Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-626/2022 05.05.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X4 iclas katibliyi ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi. Ərizəçi maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən 29.01.1977-ci il tarixdə anadan olmuş oğlu X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki: “X1 29.01.1977-ci il tarixdə anadan olmuşdur. O, anadangəlmə ruhi xəstədir. Onun xəstəlik diaqnozu “orta kəmağıllıq imbesillik dərəcəsində, F-71” xəstəliyidir. O, Bakı şəhər Baş Səhiyyə İdarəsi 15 saylı Birləşmiş Şəhər Xəstəxanasının Psixiatriya kabinetində qeydiyyatdadır. X5 ömürlük olaraq 1-ci qrup əlildir. O, psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu şəkildə idarə etmək iqtidarında deyildir. Onun daim kənar şəxsin köməyinə ehtiyacı vardır. X2 üzərində qəyyum təyin edilməsinə dair müraciətimizə Suraxanı rayon İcra Hakimiyyətində bildirildi ki, X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi haqqında məhkəmə qətnaməsi olduqdan sonra baxıla bilər. Ona görə də biz məhkəməyə müraciət edirik”. Tərəflərin izahatları. Məhkəmənin hazırlıq iclasında iştirak edib ərizəni müdadiə edən Ərizəçi daha sonra məhkəməyə ərizə ilə müraciət edərək oğlunun xəstəliyi ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirib ərizənin təmin edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə işə ərizəçinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materialları. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi 15 nömrəli Birləşmiş Şəhər Xəstəxanası tərəfindən verilmiş 30.11.2021-ci il tarixli, 1286 nömrəli arayışdan görünür ki, 29.01.1977-ci il təvəllüdlü Hövsan qəsəbəsi, T.Bayramov ev 28 mənzil 2 ünvanda yaşayan X5 müəssisənin psixiatriya kabinetində 1991-ci ildən dispanser qeydiyyatındadır. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayə Komissiyası tərəfindən verilmiş 15.11.2021-ci il tarixli məktubdan görünür ki, X2 üzərində qəyyum təyin edilməsi üçün şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi olması zəruri olduğundan aidiyyəti məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8 tərəfindən verilmiş 19.03.2022-ci il tarixli, 717 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyinin nəticə hissəsindən görünür ki, X3 ağır dərəcəli əqli gerilik aşkar olunur. BabayevTahir Nadir oğlu öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X2 öz psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas vardır. İşin faktiki halları. Ərizəçi maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən oğlu X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçinin oğlu X2 hər hansı psixi xəstəliyinin olub-olmamasının, eləcə də onun öz hərəkətlərini dərk etmək və idarə etmək imkanının müəyyən edilməsi məqsədilə məhkəmə-psixiatrik ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8 tərəfindən verilmiş müvafiq rəydə göstərilmişdir ki, 29.01.1977-ci il təvəllüdlü X3 ağır dərəcəli əqli gerilik aşkar olunur. O, psixi vəziyyətinə görə öz hərəkətlərini dərk etmək və onları şüurlu idarə etmək iqtidarında deyil. X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə əsaslar vardır. Məhkəmənin hazırlıq iclasında iştirak edən ərizəçi ərizəni müdafiə edərək təmin edilməsini xahiş etmiş, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 28. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti. 28.8. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 305. Məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlər. 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.3. şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında. Maddə 317. Ərizənin verilməsi. 317.2. Məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. 317.3. Şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Maddə 321. Məhkəmənin ərizə üzrə qətnaməsi. 321.1. Şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən fəaliyyət qabiliyyəti məhdudlaşdırılan şəxs üzərində himayəçi təyin etmək üçün əsasdır. 321.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmənin mövqeyi. Psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərini idarə etmək iqtidarında olmayan X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş onun anasının ərizəsi üzrə qaldırılmış və fəaliyyət qabiliyyəti olmayan hesab edilməli olan şəxsin yaşayış yeri üzrə məhkəməyə verilmişdir. Şəxsin psixi vəziyyətini müəyyən etmək üçün keçirilmiş prixiatrik ekspertiza nəticəsində X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilməsi üşün əsaslar olduğuna dair müvafiq rəy verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər qanuni əsas vardır. Məhkəmənin gəldiyi nəticə. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, ərizə təmin edilməli, 29.01.1977-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Şərh оlunаnlаrа əsаsən və MPM-in 216-220, 335-338, 227, 357 və 360-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 29.01.1977-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-626/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-626/2022
05.05.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver