Məhkəmə qərarları › İş №2(010)-6309/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-6309/2021

28.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-6309/2021 28.12.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, Ərizəçi1 və Ərizəçi2 etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 (maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz ərazi İdarəsi) hüquqi əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək torpağın mülkiyyətə verilməsinə dair JN-464 KOD 30304028 nömrəli Dövlət Aktının anaları X3 məxsus olması ilə yanaşı Ərizəçi2 və Abasəliyeva (Mirzəyeva) Gülran Tərlan qızına məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi1 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Quba rayon Aqrar İslahatı Komissiyasının 24 fevral 2000-ci il tarixli 02 saylı qərarı ilə Torpağın mülkiyyətə verilməsinə dair JN-464 KOD 30304028 nömrəli Dövlət Aktına əsasən ailə üzvlərinə kənd təsərrüfatı məqsədi ilə 0,68 ha torpaq sahəsi verilmişdir. Lakin torpağın mülkiyyətə verilməsinə dair JN-464 KOD:30304028 nömrəli Dövlət Aktında texniki səhvə yol verilərək Abasəliyeva (Mirzəyeva) Gülran Tərlan qızı əvəzinə X14 və Ərizəçi2 əvəzinə isə X5 qeyd olunmuşdur. Dövlət Aktında qeyd olunmuş adda yaranmış uyğunsuzluğu aradan qaldırmaq və düzəlişin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etsələr də, onların səlahiyyətlərinə aid olmadığı ilə bağlı 04 avqust 2021-ci il tarixli imtina məktubu almışlar. Dövlət Aktında yanlışlığı aradan qaldıra bilmədikləri üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Qeyd olunanlara əsasən ərizənin təmin olunmasını xahiş etmişdir. Ərizəçi2 etibarnamə üzrə nümayəndəsi X7 izahat verərək bildirmişdir ki, torpaq sahəsinin özəlləşdirilməsi üçün daşınmaz əmlakın dövlət reyestr xidmətinə müraciət etmiş, lakin torpağa mülkiyyət hüququna dair dövlət aktında yanlışlığa yol verilmişdir. Belə ki, dövlət aktında Abasəliyeva (Mirzəyeva) Gülran Tərlan qızı əvəzinə X14 və Ərizəçi2 əvəzinə isə X5 qeyd olunmuşdur. Həmin dövlət aktında baş vermiş texniki səhvin aradan qaldırılması üçün müraciət etsə də, həmin səhvin aradan qaldırılması mümkün deyildir. Odur ki, ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxsə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin və ərizəçinin nümayəndəsinin izahatlarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Ərizəçi2 ünvanlanmış 13.09.2021-ci il tarixli məktubundan müəyyən olunur ki, onun və ailə üzvlərinin adına olan 0.68 ha torpaq sahəsinə JN-464 KOD 30304028 saylı “Torpağa Mülkiyyət hüququna dair dövlət aktı” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi idarəsinə təhvil verilmiş dövlət aktlarının verilməsi kitabından qeydiyyatdan keçmiş, DVJ məlumatlarında öz əksini tapmışdır. İş materiallarına əlavə olunmuş Torpağa Mülkiyyət hüququna dair J N-li 464 KOD 30304028 saylı Dövlət Aktının surətindən müəyyən olunur ki, 0.68 ha kənd təsərrüfatı məhsulları istehsalı barədə torpaq sahəsi X1, X8 və X9 adlarına qeydiyyatdan keçmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz ərazi İdarəsi tərəfindən X3 ünvanlanmış 04.08.2021-ci il tarixli məktubundan müəyyən olunur ki, DT və XK-si tərəfindən verilmiş JN-0464 KOD 30304028 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət aktında qeyd olunmuş hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişin həyata keçirilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. İş materiallarında olan 315880 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi2 xx.xx.1983-cü il tarixdə anadan olmuş, X4, anası X2r. İş materiallarına əlavə edilmiş 315803 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X12 xx.xx.1980-cı il tarixdə anadan olmuşdur. X4, anası X2r. İş materiallarına əlavə edilmiş Suraxanı rayon VVADQ Şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X19 ilə X12 14.09.2005-ci il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra arvada Mirzəyeva, ərə Mirzəyev soyadı verilmişdir. İş materiallarında olan Asan 4 tərəfindən verilmiş AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi1 ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən X3 ünvanlanmış 28.12.2021-ci il tarixdə verilmiş məktubdan müəyyən olunur ki, X1 04.09.1979-cu il tarixdə (a/q 33) 03.03.1952-ci il təvəllüdlü X17 ilə Quba rayon Alekseyevka icra nümayəndəliyində nikaha daxil olduğu məlum olmuş və “Abasəliyeva” soyadını götürdüyü məlum olmuşdur. Məsələ ilə bağlı adı çəkilən qeydiyyat şöbəsi ilə əlaqə saxlanılmış, nikahın pozulmasına dair isə heç bir qeyd aşkar olunmamışdır. xx.xx.1980-ci il təvəllüdlü X6 doğumu 04.08.1980-ci il tarixdə 67 saylı aktla və xx.xx.1983-cü il təvəllüdlü Ərizəçi2 doğumu 02.09.1983-cü il tarixdə 66 saylı aktla Quba rayon Alekseyevka icra nümayəndəliyində dövlət qeydiyyatına alınmışdır. X10 ölümünün 23.09.1987-ci il tarixdə 488 saylı aktla Suraxanı rayon qeydiyyat şöbəsində dövlət qeydiyyatına alındığı aşkar olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını məhkəmə müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bu Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsüməhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. 6.1.Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. 6.2.Eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. 6.3.Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. MPM-nin tələbinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, hüquqi faktın müəyyən edilməsi şəxsin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsinə, dəyişməsinə və xitam olunmasına səbəb olduğundan ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədikdə, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmadıqda məhkəmə hüquqi əhəmiyyəti olan faktları müəyyən edə bilər. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Quba rayon Aqrar İslahat Komissiyasının 24 fevral 2000-ci il tarixli 02 saylı qərarı ilə torpağa mülkiyyət hüququna dair JN-464 KOD 30304028 nömrəli dövlət aktında X3, X11, X13 cizgidə göstərilən sərhəd daxilində kənd təsərrüfatı məqsədi ilə 0,68 ha torpaq sahəsi verilmişdir. Lakin torpağa mülkiyyət hüququna dair dövlət aktında texniki səhvə yol verilmiş, X12 əvəzinə X14 və Ərizəçi2 əvəzinə isə X5 qeyd olunmuşdur. Ərizəçilər Dövlət aktında qeyd olunmuş hüquq sahiblərinin ad və soy adlarında yaranmış uyğunsuzluqların aradan qaldırılması və düzəlişlərin həyata keçirilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etsə də, bundan imtina olunaraq məhkəməyə müraciət olunması tövsiyə olunmuşdur. Məhkəmə hesab edir ki, ərizəçilərin doğum haqqında şəhadətnamələrində və şəxsiyyət vəsiqələrində ad, soyad və ata adlarında X12 və Ərizəçi2 kimi qeyd olunduğundan və dövlət aktında texniki səhvə yol verildiyindən Quba rayon Aqrar İslahat Komissiyasının 24 fevral 2000-ci il tarixli 02 saylı qərarı ilə torpağa mülkiyyət hüququna dair JN-464 KOD 30304028 nömrəli dövlət aktının Ərizəçi2 və Abasəliyeva (Mirzəyeva) Gülran Tərlan qızına məxsus olması faktı müəyyən olunmalıdır. Məhkəmə hesab edir ki, dövlət aktının X3 məxsus olması hissəsi mübahisələndirilmədiyindən həmin hissədə ərizə təmin oluna bilməz. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-311-ci və 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: Ərizə qismən təmin edilsin. Quba rayon Aqrar İslahat Komissiyasının 24 fevral 2000-ci il tarixli 02 saylı qərarı ilə torpağa mülkiyyət hüququna dair JN-464 KOD 30304028 nömrəli dövlət aktının Ərizəçi2 və Abasəliyeva (Mirzəyeva) Gülran Tərlan qızına məxsus olması faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar