Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-65/2022 21.01.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Cəfərova Səltənət Ələsgər qızının katibliyi ilə, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X3, Cavabdeh MTK-nin etibarnamə üzrə nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı müqavilə üzrə öhdəçiliklərin yerinə yetirilməsi vəzifəsinin həvalə olunması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi vəzifəsinin həvalə olunması haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, CavabdehMTK-i 'tərəfindən inşa edilmiş Suraxanı rayonu, Qaraçuxur ŞTQ-si 4048/49 ünvanda yerləşən 2-ci blok, 16-cı mərtəbə, ümumi sahəsi 99.08 kv.m. olan 79 saylı 3 otaqlı mənzillə bağlı aparılan təmir işlərinə əsassız müdaxilənin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasına iştirak edən İddiaçı etibrnamə üzrə nümayəndəsi və vəkili X6 Cavabdeh ilə 17 fevral 2020-ci il tarixdə müqavilə bağlamış və cavabdeh tərəfindən inşa edilmiş Suraxanı rayonu Qaraçuxur qəsəbəsi ŞTQ-si 4048/49 ünvanda inşa edilmiş yüksək mərtəbəli yaşayış binasının 16-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 99,08 kv.m. olan 79 saylı, 3 otaqlı mənzilin dəyəri olan 54494 (əlli dörd min dörd yüz doxsan dörd) manat pul vəsaitin ödəmiş və 17 fevral 2020-ci il tarixdə cavabdeh tərəfindən maliyyə vəsaitinin tam ödənilməsi barəsində arayış verilmişdir. Hazırda sahibliyində və istifadəsində olan mənzillə bağlı apardığını təmir işlərinə cavabdeh müdaxilə edir və bunun səbəbini izah etmir. 10.10.2020-ci il tarixdə cavabdehə müraciət etmiş: Kassa mədaxil qəbzinin verilməsi; Təmirlə bağlı əsassız müdaxilənin dayandırılması və sair iradlarına cavab verilməsini xahiş etsəm də müəyyən edilmiş zaman daxilində cavab ala bilməmişdir. Məhkəmənin iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X6 iddia ərizəsində qeyd edilənlərə uyğun izahat verib bildirdi ki, iddiaçı tərəfindən evin qiyməti, yəni 73220 manat məbləğində pul tam şəkildə Cavabdeh MTK-ya ödənilib, ödəniş qəbzi olmasa da, cavabdeh tərəfindən məbləğin tam şəkildə ödənilməsi barədə arayış var. Ustalar evdə təmir işləri görmək istədikdə ustaların işinə maneə yaradılır. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən Cavabdeh MTK-nin vəkili X5 iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, işin hallarını və sübutları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - 17.02.2020-ci il tarixli, № 079003 saylı müqavilənin surətindən görünür ki, Cavabdeh MTK İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ŞTQ-si 4048/49 ünvanda inşa edilmiş yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 16-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 99,08 kv.m olan 79 saylı mənzil izolə olunmuş 3 otaqdan ibarət mənzil verir. Müqavilə üzrə məzilin dəyəri bir kv.m sahə üçün 550 AZN təşkil edir. Cəmi 99.08 kv.m sahəsi üçün 54494 AZN təşkil edir. Bu müqavilənin ödənişi yalnız kassa mədaxil qəbzi ilə əsas sayılır. Bu müqavilə ilə müəyyən olunmuş yuxarıda göstərilən mənzilin qiymətinin bir hissəsi, müqavilə qiymətinin 100 % miqdarında, yəni 54494 AZN məbləğində ödənilib. “Payçı” göstərilən məbəğin qalan hissəsinin ödənişi, “İcraçı” ya tikinti materialları (armatur və beton) verərək ödəyəcəkdir. - 17 fevral 2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ŞTQ-si 4048/49 ünvanda inşa edilmiş yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 16-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 99,08 kv.m olan, 3 otaqlı, 79 saylı mənzilin dəyəri Cavabdeh MTK-ya tam ödənilmişdir. 06.05.2021-ci il tarixli məhkəmə iclasında şahid kimi dindirilmiş X2 izahatında işlə bağlı məlumatının olduğunu, sözügedən mənzilə qum apardıqlarını, 13-cü mərtəbədə və 16-cı mərtəbədə 2 mənzilin olduğunu, 16-cı mərtəbədə mənzilə qum və sement qoyduqlarını, səhəri gün binanın komendantının oraya gələrək işin dayandırılmasını demişdir. Komendant onlara təşkilat pulunun qaldığını, onlara ödənilməyən borcun qaldığını bildirmişdir. MTK-nın pulu tam ödənilmişdir, belə ki həmin evin pulu ödənilməsə idi ev təhvil verilməzdi. 06.05.2021-ci il tarixli məhkəmə iclasında şahid kimi dindirilmiş X7 izahatında, Yusif müəllimin iş təklifi etdiyini, belə ki, həmin binanın yaşayış binası olduğunu və Günəşli qəsəbəsində yerləşdiyini bildirmiş, onun da gedərək işlədiyini, 13-cü və 16-cı mərtəbələrdə olduqlarını, 16-cı mərtəbəyə qum və sement apardıqlarını, sonradan Yusif müəllim onlara işi dayandırmalarını söyləmişdir. 16-cı mərtəbədə ilk gündə qum və sement daşıdıqlarını, ikinci gündə günortaya qədər işlədiklərini sonradan işi dayandırdıqlarını bildirmişdir. 06.05.2021-ci il tarixli məhkəmə iclasında şahid kimi dindirilmiş X4 izahatında, usta yanında fəhlə kimi işlədiyini, mübahisələndirilən mənzillərin Əhmədli metrosu yaxınlığında yerləşdiyini, sözügedən mənzillərdə 2 gün işlədiyini, birinci gün mənzillərə yükləri daşıdıqlarını, ikinci günü isə onlara briqadir tərəfindən 16-cı mərtəbədəki mənzildən çıxmalı olduqları bildirilmişdir. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh MTK arasında mənzilin alqı-satqısı ilə bağlı müqavilə imzalanmışdır. İddiaçı tərəfin dəlili ondan ibarətdir ki, mənzilin dəyərini tam ödəməsinə baxmayaraq cavabdeh kooperativin əməkdaşları ona mənzildə təmir işləri aparmağa imkan vermir. Mənzildə təmir işlərinin aparılmasına maneənin olub-olmaması məsələsini araşdırmadan öncə, məhkəmə iddiaçının həmin mənzillə bağlı hazırkı iddianı irəli sürməyə subyektiv hüququnun olub-olmamasının müəyyən edilməsini zəruri hesab edir. Tərəflər arasında bağlanmış 17 fevral 2020-ci il tarixli, 079003 № li müqavilənin Ödəniş haqqının məbləği və ödəniş qaydasını tənzimləyən İV bəndində qeyd edilib ki, müqavilənin ümumi dəyəri 54494 manat təşkil edir. (4.1) Müqavilədə bir tərəfdən ödənişin yalnız kassa mədaxil qəbzi ilə əsas sayılması qeyd edilmiş, digər tərəfdən müqavilə qiymətindən 100 % miqdarında, yəni 54494 manatın ödənildiyi qeyd edilmişdir. Eyni zamanda mənzilin dəyərinin tam ödənilməsi ilə bağlı cavabdeh tərəfindən iddiaçıya arayış (maliyyə arayışı) verilmişdir. Mülki Məcəllənin: 404.1-ci maddəsinə görə müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2-ci maddəsinə görə bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 404.3-cü maddəsinə görə əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. 404.4-cü maddəsinə görə müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. 404.5-ci maddəsinə görə qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. Tərəflər arasındakı müqavilə təfsir edilərkən müəyyən olunur ki, bu müqavilə tikinti kooperativi ilə payçı arasında mənzilin alqı-satqısı barədə bağlanmış standart müqavilədir. Yalnız, müqavilədə qiymətin 100 % miqdarında ödənildiyi qeyd edilmişdir. Həmçinin, ödənişin yalnız kassa mədaxil qəbzi ilə əsas sayıldığı bildirilmişdir. Məhkəmə müqavilənin bu hissəsini yuxarıda qeyd edilmiş maddi hüquq normaları baxımından təfsir edilməli olan hissə kimi qəbul edir. Çünki, həm iddiaçı tərəf tələbinin əsası kimi bu şərtlərə istinad edir, həm də cavabdeh etirazının əsası kimi bu şərtlərə istinad edir. Məhkəmə mülki dövriyyədə bu tip hüquq münasibətləri ilə bağlı formalaşmış işgüzar adətləri və ümumilikdə müqavilənin digər şərtlərini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən müqavilədə göstərilmiş mənzilin dəyəri ödənilmişdir. Payçının icraçıya dəyərin qalan hissəsinin tikinti materialları şəklində ödəməli olması müddəsı, dəyərin hansı hissəsinin nəzərdə tutulduğu, tikinti materiallarının hansı həcmdə verilməli olması göstərilmədiyinə görə (ondan əvvəl qeyd edilmişdir ki, müqavilə üzrə mənzilin dəyəri 54494 AZN-dir, müqavilə qiymətindən 100 % yəni 54494 AZN ödənilib) qeyri-müəyyən müddəa kimi cavabdehin əleyhinə təfsir edilir. Çünki, bu müqavilə cavabdeh kooperativ tərəfindən tərtib edilmiş standart müqavilədir. Mülki Məcəllənin 419.2-ci maddəsinə görə müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir. Məhkəmə bu nəticəyə gələrkən cavabdeh tərəfindən iddiaçıya mənzilin tam dəyərinin ödənilməsi barədə arayışın verilməsini də nəzərə alır. Beləliklə, müəyyən edilir ki, iddiaçının hazırkı iddianı irəli sürməkdə subyektiv hüququ vardır. Çünki o mübahisəli mənzilə məhdud əşya (istifadə - sahiblik) hüququna malikdir. İddiaçıya mənzilin təmiri zamanı cavabdeh tərəfindən yaradılan maneənin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, hər iki tərəfin izahatları və şahid ifadələri ilə müəyyən edilir ki, bu maneə iddiaçının sifarişi ilə mənzili təmir etməyə gələn ustaların həmin mənzilə buraxılmamasından ibarətdir. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə görə isə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iddia əsaslıdır və cavabdeh tərəfindən mənzillə bağlı aparılan təmir işlərinə törədilən maneələr aradan qaldırılmalıdır. Çünki, iddiaçının mənzilə məhdud əşya hüququ vardır və o bu hüququna əsaslanmaqla cavabdehdən təmir işlərinə yaradılan maneənin aradan qaldırılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddia təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin qeyd edilən maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən inşa edilmiş Bakı şəhəri, Suraxanı rayonu Qaraçuxur qəsəbəsi ŞTQ-si 4048/49 ünvanda inşa edilmiş yüksək mərtəbəli yaşayış binasının 16-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 99,08 kv.m. olan 79 saylı, 3 otaqlı mənzillə bağlı aparılan təmir işlərinə Cavabdeh tərəfindən törədilən maneələr aradan qaldırılsın. Ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativindən tutularaq İddiaçı oğluna ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №2(010)-65/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-65/2022
21.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver