Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-627/2022 04.03.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X3 iclas katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən ona məxsus olan **********10052 saylı abonent koduna cavabdeh tərəfindən əsassız olaraq hesablanmış 2594,60 manat pulun silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ yolu küçəsi 1 saylı evin 31 saylı mənzili mülkiyyət hüququ ilə ona məxsusdur. İş üzrə cavabdeh ona məlum olmayan əsaslarla abonent koduna cəmi 2594,60 manat pul hesablamışdır. Göstərilən pul məbləği təxminən 10 ildən artıq müddətdir ki, ona məxsus olan **********10052 saylı abonent koduna əsassız olaraq hesablanmışdır. Əsassız hesablanmış borcun silinməsi üçün dəfələrlə cavabdehin şifahi və yazılı müraciətlər etsə də heç bir müsbət nəticə olmamışdır. Sonuncu dəfə cavabdeh təşkilat ona 10 avqust 2021-ci il tarixli, 0199/N-192/6047 saylı cavab məktubu ilə əsassız hesablanmış borcun silinməsinin mümkün olmamasını bildirmişdir. Borc məbləğinin hesablandığı müddətdə o, ümumiyyətlə mənzildə yaşamamışdır. Ona məxsus **********10052 saylı abonent koduna cavabdeh tərəfindən əsassız olaraq hesablanmış 2594,60 manat pulu silinməsi barədə qətnamə qəbul edilməsi zəruridir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, cavabdeh "xxxx" ASC tərəfindən ona borc hesablandığı dövrdə nə o, nə də ailəsi Suraxanı rayonunda yaşamamışdır. Belə ki, özü həmin dövrdə Qəbələdə işləmiş, ailəsi isə Şirvanda olmuşdur. Bu dövrdə evi kirayəyə də verməmişlər. Son 3-4 ildə isə ailəsi ilə birlikdə Binə qəsəbəsində yaşamışdır. O, Zığ qəsəbəsində cəmi 7-8 il yaşamış, həmin dövrdə işıq pulunu həmişə ödəmişdir. Bu səbəbdən işıq puluna görə bu qədər borc yığılması mümkün deyil. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək, bildirdi ki, iddiaçının silinməsini tələb etdiyi borc hər hansı aktlara görə hesablanan borc deyil, onun mənzilində sərf edilmiş elektrik enerjisinin dəyəridir və bu borcdan güzəşt edilməsi mümkün deyil. Cavabdeh "xxxx" ASC tərəfindən iddiaçıya məxsus Zığ qəsəbəsində yerləşən mənzilin illər üzrə elektrik sərfiyyatını göstərən cədvəl məhkəməyə təqdim edilmişdir. Bu cədvəldən görünür ki, iddiaçıya hesablanmış borcun 2441.73 manatı ona 2015-ci ilə qədər hesablanmış borcdur. 2015-ci ildən sonrakı illər üzrə də sərfiyyat borcu və abonent ödənişləri cədvəldə göstərilmişdir. İddiaçıdan tələb edilən bütün borc onun sərfiyyat borcudur. Bu səbəbdən hesab edir ki, bu borcun silinməsi üçün heç bir əsas yoxdur. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş müraciətin araşdırılmasına dair 10.08.2021-ci il tarixli məktubda qeyd edilir ki: "…**********10052 nömrəli kod üzrə mənzilin elektrik enerji hesabatı haqqında abunə vərəqi təhlil olunmuş, 02.08.2021-ci il tarixinə sərf olunan elektrik enerjisi sərfiyyatına görə yaranmış 2595,12 manat məbləğində borcun mənzildə istehlak edilmiş, lakin ödənişi aparılmamış elektrik enerjisinin dəyəri olduğu müəyyənləşdirilmişdir. Qeyd edirik ki, mövcud qanunvericilikdə elektrik enerjisi sərfiyyatına güzəşt nəzərdə tutulmadığı üçün müraciətinizi təmin etmək mümkün deyildir”. "xxxx" ASC tərəfindən tərtib edilmiş “abonentin hərəkət cədvəli”ndən görünür ki, İddiaçı məxsus mənzildə elektrik enerjisindən istifadəyə görə 2015-ci ildə (həmin ilə qədər yığılmış borc) 2441.73 manat borc hesablanmışdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi ünvanında yerləşən mənzildə illər üzrə sərf edilmiş elektrik enerjisinə görə cavabdeh "xxxx" ASC tərəfindən borc hesablanmışdır. Həmin borcun silinməsi tələbi ilə məhkəməyə müraciət edən İddiaçı istifadə etdiyi elektrik enerjisinin dəyərini lazımınca ödədiyini, ödənilməmiş borcu qalmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi isə məhkəməyə abonent İddiaçı “hərəkət cədvəli”ni təqdim edərək, bildirmişdir ki, iddiaçıya hesablanmış borc onun illər üzrə elektrik enerjisindən sərfiyyat borcudur və bu borcun silinməsi mümkün deyil. Məhkəməyə təqdim edilmiş bu cədvəldən görünür ki, abonent İddiaçı sərf etdiyi elektrik enerjisinə görə hesablanmış qalıq borcun 2441.73 manatı 2015-ci ilə qədər hesablanmış borcdur. Bu faktı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi də təsdiq etmişdir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin 1 və 2-ci bəndlərinə əsasən, dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. İstehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. 552.1-ci maddəsinə əsasən müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Müddət hesablanarkən müddətin başlandığı gün nəzərə alınmır. Öhdəliyin məzmunu hərəkətsizlikdirsə, müddət bu öhdəliyin yerinə yetirilmədiyi andan başlanır. 554.1-ci maddəsinə əsasən müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. Göründüyü kimi, vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir və öhdəliyə xitam verilir. Hazırkı iş üzrə vaxtaşırı ödənişlərin ayda bir dəfə edildiyi nəzərə alınsa iddiaçıdan beş ildən əvvəlki dövr üçün hesablanmış borc tələb edilə bilməz. Çünki həmin illərlə bağlı iddiaçının öhdəliklərinə xitam verilmişdir. Məhkəmə tərəflərin diqqətinə çatdırır ki, öhdəliklərin xitamı üçün müddət və iddia müddəti fərqli anlayışlardır. Odur ki, borclu şəxsin borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımının kəsilməsi ilə bağlı qeyd edilənlər yalnız iddia müddətinə aiddir və hazırkı işə aidiyyəti yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı elektrik enerjisindən istifadəyə görə 2015-cı il və ondan əvvəlki dövrə hesablanmış borc onun hesabından silinməlidir. Məhkəməyə təqdim edilən cavabdeh orqan tərəfindən tərtib edilmiş cədvəldən görünür ki, iddiaçıya 2015-ci ilə qədər hesablanmış sərfiyyat borcu 2441.73 manatdır. Odur ki, bu borc iddiaçının hesabından silinməlidir. Lakin qalan borc sərf edilmiş elektrik enerjisinin dəyəri olduğundan iddiaçı tərəfindən ödənilməlidir. Nəzərə alınmalıdır ki, məhkəməyə təqdim edilmiiş cədvəldən görünür ki, iddiaçı 2016-cı ildə hesablanmış elektrik enerjisindən sərfiyyat borcunu artıqlaması ilə ödəmişdir. Lakin 2017, 2019, 2020 və 2021-ci illərdə xırda da olsa ödənilməmiş sərfiyyat borcu qalmışdır. Həmin illər üzrə isə öhdəliklərə xitam verilməsi müddəti tətbiq edilə bilməz. Bu səbəbdən cavabdeh orqan həmin illər üzrə borcu iddiaçıdan tələb etməkdə haqlıdır. Belə ki, “Elektrik enerjisindən istifadə qaydalarının”: 7.6-cı bəndinə görə enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri-cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemləri ilə və s. qanunvericilikdə nəzərdə tutlmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerji təchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətdə plan üzrə dəyişdirilir və istismar edilir. 7.9-cu bəndinə görə məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması üçün hər bir yaşayış sahəsi, o cümlədən yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğacla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. 8.1-ci maddəsinə əsasən, dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Elektrik enerjisinin qiymətləri (tariflər) “Elektroenergetika haqqında”, “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər normativ sənədlərə uyğun olaraq dövlət tərəfindən tənzimlənir. 8.2-ci maddəsinə əsasən, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Hazırkı halda məhkəmə hesab edir ki, 2015-ci ilə qədər öhdəliklərə müddətin keçməsi ilə əlaqədar xitam verildiyi halda iddiaçıdan həmin dövrə görə pul tutulmamalıdır. Odur ki, məhkəmə hesab edir ki, həmin dövrə görə hesablanmış 2441.73 manat məbləğində borc iddiaçının hesabından silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə əsasən, məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinin tələbinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Dövlət Rüsumu” haqqında Azərbaycan Respublikası Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı hesablanmış 2441.73 manat (iki min dörd yüz qırx bir manat yetmiş üç qəpik) borc onun hesabından silinməli, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsаsən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı hesablanmış 2441.73 manat (iki min dörd yüz qırx bir manat yetmiş üç qəpik) borc onun hesabından silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-627/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-627/2022
04.03.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver