Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-588/2025 12.05.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Allahyarlı Eltac Rauf oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndələri Nümayəndə1 Qəşən oğlunun və Nümayəndə2 iştirakı ilə, İddiaçıin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdeh "xxxx" Acıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçının yaşadığı ünvan 2 (abonent kodu **********001) ünvanına hesablanmış 4237,20 (dörd min iki yüz otuz yeddi manat 20 qəpik) manat əsassız borcun silinməsi. İddia tələbinin əsaslandırıldığı hallar İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2-də yerləşən **********001 nömrəli abonent kodu mərhum həyat yoldaşı X1 adına qalsa da, həmin ünvanda sudan o istifadə edir. Cavabdeh "xxxx" Acıq Səhmdar Cəmiyyəti tərəfindən ünvan 2 (abonent kodu **********001) ünvanına 4237,20 (dörd min iki yüz otuz yeddi manat 20 qəpik) manat əsassız borc hesablanmışdır. Cavabdeh "xxxx" Acıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçının yaşadığı ünvan 2 (abonent kodu **********001) ünvanına hesablanmış 4237,20 (dörd min iki yüz otuz yeddi manat 20 qəpik) manat əsassız borcun silinməsi barədə qətnamə qəbul edilməsinin xahiş edir. "xxxx" Acıq Səhmdar Cəmiyyəti işçiləri tərəfindən qanusuzluqlara yol verilmişdir. Belə olduqda isə cavabdeh tərəfindən ona hesablanmış borc məbləği əsassızdır və həmin məbləğ silinməlidir. Tərəflərin izahatları Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, bildirdi ki, əri xx.xx.2016-cı ildə vəfat edib. Su sayğacı ərinin adınadır. Həmin sayğaca cərimə yazılıb. Cəriməni ödəməyə imkan yoxdur. Suyu borca görə kəsiblər. Qonşudan su daşıyır. Himayəsində 4 azyaşlı uşağı var. 2007-ci ildən həmin evdə yaşayır. "xxxx"dan bildirmişdilər ki, əlavə xətt var, lakin həmin əlavə xətdən xəbəri yoxdur. Sayğacları həyətdən kənarda yerləşir. Aşkar olunmuş xəttin nə olduğundan xəbərsizdir. Yaşadığı ünvanda yerləşən ərazidə sudan xammal satışı kimi istifadə etmək məqsədilə sənədləşməni həyata keçirmək üçün mərhum ərinin qardaşı 2024-cü ilin iyun ayında müvafiq orqanlara müraciət etmiş, lakin sənədlər tamamlanmadığı üçün hələ həyətində su satışı üçün quraşdırılmış su sexindən istifadə etməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə1 Qəşən oğlu izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. İddiaçı abonent kodundan istifadə edərək qeyri-qanuni şəkildə lisenziyaları olmadan kommersiya fəaliyyəti ilə məşğul olmuşdur. Suyu aparat vasitəsilə qablaşdırıb, su satışını həyata keçiriblər. Elə yaranan borcun əsas səbəbi də bundan ibarətdir. Sayğac xx.xx.2014-cü ildə quraşdırılıb. Xəbərdarlıq edilmişdir ki, 1 ay müddətində cəriməni ödəsinlər. Agentlik tərəfindən akt tərtib olunub. Həmçinin video görüntü çəkilib. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. **********001 kodlu abonent müqaviləsi xx.xx.2014-cü il tarixdə bağlanmasına baxmayaraq ünvana xammal hesabatı xx.xx.2022ci il tarixdə quraşdırılan sonuncu su sayğacına uyğun hesablanmışdır. Sayğac quraşdırlan zaman göstəricisi 00001m3 olub (labarotoriyanın sınaq göstəricisi). Hesabat sayğac üzərində 00001m3 olduğu üçün 0.70 manat hesablanıb. Lakin əməkdaşları tərəfindən ünvanda xx.xx.2024-cü il tarixində xammal istehsalı (su sexi) aşkarlanmışdır. Həmçinin ünvanda diametri 20mm-lik boru xətti ilə qanunsuz sudan istifadə aşkarlanıb. Qaydalara uyğun olaraq sonuncu sayğacın hesablanması 0.70 manat olduğundan, xammal hesabatı isə 8 manat hesablanır. Sayğacın sonuncu göstəricisi 574 m3-dən laboratoriyanın sınaq göstəricisi olan 00001m3 çıxıldıqdan sonra 573 m3-in göstəricisi 7.30 manatla hesablanır. Lakin ünvanın su xətti tərəflərindən kəsilmişdir. Ünvanda fəaliyyət göstərən qanunsuz su sexinin qeyri-əhali müqaviləsi olmadığı üçün hesablanan məbləğ 4182 manatdır. Əhali kateqoriyasına uyğun olaraq 5974 m3 hesabat verilib. Toplam hesablama aşağıdakı kimidir. 573m3 x 7.30=4182 manat (xammal kimi), 5974 m3 x 0.70=4182 manat (əhali kimi). Ona görə də, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İş materialları xx.xx.2007-ci il tarixli Suraxanı VVAQ şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə X4 xx.xx.2007-ci ildə nikaha daxil olmuş, arvada Balabəyova soyadı verilmişdir. xx.xx.2016-cı il tarixli 2 saylı Bakı ASAN xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2016-cı il tarixində vəfat etmişdir. İri şəhərlərin X5 Xidməti” publik hüquqi şəxsi Suraxanı rayon Sukanal İdarəsi tərəfindən verilmiş hesab fakturadan görünür ki, müqavilə nömrəsi 21155358 olan abonent kodu **********001 olan X2 məxsus su sayğacına su sərfiyyatına görə 4237,20 manat məbləğində borc hesablanmışdır. “İri şəhərlərin X5 Xidməti” publik hüquqi şəxsi tərəfindən Balabəyov Vüqara ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, xx.xx.2024 - ci il tarixinə sizin istifadə etdiyiniz su təchizatı və kanalizasiya xidmətlərinə görə "İri Şəhərlərin X5 Xidməti" publik hüquqi şəxsə 4.237,20 manat son ödəmə tarixi keçmiş, ödənilməmiş borcu yaranmışdır. 7 iş günü müddətində borcun ödənilməsi tələb olunur. Əks təqdirdə göstərilən xidmətlər dayandırılacaq, yaranmış borc və xidmətin dayandırılmasına çəkilmiş xərclərin məhkəmə qaydasında tutulması təmin ediləcəkdir. xx.xx.2024-cü il tarixli “İri şəhərlərin X5 Xidməti” publik hüquqi şəxsi Suraxanı rayon Sukanal İdarəsi tərəfindən inventarizasiya aparılması ilə bağlı aktdan görünür ki, Zığ qəsəbəsi, İ.Süleymanov küç ev 74 ünvanında yerləşən Vüqar Balabəyova məxsus mənzildə 21155358 saylı müqavilə əsasında abonent kodu **********001 olan sayğaca baxış zamanı məlum olmuşdur həmin həyətdə müqaviləsiz xammal istehsalı olan su sexi fəaliyyət göstərir. Göstərilən su sexinin qarşısında su sayğacından keçməyən diametri d- 20mm olan beton ötrüyünün altında boru xəti aşkarlandı. Video görüntülər tərəfimindən qeydə alındı. Göstərilən abonent koduna xammal hesabatı verilməsi məqsədə uyğundur. 5974m3 əlavə sərfiyyat (573m3 x7.30. 4182). xx.xx.2025-ci il tarixdə maddi sübutlara yerində müayinə keçirilməsi zamanı qeydə alınan video yazıdan məlum olur ki, ünvan 2 ünvanının həyətində həqiqətən kənar xətt olmuş, sonradan üzərinə beton tökülərək bağlanılmışdır. Cavabdeh həmin kənar xəttin mövcudluğunu sübut etmiş, lakin iddiaçı isə su çəninin olduğunu göstərərək çənə su maşını ilə su gətizdirib doğdurduğunu bildirmişdir. Kənar xəttin keçdiyi yerin ətrafı metlaqla hörülmüş ortasından suyun ixrac olunması üçün çıxışın olduğu görünür. İddiaçı sentyabr ayından etibarən isə su satışı ilə məşğul olduğunu bildirmiş, dövlətdən aldığı suyu deyil özü maşınla gətizdirdiyi satdığını bildirmişdir. İşin faktiki halları Cavabdeh “İri şəhərlərin X5 Xidməti” publik hüquqi şəxsinin əməkdaşları tərəfindən İddiaçı yaşadığı ünvanda **********001 nömrəli abonent kodu üzrə xx.xx.2024-cü il tarixində inventarizasiya aparılmış, akt tərtib edilmiş, iddiaçının əri mərhum Vüqar Balabəyova 4182 manat məbləğində cərimə hesablanmışdır. Tətbiq edilən hüquq “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 3. İstehlakçıların hüquqları. Azərbaycan Respublikası ərazisində istehlakçılar aşağıdakı hüquqlara malikdir: öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə. Maddə 26. İstehlakçıların hüquqlarının məhkəmə müdafiəsi. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər. Azərbaycan Respublikasının Su Məcəlləsi Maddə 97. Sudan ödənişli istifadə. Bu Məcəllənin 18-ci maddəsinin ikinci hissəsinin tələbləri nəzərə alınmaqla, Azərbaycan Respublikasında sudan ödənişli istifadə edilir. Sudan ödənişli istifadənin məqsədi su təminatına yönəldilmiş dövlət xərclərini ödəmək, su təsərrüfatı müəssisələrinin, idarələrinin və təşkilatlarının özünümaliyyələşdirmə prinsipi ilə fəaliyyət göstərməsini təmin etmək, su ehtiyatlarından səmərəli və qənaətlə istifadə olunmasına və suların mühafizəsinin yaxşılaşdırılmasına maddi maraq yaratmaq, suyun dəqiq uçotunu aparmaq və su təsərrüfatı sahəsinə investisiya qoyuluşunu stimullaşdırmaqdan ibarətdir. Azərbaycan Respublikasında sudan ödənişli istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Bələdiyyələrin su təsərrüfatı obyektlərində sudan ödənişli istifadə qaydaları və şərtləri bu Məcəllə, digər müvafiq qanunvericilik aktları, habelə bələdiyyə aktları ilə müəyyən edilir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 49.4 Su təchizatı və kanalizasiya müəssisələrinin səlahiyyətli nümayəndələri. Səlahiyyətli nümayəndələr sahibkarlıq subyektlərinin su sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar su təchizatı və ya kanalizasiya sisteminə qanunsuz qoşulma (su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan sistemə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. Maddə 62. Xidmətlərə görə borcların alınması. İstehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirlər görməlidir. Həmin Qanunun 67-ci maddəsinin 1-ci bəndinə görə bu Qanunda nəzərdə tutulan hallar istisna olunmaqla, su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan su təchizatı və kanalizasiya sisteminə qoşulmaq qadağandır. Həmin Qanunun 72-ci maddəsinə görə bu Qanunun tələblərinin pozulmasında təqsirkar olan şəxslər yol verdikləri pozuntu nəticəsində su təchizatı və kanalizasiya müəssisəsinə vurulmuş maddi ziyanı ödəyir, qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada digər məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları” 3.1. STKM-in hüquqları aşağıdakılardır: 3.1.1. STTSAS-a qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, bir nüsxəsi istehlakçıya təqdim olunan akt tərtib etməklə və qanunsuz qoşulmanı dərhal su və kanalizasiya sistemindən ayırmaqla, su təchizatı və kanalizasiya şəbəkəsindən istifadəni dayandırmaq və dəymiş ziyanın ödənilməsini təqsirkar şəxsdən tələb etmək. 3.1.2. smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış və ya suölçən cihaz quraşdırılmamış istehlakçıdan verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq təqdim edilmiş hesabın ödənilməsini tələb etmək.
4. İstehlakçıların vəzifələri. 4.1. İstehlakçıların vəzifələri aşağıdakılardır: Bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçıların vəzifəsidir. 8.6. Su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, STKM qanunsuz xətti dərhal su təchizatı sistemindən ayırmaqla suyun verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini həmin şəxsdən tələb etməlidir. 8.7. Su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə və belə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadıqda, itirilmiş suyun həcmi bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq ötən 1 (bir) il müddətinədək hesablanır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi İddiaçı “İri şəhərlərin X5 Xidməti” publik hüquqi şəxsinin əməkdaşları tərəfindən yaşadığı ünvanda **********001 nömrəli abonent kodu üzrə hesablanmış 4182 manat məbləğində cərimənin silinməsini tələb edir. Cavabdeh tərəf isə iddia tələbinə etiraz edərək bildirir ki, xx.xx.2024-cü il tarixli “İri şəhərlərin X5 Xidməti” publik hüquqi şəxsi Suraxanı rayon Sukanal İdarəsi tərəfindən inventarizasiya aparılması ilə bağlı akt tərtib edilmiş, ona görə ki, Zığ qəsəbəsi, İ.Süleymanov küç ev 74 ünvanında yerləşən Vüqar Balabəyova məxsus mənzildə 21155358 saylı müqavilə əsasında abonent kodu **********001 olan sayğaca baxış zamanı məlum olmuşdur ki, həmin həyətdə müqaviləsiz xammal istehsalı olan su sexi fəaliyyət göstərir. Göstərilən su sexinin qarşısında su sayğacından keçməyən diametri d-20mm olan beton örtüyünün altında boru xətti aşkarlanmışdır. Video görüntülər qeydə alınmışdır. İddiaçı cavabdehin etirazına münasibətdə qeyd edir ki, onun yaşadığı ünvanda yerləşən ərazidə sudan xammal satışı kimi istifadə etmək məqsədilə sənədləşməni həyata keçirmək üçün mərhum ərinin qardaşı 2024-cü ilin iyun ayında müvafiq orqanlara müraciət etmiş, lakin sənədlər tamamlanmadığı üçün hələ həyətində su satışı üçün quraşdırılmış su sexindən istifadə etməmişdir. Məhkəmə cavabdeh tərəfindən təqdim olunmuş video çəkilişə əsasən müəyyən etmişdir ki, iddiaçının evinin həyətində açıqlamasını verə bilmədiyi su xətti mövcuddur. İddiaçının yaşadığı ünvana onun özünün iştirakı ilə keçirilmiş yerində müayinə zamanı Suraxanı rayon Sukanal İdarəsinin əməkdaşlarının ilkin vəziyyətdə aşkarladığı su xəttinin üzərinin beton örtüklə bağlandığı görünmüşdür. Eyni zamanda, məhkəmə cavabdeh tərəfindən təqdim olunmuş video görüntüyə əsasən müəyyən edir ki, həmin ünvanın həyətində yerləşən tikilidə su satışı ilə məşğul olmaq üçün müvafiq şərait, qurulmuş qurğular, avadanlıqlar mövcuddur. Qeyd edilən qurğular və avadanlıqlar yerli müayinə zamanı da həmin ünvanda aşkar edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ünvan 2 (abonent kodu **********001) ünvanında sudan qeyri-qanuni istifadə edildiyi sübuta yetirilmişdir. Demək ki, istehlakçı tərəfindən sudan istifadə qaydalarının pozulması nəticəsində su təchizatı və kanalizasiya müəssisəsinə (STKM) zərər dəyibsə, müəssisə (cavabdeh "xxxx" ASC) həmin zərəri istehlakçıdan (İddiaçı) tələb etməkdə haqlıdır. Məhkəmə cavabdehin iddiaçıya **********001 nömrəli abonent kodu üzrə hesablanmış olduğu borcun məbləğinə gəldikdə onu qeyd edir ki, cavabdeh tələb etdiyi məbləğin miqdarını xx.xx.2022-ci il tarixindən (sayğac quraşdırılan vaxt) xx.xx.2024-cü il tarixinədək (akt tərtib olunanadək) olan dövr üçün 8 manat-0.70 manat=7.30 manatla hesablamaqla əsaslandırmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın müvafiq qaydalarına görə, su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə və belə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadıqda, itirilmiş suyun həcmi ötən 1 (bir) il müddətinədək hesablanır. Lakin, cavabdeh sözügedən qaydaların şərtlərini nəzərə almamış, **********001 saylı abonent kodu üzrə 2 ildən artıq müddət üçün borc öhdəliyi müəyyən etmişdir. Belə olan halda, məhkəmə borc məbləğinin xx.xx.2022-ci il tarixindən (sayğac quraşdırılan vaxt) xx.xx.2024-cü il tarixinədək (akt tərtib olunanadək) olan dövr üçün hesablanmasını ədalətli hesab etmir. Məhkəmə, su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə və belə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadıqda, itirilmiş suyun həcminin ötən 1 il müddətinədək (yəni, maksimum 365 gün) hesablanmalı olmasını, iddiaçının mərhum ərinin qardaşı Tarifxan Balabəyovun su satışı ilə məşğul olmaq üçün sənədləşmə üçün müvafiq qurumlara 25 iyun 2024-cü il tarixindən müraciət etməsini nəzərə alaraq, borc məbləğinin 25 iyun 2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər olan dövr üçün (941,70 manat) hesablanmasını ağlabatan və ədalətli hesab edir. Beləliklə, məhkəmə o qənaətə gəlir ki, cavabdeh "xxxx" Acıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçının yaşadığı ünvan 2 (abonent kodu **********001) ünvanına hesablanmış 4182 (dörd min yüz səksən iki) manat məbləğində borcun 3240,30 (üç min iki yüz qırx manat otuz qəpik) manat hissəsi silinməlidir.
Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ünvan 2 (abonent kodu **********001) ünvanına xx.xx.2024-cü il tarixli akt əsasında hesablanmış 3240,30 (üç min iki yüz qırx manat otuz qəpik) manat məbləğində borc silinməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ünvan 2 (abonent kodu **********001) ünvanına xx.xx.2024-cü il tarixli akt əsasında hesablanmış 3240,30 (üç min iki yüz qırx manat otuz qəpik) manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Rübabə Qafarova