Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5846/2021 24.12.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər X7 və Cavabdeh2 qarşı “bağışlama müqavilələrinin etibarsızlığı və əmlak bölgüsü” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi 02 oktyabr 2020-ci il tarixdə 4Ə-748 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş ünvan 1 ünvanında yerləşən 0.0735 ha torpaq sahəsi, 02 oktyabr 2020-ci il tarixdə 4Ə-749 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş ünvan 2 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi, 02 oktyabr 2020-ci il tarixdə 4Ə-750 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş ünvan 3 ünvanında yerləşən 0.10 ha torpaq sahəsi, 02 oktyabr 2020-ci il tarixdə 4Ə-751 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş ünvan 4 ünvanında yerləşən 0.10 ha torpaq sahəsi, 02 oktyabr 2020-ci il tarixdə 4Ə-752 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş ünvan 5 ünvanında yerləşən 0.10 ha torpaq sahəsi, 02 oktyabr 2020-ci il tarixdə 4Ə-753 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş ünvan 6 ünvanında yerləşən 0.0460 ha torpaq sahəsi, 13 oktyabr 2020-ci il tarixdə 4Ə-763 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş ünvan 7 ünvanında yerləşən 66 saylı mənzilə dair bağlanmış bağışlama müqavilələrinin etibarsız hesab edilərək, birgə nikah dövründə əldə edilmiş əmlak hesab olunaraq bərabər paylarla cavabdehlə aralarında bölünməsi. İddia tələbinin dəlilləri İddiaçı X6 ilə Cavabdeh1 25.12.2014-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan 04.11.205-ci il tarixində övladları X2, 21.12.2013-cü il tarixində X11, 26.01.2008ci il tarixdə X5 anadan olmuşdur. İddiaçı ilə yaşadıqları müddət ərzində münasibətləri normal olmuş, lakin son bir ildə ailədə söz-söhbət yaranmış, münasibətlər kəskinləşmişdir. Belə ki, cavabdeh tərəfindən iddiaçı dəfələrlə əsassız olaraq təhqirlərə məruz qalmış və fiziki təzyiqlərlə üzləşmişdir. Dözülməz münasibətlər onların artıq birgə yaşamağı üçün heç bir əsas qoymamışdır. İddiaçıya cavabdeh bir neçə dəfə yumruq zərbələri endirmişdir ki, o da ailəsinin dağılmaması üçün şikayət etməmişdir. İddiaçının boşanmaq qərarına gəlməyi şəxsiyyətinin alçaldılmasının və övladlarının psixikasının pozulmasının qarşısını almaqdan irəli gəlir. Bu səbəbdən artıq bir ilə yaxın müddətdir ki ayrılmışlar və faktiki olaraq ər-arvad kimi bir yerdə yaşamırlar. Cavabdehlə birlikdə yaşadıqları dövrdə iş görmək məqsədi ilə bankdan kredit götürdüyünü və bunun üçün notariusda imza atmaq lazım olduğunu cavabdeh iddiaçıya bildirərək notariusa aparmışdır. Bütün sənədləşmələr həyata keçirildikdən bir müddət sonra cavabdeh iddiaçı ilə münasibətləri tamamilə kəsmiş, övladlarını ondan ayırmış və başqa biri ilə yaşamağa başlamışdır. Yalnız bundan sonra məhkəməyə sənədlərin hazırlanması mərhələsində cavabdeh birgə nikah dövründə əldə edilmiş 7 ədəd əmlakı atasına bağışladığını müəyyən etmişdir. Belə ki, iddiaçı kredit götürmək bəhanəsiylə notariusa aparılmış və nəticə etibarı ilə əmlakların bağışlanmasına razılıq bildirmişdir. Göründüyü kimi cavabdeh iddiaçını aldadaraq yalançı (əhəmiyyətsiz) əqdin tərtib edilməsinə nail olmuşdur. Burdan anlaşılır ki, cavabdeh birgə nikah dövründə əldə edilmiş əmlakları nikahda olan həyat yoldaşını paydan məhrum etmək məqsədilə aldadaraq notariusda imza atdırmış və nəticə etibarı ilə iddiaçının hüquqları kobud surətdə pozulmuşdur. 02 sentyabr 2021-ci il tarixli vəkil sorğusuna cavab olaraq göndərilmiş 41 saylı Notariat ofisinin 07 sentyabr 2021-ci il tarixli cavab məktubu ilə Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış və Bakı şəhər 41 saylı notariat ofisi tərəfindən rəsmiləşdirilmiş aşağıda göstərilən bağışlama müqavilələri ilə əlaqədar notariat islərinin surətləri onlara təqdim edilmişdir. Qeyd edilən torpaq sahələri və digər əmlak aşağıdakılardır:
1. 02 oktyabr 2020-ci il tarixdə 4Ə-748 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş ünvan 1 ünvanında yerləşən 0.0735 ha torpaq sahəsi;
2. 02 oktyabr 2020-ci il tarixdə 4Ə-749 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş ünvan 2 Unvanında yerləşən 0.06 ha torpaq sahəsi;
3. 02 oktyabr 2020-ci il tarixdə 4Ə-750 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş ünvan 3 ünvanında yerləşən 0.10 ha torpaq sahəsi;
4. 02 oktyabr 2020-ci il tarixdə 4Ə-751 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş ünvan 4 ünvanında yerləşən 0.10 ha torpaq sahəsi;
5. 02 oktyabr 2020-ci il tarixdə 4Ə-752 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş ünvan 5 ünvanında yerləşən 0.10 ha torpaq sahəsi;
6. 02 oktyabr 2020-ci il tarixdə 4Ə-753 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş ünvan 6 ünvanında yerləşən 0.0460 ha torpaq sahəsi;
7. 13 oktyabr 2020-ci il tarixdə 4Ə-763 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Güloğlan Məmmədov küçəsi, ev 6A, mənzil 66. 20.08.2021-ci il tarixli, 191 nömrəli vəkil sorğusuna 10.09.2021-ci il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin cavabdehin adına olan əmlakla bağlı məlumat verilməsi haqqında məktubunda yuxarıda qeyd edilən 7 ədəd əmlakın hansı tarixdə əldə edilməsi, yəni birgə nikah dövründə əldə edilməsi və daha sonra bağışlanma müqaviləsi əsasında özgəninkiləşdirilməsi açıq aşkar qeyd edilmişdir. Qeyd olunan əmlaklardan əksəriyyəti 30.06.2020-ci il tarixində cavabdeh tərəfindən alınmış və bir neçə aydan sonra, yəni 02 oktyabr 2021-ci il tarixdə guya bağışlanmışdır. Beləliklə iddiaçının etibarından sui istifadə edən cavabdeh birgə nikah dövründə əldə edilmiş əmlakları doğma atasına bağışlamaqla iddiaçını pay hüququndan məhrum etmək niyyətində olmuşdur. O dövrdə bu iddiaçının ağlına gəlmədiyindən sənədləri qətiyyən nəzərdən keçirməmiş, çünki həyat yoldaşı ilə normal münasibətlərin səmimiliyinə şübhə etməmişdir. Lakin sonradan cavabdehin həyatında başqasının olduğunu və hətta ona görə iddiaçıdan ayrıldığını görəndə aldanıldığının fərqinə varmışdır. Beləliklə yuxarıda qeyd etdiyi 7 ədəd əmlaka dair bağlanmış bağışlama müqavilələri etibarsız hesab edilməli və bu əmlaklar birgə nikah dövründə əldə edildiyi üçün qeyd olunan əmlakların yarısına iddiaçının mülkiyyət hüququ müəyyən edilməlidir.
İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində qeyd edilənlərə uyğun izahat verib, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmiş, əlavə olaraq izahatında göstərmişdir ki, o, 2020-ci ilin sentyabr ayından Cavabdeh1la faktiki olaraq ayrılmış və valideynlərinə məxsus evdə yaşamağa başlamışdır. 02.10.2020ci il tarixdə cavabdeh ona zəng edərək barışmaq istədiyini bildirmiş və onu evə çağırmışdır. Lakin cavabdeh yolda olarkən onu notariat kontoruna aparmış və kredit almaq üçün qol çəkməli olduğunu bildirmişdir. O, cavabdehə inanmış və notariat ofisinə getmişdir. Notariat ofisində olarkən notarius ona heç bir izah etməmiş, o, sənədləri oxumaq istədikdə iddiaçı onu tələsdirmiş və oxumasına icazə verməmişdir. O, notariat kontoruna könüllü getmiş, onu zorla aparmamışlar. Daha sonra o, valideynlərinə məxsus evə qayıtmışdır. 11 gün sonra, yəni 13.10.2020-ci il tarixdə təkrarən əri ona zəng etmiş və o, cavabdehlə birlikdə notariat kontoruna gedərək, cavabdehin istəyi ilə ona təqdim edilən sənədləri imzalamışdır. İddiaçı izahatında bildirdi ki, o, ərizədə “oxudum, razıyam” ifadələrini özü yazdığını etiraf edir, sadəcə bunun nə demək olduğunu nə cavabdeh, nə də notarius ona izah edib. O, həmçinin bildirdi ki, ərizəni imzalamağı üçün ona zor tətbiq edilməyib, fiziki təzyiq olmayıb. O, notariusdan gəldikdən sonra artıq aldadıldığını anlamış və bu barədə yaxınlarına məlumat vermişdir, lakin ailəsini qoruyub saxlaya biləcəyinə ümid etdiyindən həmin anda bu məsələ ilə bağlı məhkəməyə müraciət etməmişdir. Hazırda hesab edir ki, cavabdeh digər şəxslə ailə qurmaq niyyətində olduğundan boşanmaq istəmiş, ona görə də onu aldatmış, əmlakları onun əlindən almağa çalışmış və bu səbəbdən iddia tələbi təmin edilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, izahatında iddianın təmin edilməsini xahiş etdi. O, izahatında bildirdi ki, aldatma niyyəti olması ortadadır, hadisələr qabaqcadan düşünülmüş əməllərdi. O, qeyd etdi ki, iddiaçının iştirakına özü təkid etdi ki, məhkəmə də xanımın savadsız olduğunu görsün və təsəvvür yaransın, cavabdeh tərəf iddiaçının savadsızlığından istifadə edib və əmlakları atasına bağışlayıb. Vəkil1 izahatında göstərdi ki, həmin əmlaklar cavabdehin qardaşının krediti üçün cavabdeh tərəfindən də girov qoyula bilərdi, buna baxmayaraq ataya bağışlanmış, ondan sonra kreditin təminatı kimi qoyulmuşdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında qeyd etmişdir ki, o, iddiaçını aldatmamış, həmin əmlaklar iddiaçının da yaxşı bildiyi kimi, onun atasının maliyyə vəsaiti hesabına alındığından iddiaçı könüllü surətdə notariat kontoruna gələrək əmlakların bağışlamasına yazılı razılıq vermişdir. İddiaçı uşaqları onun yanında buraxmaqla evi ötən ilin avqust ayında tərk etmiş, buna baxmayaraq cavabdeh boşanmaq niyyətində olmamış, məhkəməyə müraciət etməmişdir. İddiaçının da dediyi kimi, əmlakların çoxu ötən ilin iyun ayında alınıb. Pandemiya dövründə atasının yaşlı olmağı səbəbindən evdən çıxmaması üçün əmlaklar onun adına rəsmiləşdirib. İddiaçı da çox yaxşı bilir ki, maliyyə vəsaiti onun atasının apardığı biznesdən gəlir və bütün əmlaklar ona məxsusdur, ona görə də faktiki münasibətlərimiz olmasa da, notariusa gedib razılıq verməyə etiraz etməmişdir. Hazırda əmlaklar qardaşı X8 "xxxx" KB ASC-dən götürdüyü kreditin təminatı olaraq bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Qardaşının adına götürülən kredit də elə atasının apardığı biznes üçün lazım idi. Ona görə də, elə o ərəfədə əmlaklar bağışlanma ilə atasının adına rəsmiləşdirilmişdir. Hesab edir ki, iddia tələbi əsassızdır və bu səbəbdən təmin edilməməlidir. Məhkəmə iclasında Cavabdeh1 oğunun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək, izahatında iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. O, izahatında bildirdi ki, notariat hərəkətləri tam dəqiq və tələblərə ciddi əməl edilməklə keçirilib. Şəxsin fəaliyyət qabiliyyəti yoxlanılıb. Aldadılma niyyəti olmayıb. İddiaçının barışmaq vədi ilə evdən çıxarılıb notariusa aparılmasından 11 gün sonra yenidən aldadılaraq notariusa aparılması məntiqə uyğun və ağlabatan deyil. Aldadılma faktı iş materialları ilə də öz təsdiqini tapmır. İddiaçı tərəf faktiki münasibətdə olduğu dövrdə cavabdeh tərəfindən döyüldüyünü bildirsə də, bununla bağlı müvafiq qurumlara müraciət olunmayıb, bu fakt da iş materialları ilə öz təsdiqini tapmır. Sübutların mötəbərliyi prinsipindən irəli gələrək hesab edir ki, iddia tam əsassızdır və təmin edilməməlidir. Qanuna əməl edilməklə bağlanımış əqd formal mülahizələrə görə ləğv edilə bilməz. Belə olsaydı, mülki hüquq münasibətləri xaotik xarakter daşımış olardı. Cavabdeh heç indi də boşanmaq niyyətində deyil, ailəsinin dağılmasını istəmir, ona görə də bir ildən artıq müddətdə boşanma üçün müraciət etməmişdir. Məhkəmə iclasında iddiaçı tərəfindən şahid qismində dinlənilmiş X3 ifadəsində göstərmişdir ki, Cavabdeh1 onun 20 illik dostu olmuş və sonradan bacısı ilə ailə qurmuşdur. Lakin daha sonra cavabdeh iddiaçını döydüyü üçün iddiaçı onlara məxsus evə gəlmiş və onlarla yaşamışdır. Daha sonra cavabdeh ona zəng edərək, kredit götürmək üçün bacısını notariusa gətirməsini istəmiş, o da barışacaqlarına inandığı üçün icazə vermişdir. Lakin bir müddət sonra bacısı evə gəlmiş və deyəsən başqa sənədə qol çəkdiyini bildirmişdir. Daha sonra təxminən oktyabr ayında notariusla maraqlandıqda cavabdehə məxsus əmlakların bağışlanmasına dair razılıq ərizəsinə qol çəkdiyi məlum olmuşdur. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri 41 saylı notariat ofisi, "xxxx" KB ASC və X12 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxsin nümayəndəsi üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq, işə iclasa gəlməyən üçüncü şəxs və üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İş materiallarına əlavə edilmiş: AZ-T № 031439 saylı Nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X7 ilə X6 25.12.2004-cü il tarixdə rəsmi nikaha daxil olaraq evlənmişlər, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 25.12.2004-cü ildə 1051 saylı qeyd aparılmışdır. Nikahdan sonra ərə Baqirov, arvada Baqirova soyadı verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 10.09.2021-ci il tarixli **********27 saylı məktubundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Güloğlan Məmmədov küçəsi, ev 6a, 66 saylı mənzil 2 saylı Bakı "ASAN xidmət" mərkəzində notariat kontoru tərəfindən təsdiq edilmiş, 17.11.2014-cü il tarixli, 4Ə-3207 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 29.11.2014-cü il tarixində Cavabdeh1 adına qeydiyyatdan keçmişdir, lakin Bakı şəhəri 41 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş, 13.10.2020-ci il tarixli, 4Ə-763 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Cavabdeh2 adına özgəninkiləşdirilmişdir. ünvan 4də yerləşən 0.10 ha yaşayış təyinatlı torpaq sahəsi Bakı şəhəri 12 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş, 30.06.2020-ci il tarixli, 4Ə-1213 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 22.07.2020-ci il tarixində Cavabdeh1 adına qeydiyyatdan keçmişdir, lakin Bakı şeheri, 41 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş, 02.10.2020-ci il tarixli, 4Ə-751 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Cavabdeh2 adına özgəninkiləşdirilmişdir. ünvan 5də yerleşen 0.10 ha yaşayış təyinatlı torpaq sahəsi Bakı şəhəri 12 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş, 30.06.2021-ci il tarixli, 4Ə-1214 reyestr nömreli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 22.07.2020-ci il tarixində Cavabdeh1 adına qeydiyyatdan keçmişdir, lakin Bakı şəhəri, 41 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş, 02.10.2020-ci il tarixli, 4Ə-752 reyestr nömreli daşınmaz emlakın bağışlanması müqaviləsinə əsasən Cavabdeh2 adına özgəninkiləşdirilmişdir. ünvan 6də yerləşən 0.0460 ha yaşayış təyinatlı torpaq sahəsi Bakı şəhəri 12 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş, 30.06.2020-ci il tarixli, 4Ə-1215 reyestr nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsinə və bölgü sxeminə əsasən 27.07.2020-ci il tarixində Cavabdeh1 adına qeydiyyatdan keçmişdir, lakin Bakı şəhəri 41 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş, 02.10.2020-ci il tarixli, 42-753 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Cavabdeh2 adına özgəninkiləşdirilmişdir. ünvan 3də yerləşən 0.10 ha yaşayış təyinatlı torpaq sahəsi Bakı şəhəri 12 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş, 30.06.2020-ci il tarixli, 4Ə-1216 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 22.07.2020-ci il tarixində tarixində Cavabdeh1 adına qeydiyyatdan keçmişdir, lakin Bakı şəhəri 41 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş, 02.10.2020ci il tarixli, 4Ə-750 reyestr nömreli daşınmaz emlakın bağışlanması müqaviləsinə əsasən Cavabdeh2 adına özgəninkiləşdirilmişdir. ünvan 1də yerləşən 0.0735 ha yaşayış təyinatlı torpaq sahəsi, Bakı şəhəri 12 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş, 30.06.2020-ci il tarixli, 4Ə-1217 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 22.07.2020-ci il tarixində Cavabdeh1 adına qeydiyyatdan keçmişdir, lakin Bakı şəhəri 41 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş, 02.10.2020-ci il tarixli, 4Ə-748 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Cavabdeh2 adına özgəninkiləşdirilmişdir Bakı şəhəri, Xezer rayonu, Qala qəsəbəsi, General Mehmandarov küçəsində yerləşən 0.0600 ha yaşayış təyinatlı torpaq sahəsi 4 saylı Bakı "ASAN xidmət"mərkəzində notariat kontoru tərəfindən təsdiq edilmiş, 13.07.2020-ci il tarixli, 4Ə- 584 reyestr nömreli 10 daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 10.08.2020-ci il tarixində X4 adına qeydiyyatdan keçmişdir, lakin Bakı şəhəri 41 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş, 02.10.2020-ci il tarixli, 4Ə-749 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Cavabdeh2 adına özgəninkiləşdirilmişdir. Cavabdeh1 adına Azərbaycan Respublikasının digər ərazilərində dövlət reyestrində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. 8İ-6509 nömrə ilə qeydə alınaraq Bakı şəhəri 41 saylı notariat ofisinin xüsusi notariusu X13 tərəfindən təsdiq edilmiş İddiaçı tərəfindən notariat ofisinə verilmiş ərizədən (**********509) görünür ki, o, əri-Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 0,0735 ha torpaq sahəsinin Cavabdeh2 bağışlanmasına etiraz etmir, razıdır. 8İ-6510 nömrə ilə qeydə alınaraq Bakı şəhəri 41 saylı notariat ofisinin xüsusi notariusu X13 tərəfindən təsdiq edilmiş İddiaçı tərəfindən notariat ofisinə verilmiş ərizədən (**********510) görünür ki, o, əri-Cavabdeh1 məxsus ünvan 3 ünvanında yerləşən 0,1 ha torpaq sahəsinin Cavabdeh2 bağışlanmasına etiraz etmir, razıdır. 8İ-6511 nömrə ilə qeydə alınaraq Bakı şəhəri 41 saylı notariat ofisinin xüsusi notariusu X13 tərəfindən təsdiq edilmiş İddiaçı tərəfindən notariat ofisinə verilmiş ərizədən (**********511) görünür ki, o, əri-Cavabdeh1 məxsus ünvan 4 ünvanında yerləşən 0,1 ha torpaq sahəsinin Cavabdeh2 bağışlanmasına etiraz etmir, razıdır. 8İ-6512 nömrə ilə qeydə alınaraq və Bakı şəhəri 41 saylı notariat ofisinin xüsusi notariusu X13 tərəfindən təsdiq edilmiş İddiaçı tərəfindən notariat ofisinə verilmiş ərizədən (**********512) görünür ki, o, əri-Cavabdeh1 məxsus ünvan 5 ünvanında yerləşən 0,1 ha torpaq sahəsinin Cavabdeh2 bağışlanmasına etiraz etmir, razıdır. 8İ-6513 nömrə ilə qeydə alınaraq Bakı şəhəri 41 saylı notariat ofisinin xüsusi notariusu X13 tərəfindən təsdiq edilmiş İddiaçı tərəfindən notariat ofisinə verilmiş ərizədən (**********513) görünür ki, o, əri-Cavabdeh1 məxsus ünvan 2 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin Cavabdeh2 bağışlanmasına etiraz etmir, razıdır. 8İ-6514 nömrə ilə qeydə alınmış və Bakı şəhəri 41 saylı notariat ofisinin xüsusi X13 tərəfindən təsdiq edilmiş İddiaçı tərəfindən notariat ofisinə verilmiş ərizədən (**********509) görünür ki, o, əri-Cavabdeh1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Güloğlan Məmmədov küçəsi, ev 6a, 66 saylı mənzilin Cavabdeh2 bağışlanmasına etiraz etmir, razıdır. 8İ-6617 nömrə ilə qeydə alınaraq Bakı şəhəri 41 saylı notariat ofisinin xüsusi notariusu X13 tərəfindən təsdiq edilmiş İddiaçı tərəfindən notariat ofisinə verilmiş ərizədən (**********617) görünür ki, o, əri-Cavabdeh1 məxsus ünvan 6 ünvanında yerləşən 0,046 ha torpaq sahəsinin Cavabdeh2 bağışlanmasına etiraz etmir, razıdır.
Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, iddiaçı ilə Cavabdeh1 25.12.2004-cü ildə rəsmi nikaha daxil olmaqla evlənmişlər. Tərəflərin birgə nikahda olduğu dövrdə iddia tələbində qeyd edilən torpaq sahələri və mənzil əldə edilmiş və Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Qeyd edilən torpaq sahələri 02.10.2020-ci il tarixdə, mənzil isə 13.10.2020-ci il tarixdə cavabdehin yazılı razılığı əsasında Cavabdeh2 bağışlanmış və bağışlama müqavilələri notariat qaydasında təsdiq edilmişdir. İddiaçı tələbində ona əsaslanır ki, mübahisələndirilən bağışlama müqavilələri bağlanarkən cavabdeh onu aldatmış və iş görmək üçün bankdan kredit götürdüyünü bildirərək onu notariusa aparmış və razılıq ərizələrini imzalatmışdır. Onun torpaq sahələri və mənzilin bağışlanmasından xəbəri olmamış, cavabdehə inandığından kredit sənədlərinə qol çəkdiyini düşünmüşdür. Cavabdeh tərəfin etirazı ondan ibarətdir ki, müqavilələr qanunun tələblərinə uyğun şəkildə notarial qaydada bağlanıb və bağlanan zaman da iddiaçıya məsələnin mahiyyəti aydın olub, heç bir aldadılma olmayıb. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə görə fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-cı maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 668.1.1-ci maddəsinə əsasən daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə etibarlıdır. Mülki Məcəllənin Məcəllənin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədi ilə aldadıldıqda, həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin Məcəllənin 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Həmin Məcəllənin 225.6-cı maddəsinə əsasən, daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 33.4-cü maddəsinə əsasən, ərarvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 42-ci maddəsinə əsasən, birgə nikah dövründə əldə edilmiş əmlaka sərəncam verilməsi haqqında müqavilənin ləğvi və ya dəyişdirilməsi zamanı notarius ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq edilmiş razılığını alır. “Notariat haqqında” Azərbaycan Respublikası qanununun 9-cu maddəsinə əsasən, notarius öz vəzifələrini yerinə yetirərkən: 1) fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərməlidir; 2) hüquqi məlumatsızlığın onlara vura biləcəyi ziyanın qarşısını almaq üçün notariat hərəkətlərinin aparılması nəticələri barədə onlara xəbərdarlıq etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” 23.07.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, göründüyü kimi, ər-arvad ümumi əmlakları üzərində əşya hüquqlarını mülki qanunvericiliyin birgə mülkiyyət qaydalarına uyğun olaraq həyata keçirməlidirlər. Ər-arvaddan hər hansı biri daşınar əşyalara münasibətdə sərəncam əqdi bağlayarsa, vicdanlılıq prinsipinə uyğun olaraq bu əqdin bağlanmasına digər tərəfin (ərin və ya arvadın) razılığının olmasına hüquqi ehtimal verilir. Daşınmaz əşyalara dair ərin və ya arvadın bağladığı sərəncam əqdinin etibarlı olması üçün isə digər tərəfin (yəni müvafiq olaraq arvadın və ya ərin) notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Birgə mülkiyyət qaydalarının pozulması ərin (arvadın) digər tərəf qarşısında mülki hüquqi məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02.04.2021-ci il tarixli qərarında qeyd etmişdir ki, müraciətdə qaldırılan məsələlərdən biri də məhkəmə araşdırması zamanı əqdin etibarsızlığının məhkəmə tərəfindən müəyyən edilməsi hallarında məhkəmələrin bunu irəli sürülən tələbdən asılı olmayaraq öz xidməti vəzifəsinə görə nəzərə almalı olub-olmaması ilə bağlıdır. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olubolmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Şərh edilən normaları rəhbər tutan məhkəmə qeyd edir ki, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında səlahiyyətli şəxslərin iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Məhkəmə müəyyən edir ki, hazırkı işdə mübahisələndirilən müqavilələr bağlanarkən yuxarıda qeyd edilən imperativ şərtlərə əməl edilmişdir. Məhkəmə baxışında müəyyən olunmuşdur ki, İddiaçı öz iradəsi ilə notariat orqanına yazılı razılıq ərizəsi verməklə mübahisələndirilən bağışlama müqavilələri üzrə bağışlanmış torpaq sahələri və mənzilin Cavabdeh2 bağışlanmasına etiraz etməmişdir. İddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəlillərindən biri kimi iddiaçının savadsız olmasını göstərsə də, məhkəmə iddiaçının izahatına əsasən müəyyən edir ki, o, oxuyub-yazmağı bacarır, ərizələri şəxsən özü imzalayıb. İddiaçı notariat ofisində verdiyi razılıq ərizələrinin Cavabdeh1 tərəfindən kredit götürülməsi məqsədilə verildiyini bildirsə də məhkəmədə bunu sübut edə bilməmişdir. Məhkəmə qeyd edir ki, mülki və ailə qanunvericiliyinin tələblərindən görünür ki, birgə nikah dövründə əldə edilmiş daşınmaz əmlaka sərəncam verilməsi ilə əlaqədar müqavilə bağlanan zaman ərin (arvadın) razılığı tələb edilir. Hazırkı iş üzrə iddiaçı notariat kontorunda yazılı razılıq ərizəsi imzalamaqla ərinə məxsus torpaq sahələri və mənzilin bağışlanmasına etiraz etməmişdir. Məhkəmə əlavə olaraq qeyd edir ki, notariat hərəkətlərinin aparılması haqqında təlimatdan görünür ki, fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etmək, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərmək, hüquqi məlumatsızlığın onlara vura biləcəyi ziyanın qarşısını almaq üçün notariat hərəkətlərinin aparılması nəticələri barədə onlara xəbərdarlıq etmək notariusun əsas vəzifələridir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçı məhkəməvə verdiyi izahatlarında bildirmişdir ki, o, 02.10.2020-ci il tarixdə və 13.10.2020-ci il tarixdə Cavabdeh1 xahişi ilə iki dəfə notariat kontoruna getmiş, hər iki tarixdə də o, cavabdehlə faktiki ayrı olduğundan atasına məxsus evdə olmuşdur. Cavabdeh1 ona zəng edərək barışmaq adı ilə onu çağırmış və lakin onu notariat kontoruna aparmışdır. İddiaçı cavabdehin onu aldatdığını barışmaq cəhdi üçün onu çağırması ilə əsaslandırır. Cavabdehin 02.10.2020-ci il tarixdə iddiaçını notariusa aparmağı və bundan sonra iddiaçının cavabdehlə barışmaması işin mübahisəsiz halıdır. Məhkəmə qeyd edir ki, cavabdehlə münasibətlərinin kəskin olduğu dövrdə barışmaq vədi ilə evdən çıxarılsa da əvəzində notariusa aparılmasından və bununla belə barışıq baş tutmamasından 11 gün sonra iddiaçının yenidən aldadılaraq notariusa aparılması ağlabatan deyildir və bunu təsdiqləyən hər hansı bir sübut iş materiallarında aşkar edilmir. Məhkəmə həmçinin vurğulayır ki, iddiaçı iddia ərizəsində məhkəməyə boşanmaya dair sənədlərin hazırlanması mərhələsində cavabdehlə birgə nikah dövründə əldə edilmiş 7 ədəd əmlakın qayınatasına bağışlandığını müəyyən etdiyini qeyd etsə də, məhkəmə zalında qeyd ediləndən fərqli izahat verərək notariusdan qayıdandan sonra aldadıldığını anladığını, yaxınlarına bunu bildirdiyini, lakin ailəsini qoruyub saxlayacağına ümid edərək məhkəməyə müraciət etmədiyini bildirmişdir. Məhkəmə iddiaçı tərəfin dəvət etdiyi şahid qismində dinlənilən X1 ifadəsi ilə bağlı hesab edir ki, şahidin ifadəsində iddiaçının aldadıldığını təsdiq edən hər hansı bir hal aşkar edilməmişdir. Məhkəmə vurğulayır ki, iddiaçı tərəf tələbinin əsaslandığı hallara dair hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə iddianın və tərəflərin iddiaya olan əsaslarının təsdiqi kimi istinad etdikləri və sübut əhəmiyyətli hesab etdikləri hallar üzrə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non negantiincumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə bununla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14.2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi iddia tələbinin əsasını sübut etmə iddiaçının üzərinə düşür. Belə ki, göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübut etmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınarsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcüd olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. İstinad olunan milli qanunvericilik normalarından və Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi hazırkı mübahisədə iddianı sübuetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı isə öz iddiasının haqlı olmasını mötəbər sübutlarla sübut edə bilməmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçını razılıq ərizələrini imzalamağa məcburetmə, yəni zorakılıq və ya hədələmə halları da məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmənin gəldiyi qənaətə görə Cavabdeh1 ilə Cavabdeh2 arasında 02.10.2020ci il tarixdə və 13.10.2020-ci il tarixdə bağlanmış bağışlama müqavilələrinin etibarsız sayılması üçün əsas yoxdur və buna görə də iddia təmin edilə bilməz. Məhkəmə iddia tələbinin mübahisəli torpaq sahələri və mənzilin birgə nikah dövründə əldə olunmuş hesab olunaraq payların müəyyən edilməsi hissəsi ilə bağlı qeyd edir ki, bağışlama müqavilələri etibarsız hesab edilmədiyindən və həmin əmlaklar hazırda Cavabdeh2 mülkiyyətində olduğundan iddia tələbi həmin hissədə də əsassızdır və təmin edilə bilməz. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə iddia tələbi əsassız olduğundan təmin olunmamalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə nəzərə almışdır ki, iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “bağışlama müqavilələrinin etibarsızlığı və əmlak bölgüsü” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Rübabə Qafarova