Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-66/2025 28.01.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2023-cü ildə Bakı şəhəri 10 saylı notariat kontorunda onunla Cavabdeh arasında bağlanmış AN-İ 628345 nömrəli, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilənin hüquqi nəticəsi olaraq Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evini ¼ hissə pay üzərində mülkiyyət hüququna dair qeydiyyatın ləğv edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırılması. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1956-cı ildə Bakı şəhərində doğulmuşdur, uzun müddətdir (40 ilə yaxındır) ruhi xəstədir, diaqnoz: şizofreniya paranoid forma fasiləsiz gedişli. Əmək qabiliyyətsizdir. Daim kənar şəxsin qulluğuna ehtiyacı vardır. Cavabdeh təkidi ilə üçüncü şəxs olan arvadı X6 və Cavabdeh məzmununu başa düşmədiyi, hüquqi nəticələrini anlamadığı etibarnamələr vermişdir. Həmin etibarnamələrin nə ilə nəticələnəcəyini başa düşməmişdir. Həmin etibarnamələr əsasında Cavabdeh onun adından anası Sona Mahüseyn qızından miras qalmış əmlakın % hissəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün notariat kontoruna onun nümayəndəsi kimi müraciət etmiş, Sona Mahüseyn qızının 8 uşağı olmasına və miras əmlakı faktiki olaraq mərhum qardaşı X3 arvadı X12 qəbul etməsinə baxmayaraq onun adına ¼ payla ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə çıxartdırmış, sonra isə həmin əmlakı öz adına keçirtmək üçün arvadı X6 verdiyi məzmununu və nəticələrini anlamadığı etibarnamə əsasında AN-İ 628345 nömrəli, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsini imzalayaraq həmin əmlakın 1/4 hissəsini öz mülkiyyətinə keçirmişdir. Bütün bunlar ona Cavabdeh qardaşı X4 və digər qohumlarının evinə gələrək miras əmlakda olan paydan imtina etmələri barədə notariusa ərizə vermələrini tələb etdikdən sonra qohumlarının vəkil sorğusuna verilən cavabdan müəyyən edilən məlumatdan sonra məlum olmuşdur. Halbuki, o, miras əmlakı faktiki qəbul etmədiyi üçün ondan pay almaq niyyətində olmamış və sonradan da onu Cavabdeh satmaq niyyətində də olmamışdır. Nə o, nə də etibarnamə əsasında nümayəndəsi olmuş X13 (arvadı) latın qrafikası ilə yaza bilmirlər, yazılanı da oxuya bilmirlər. Eyni zamanda notariusda tərtib olunan sənədləri - etibarnamələri və digərlərini notarius onun üçün oxumamış və hüquqi nəticələr ona izah edilməmişdir. Onun mirasda olan payını satmaq, ümumiyyətlə həmin payı qəbul etmək niyyəti olmamışdır, həmin müqavilə onun iradə ifadəsini əks etdirmir və iradə ifadəsinə ziddir. Tərəflərin izahatları. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək bildirmişdir ki, iddia ərizəsində göstərilənlər sübutlarla təsdiq olunur. Aslan fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Əyani müayinə olunub, xəstə olduğu müəyyən olunub. İşdə bütün sübutlar var. Cavabdeh tərəfindən ehtimallar irəli sürülür. Onları təkzib edən CD disk var. Cavabdeh iddianın rədd edilməsini xahiş edərək bildirmişdir ki, Aslanın pensiyasını kəsiblər. Videodakı Fərhaddır. 90 sotu veriblər. Rənanın evinin verildiyini deyirlər. Lakin orada Rənanın evi yoxdur. İddiaçı anlaqsız vəziyyətdə olsaydı, ərizə yazıb məhkəməyə müraciət edə bilməzdi. 1-ci qrup əlilliyi də əlindən alınıb. O, hazırda 2-ci qrup olduğunu deyir, bəlkə də ümumiyyətlə əlillik əlindən alınıb. Sənədlərdən görünür ki, ev ümumiyyətlə yoxdur. Güloğlan Məmmədov ora mühafizə qoyub, heç kəsi buraxmır. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı Şəhəri 10 Saylı Dövlət Notariat Kontoru məhkəməyə ərizə ilə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X6 və Azərbaycan Respublikasinin İqtisadiyyat Nazirliyi Yaninda Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakin Dövlət Kadastrı Və Reyestri X23 1 Nömrəli Bakı Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. İş materialları. xx.xx.2023-cü il tarixli, AN-İ № ******* saylı “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin surətindən görünür ki, satıcı X14 ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 40 kv/m olan fərdi yaşayış evinin paylı mülkiyyət üzrə onlara məxsus ¼ hissəni alıcı Cavabdeh mülkiyyətinə verir. Həmin müqavilənin 4-cü bəndinə əsasən, satıcı mənzili 9000 manata satdı, alıcı isə həmin qiymətə aldı. X7 əvəzinə müqaviləni X13 imzalamışdır. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən İddiaçı barədə verilmiş xx.xx.2003-cü il tarixli məlumatda göstərilmişdir ki, ona xx.xx.1992-ci il tarixində müddətsiz birinci dərəcəli əlillik verilmiş, “şizofreniya paranoid forma fasiləsiz gedişli” diaqnozu qoyulmuşdur. Qeyd edilir ki, əmək qabiliyyətsizdir. Daim kənar şəxsin qulluğuna ehtiyacı vardır. İş materiallarında olan Bakı Şəhəri 10 Saylı Notariat Ofisinin 481 saylı 25 dekabr 2023-cü il tarixli cavab məktubundan görünür ki, notariat əməliyyatı aparılan günü, yəni xx.xx.2023-cü il tarixdə onun arvadı X13 onun otağına daxil olaraq bildirdi ki, ərinin mülkiyyətində olan əmlaka dair bağışlanma müqaviləsi bağlamaq istəyirlər, lakin əri xəstə olduğu üçün gözləyə bilmir. Onun adından ona ümumi etibarnamə verilsin, müqaviləni o, imzalasın. Həmin vaxt iddiaçı ümumi zalda oturmuşdu, o, kameradan görürdü. Xəstə olduğuna görə ona narahatçılıq verməmək məqsədi ilə özü ona yaxınlaşdı və arvadının xahişini ona dedi, etibarnamənin məzmunu və hüquqi nəticələri barədə hər tərəfli məlumat verdi. O, da xəstə olduğu üçün ona əziyyət verdiyinə görə üzr istədi və arvadına etibarnamə əsasında (bütün səlahiyyətlər daxil olmaqla) onu təmsil etməsinə etiraz etmədiyini bildirdi. Onun razılığından sonra xx.xx.2023-ci il tarixdə saat 13:15-də etibarnaməni rəsmiləşdirmişdir. Həmin günü saat 13:15-də mübahisələndirilən müqaviləni təsdiq etmişdir. Həmin vaxt İddiaçı notariat ofisində deyildi, etibarnaməni imzaladıqdan sonra onu evə aparmışdılar, ona görə də müqaviləni etibarnamə əsasında X13 imzaladı. Onun psixoloji xəstə olmasına gəldikdə, qeyd etmişdir ki, o, onunla lazımı qaydada ünsiyyətdə olmuş, belə hal müşahidə etməmişdir. İş materiallarında olan 42-59 saylı notariat işinin surətindən görünür ki, xx.xx.2023-cü il tarixli AR-İİİ № 048801 etibarnamə üzrə, İddiaçı tərəfindən X6 müəyyən səlahiyyətlərin həyata keçirilməsi, o cümlədən qanunla icazə verilmiş bütün əqdlərin bağlanması üçün etibarnamə verilmişdir. Həmin notariat işindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X23 tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil və yaşayış məntəqələrinin torpaqları xüsusi mülkiyyət kimi ¼ hissə payı olmaqla İddiaçı adına xx.xx.2023-cü il tarixində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Digər ¾ hissə payı açıq qalmaqla hüquq sahibi Sona Mahüseyn qızıdır. İş materiallarına əlavə olunmuş xx.xx.2017-ci il tarixli notarial qaydasında təsdiq edilmiş mövcud borcun etirafı haqqında mücərrəd müqaviləsinin surətindən görünür ki, X2 Esmirə Rustam qızına 99000 manat borclu olduğunu etiraf etmişdir. Həmin borcu 2018-ci il iyun ayının 26-dək qaytaracağını öhdəsinə götürmüşdür. xx.xx.2017-ci il tarixli, AN-İ № ******* saylı “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin surətindən görünür ki, satıcı İddiaçı Bakı şəhəri, Əzizbəyov rayonu, Xaşa- Xuna bağ sahəsi, 62 b saylı bağ sahəsində yerləşən 1200 kv.metr torpaq sahəsini alıcı X1 mülkiyyətinə verir. Həmin müqavilənin 4-cü bəndinə əsasən, satıcı mənzili 6840 manata satdı, alıcı isə həmin qiymətə aldı. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X23 tərəfindən göndərilmiş xx.xx.2024-cü il tarixli 9272 saylı cavab məktubundan görünür ki, İddiaçı arxiv məlumatına görə adı göstərilən xəstəxanada müalicə olmamışdır. Azərbaycan Respublikasi "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X23 "Bakı Baş Səhiyyə Mərkəzi" X23 Suraxanı Sağlamlıq Mərkəzi tərəfindən göndərilmiş 3 avqust 2024cü il tarixli cavab məktubundan görünür ki, İddiaçı son 10 ildə müəssəyə hər hansı bir xəstəliyə görə müraciət etməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X27 tərəfindən (ekspert həkim-psixiatr X8) verilmiş xx.xx.2024-cü il tarixli, 880 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyinin nəticə hissəsindən görünür ki, İddiaçı şizofreniya paranoid form xroniki psixi xəstəliyi aşkar olunur. İddiaçı psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini şüurlu idarə etmək iqtidarında deyildir. İddiaçı psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsaslar var. Suraxanı rayon Məhkəməsinin 2(010)-1066/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə ərizə təmin edilmiş, xx.xx.1956-ci il təvəllüdlü İddiaçı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi qət edilmişdir. AR DİN Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, Cavabdeh Rüstəm qızına onun şikayəti əsasında cinayət işini başlandığı ilə bağlı məlumat verilmişdir. Cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli Qərardan görünür ki, cinayət işinin başlanması və icraata qəbul edilərək istintaqının aparılması qərara alınmışdır. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X23 “Bakı Baş Səhiyyə Mərkəzi” X23 Suraxanı Sağlamlıq Mərkəzi tərəfindən göndərilmiş 14 avqust 2024-cü il tarixli 210 saylı cavab məktubundan görünür ki, ünvan 2 ünvanında yaşayan xx xxxx 1956-cı il təvəllüdlü İddiaçı həqiqətən 08 iyul 1971-ci il tarixdən Suraxanı Sağlamlıq Mərkəzində (12 saylı BSX) qeydiyyatdadır. 1982-ci ildən sonra xəstəxanaya heç bir xəstəliklə bağlı müraciət etməmişdir. Azərbaycan Respublikası Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.2024-cü il tarixli 160 saylı Sərəncamı ilə vətəndaş X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş atası xx.xx.1956-cı il təvəllüdlü İddiaçı üzərində qəyyum təyin edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasi Səfərbərlik Və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı Şəhəri Suraxanı Rayon İdarəsi tərəfindən göndərilmiş 16 sentyabr 2024cü il tarixli cavab məktubundan görünür ki, 1956-cı il təvəllüdlü istifadə olan əsgər İddiaçı həqiqətən 11.1974-cü il tarixdən 11.1976-cı il tarixədək SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X27 tərəfindən (ekspert həkim-psixiatr X10) verilmiş xx.xx.2024-cü il tarixli, 3107 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyinin nəticə hissəsindən görünür ki, İddiaçı arvadı X6 5 oktyabr 2023-cü il tarixində etibarnamə verdiyi vaxtda şizofreniya paranoid forma, psixi qüsur halı xroniki psixi xəstəlik mövcud olmuşdur. İddiaçı Şizofreniya paranoid forma, psixi qüsur halı xroniki psixi xəstəlik mövcud olmuş və buna görə də o, 5 oktyabr 2023-cü il tarixində etibarnamə verdiyi vaxtda öz hərəkətlərinin mənasını şüurlu başa düşmək, öz hərəkətlərinə şüurlu rəhbərlik etmək iqtidarında olmamışdır. İş materiallarında olan video-diskdən görünür ki, naməlum şəxslər arasında danışıqlar qeydə alınmışdır. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sitemindən əldə olunmuş məlumatlardan görünür ki, Cavabdeh Rüstəm qızı ünvan 1 ünvanında yerləşən mənzilə ¼ hissə payı olmaqla hüquq sahibidir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 139-1.1.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları;.. Maddə 144. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələrin notariat qaydasında təsdiqlənməsi 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir.... 144.2. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir. Maddə 178. Daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsi 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Maddə 324. Əqd anlayışı və onun növləri 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər... 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir... Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. .... 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 342. Fəaliyyət qabiliyyəti olmayan fiziki şəxsin bağladığı əqdin etibarsızlığı 342.1. Psixi pozuntu nəticəsində fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin bağladığı əqd etibarsızdır. Belə əqdin tərəflərindən hər biri aldıqlarının hamısını digər tərəfə eyni ilə qaytarmalı, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə onun dəyərini pulla ödəməlidir. Bundan başqa, əgər fəaliyyət qabiliyyətli tərəf digər tərəfin fəaliyyət qabiliyyəti olmadığını bilirdisə və ya bilməli idisə, ona dəymiş real zərərin əvəzini də ödəməlidir. 342.2. Psixi pozuntu nəticəsində fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin bağladığı əqd onun xeyrinə olduqda qəyyumunun razılığı ilə etibarlı sayıla bilər. Maddə 346. Öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqdin etibarsızlığı 346.1. Fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 346.2. Sonradan fəaliyyət qabiliyyətli sayılmış fiziki şəxsin bağladığı əqd, əgər əqdin bağlandığı zaman fiziki şəxsin öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi sübuta yetirilərsə, onun qəyyumunun iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 346.3. Şüurun itməsi və ya müvəqqəti psixi pozuntu zamanı edilmiş iradə ifadəsi etibarsız sayıla bilər. 346.4. Ruhi xəstə şəxsin iradə ifadəsi real şəraitin düzgün qavranışına uyğun gəlmədikdə və şəxs məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıldıqda iradə ifadəsi etibarsızdır. Maddə 359. Əqdlərdə təmsilçilik anlayışı 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Maddə 362. Etibarnamə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. 362.2. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Maddə 646. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsi 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 646.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. ...14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.... Maddə 72. Qanuni nümayəndələr 72.1. Fəaliyyət qabiliyyəti olmayan, tam fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən fiziki şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini məhkəmədə onların valideynləri, övladlığa götürənlər, qəyyumları, himayəçiləri və başqa şəxslər müdafiə edirlər... 72.4. Qanuni nümayəndələr, qanunla nəzərdə tutulan məhdudiyyətlərlə yerinə yetirilmə hüququ təmsil edənə aid olan bütün prosessual hərəkətləri təmsil edilən adından yerinə yetirirlər. Onlar öz səlahiyyətlərini bildirən sənədi məhkəməyə təqdim edirlər. 72.5. Qanuni nümayəndələr məhkəmədə işin aparılmasını nümayəndə sifətində seçdikləri bu Məcəllənin 69.1-1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə tapşıra bilərlər. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarı:
3. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 346.1-ci maddəsinə uyğun olaraq fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özü və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası əsasında anlaqsızlığı sübuta yetirilərsə bağlandığı andan etibarsızdır.
7. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə proses iştirakılarının izahatlarını və iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, iddiaçı onunla Cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilənin hüquqi nəticəsi olaraq Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə ¼ hissə pay üzərində mülkiyyət hüququna dair qeydiyyatın ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki halları ondan ibarətdir ki, İddiaçı paylı mülkiyyət üzrə ¼ hissə payı ilə məxsus ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 40 kv/m olan fərdi yaşayış evinin Cavabdeh mülkiyyətinə verilməsini nəzərdə tutan daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi xx.xx.2023-cü ildə bağlanmışdır. İş materiallarından göründüyü kimi, Cavabdeh ilə daşınmaz əmlakın alğı-satqı müqaviləsini X5 arvadı – X13 ondan aldığı etibarnamə əsasında bağlamışdır. Eyni zamanda, Bakı Şəhəri 10 Saylı Notariat Ofisinin notariusu Mirbaba Hadiyev cavab məktubunda həmin etibarnamə verilən zaman X5 özünü pis hiss etdiyi, xəstə olduğu qeyd edilmişdir. Həmçinin, Suraxanı rayon Məhkəməsinin 2(010)-1066/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı psixi pozuntu ilə bağlı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Məhkəmə araşdırılması zamanı iş üzrə ekspertiza təyin edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X27 tərəfindən verilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 3107 saylı rəyi ilə İddiaçı 5 oktyabr 2023-cü il tarixində, etibarnamə verdiyi vaxtda öz hərəkətlərinin mənasını şüurlu başa düşmək, öz hərəkətlərinə şüurlu rəhbərlik etmək iqtidarında olmadığı müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, ilk növbədə, xx.xx.2023-cü il tarixli, AN-İ № ******* saylı “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin bağlanması üçün verilmiş etibarnamənin, yəni müqavilənin bağlanması üçün əsas olmuş birtərəfli əqdin etibarlığı müəyyən edilməlidir. Ekspert rəyi ilə İddiaçı etibarnamə verdiyi an öz hərəkətlərinin mənasını şüurlu başa düşmək və onlara şüurlu rəhbərlik etmək iqtidarında olmadığı müəyyən edilir. Belə ki, qanunvericiliyin tələblərinə görə, şəxs fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd anlaqsızlığı sübuta yetirilərsə bağlandığı andan etibarsızdır. Əqdlərin ümumi etibarlılıq şərtləri içərisində onun iştirakçılarının anlaqlılığı xüsusi əhəmiyyət daşıyır. Belə ki, əqd yalnız şəxsin müəyyən bir hüquqi nəticəni, yəni mülki hüquq və öhdəlikləri yaratmaq üçün etmiş olduğu iradə ifadəsinin nəticəsində əmələ gəlir. Bu səbəbdən, etibarlı bir əqdin yaranması üçün hər şeydən əvvəl əqdi əmələ gətirən iradə mövcud olmalıdır. İradənin mövcudluğu üçün isə anlaqlılığın olması zəruridir. Şəxsin iradəsini əmələ gətirən onun anlaqlılığıdır, anlaqlılıq olmadığı təqdirdə şəxsin formalaşmış iradəsindən də bəhs oluna bilməz. Anlaqlılıq fiziki şəxslərə xas olmaqla onun şüurlu şəkildə hərəkət edə bilmə qabiliyyətini ifadə edir. Fiziki şəxsin fəaliyyət qabiliyyəti onun anlaqlılıq səviyyəsinə uyğun olaraq formalaşır. Qeyd olunduğu kimi, əqd iradəvi akt olduğundan etibarlı olması üçün onu bağlayan şəxsin məhz həmin anda anlaqlı olması, şüurlu şəkildə öz hərəkətlərinin mənasını və yarada biləcək nəticələrini dərk edib buna uyğun şəkildə hərəkət etməsi mütləqdir. Bununla bağlı, məhkəmə qeyd edir ki, İddiaçı xx.xx.2023-cü il tarixli AR-İİİ № 048801 etibarnaməni verdiyi vaxtda öz hərəkətlərinin mənasını şüurlu başa düşmək, öz hərəkətlərinə şüurlu rəhbərlik etmək iqtidarında olmadığı sübuta yetirildiyindən, onun bağladığı əqd etibarsız hesab edilməlidir. Bundan başqa, onun anlaqlı vəziyyətdə və tam fəaliyyət qabiliyyətli olduğu ilə bağlı Cavabdeh tərəfindən bir sıra sənədlər təqdim edlsə də, bu hal sübuta yetirilməmiş, məhkəməyə təqdim edilən sübutlar digər iş materialları ilə təsdiq olunmamışdır. İkinci növbədə, etibarnamənin etibarsız hesab edildiyi sübuta yetirildiyindən, onun əsasında bağlanan əqd – yəni xx.xx.2023-cü il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi də səlahiyyəti olmayan şəxs, yəni İddiaçı arvadı – X13 tərəfindən bağlandığından etibarsız hesab olunmalıdır. Həmçinin, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sitemindən görünür ki, daşınmaz əmlakın dövlət reyestrində ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair Cavabdeh ¼ hissə payı olmaqla mülkiyyət hüququna dair qeyd aparılmışdır. Belə olan halda, yəni xx.xx.2023-cü il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsızlığı sübuta yetirildiyindən, məhkəmə hesab edir ki, onun əsasında dövlət reyestrində aparılmış bu qeyd də ləğv edilməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.2023-cü ildə Bakı şəhəri 10 saylı notariat kontorunda İddiaçı ilə Cavabdeh arasında bağlanmış AN-İ 628345 nömrəli, xx.xx.2023-cü il tarixli alğı-satqı müqaviləsi etibarsız hesab edilməli və həmin müqavilənin hüquqi nəticəsi olaraq Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin ¼ hissə pay üzərində mülkiyyət hüququna dair qeydiyyat ləğv edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 357, 358, 360 və 362-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. xx.xx.2023-cü ildə Bakı şəhəri 10 saylı notariat kontorunda İddiaçı ilə Cavabdeh arasında bağlanmış AN-İ 628345 nömrəli, xx.xx.2023-cü il tarixli alğı-satqı müqaviləsi etibarsız hesab edilsin və həmin müqavilənin hüquqi nəticəsi olaraq Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin ¼ hissə pay üzərində mülkiyyət hüququna dair qeydiyyat ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Firuzə Mirzəyeva