Məhkəmə qərarları › İş №2(010)-612/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-612/2023

17.04.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-612/2023 17.04.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiаçı İddiaçı cаvаbdeh Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh tərəfindən onun ünvan 1 ünvandakı evinin qaz sayğacına (abonent kodu:**********0003) Cavabdeh tərəfindən yazılmış 22880.18 manat əsassız cərimə borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki: “Bildirirəm ki, Cavabdeh tərəfindən ünvan 1 evimin qaz sayğacına 22880.18 manat qanunsuz cərimə borcu yazılmışdır. Qeyd etmək istəyirəm ki, mən istifadə etdiyim qazın pulunu daim vaxtlıvaxtında ödəmişəm. Mən qazdan istifadəyə görə heç bir qanunsuzluq etməmişəm. Lakin Cavabdeh İB-nin əməkdaşları qanunsuz olaraq mənim iştirakım olmadan əsassız akt tərtib edərək qanunsuz cərimə borcu yazmışlar. Qeyd etmək istəyirəm ki, 22880.18 manat cərimə borcunun yazılması tamamilə əsassızdır, ona görə də həmin əsassız yazılmış borcun silinməsini məhkəmədən xahiş edirəm”.

İddia tələbinə etiraz.

3. Cavabdeh nümayəndəsi (vəkili) Vəkil iddiaya etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki: “İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, ünvan 2 ünvanındakı fərdi yaşayış evinə münasibətdə tərtib edilmiş akta uyğun olaraq hesablanmış cərimə borcu silinsin və buna uyğun olaraq **********00003 saylı abonent koduna istinad etmişdir. Nəzərinizə çatdırırıq ki, Cavabdeh İB-nin səlahiyyətli əməkdaşları tərəfindən yerindəcə yoxlamalar aparılan zaman xx.xx.2021-ci il tarixdə müəyyən olunmuşdur ki, İddiaçı Həsənağa oğlunun mülkiyyətində olan və Bakı şəhəri, Suraxanı rayonu, Hövsan-Məktəb 55 ünvanında yerləşən istixanada diametri 530 mm, uzunluğu 5 m olan kustar üsulla hazırlanmış soba mövcuddur. Baxış keçirilərkən ayrıca müəyyən edilmişdir ki, İddiaçı Həsənağa oğluna məxsus quşçuluq sexində sayğacdankənar qeyri-qanuni təbii qazdan istifadə edilir. Qeyriqanuni istifadə ayrı-ayrılıqda iki quşçuluq tövləsində müəyyən edilmişdir. Akt tərtib edilən zaman Cavabdeh İB-nin səlahiyyətli əməkdaşlarından başqa istehlakçının nümayəndəsi qismində qardaşı X2 (şəxsiyyət vəsiqəsi AZE №********) iştirak etmiş və həmin akt onun tərəfindən imzalanmışdır. Akt tərtib edildikdən sonra dəymiş ziyanın hesablanması üçün aidiyyəti şöbəyə müraciət edilmiş və xx.xx.2021-ci il tarixində Cavabdeh İB-nin istehlakçılara satılan qaza nəzarət şöbəsi tərəfindən dəymiş ziyanın həcmi 103680 m3 müəyyən edilmişdir. Bu zaman qaz işlədicilərindən qeyri-standart sobanın maksimal saatlıq qaz sərfi 6 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə hesablama aparılmışdır. (6x8x24x90=103860 m3) Həm xx.xx.2021-ci il tarixli ******* №-li aktdan, həm də xx.xx.2021-ci il tarixli tələbnamədən müəyyən olunur ki, istehlakçı İddiaçı Həsənağa oğluna məxsus əmlakda dəymiş ziyan evdə deyil, istixanada vurulmuşdur və abonent kodu **********00003 deyil, 10**********000 saylıdır. İddiaçının 10**********000 saylı abonent kodu üzrə saldosundan da bəlli olur ki, 2021-ci ilin noyabr ayı üzrə 110819 m3 qazdan istifadə edilmiş, qazın sərf məbləği 1570.58 manat təşkil etmiş, 114 manat məbləğində ödəniş həyata keçirilmiş, habelə aktlar üzrə (xx.xx.2021-ci il tarixli, ******* №-li) 22809.60 manat məbləğində zərər faktı mövcuddur. Qeyd edilənlərə əsasən nəzərinizə çatdırırıq ki, xx.xx.2021-ci il tarixli, ******* №-li akt birtərəfli tərtib edilməmiş, baxış zamanı iddiaçının qardaşı X2 da iştirak etmiş, həmin akt onun tərəfindən imzalanmışdır. Zərər vurulma faktı mövcud olmasa idi, iddiaçının qardaşı aktı imzalamaqdan imtina etmək hüququna malik olmaqla bərabər onun sonradan mübahisələndirilməsini həyata keçirə bilərdi. Əlavə olaraq nəzərə alınmalıdır ki, iddiaçı aktın tərtib edilməsindən sonra aktı dərhal mübahisələndirməmiş, hətta bundan sonrakı mərhələlərdə də qazdan istifadə etmiş və buna uyğun olaraq ödənişlər həyata keçirilmişdir. Belə ki, abonentin saldosundan da bəlli olur ki, iddiaçı 2021-ci ilin dekabr ayı üzrə 5726 m3 qazdan istifadə etmiş və 1500 manat məbləğində ödəniş həyata keçirmişdir. Halbuki 5726 m3 qaz sərfinin məbləği 1259.72 manat təşkil etmişdir. Əlavə olaraq 2022-ci ilin yanvar ayı üzrə 6856 m3 qazdan istifadə edilsə də, ödəniş həyata keçirilməmiş, lakin 2022-ci ilin fevral ayı üzrə 1635 m3 qazdan istifadə edərək 2900 manat məbləğində ödəniş həyata keçirmişdir. Halbuki istifadə edilmiş qazın dəyəri 359.70 manat təşkil etmişdir. Qeyd edilən faktlar əslində sübut edir ki, iddiaçı qazdan istifadə qaydalarını pozduğunu qəbul etmiş və buna uyğun olaraq qazdan istifadə etməklə bərabər ödənişləri həyata keçirmişdir”.

Tərəflərin izahatları.

4. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, Cavabdeh İB tərəfindən tərtib edilmiş aktı o imzalanmamışdır. Akt onun qardaşının adından imzalanmışdır. Aktın tərtib edilməsindən onun xəbəri olmamış, aktın mövcudluğundan daha sonra xəbər tutmuşdur. Qaz sərfiyyatında görə ödənişlərini vaxtında etmişdir. Onun Cavabdeh İB-yə heç bir borcu yoxdur. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.

5. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş cavabdeh Vəkil iddianı qəbul etməmiş, iddiaya etirazın məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir.

6. Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

İş materialları.

7. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* №-li aktından görünür ki, istehlakçı İddiaçı Həsənağa oğlunun abonent olduğu Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məktəb küçəsi ünvanında yerləşən istixanaya Cavabdeh İB-nin əməkdaşları tərəfindən baxış keçirilmiş, quşçuluq sexində sayğacdankənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olunmuşdur.

8. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* №-li aktından görünür ki, istehlakçı İddiaçı Həsənağa oğlunun abonent olduğu ünvan 4 ünvanında yerləşən sayğaca Cavabdeh İB-nin əməkdaşları tərəfindən baxış keçirilmiş, təbii qazdan sayğacdankənar qeyri-qanuni istifadə edildiyi aşkar olunmuşdur.

9. 10**********000 kodlu abonentin (İddiaçı Həsənağa oğlu) saldosundan görünür ki, abonentə 2021-ci ilin noyabr ayı üçün “qalıq və aktlar” qrafasında “22809.60” yazılmışdır.

10. xx.xx.2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2021-ci il tarixli, ******* nömrəli akt üzrə 103680 m3 həcmində dəymiş zərər hesablanmışdır.

Şahid ifadəsi.

11. Məhkəmə iclasənda şahid qismində dindirilmiş X3 bildirmişdir ki, İddiaçı onun qardaşıdır. Cavabdeh orqan tərəfindən tərtib edilmiş aktlardakı imza ona məxsus deyildir. Onun ümumiyyətlə akt tərtib edilməsindən xəbəri yoxdur. Akt tərtib edildikdən sonra ödənilmiş məbləğlər də sərf edilmiş qaz üçündür.

İşin faktiki halları.

12. Cavabdeh İstehsal Birliyinin əməkdaşları tərəfindən İddiaçı abonent olduğu Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məktəb küçəsi ünvanında “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli və ******* nömrəli aktlar tərtib edilmişdir. Həmin aktlarda 10**********000 abonent kodlu ünvan üzrə təbii qazdan sayğacdankənar, qeyri-qanuni istifadə edildiyi qeyd edilmişdir.

13. Bundan sonra Cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə itirilmiş qazın həcmi (103680 m3) hesablanmış, həmin həcmə uyğun qazın dəyəri (22809.6 manat) akta əsasən borc kimi abonentin hesabına yazılmışdır. Hazırda iddiaçı həmin borcun silinməsini tələb edir.

Tətbiq edilən hüquq.

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 1091. Əsassız varlanma anlayışı. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

15. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 3. İstehlakçıların hüquqları. Azərbaycan Respublikası ərazisində istehlakçılar aşağıdakı hüquqlara malikdir: öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə. Maddə 26. İstehlakçıların hüquqlarının məhkəmə müdafiəsi. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər.

16. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 6. Qaz qurğularına ziyan vuran dəyişmələr.

2. Bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”.

6. İstehlakçıya qazın verilməsinin dayandırılmasının əsasları və qazın alqı-satqı müqaviləsinin ləğvi. 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

19. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikasının Qanunu.

Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.5. istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar.

Məhkəmənin mövqeyi.

20. Yuxarıda qeyd edilmiş normalardan göründüyü kimi istehlakçı tərəfindən təbii qazdan sayğacdankənar, qaz xəttinə qanunsuz qoşulma edilməklə, haqqı ödənilmədən istifadə edilmişdirsə, qazunsuz istehlak edilən qazın dəyəri ödənilməlidir. Lakin bunun üçün ilk növbədə, istehlakçının həqiqətən təbii qazdan qanunsuz qoşulma edərək istifadə etdiyi sübut edilməlidir. Bu halı sübut etmək isə cavabdehin üzərinə düşür.

21. Belə ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələri).

22. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

23. Həmçinin, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır.

24. İş materiallarından görünür ki, İddiaçı Həsənağa oğlunun abonent olduğu Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məktəb küçəsi ünvanında təbii qazdan istifadə qaydalarının pozulmasına dair iki akt tərtib edilmişdir. Aktların hər ikisində də abonent kimi İddiaçı Həsənağa oğlunun adı qeyd edilmişdir. Belə görünür ki, Cavabdeh İB tərəfindən abonentin adı ilə bağlı qeydiyyat düzgün aparılmamışdır, çünki abonentin saldosu və borcun ödənilməsinə dair bildiriş-xəbərdarlıqda da abonentin adı İddiaçı Həsənağa oğlu kimi qeyd edilmişdir. Hər bir halda nəzərə alınmalıdır ki, hər iki tərəf mübahisələndirmədən qəbul edir ki, aktların tərtib edildiyi ünvanda təbii qazdan istifadə edən hazırkı iş üzrə İddiaçıdur. Odur ki, məhkəmə bu aktların abonent İddiaçı istehlakçı olduğu ünvan üzrə tərtib edildiyini hesab edir.

25. Lakin aktlardakı yeganə nöqsan abonentin adı ilə bağlı deyil. Belə ki, iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş aktların heç birində aktın tərtib edildiyi tarix qeyd edilməmişdir. Cavabdeh tərəfindən iddiaya verilmiş etiraza əlavə edilmiş aktda aktın tərtib edildiyi tarix kimi xx.xx.2021-ci il tarixi qeyd edilsə də, iddiaçıda olan aktların əsillərində nəyə görə tarix qeydi olmadığı müəyyən deyil.

26. Həmçinin aktlardan birində istehlakçının nümayəndəsi kimi “Həsənov Elman” adı yazılaraq qarşısında imza çəkilmiş, digərində isə yenə “Həsənov Elman” adı yazılaraq qarşısında “imtina etdi” yazılmışdır. Məhkəmə iclasında şahid kimi ifadə etmiş iddiaçının qardaşı X3 heç bir aktı imzalamadığını, hansısa aktın tərtibindan məlumatsız olduğunu bildirmişdir.

27. Bundan başqa, cavabdehin nümayəndəsi (vəkili) tərəfindən verilmiş iddiaya etirazda qeyd edilmişdir ki: “Həm xx.xx.2021-ci il tarixli ******* №-li aktdan, həm də xx.xx.2021-ci il tarixli tələbnamədən müəyyən olunur ki, istehlakçı İddiaçı Həsənağa oğluna məxsus əmlakda dəymiş ziyan evdə deyil, istixanada vurulmuşdur və abonent kodu **********00003 deyil, 10**********000 saylıdır”. İş materiallarında olan ******* və ******* nömrəli aktların hər ikisində abonent kodu kimi 10**********000 qeyd edilmişdir. Lakin aktlardan birində (0315157) fəaliyyət növü kimi “istixana”, digərində (0315158) “əhali” qeyd edilmişdir. Cavabdehin iddiaya etirazında iddia edilmişdir ki, həmin ünvanda iki tövlədən ibarət quşçuluq sexi və fərdi yaşayış evi var, bu obyektlərin hər birinə ayrı-ayrı abonent kodları verilmişdir. Cavabdehin iddia etdiyinə görə iddiaçıya akt üzrə hesablanmış borc da 10**********000 kodu altında istixanaya verilən təbii qazdan qanunsuz istifadə ilə bağlı hesablanmışdır və evdə **********00003 kodu altında istifadə edilən qaza aidiyyəti yoxdur. Ümumiyyətlə, cavabdeh tərəfindən verilmiş etirazda aktlardan yalnız birinin – ixtixanada təbii qazdan istifadə qaydalarının pozulmasına dair aktın adı çəkilmiş, eyni ünvanda, eyni abonent kodu üzrə “əhali” fəaliyyət növündə tərtib edilmiş aktdan bəhs edilməmiş, dəymiş zərərin yalnız istixanada qanunsuz istehlak olunan qaza görə hesablandığı qeyd edilmişdir. Lakin iş materiallarında olan iddiaçıya ünvanlanmış borcun ödənilməsinə dair xx.xx.2022-ci il tarixli bildiriş-xəbərdarlıqda 21309.6 manat məbləğində borcun məhz **********00003 kodlu (evin kodu) abonentdən tələb edildiyi qeyd edilmişdir.

28. İddiaya etirazda son olaraq ona istinad edilmişdir ki, iddiaçı tərəfindən uzun müddət həmin ünvanda istehlak olunan təbii qazın dəyərindən daha artıq məbləğdə ödəniş həyata keçirilmişdir ki, bu da iddiaçının təbii qazdan istifadə qaydalarını pozduğunu qəbul etdiyini, akta görə hesablanmış borcunu ödəmək üçün artıq ödənişlər etdiyini göstərir.

29. Məhkəmə cavabdehin bu mövqeyi ilə razılaşmır. Belə ki, iddiaçının abonent kimi istifadə etdiyi təbii qazın dəyərindən daha artıq məbləğdə pul ödəməsi ilə onun təqsirli olaraq təbii qazdan istifadə qaydalarını pozması arasında mütləq səbəbli əlaqə yoxdur. Xüsusən nəzərə alınsa ki, iddiaçının təbii qazdan istifadə qaydalarını pozması cavabdeh tərəfindən heç bir mötəbər sübutla təsdiq edilməmişdir, yalnız iddiaçının təbii qazdan istifadəyə görə bir müddət artıq ödəniş etməsi faktı əsasında onu hansısa pozuntunun törədilməsində təqsirli hesab etmək mümkün deyil.

30. Göründüyü kimi iddiaçının təbii qazdan istifadə qaydalarını pozmasını sübut etməyə borclu olan cavabdeh tərəfindən məhkəməyə iddia edilən pozuntunu təsdiq edən sübut kimi yalnız pozuntunun aşkarlanmasına dair akt və dəymiş ziyanın bərpasına dair tələbnamə təqdim edilmişdir ki, bu sənədlərin heç biri əsasında iddiaçının təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsinə gəlmək mümkün deyil. Belə olan halda xx.xx.2021ci il tarixli akta əsasən iddiaçıya borc hesablanması əsassız olmuşdur. Odur ki, iddiaçı həmin akta əsasən hesablanmış borcun – 22809.6 manat silinməsini tələb etməkdə haqlı olmuşdur.

31. Lakin məhkəmə iddia tələbini qalan hissədə əsassız hesab edir. Belə ki, iddiaçıya sözügedən akt üzrə 22809.6 manat məbləğində borc hesablanmışdır. İddiaçı isə 22880.18 manat məbləğində borcun silinməsini tələb etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçıya akt üzrə 22809.6 manatdan daha artıq məbləğdə borc hesablandığı sübut olunmadığından iddiaçının silinməsini tələb etdiyi qalan borc onun istehlak etdiyi təbii qazın dəyəridir. Bu borcun silinməsi isə mümkün deyil. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar.

Məhkəmənin gəldiyi nəticə.

32. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli akta əsasən İddiaçı hesablanmış 22809.6 manat məbləğində borc silinməli, iddia qalan hissədə təmin edilməməlidir.

33. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli akta əsasən İddiaçı hesablanmış 22809.6 manat (iyirmi iki min səkkiz yüz doqquz manat altmış qəpik) məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar