Məhkəmə qərarları › İş №2(010)-6187/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-6187/2025

27.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-6187/2025 27.01.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, X5 qızının katibliyi, Ərizəçi, Maraqlı şəxsin nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüquq müəyyənedici sənədin ona məxsus olması faktının müəyyən edilməsi” tələbinə ərizəsi üzrə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüquq müəyyənedici sənədin ona məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, bağçılıq-yoldaşlıq cəmiyyətinin siyahısında “Ərizəçi Qocaman oğlu” kimi qeyd edilmiş soyadın ona (Ərizəçi) məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinə ona aid olan torpaq sahəsinin özəlləşdirilməsi üçün müraciət etmişdir. İdarənin ona göndərdiyi xx.xx.2025-ci il tarixli 9-Xİ-3- 3012-46644/2025, **********44 saylı bildirişdə idarənin arxivində saxlanılan bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında, soyadının Ərizəçi əvəzinə “Ərizəçi Qocaman oğlu” kimi göstərildiyi üçün müraciətinin təmin ediləmsindən imtina olunmuşdur. Halbuki, onun doğum haqqında şəhadətnaməsində, şəxsiyyət vəsiqəsində, bağçılıq-yoldaşlıq cəmiyyətinin üzvlük biletində, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş sənəddə adı, soyadı, atasının adı Ərizəçi kimi göstərilmişdir. Hal-hazırda bağçılıq idarəsi fəaliyyət göstərmədiyi üçün o, məhkəməyə müraciət etməli olmuşdur. Tərəflərin izahatları. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi X2 bildirmişdir ki, ərizəyə etirazları yoxdur. Sorğu edilmiş sənədlər məhkəməyə təqdim edilmişdir. Şahid ifadələri. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid1 bildirmişdir ki, ərizəçi həm qonşusu, həm də uzaqdan qohumdur. Ərizəçini zavodda işlədiyi vaxtdan tanıyır, birlikdə işləmişdirlər. Ərizəçinin atasının adı Qəhrəman idi. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid2 bildirmişdir ki, ərizəçini 1985-ci illərdən tanıyır, zavodda bərabər işləmişdirlər, ərizəçinin ata adı Qəhrəman olmuşdur, onu əvvəldən elə tanımışdı İş materialları. xx.xx.1958-ci il tarixdə Ağdam rayon VVAQ bürosu tərəfindən verilmiş İ-İE seriyalı 537140 saylı doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.1958-ci il tarixdə Ağdam şəhərində doğulmuşdur, atası X1, anası X3r. Suraxanı RPİ tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli AZE seriyalı 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi xx.xx.1958-ci il tarixdə Ağdam şəhərində doğulmuşdur, ünvan 1 ünvanda qeydiyyatdadır. xx.xx.2004-cü il tarixdə verilmiş üzvlük vəsiqəsindən (dublikat) görünür ki, Ərizəçi “Bağçılıq Yoldaşlıq Cəmiyyəti”nin üzvü olmaqla, ona Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsindəki A-14 saylı 0.05 ha yer verilmişdir. Onun tərəfindən xx.xx.1999, xx.xx.2000, xx.xx.2000, xx.xx.2001, xx.xx.2002-ci il tarixlərdə müvafiq üzvlük haqqı ödənilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmək Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə Bildirişdən görünür ki, Ərizəçi Bakı şəhəri Suraxanı rayonu Hövsan bağ massivində yerləşən “A-14” saylı torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2025-ci il tarixli müraciətinə baxılmışdır. Müraciətlə əlaqədar olaraq bildirilmişdir ki, idarənin arxivində saxlanılan bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısı ilə təqdim edilmiş sənədlər arasında hüquq sahibinin ata adında uyğunsuzluq mövcuddur. Belə ki, siyahıda ata adı “Qocaman” kimi, sənədlərdə isə “Qəhrəman” kimi qeyd olunmuşdur. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsü barədə A№497534 nömrəli sənəd xx.xx.2014-cü il tarixində Ərizəçi adına yazılmışdır. "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin Arxiv şöbəsi tərəfindən məhkəməyə təqdim edilmiş “Bağçılıq yoldaşlıq təsərrüfatının” qovluğunda olan sənədlərdən görünür ki, 343-cü qovluqda sənədin 51-ci sətrdə “Гусейнов Расим Гаджаман оглы” (Ərizəçi Qacaman oğlunun) adı götərilmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 310. Ərizənin məzmunu və ərizəyə baxılması 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Maddə 311. Məhkəmənin ərizə üzrə qətnaməsi. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı.

6. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktınyəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. 6.1. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. 6.3. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Ərizəçi məhkəməyə ərizə təqdim edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmək Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinin arxivində saxlanılan bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısının “Ərizəçi Qocaman oğlu” kimi göstərilən hissəsində ona məxsus olması faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizədə həmin faktın müəyyən edilməsinin ona nə məqsəd üçün lazım olduğunu onunla əsaslandırmışdır ki, qeyd edilən siyahıda atasının adı səhv yazıldığı üçün, torpaq sahəsinə dair dövlət reyestrindən çıxarış ala bilməmişdir. O, çıxarış almaq üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmək Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin cavab olaraq ona imtina edilmiş və bildirilmişdir ki, yuxarıda adı göstərilən siyahıda atasının adında uyğunsuzluq olduğundan, müraciətin təmin edilməsi mümkün deyil. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ərizəçiyə məxsus bütün sənədlərdə (nəinki şəxsiyyətini və doğumunu təsdiq edən sənədlərdə, eləcə də digər sənədlərdə) onun atasının adı düzgün olaraq “Qəhrəman” kimi göstərilmişdir, bağ sahəsi də ona ayrılaraq adına üzvlük vəsiqəsi təqdim edilərkən atasının adı şəxsiyyətini təsdiq edən sənədlərə uyğun olaraq düzgün yazılmışdır. Həmçinin, iş üzrə çağırılmış şahidlər ərizəçinin ata adının “Qəhrəman” olduğunu təsdiq etmişdirlər. Lakin, yuxarıda adı çəkilən siyahıda ərizəçidən asılı olmayan səbəblərdən atasının adında yanlışlığa yol verilərək “Qəhrəman” əvəzinə kiril qrafikası ilə “Гаджаман” (“Qacaman”) yazılmışdır. Bununla da, həmin siyahıda “Гусейнов Расим Гаджаман оглы” (Ərizəçi Qacaman oğlu) kimi göstərilən hissəsinin ərizəçiyə məxsus olması faktı əhəmiyyət kəsb edir və həmin siyahı hazırda hüquqmüəyyənedici sənəd kimi çıxış edir. Göründüyü kimi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmək Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinin arxivində saxlanılan bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısının “Ərizəçi Qocaman oğlu” kimi göstərilən hissəsində Ərizəçi məxsus olması faktı iş materialları ilə və şahid ifadələri ilə tam sübut edilir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmək Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinin arxivində saxlanılan bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısının “Гусейнов Расим Гаджаман оглы” (Ərizəçi Qacaman oğlu) kimi göstərilən hissəsində Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 311, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizə təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmək Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinin arxivində saxlanılan bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısının “Гусейнов Расим Гаджаман оглы” (Ərizəçi Qacaman oğlu) kimi göstərilən hissəsində Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar