Məhkəmə qərarları › İş №2(010)-587/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-587/2020

12.08.2020 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-587/2020 12.08.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Məhkəmə iclas katibi İmanov Rəşadət Rəvayət oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs yanında Qəyyumluq və Himayə Komissiyasının etibarnamə üzrə nümayəndəsi X5 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1981-ci ildə Ermənistanın Amasiya rayonunda anadan olmuş X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qəbul edilməsini xahiş edir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1981-ci ildə Ermənistanın Amasiya rayonunda anadan olmuş X6 onun doğma qardaşıdır. Qardaşı ruhi əsəb xəstəliyinə düçar olmuş və 1983-cü ildən X10 Dispanserində qeydiyyatda olmaqla mütəmadi müalicə alır. Qardaşı 1-ci qrup əlildir və o, müstəqil olaraq özünü idarə edə bilmir. Onun daimi köməyə ehtiyacı vardır. X6 psixi qüsuru səbəbindən öz hərəkətlərinin mənasını anlaya bilmir və öz hərəkətlərini idarə edə bilməməsi nəticəsində bir sıra hüquqlarından məhrum olmuşdur. Belə ki, qardaşı 1-ci qrup əliliyi ilə əlaqədar bir sıra xüsusi imtiyazları vardır ki, bu imtiyazlardan istifadə edərək öz həyatını normal səviyyədə yaşamalı olmasını belə dərk etmir. Bu üzdən o, onun bir sıra şəxsi işlərini görməyə məcbur olur ki, onun öz hərəkətlərini dərk etməməsinə baxmayaraq, fəaliyyət qabiliyyətli olması onun bəzi hüquqlarını həyata keçirilməsində ona maneçilik törədir. Ona görə də o, qardaşı X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur.Bununla əlaqədar Ərizəçi xx.xx.1981-ci ildə Ermənistanın Amasiya rayonunda anadan olmuş X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs yanında Qəyyumluq və Himayə Komissiyasının etibarnamə üzrə nümayəndəsi X5 ərizənin təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV 334065 nömrəli xx.xx.2019-cu il tarixli doğum haqqında şəhadətnamənin surətinə əsasən X6 xx xxxxxx 1981-ci il tarixdə Amasiya rayonunda anadan olmuşdur. Ata qrafasında X4, ana qrafasında X7 göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 17072509 №-li şəxsiyyət vəsiqəsinin surətinə əsasən X6 xx xxxxxx 1981-cı il tarixdə Ermənistan,Amasiya rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Suraxanı rayon ƏSMM tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli vəsiqəyə əsasən X3 müddətsiz İ qrup əlillik dərəcəsi verilmiş, kənar şəxsin qulluğuna ehtiyacı vardır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzinin xx xxx 2020-ci il tarixli, 941 saylı ambulator məhkəməpsixiatrik ekspertizasının rəyinə əsasən X2 ağır kəmağıllıq aşkar olunur. Bunu anamnestik məlumatlar erkən yaşlarından psixi inkişafda geri qalması, əqli geriliklə əlaqədar təhsil ala bilməməsi, Bakı şəhər RƏXD-də qeydiyyatda olması, uşaqlıqdan İ qrup əlil hesab edilməsi, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər – diqqətinin dağınıq olması, davranışının qeyri-adekvatlığı, yaddaş və intellektinin aşağı olması, maraq dairəsinin məhdudluğu, emosional iradi sferasının enməsi, öz vəziyyətinə qarşı tənqidinin olmaması və sair sübut edir. Bunları nəzərə alaraq belə qərara gəlinir ki,X2 ağır kəmağıllıq aşkar olunur, X6 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onu idarə etmə iqtidarına malik deyildir, X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməldir. Azərbaycan Respublikası MPM-nin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-in 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Mülki Prosessual Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Məhkəmə iclasında vətəndaş X1 psixi xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və hərəkətlərinə rəhbərlik edə bilməməsi faktı öz təsdiqini tapdığından məhkəmə hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx xxxxxx 1981-ci il tarixdə Amasiya rayonunda anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Azərbaycan Respublikası MPM-nin 321.2-ci maddəsinə əsasən Bakı şəhəri Maraqlı şəxs Başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyasına fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş X6 üzərində qəyyum təyin edilməsi həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar