Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-6143/2025 24.11.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəmənin hakimi Miriyeva Səlimə Miri qızı, İddiaçı “tikintinin dayandırılması və s.” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “tikintinin dayandırılması və s.” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Hövsan qəsəbəsində 983 M saylı bağ sahəsinə hasarla bitişik sahədə qanunsuz tikinti aparılması faktının araşdırılıb tikintinin dayandırılması barədə qərar qəbul edilməsi, tikintinin mövcud tikinti norma və məsafə tələblərinə uyğunlaşdırılması barədə göstəriş verilməsi, mülkiyyət hüquqlarının və şəxsi həyatının toxunulmazlığının təmin edilməsi üçün tədbir görülməsi, cavabdehin şəxsiyyətinin aidiyyəti qurumlardan sorğu edilməklə məhkəmə tərəfindən müəyyən edilməsi, zərurət yaranarsa, ərazidə məhkəmə-tikinti ekspertizası təyin edilməsi, məhkəmə xərclərinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə məhkəməyə təqdim edilərkən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin aşağıda göstərilən tələbləri pozulduğundan iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. 1) Ərizənin xahiş hissəsindən görünür ki, mülkiyyət hüquqlarının və şəxsi həyatının toxunulmazlığının təmin edilməsi üçün tədbir görülməsi, cavabdehin şəxsiyyətinin aidiyyəti qurumlardan sorğu edilməklə məhkəmə tərəfindən müəyyən edilməsi, zərurət yaranarsa, ərazidə məhkəmə-tikinti ekspertizası təyin edilməsi, cavabdehin şəxsiyyətinin aidiyyəti qurumlardan sorğu edilməklə məhkəmə tərəfindən müəyyən edilməsi kimi xahişlər edilmişdir ki, bunların heç biri iddia tələbi deyil. Məhkəmə qeyd edir ki, əgər iddiaçı hansısa şəxs tərəfindən mülkiyyət və ya şəxsi həyatının toxunulmazlığı hüququnun pozulduğunu hesab edirsə, konkret olaraq hansı pozuntudan hansı müdafiə vasitəsilə qorunmaq istədiyini xahişində göstərməlidir. Ekspertiza və məhkəmə xərci ilə bağlı məsələlər isə ümumiyyətlə məhkəmənin həll etdiyi prosessual məsələlərdir və iddia tələbinə aidiyyəti yoxdur. 2) İddia ərizəsində tələbin yönəldiyi şəxs, yəni cavabdeh göstərilməmişdir. Ərizədə qeyd edilmişdir ki, cavabdehin şəxsiyyətini müəyyən etmək üçün görülən tədbirlər nəticə verməmiş, bu səbəbdən yekunda cavabdehin şəxsiyyətinin aidiyyəti qurumlara sorğu edilməklə məhkəmə tərəfindən müəyyən edilməsi xahiş edilmişdir. Məhkəmə isə qeyd edir ki, mülki mühakimə icraatında cavabdehin şəxsiyyəti ilə bağlı bütün məlumatları təqdim etmək iddiaçının vəzifəsidir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir. Göründüyü kimi ərizə yuxarıda qeyd edilmiş nöqsanlarla məhkəməyə təqdim edilmişdir. Belə olan halda ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 149. İddia ərizəsinin forması və məzmunu. 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; Maddə 151. İddia ərizəsinin mümkünlüyü. 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 152. İddia ərizəsinin qaytarılması. 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə. 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, mülki prosessual qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı “tikintinin dayandırılması və s.” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(010)-6143/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-6143/2025
24.11.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver