Məhkəmə qərarları › İş №2(010)-660/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-660/2025

12.09.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-660/2025 12.09.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi X1 iclas katibliyi İddiaçının nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı (Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “maneələrin aradan qaldırılması” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiaçı Cavabdeh qarşı (Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 52 nömrəli binanın onun xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahəsinin yan fasad divarında bağlanmış 04 ədəd pəncərənin açılması və həmin divarın önünə metal konstruksiyadan montaj olunmuş talvarın sökülərək əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi 52 ünvanında yerləşən 59.4 kv.metrlik qeyriyaşayış sahəsi xx.xx.2006-cı il tarixli, MH seriyalı, ******* nömrəli çıxarışa əsasən, onun xüsusi mülkiyyətindədir. Göstərilən qeyri-yaşayış sahəsi Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində keçmiş Məişət Xidmətinin 1 saylı Atelyesinin 1-ci mərtəbəsində yerləşir və hal-hazırda fəaliyyət göstərir. X3 2 mərtəbəli bina olmaqla, 1956-cı ildə inşa edilmiş, həmin binanın 2-ci mərtəbəsi bütünlüklə, 1-ci mərtəbəsinin isə 60 kv.metri dövlət mülkiyyətidir. Son aylar ərazidə qonşuluqda tikinti və quraşdırma işlərini icra edən Cavabdeh Bakı şəhər İcra Hakimiyyəti və Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin, eləcə də dövlətin müvafiq qurumlarının rəsmi razılığı olmadan avtomobil təmiri məntəqəsi hüdudlarından kənarda və qeyd edilən ünvanda qanunsuz tikinti işləri aparır. İki obyekt arasında ümumi istifadə üçün nəzərdə tutulmuş sərbəst torpaq sahəsi zəbt olunduğundan ümumilikdə istər binanın ona aid olan hissəsinə və eləcə də iki mərtəbəli binanın dövlət mülkiyyətinə aid olan hissəsinə gediş-gəliş məhdudlaşmışdır. Nəticədə binanın zirzəmisində mövcud olan mülki müdafiə məqsədi daşıyan sığınacaqların qapıları və pilləkən qəfəsinin qapı və pəncərələri tam bağlanmışdır. Bu azmış kimi, qanunsuz tikinti və yenidənqurma işlərinin nəticəsində onun xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahəsinin 04 ədəd pəncərəsi tamamilə bağlanmışdır. Obyektin şərq tərəfindən yan fasad divarına müdaxilə etməklə metal konstruksiyalarla montaj işləri görməklə talvar qurulmuşdur. Dəfələrlə tikinti aparan Cavabdeh ilə onun tərəfindən işləri mübahisələri olmasına baxmayaraq, qanunsuz tikinti davam etdirilir. Qanunsuz tikintinin aparılması onun xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahəsinə real təhlükə yaradır və obyekt tamamilə təbii işıqdan məhrum olunmuşdur.

Tərəflərin izahatları.

3. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək bildirdi ki, cavabdehin mülkiyyətində olan qeyri-yaşayış sahəsində inşa edilən tikililər qanunsuzdur. Həmin qanunsuz tikililər iddiaçının mülkiyyətində olan obyektin pəncərələrinin tam bağlamasına gətirib çıxarmış, bu səbəbdən obyektə daxil olan hava və işığın önü tamamilə kəsilmişdir. Eləcə də obyektə gedən kommunikasiya xətləri cavabdeh tərəfindən qanunsuz olaraq çəkilmiş hasarın arxasında qalmış, bu səbəbdən həm də təhlükəsizliklə bağlı riskli vəziyyət yaranmışdır. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, iddia edilən tikililər həqiqətən də inşa edilsə də, həmin tikililər onun xüsusi mülkiyyətində olan sahədə inşa edilmişdir. Sahib olduğu avtoservisin bütün mülkiyət sənədləri mövcuddur. Həmin avtoservisdə aparılan bütün tikintilər də qanuni şəkildə aparılmışdır. Əksinə, iddiaçı özü qanunsuz olaraq müəyyən ərazini zəbt etmişdir və zəbt edilən ərazi ona məxsus olan sahəyə düşür. O, bu barədə iddia qaldırmaq fikrindədir. İddiaçının obyektinin pəncərlərinin qarşısını bağlamağının səbəbi öz işlədiyi servisə gələn müştərilərin narahat olmalarından ibarətdir. Belə ki, avtoservisə gələn müştərilər qonşu obyektdən avtoservisə pəncərələrin açılmağından narahat olurlar. Həmçinin qeyd edir ki, o, özünə məxsus sahədən qonşu sahəyə hava, işıq və s. kimi imkanlar təmin etmək öhdəliyi daşımır. Odur ki, iddia tələbinin təmin edilməməsini xahiş etdi.

5. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş üçüncü şəxslər məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Belə olan halda, məhkəmə işə üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

İş materialları.

6. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindn çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi 52 ünvanında istifadədə olan torpaq sahəsində binanın 1-ci mərtəbəsində 59.4 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 285 nömrəli vərəqində qeydiyyata alınmışdır.

7. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, **********28-06301 reyestr nömrəli, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 2172.30 m2 olan qeyri-yaşayış binası Cavabdeh mülkiyyətindədir və həmin qeyri-yaşayış binası üzərində sonuncunun xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə qeydə alınmışdır.

8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş 10/1809 nömrəli məhkəmə tikinti-texniki ekspertizasına dair ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, ünvan 2 ünvanında yerləşən və avtoservis kimi fəaliyyət göstərən qeyri-yaşayış binasının giriş hissəsinin (yan tərəfdən qonşu obyektin pəncərəsini örtən sədd boyunca) üzərindən çəkilmiş talvar tikilisinin və binanın giriş hissəsindən 2.0 metr boyunca quraşdırılmış darvazanın Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 160 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın 4.1, 4.2-ci bəndlərinin tələblərinə uyğun olmadığı, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, 52 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin fasad divarından 0.1 metr (10 sm) məsafədə inşa edilmiş hasar tikilisinin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.5.3-cü bəndlərinin tələblərinə uyğun inşa edilmədiyi müəyyən edilmiş və iddiaçının mülkiyyətində olan 52 saylı qeyri-yaşayış sahəsinin pəncərə boşluqlarının qarşısında yüngül konstruksiyalardan inşa edilmiş hasar tikilisi ilə fasad divarının arasında kommunikasiya (su, işıq və s.) xətlərinin keçdiyi müşahidə edilmişdir.

9. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti 4-cü Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətova ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubun surətindən görünür ki, ünvan 3 ünvanında yaşayan vətəndaş Nümayəndə tərəfindən FHN DYNX-nin 4-cü Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsində qeydiyyata alınmış xx.xx.2025-ci il tarixli, 3-18-62/1-M-xx-xx/2025 nömrəli müraciət (vətəndaş öz müraciətində bildirmişdir ki, keçmişdə məişət evi olmuş 2 mərtəbəli binanın 1-ci mərtəbəsinin 59.4 kv.metr sahəsi vətəndaş Nümayəndə mülkiyyətindədir. Qonşuluq təşkil edən və avtomobil təmiri adı altında yerləşən qeyriyaşayış obyektinin sahibi vətəndaş Cavabdeh mühəndis kommunikasiya xətlərinə, binanın dövlət əmlakına aid olan hissəsinin yan fasad divarına pilləkən qəfəsinə mülki müdafiə üçün nəzərdə tutulmuş sığınacaqların qapılarına müdaxilə etməklə vətəndaşın mülkiyyətində olan binanın yan fasadına açılan 04 ədəd pəncərəni və giriş qapısını tamamilə bağlamışdır. Vətəndaş bildirir ki, tikinti təmir işləri tikinti norma və qaydalarına və tikintidə təhlükəsizlik qaydalarına riayət edilməmişdir) əməkdaşlar tərəfindən araşdırılmış, müraciətdə qeyd olunan fakt öz təsdiqini tapmış, qonşu qeyri-yaşayış obyektinin sahibi vətəndaş Cavabdeh tikinti norma və qaydalarınının (AzDTN 2.6-1. Yanğın əleyhinə tələblər, 1 nömrəli məcburi əlavəsi) tələblərini pozaraq öz divarını vətəndaş Nümayəndə məxsus qeyri-yaşayış obyektinin divarına birləşdirərək 04 ədəd pəncərə oyuqlarını bağlamışdır. Yuxarıda qeyd edilənlər nəzərə alınaraq, gələcəkdə baş verə biləcək partlayış, yanğın və hər hansı fövqəladə hadisənin qonşu qeyri-yaşayış obyektinə verə biləcək təhlükənin qarşısının alınması məqsədi ilə aidiyyəti üzrə müvafiq tədbirlərin görülməsi və 4-cü Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinə məlumat verilməsi xahiş edilmişdir.

Yerində müayinə.

10. Məhkəmə tərəfindən həm iddiaçıya, həm də cavabdehə məxsus ünvan 4 ünvanlarında yerləşən yerləşən qeyri-yaşayış sahələrində yerində müayinə keçirilmişdir. Müşahidə edilmişdir ki, hər iki obyekt yanyana yerləşməklə qonşu obyektlərdir. Lakin aralarında yüngül konstruksiyadan inşa edilmiş bir hasar, üzərində isə dəmir konstruksiyadan talvar var.

İşin faktiki halları.

11. Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi 52 ünvanında yerləşən, ümumi sahəsi 59.4 m2 olan qeyri yaşayış sahəsi xx.xx.2006-cı il tarixdə İddiaçı xüsusi mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.

12. ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 2172.3 m2 olan qeyri-yaşayış sahəsi xx.xx.2023-cü il tarixdə Cavabdeh xüsusi mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.

13. Tərəflərin mülkiyyətlərində olan qeyri-yaşayış sahələri yanbayan yerləşir. İddiaçının mülkiyyətində olan obyektdən cavabdehin mülkiyyətində olan obyektə dörd pəncərə açılır. Lakin bu pəncərələrin önü bütövlükdə yüngül konstruksiyadan inşa edilmiş divarla qapanmış, divarın üzərində dəmir konstruksiyadan talvar çəkilmişdir.

Tətbiq edilən hüquq.

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 164. Sahibliyin müdafiəsi. 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Maddə 165. Sahibliyin pozulması 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. 165.2. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir.

15. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi.

Maddə 69. Yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtləri. 69.1. Binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir... 69.5. Ara məsafəsi aşağıdakı qaydada müəyyən edilir: 69.5.3. yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmuş ərazilərdə və sənaye ərazilərində divar hündürlüyünün 0,25 hissəsi.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

17. İşin faktiki hallarından göründüyü kimi, tərəflər qonşu qeyri-yaşayış sahələrinin mülkiyyətçiləridir. Həmçinin işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçının mülkiyyətində olan obyektdən cavabdehin obyektinə dörd pəncərə açılır, lakin cavabdeh bu pəncərələrin önünü yüngül konstruksiyadan inşa edilmiş hasarla bağlamış, üzərinə də dəmir konstruksiyadan talvar çəkmişdir. Cavabdeh bütün bu tikinti işlərinin tərəfindən həyata keçirildiyini mübahisələndirmədən qəbul edir. Bununla belə o, qarşı tərəfin iddiasının əksinə, bu tikililərin tam qanuni şəkildə öz mülkiyyətində olan ərazidə inşa edildiyini bildirmişdir. İddiaçı iddiasını tikililərin qanunsuz olması ilə yanaşı, obyektin pəncərələrinin tam bağlanması səbəbindən obyektə daxil olan hava və işığın önünün tamamilə kəsilməsi, eləcə də obyektə gedən kommunikasiya xətlərinin cavabdeh tərəfindən qanunsuz olaraq çəkilmiş hasarın arxasında qalması, bu səbəbdən həm də təhlükəsizliklə bağlı riskli vəziyyətin yaranması ilə əsaslandırmışdır.

18. Tərəfər arasındakı mübahisəli məsələnin həll edilməsi üçün məhkəmə tərəfindən tikinti-texniki ekspertiza təyin edilmiş, ekspertin qarşısında cavabdeh tərəfindən tikilmiş hasar və üzərindəki dəmir talvarın cavabdehin iddia etdiyi kimi qanuni əsaslarla inşa edilib-edilməməsi, tikinti-texniki tələblərə cavab verib-vernəməsi, hasarla pəncərələr arasındakı boşluqdan kommunikasiya xətlərinin keçib-keçməməsi ilə bağlı suallar qoyulmuşdur. Ekspert tərəfindən tədqiqat predmeti olan tikililərə baxış keçirməklə müvafiq ölçü işləri aparılmış, cavabdehin avtoservis kimi işlətdiyi obyektin faktiki vəziyyəti texniki pasportun göstəriciləri ilə müqayisə edilmişdir. Aparılmış tədqiqatın nəticəsində verilmiş ekspert rəyində qeyd edilmişdir ki, tədqiqat obyektinə baxış keçirilən zaman sözügedən 52 A saylı qeyri-yaşayış sahəsinin (cavabdehin mülkiyyətində olan) faktiki vəziyyətinin texniki pasportun göstəricilərinə uyğun olmadığı, qeyri-yaşayış sahəsinin daxilində dəyişikliklər edildiyi, texniki pasportda göstərilmiş eyvan tikilisinin daxilində arakəsmə divarının inşa edildiyi, “B” literli keçid otağının qarşısında əlavə talvar tikilisinin inşa edildiyi, həmin otağın qarşısında iddiaçının mülkiyyətində olan 52 saylı qeyri-yaşayış sahəsinin pəncərə boşluqlarından 0.1 metr (10 sm) məsafədə yüngül konstruksiyalardan hündürlüyü 4.0 metr olan divar inşa edildiyi, “İİİ” literli dəmir darvazanın sökülərək, əlavə tikinti işləri aparılaraq 2 metr kənarda quraşdırıldığı müəyyən edilmişdir. Eyni zamanda rəydə qeyd olunmuşdur ki, iddiaçının mülkiyyətində olan 52 saylı qeyri-yaşayış sahəsinin pəncərə boşluqlarının qarşısında yüngül konstruksiyalardan inşa edilmiş hasar tikilisi ilə fasad divarının arasında kommunikasiya (su, işıq və s.) xətlərinin keçdiyi müşahidə olunmuşdur.

19. Göründüyü kimi, ekspert rəyi ilə müəyyən edilmişdir ki, iddiaçının mübahisələndirdiyi tikililər (hasar və üzərindəki dəmir talvar) cavabdehin mülkiyyətində olan qeyri-yaşayış obyektinin texniki pasportundakı göstəricilərlə üst-üstə düşmür, bu tikililər sonradan inşa edilmiş, obyektin sahəsi genişləndirilmişdir. Buna baxmayaraq, ekspert rəyində istinad edilmiş Qaydaların (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 4 sentyabr tarixli, 160 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması qaydaları) tələblərinə riayət edilməmiş, müvafiq icra hakimiyyəti orqanlarından lazımi rəylər, icazələr alınmamışdır.

20. Bundan əlavə, rəydə qeyd edilmişdir ki, iddiaçının mülkiyyətində olan 52 saylı qeyri-yaşayış sahəsinin fasad divarından 0.1 metr (10 sm) məsafədə inşa edilmiş hasar tikilisinin hündürlüyünün 4.0 metr təşkil etdiyi nəzərə alınaraq, həmin hasar tikilisi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.3-cü maddəsinin tələbinə əsasən, 52 saylı qeyri-yaşayış sahəsinin fasad divarından 1.0 metr (4x0.25) məsafədə inşa edilməli idi. Hansı ki, Şəhərsalma və Tikinti Məcəlləsinin istinad edilmiş maddəsinə əsasən, binaların xarici divarlarının önündəki ara məsafəsi yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmuş ərazilərdə və sənaye ərazilərində divar hündürlüyünün 0,25 hissəsi olmaqla müəyyən edilir.

21. Məhkəmə, müvafiq ekspert rəyinin bu sahədə xüsusi biliyə malik olan ekspert tərəfindən mübahisəli sahəyə baxış keçirilməklə, texniki pasportun göstəricilərinin yerdəki faktiki vəziyyətlə müqayisəsi əsasında, zəruri ölçmə işləri aparılaraq həyata keçirildiyini, gəlinən hər bir nəticə üzrə tədqiqat prosesinin ətraflı təsvir edildiyini nəzərə alaraq verilmiş rəylə razılaşır və hesab edir ki, iddiaçının mübahisələndirdiyi hər iki tikili (onun obyektinin pəncərələri boyunca yüngül konstruksiyadan tikilmiş hasar və üzərindəki dəmir talvar) cavabdehin iddia etdiyinin əksinə, qeyri-qanuni şəkildə tikilmişdir.

22. Məhkəmə ekspert rəyi ilə razılaşarkən onu da nəzərə alır ki, iş materiallarında olan vətəndaşın müraciətinə cavab məktubundan görünür ki, iş üzrə İddiaçı müraciəti əsasında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti 4-cü Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları tərəfindən müraciətdə qeyd olunan ünvanda baxış keçirilmiş, müayinə zamanı müraciətdə qeyd edilən faktlar öz təsdiqini tapmış, mövcuz vəziyyətlə əlaqədar aidiyyəti müvafiq tədbirlərin görülməsi məqsədilə tərəflərindən Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə məktublar ünvanlanmışdır. Hansı ki, sonuncuya ünvanlanmış məktubun surəti də məhkəməyə təqdim edilmişdir. Həmin məktubda açıq şəkildə qeyd edilmişdir ki, qonşu qeyri-yaşayış obyektinin sahibi Ellnur Namazov tikinti norma və qaydalarının tələblərini pozmuş, öz divarını qonşu obyektin divarına birləşdirərək dörd ədəd pəncərə oyuqlarını bağlamışdır. Yekunda xahiş edilmişdir ki, gələcəkdə baş verə biləcək partlayış, yanğın və hər hansı fövqəladə hadisənin qonşu qeyri-yaşayış obyektinə verə biləcəyi təhlükənin qarşısının alınması məqsədilə müvafiq tədbirlər görülsün və bu barədə 4-cü Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinə məlumat verilsin.

23. Göründüyü kimi, cavabdehin tikinti-texniki tələblərə məhəl qoymadan inşa etdiyi tikililər aidiyyəti orqan tərəfindən yanğın təhlükəsizliyinə risk kimi qiymətləndirilmişdir. Bundan əlavə, mübahisəli hasarla iddiaçının pəncərələri arasında kommunikasiya xətlərinin qapalı vəziyyətdə qalması da riskli vəziyyət yaratmışdır. Bu vəziyyətdə məhkəmə hesab edir ki, cavabdehin lazımi inzibati prosedura riayət etmədən özbaşına tikdiyi bu tikililər iddiaçının mülkiyyətindəki qeyri-yaşayış sahəsinin pəncərələrinin önünü tam qapamaqla onun hüquqlarına qanunsuz müdaxilə təşkil etmişdir. Odur ki, iddiaçı bu qanunsuz müdaxilə vəziyyətinin aradan qaldırılmasını, yəni iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinə məxsus dörd pəncərənin önünün açılmasını və hasarın üzərində dəmir konstruksiyadan inşa edilmiş talvarın sökülərək əvvəlki vəziyyətə qaytarılmasını tələb etməkdə haqlı olmuşdur. Bu səbəbdən iddia təmin edilməlidir.

Məhkəmə xərcləri.

24. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən ödənilməli olan dövlət rüsumu məbləğinə uyğun olmuşdur.

25. Bundan əlavə, iş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manat məbləğində müəyyən edilmişdir.

26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya, 100 manat məbləğində ekspertiza xərci isə cavabdehdən tutularaq ekspertizanı həyata keçirən orqanın hesabına ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

27. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi 52 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin yan divarında Cavabdeh tərəfindən yüngül konstruksiyadan inşa edilən hasarla bağlanmış dörd ədəd pəncərə açılmalı, həmin hasarın üzərində dəmir konstruksiyadan inşa edilən talvar sökülərək əvvəlki vəziyyətə qaytarılmalı, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya, 100 manat məbləğində ekspertiza xərci isə cavabdehdən tutularaq ekspertizanı həyata keçirən orqanın hesabına ödənilməlidir.

28. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi 52 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin yan divarında Cavabdeh tərəfindən yüngül konstruksiyadan inşa edilən hasarla bağlanmış dörd ədəd pəncərə açılsın, həmin hasarın üzərində dəmir konstruksiyadan inşa edilən talvar sökülərək əvvəlki vəziyyətə qaytarılsın. Cavabdeh 100 (yüz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı, 100 (yüz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinədаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar