Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-600/2024 27.03.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi Atayeva Nərgiz Etibar qızının katibliyi, iddiaçı Ağalarova (Məmmədova) Aygün Xamməd qızının etibarnamə üzrə nümayəndəsi Nümayəndə2, Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 Cavanşir oğlunun iştirakı ilə iddiaçı Ağalarova (Məmmədova) Aygün Xamməd qızının Cavabdehnə qarşı “əsassız borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi.
1. İddiaçı Ağalarova (Məmmədova) Aygün Xamməd qızı Cavabdehnə qarşı “əsassız borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 2920L ünvanına hesablanan 4285 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 məhkəməyə ərizə təqdim edərək, Cavabdeh tərəfindən hesablanmış 4250.88 manat borc vəsaitindən 997.92 manat hissəni qəbul etdiyini və qalıq borc vəsaitinin iddiaçının abonent hesabından silinməsini xahiş etmişdir.
İddia tələbinin dəlilləri.
3. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 2920L nömrəli ev onun xüsusi mülkiyyətindədir. Bu vaxta qədər kommunal xərclər və onların ödənilməsi ilə bağlı tələbkarla heç bir problemi olmayıb. Lakin evin qaz sayğacı Suraxanı rayon Qaz İstismar İdarəsinin əməkdaşları tərəfindən akt tərtib edilərək guya sayğaca baxış keçirilmiş, sayğaca müdaxilə olunması qeyd olunmuşdur. Akt tərtib edilərkən onun iştirakı olmayıb və imza onun tərəfindən göstərilən akta çəkilməyibdir. Həmin sayğac yaşadığı gündən işləmişdir. Azəriqaz əməkdaşları sayğaca onun yaşadığı müddət ərzində heç vaxt gəlib nəzarət etməmişdirlər. Azəriqaz əməkdaşları ailəyə məxsus abonent koduna cərimə hesablamışdırlar. Hesab edir ki, yazılmış cərimə qanunsuz və ədalətsiz olduğu üçün məhkəmə tərəfindən silinməlidir.
Tərəflərin izahatları.
4. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək bildirdi ki, qeyd olunan ünvanda onlar mütəmadi olaraq deyil, yalnız müəyyən vaxtlarda yaşamışdırlar. Onlar həmin evi kirayəyə vermiş və həmin evdə qaz şəbəkəsinə qanunsuz xətlə qoşulma barədə məlumatları olmamış, eləcə də, özləri tərəfindən qaz sayğacına qanunsuz kənar xətlə qoşulma halı olmamışdır. Qeyd olunan halları nəzərə alaraq iddia tələbinin təmin edilməsini xahiş edir. Əlavə olaraq qeyd etdi ki, qaz sərfiyyatının kəskin az olduğu dövrlər üçün hesablanmanın aparılmasına razıdır və cavabdeh tərəfindən hesablanmış 4250.88 manat borcdan 997.92 manat borc ilə razıdır, qalan borcun silinməsini xahiş edir.
5. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 Cavanşir oğlu iddia tələbi ilə razı olmadığını bildirdi və qeyd etdi ki, Cavabdeh əməkdaşları tərəfindən həmin ünvana baxış keçirilən zaman iddiaçının adına olan qaz sayğacına qanunsuz kənar xətlə qoşulma halı müəyyən edilmiş və müvafiq tədbirlər görülmüşdür. Hesab edir ki, hazırki iddia tələbi əsassızdır.
İş materialları.
6. xx.xx.2020-ci il tarixli, 12-1168 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə”dən görünür ki, Paylayıcı Cavabdeh İB müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı X2 isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilmiş hesaba əsasən ödəməyi öz öhdəsinə götürür.
7. Cavabdeh İB-nin əməkdaşları tərəfindən istehlakçı X1 ünvanına dair tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* saylı aktdan görünür ki, qaz sayğacından kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar edilmişdir.
8. Bakı Regional Qazın Satış Departamenti İtirilmiş təbii qazın hesablanması Komissiyası tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəs, Bağ evləri 4/2920 ünvanında “Qazdan istifadə Qaydaları”nın tələblərinə zidd olaraq sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar edilmişdir. Qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat orta günlük iş rejimi 24 saat və hesab müddəti 360 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 24 saat və hesab müddəti 360 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat orta günlük iş rejimi 24 saat və hesab müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın həcmi ümumilikdə 35424 m3 müəyyən edilmişdir.
9. Abonent saldosundan görünür ki, X1 abonent hesabına Qalıq və aktlar üzrə 2022ci il üçün 4250.88 manat borc qeyd edilmişdir.
İşin faktiki halları.
10. İşin müəyyən edilmiş halları ondan ibarətdir ki, Cavabdeh İB tərəfindən iddiaçı Ağalarova (Məmmədova) Aygün Xamməd qızının abonent hesabına “təbii qazdan istifadə qaydalarını pozmaqla qeyri-qanuni şəkildə təbii qazdan istifadə etmə” ilə əlaqədar ümumilikdə 4250.88 manat borc məbləği hesablanmışdır. Hazırki iddia tələbində iddiaçının etibarnamə üzrə nümayəndəsi qeyd olunan borc məbləğinin qanunsuz və əsassız hesablandığını, həmin evdə qeyri-qanuni şəkildə təbii qazdan istifadə etmədiklərini bildirir. Cavabdeh tərəf isə hesab edir ki, hazırki iddia tələbi əsassızdır. Belə ki, Cavabdeh əməkdaşları tərəfindən həmin ünvana baxış keçirilən zaman iddiaçının adına olan qaz sayğacına qanunsuz kənar xətlə qoşulma halı müəyyən edilmiş və həmin borc məbləği itirilmiş qaz sərfiyyatına uyğun olaraq hesablanmışdır.
Tətbiq edilən hüquq.
11. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 №-li qərarı. 4.2-ci bəndinə əsasən, Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 6.5-ci bəndinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. 6.5-3-cü bəndinə əsasən, istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır.
12. AR Mülki Məcəlləsi.
Maddə 21. Zərərin əvəzinin ödənilməsi
21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 1.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
13. AR Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Məhkəmənin mövqeyi.
14. Məhkəmə iş materiallarını hərtərəfli araşdırıb, tərəflərin izahatını dinləyib hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia qismən təmin edilməlidir.
15. Məhkəmə qeyd edir ki, hazırki işin hallarından göründüyü kimi iddiaçının abonent hesabına qeyd olunan borc vəsaiti onun qaz xəttinə qeyri-qanuni yolla qoşulması nəticəsində təbii qazdan qanunsuz istifadə etməsi səbəbi ilə hesablanmışdır. Məhkəmə tərəfindən həmin ünvana 05 mart 2024-cü il tarixdə yerli baxış keçirilən zaman qaz xəttinə qeyri-qanuni yolla qoşulma izləri (qaz borusunun deşilməsinin, sonradan həmin yerin qaynaqlanmasının izi və həmin deşik bərabərində evin divarında da oyuğun olması müəyyən edildi) aşkar edilmişdir. Eyni zamanda, evə baxış keçirilən zaman qazla işləyən avadanlıqlardan 4 gözlü qaz piltəsi, istilik sobası və su qızdırıcının olduğu müəyyən edilmişdir. Beləliklə, iddiaçının yaşadığı ünvanda kənar qoşulma halının olması işin halları ilə təsdiq edilir. İddiaçı kənar xəttdən heç bir zaman istifadə etmədiklərini bildirsə də, bu halı sübut edəcək dəlilləri məhkəməyə təqdim etməmişdir. Hər bir halda nəzərə alınmalıdır ki, kənar xətt iddiaçının ünvanında aşkar edilmişdir. Cavabdeh tərəf kənar xəttdən istifadəni 1 illik müddət üzrə hesablamışdır. Cavabdeh belə hesablama apararkən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011ci il tarixli 80 №-li qərarının 6.5-ci bəndinə əsaslanmışdır. Həmin Qərarın 6.5-3-cü bəndinə əsasən, istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hesablanır. Hazırkı işdə qanunsuz qoşulmanın aşkar edildiyi tarix xx.xx.2022-ci ildir. Belə ki, həmin tarixdə cavabdeh tərəfindən hadisə aktlaşdırılıb. Lakin, iddiaçının ünvanına ondan əvvəl sonuncu baxış tarixi bəlli deyildir, cavabdeh bununla bağlı sübut təqdim etməmişdir. İstinad edilən Qərarın 6.5-3-cü maddəsi belə hesablama qaydası nəzərdə tutmuşdur ki, şəbəkəyə sonuncu baxış tarixindən qanunsuz qoşulma halı aşkar edildiyi tarix üzrə hesablama aparılmalı, lakin, bu müddət on iki ayı keçməməlidir. Normanın məzmunundan aydın olur ki, müddət hər bir halda on iki ay götürülməli deyil, normanın müəyyən etdiyi bu müddət maksimal müddətdir. Hazırkı işdə iddiaçının ünvanına sonuncu baxış tarixi bəlli olmadığına görə məhkəmə abonent saldosu üzrə kənar qoşulma müddətinin hesablanmasını ağılabatan hesab edir. İddiaçının adına olan abonent saldosuna nəzər saldıqda müəyyən edilir ki, 2022-ci ilin ilk dörd ayı üzrə qeyd olunan ünvanda qaz sərfiyyatı ağlabatan olsa da, lakin 2022-ci ilin 5-ci ayından etibarən (may, iyun, iyul, avqust, sentyabr, oktyabr və dekabr ayları ərzində) istifadə olunan qazla bağlı göstərici kəskin şəkildə azalmış, yəni ödənişlər təqribən 1-2 manat aralığında olmuşdur. Məhkəmə həmin dövr ərzində iddiaçının həmin ünvanda qazla işləyən avadanlıqlardan istifadə edilməsi müqabilində sərfiyyatın 1-2 manat aralığında olmasını ağlabatan hesab etmir və bu o qənaətə gəlməyə əsas verir ki, həmin evdə bu tarixlərdə qaz xəttinə qanunsuz qoşulmadan istifadə edilmiş və nəticədə mövcud göstəricilər ortaya çıxmışdır. Lakin, bununla belə, məhkəmə cavabdeh tərəfindən qaz sərfiyyatı ilə əlaqədar hesablanmış borc məbləği ilə razılaşmır. Belə ki, məhkəmə qeyd edir ki, cavabdeh tərəf itirilmiş qaz sərfiyyatının hesablanması zamanı qazla təchiz edilmiş avadanlıqların maksimal saatlıq qaz sərfini orta günlük iş rejiminin 24 saat olmasını və hesabat müddətinin isə 360 gün olmasını nəzərə almışdır. Halbuki, yuxarıda qeyd olunan qanunvericilik aktının müvafiq (“Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 №-li qərarının 6.5-3-cü bəndi) bəndinin məzmunundan aydın olur ki, istehlakçı tərəfindən qaz xəttinə qanunsuz qoşulma halları mövcud olduqda, qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı nəzərə alınmaqla hesablanır. Belə olan halda, məhkəmə iddiaçının yaşadığı ünvanda 2022-ci ilin 5-ci ayından etibarən il sonunadək olan 7 ay ərzində (may, iyun, iyul, avqust, sentyabr, oktyabr və dekabr ayları ərzində) qaz sərfiyyatının kəskin azalma halını və həmin ünvanda qeyri-qanuni şəkildə qazdan istifadə olunması halını nəzərə alaraq hesab edir ki, həmin ünvanda qazla təchiz edilmiş avadanlıqlardan 4 gözlü qaz piltəsinin (PQ4-ün) həmin 7 ay müddəti ərzində itirilmiş ümumi qaz sərfiyatının dəyəri 362.88 manat ( maksimal saatlıq qaz sərfi 1.2 m3/saat orta günlük iş rejimi 12 saat və hesab müddəti 210 gün olmaqla x 0.12 Azn), su qızdırıcının (QSQ) həmin 7 ay müddəti ərzində itirilmiş ümumi qaz sərfiyatının dəyəri 453.60 manat ( maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 12 saat və hesab müddəti 210 gün olmaqla x 0.12 Azn) məbləğində müəyyən edilməlidir. Məhkəmə eyni zamanda həmin ünvanda istifadə olunan istilik sobasının itirilmiş qaz sərfiyyatı dəyəri ilə bağlı qeyd edir ki, həmin istilik sobası adətən qış aylarında istifadə edildiyindən itirilmiş qaz sərfiyyatı dəyəri son 3 aya münasibətdə (oktyabr, noyabr, dekabr) hesablanmalıdır. Belə olan halda, məhkəmə hesab edir ki, istilik sobasının həmin 3 ay müddəti ərzində itirilmiş ümumi qaz sərfiyatının dəyəri 181.44 manat ( maksimal saatlıq qaz sərfi 1.4 m3/saat orta günlük iş rejimi 12 saat və hesab müddəti 90 gün olmaqla x 0.12 Azn) müəyyən edilməlidir. Beləliklə məhkəmə qeyd edir ki, qeyd olunan ünvanda qazla təchiz edilmiş avadanlıqların qeyd olunan dövr ərzində itirilmiş qaz sərfiyyatı dəyəri ümumilikdə 997.92 manat təşkil edir, yəni qeyd olunan məbləğdə qaz xəttindən qeyri-qanuni şəkildə istifadə edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli və cavabdeh "AZƏRİQAZ" İB tərəfindən iddiaçı Ağalarova (Məmmədova) Aygün Xamməd qızının abonent hesabına hesablanan 3252.96 manat borc vəsaiti (qeyri qanuni şəkildə qaz xəttindən istifadə müqabilində yaranmış 997.92 manat çıxılmaqla) silinməlidir.
Məhkəmə xərcləri.
16. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
17. AR Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə görə, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
18. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən və iddiaçı iş üzrə dövlət rüsumu ödənilməsindən azad olduğundan iş üzrə ödənilməli olan 52.52 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
19. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh "AZƏRİQAZ" İB tərəfindən iddiaçı Ağalarova (Məmmədova) Aygün Xamməd qızının abonent hesabına hesablanan 3252.96 manat borc vəsaiti silinməli və iş üzrə ödənilməli olan 52.52 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
20. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh "AZƏRİQAZ" İB tərəfindən iddiaçı Ağalarova (Məmmədova) Aygün Xamməd qızının abonent hesabına hesablanan 3252.96 manat borc vəsaiti silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə ödənilməli olan 52.52 manat dövlət rüsumu cavabdeh "AZƏRİQAZ" İB-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.