saldosundan müəyyən edilir ki, 311 manat məbləğindədir. Obyektiv şəraitdə mövcud olmayan bu və ya digər borcun məhkəmə tərəfindən silinməsi mümkün olmadığından, yalnız abonent saldosu üzrə mövcud 311 manat borc əsassız hesab edilməli və silinməlidir.

Məhkəmə xərcləri

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır İş materiallarından görünür ki, qanunvericiliyin tələbinə əsasən hazırkı iddianın qaldırılması üçün iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğuna görə dövlət rüsumu ödəməmişdir. Ona görə məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin edildiyi və iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğu üçün cavabdehdən 30 manat məbləğində dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. İddiaçı istifadəsində olan **********00000 nömrəli abonent koduna hesablanmış 311 (üç yüz on bir) manat məbləğində borc əsassız hesab edilərək Cavabdeh tərəfindən silinsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilməmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar