Məhkəmə qərarları › İş №2(010)-6140/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-6140/2021

19.10.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-6140/2021 19.10.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Talıbova Leyla Oruc qızı İddiaçı “əqdin etibarsız hesab olunması və yaşayış sahəsinin ayrılması” tələbinə dair ərizəsinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İM : İddiaçı “əqdin etibarsız hesab olunması və yaşayış sahəsinin ayrılması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək onun razılığı olmadan qanunsuz satılmış mənzilin alqı-satqı müqaviləsinin etibarsız sayılması, iddiaçıya və onun övladlarına həmin mənzildən yaşayış sahəsi ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Aşağıdakı əsaslara görə ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Belə ki, hazırkı ərizədən müəyyən edildiyi kimi, İddiaçı əqdin etibarsız hesab olunması və yaşayış sahəsinin ayrılması tələbi barədə ərizə ilə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, hazırda iddiaçının məhkəməyə təqdim etdiyi ərizəyə əsasən işə məhkəmədə iddia icraatı qaydasında baxılmasına imkan vermir. Belə ki, o, ümumiyyətlə ərizəsində (giriş hissəsində) cavabdehin kim olduğunu qeyd etməmişdir. Məhkəmə iddiaçının diqqətinə çatdırır ki, iddia tələbinə dair ərizə – iddia ərizəsi formasında tərtib edilməlidir və iddia ərizəsinin giriş hissəsində iddia tələbinə aidiyyatı olan tərəflər (iddiaçı, cavabdeh və onların poçt ünvanları) dəqiq göstərilməlidir. Hazırkı məqamda isə iddiaçı qeyri-dəqiq məzmunlu ərizə ilə məhkəməyə müraciət etmişdir. Mülki Prosesual Məcəllənin 149.1.-ci tələbinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Həmin Məcəllənin 149.2.2.-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) ərizədə göstərilməlidir. Bu Məcəllənin 9.2.-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Həmin Məcəllənin 9.3.-cu maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Hesab edirəm ki, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmununa riayət olunmadan mülki işin icraata qəbul edilməsi qeyrimümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Bundan əlavə 01.10.2021-ci il tarixdə qüvvəyə minmiş “X1” Azərbaycan Respublikası Qanunun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilməlidir. Beləliklə ərizədən müəyyən edildiyi kimi ərizə məhkəməyə təqdim edilərkən qanunun qeyd edilən müddəalarına riayət edilməmiş və yuxarıda göstərilən nöqsanlarla ərizə məhkəməyə təqdim edilmişdir. Odur ki, iddia ərizəsi MPM-nin yuxarıda göstərilən tələblərini pozmaqla tərtib edilərək məhkəməyə təqdim edildiyi üçün geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı “əqdin etibarsız hesab olunması və yaşayış sahəsinin ayrılması” tələbinə dair ərizəsi geri qaytarılsın. İddiaçıya hazırkı iddia ərizəsi ilə bağlı nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə ikinci dəfə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar