Məhkəmə qərarları › İş №2(010)-663/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-663/2025

04.02.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-663/2025 04.02.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbi dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ona qanunsuz hesabladığı 2073,60 manat borcun silinməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddia tələbi onunla əsaslandırılmışdır ki, o həmişə normal olaraq smart kart vasitəsi ilə ödəniş edib təbii qazdan istifadə etmişdir. Bir gün smart karta ödəniş etdi, lakin smart kartı sayğaca yükləkdikdə sayğaca ödədiyi məbləğin yarısı sayğaca köçürüldüyünə görə Cavabdehnə yaxınlaşdı və bu məsələnin aydınlaşdırılmasını və həllində köməklik göstərilməsini onlardan xahiş etsə də, onlar tərəfindən heç bir köməklik göstərilmədi, habelə guya sayğaca müdaxilə olunması faktının müəyyən edilməsinə dair tərtib edilmiş akt və digər sənədlərin surəti ona təqdim edildi. Həmin sənədlərdən göründüyü kimi, ona guya qazdan qanunsuz istifadəyə görə 2073,60 manat borc hesablanmışdır. Bu səbəbdən də, karta ödədiyi məbləğin yarısı borca tutulmuşdur. Bildirilir ki, Cavabdeh əməkdaşları yalandan və qabaqcadan düşünülmüş plan üzrə gəlib küçənin bütün sayğaclarını “yeni sayğaclarla təmin edilmə adı altında” dəyişdirdilər və nəticə etibarı ilə qeyri qanuni üsulla onun kimi vətəndaşların üzərlərinə müxtəlif məbləğlərdə borclar yazırlar. Artıq bu kütləvi hala çevrilmişdir. Belə ki, Cavabdeh əməkdaşları küçədə quraşdırılmış qaz sayğaclarına özləri müdaxilə edirlər və akt tərtib etməklə üstündən 6-7 ay keçdikdən sonra smart kartları bloklamaqla və ya qanunsuz olaraq tutulmalar aparmaqla onun kimi sadə vətəndaşların hüquqlarını pozurlar. Bu səbəbdən məhkəməyə müraciət etməli olmuşdur. Cavabdehin etirazı ərizəsi. Cavabdehin nümayəndəsi X2 məhkəməyə etiraz ərizəsi ünvanlayaraq, iddiaçıya hesablanmış faktiki istehlak etdiyi və müqavilə üzrə dəyərini ödəmək vəzifəsi daşıdığı qaz sərfiyyatına görə hesablanmış qaz borcunun silinməsinin heç bir faktiki və hüquqi əsası olmadığından iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək bildirmişdir ki, iddiaçıya məxsus sayğac ondan xəbərsiz sökülmüş, guya həmin sayğacda müəyyən qüsurlar aşkar edilmişdi. Həmin qüsurların səbəbi də guya iddiaçının müdaxiləsidir. 2073 manat borc yazılmışdır. Hesab edilir ki, həmin borc əsassızdır. Borc abonent saldosunda qeyd olunub. Sayğac çöldə yerləşir. Vətəndaşın nəzarət edə biləcəyi şərait deyil. Akt tərtib olunanda vətəndaş iştirak etməmişdir. Kart ilə pul vuranda, 50% silindiyi görəndə borc yazıldığını bilmişdi. Cavabdehin nümayəndəsi X2 məhkəməyə ərizə ünvanlayaraq mülki işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materialları. **********06334 kodlu abonentin saldosundan görünür ki, İddiaçı məxsus Bakı şəhəri Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi ünvanda yerləşən mənzilə xx.xx.2023-cü il tarixdə sayğac quraşdırılmış, həmin abonentə 2023-cü ildə may oktyabr ayları daxil olmaqla, 17280 m3 sərfiyyata görə “qalıq və aktlar” adlı sütünda 2073,60 manat məbləği göstərilmişdir. Cıhazlar: 4 gözlü qaz plitələri. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı aktdan görünür ki, **********06334 kodlu abonent İddiaçı Bakı şəhəri Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi ünvanında yerləşən mənzilinə baxış keçirilmiş, **********8 saylı sayğacın giriş plastmas borusunun deşildiyi qeyd edilmişdir. Dəymiş ziyanın ödənilməsi (17280 m3) tələb olunur. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh X4 sayğacının yoxlanılması barədə 31 may 2023-cü il tarixli № MSK – 14-2-2/3-5-5648/Q002 nömrəli aktdan görünür ki, əhali sektorunda istismarda olan BRQS Departamentindən Metrologiya Departeminə gətirilmiş **********8 nömrəli sayğaca baxış keçirildi, sayğacın çıxış plastmas borusu deşilib. Xətalar təyin edilə bilmədi. Hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir.Sayğac istismara yararsızdır. Sayğacda qaz itkisi, müdaxilə vardır. **********06334 kodlu abonentin saldosundan görünür ki, İddiaçı məxsus Bakı şəhəri Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi ünvanda yerləşən mənzilə xx.xx.2023-cü il tarixdə sayğac quraşdırılmış, həmin abonentə 2020-ci il yanvar ayı və 2023-cü ildə may ayı daxil olmaqla, “qalıq və aktlar” adlı sütünda 0.00 manat məbləği göstərilmişdir. Cıhazlar: 4 gözlü qaz plitələri. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, istehlakçı İddiaçı yaşadığı ünvanında smart G4 tipli **********8 nömrəli qaz sayğacı çıxarılmış və smart G4 tipli digər sayğac quraşdırılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı İddiaçı itirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesablanmış məbləğin ödənilməsi tələb edilmişdir.Dəymiş ziyan həcminin hesablanması: 1. Qaz sayğacının nominal qaz sərfi 4 m³ orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin. 4x24x180=17280 m³ Cəmi: 17280 m³ xx.xx.2024-cü il tarixli **********06334 nömrəli abonent kodlu “GASREP” çıxarışdan görünür ki, Hövsan-Zeytun s. Bina 0 menzil 6334 ünvanda dekabr 2019-cu – may 2022-ci il tarixləri əhatə edən dövrdə İddiaçı borcu yoxdur. Tətbiq edilən hüquq. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 3. İstehlakçıların hüquqları. Azərbaycan Respublikası ərazisində istehlakçılar aşağıdakı hüquqlara malikdir: ... öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə. Maddə 26. İstehlakçıların hüquqlarının məhkəmə müdafiəsi. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu. Maddə 3. Ümumi tələblər ...7. İstehlakçılar qaz qurğularının bu Qanuna müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar.... Maddə 6-2. Müayinə

1. Qaz paylayıcısının işçiləri istehlakçıya 5 (beş) iş günü əvvəl sifarişli poçt göndərişi və ya istehlakçının əvvəlcədən razılığı ilə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə bildiriş təqdim etməklə (göndərməklə), bu Qanunun 6-2-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulan hallar istisna olmaqla, ildə bir dəfə (hər il noyabrın 1-dək) müayinə keçirilməsini təmin etməli, nəticəsi barədə müvafiq icra hakimiyyəti оrqаnının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi formada 2 (iki) nüsxədə müayinə aktını istehlakçının (və ya onun səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) iştirakı ilə tərtib etməli və aktın bir nüsxəsini istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud eyni ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidir. Müayinə zamanı nöqsan və (və ya) pozuntular aşkar edildikdə müayinə aktında texniki xidmətin qaz paylayıcısı, ixtisaslaşmış podratçı və ya məişət abonenti olmayan istehlakçının müvafiq ixtisaslı işçi heyəti tərəfindən bir aydan çox olmayan müddətdə həyata keçirilməsi barədə istehlakçının seçimi qeyd edilməlidir. Müayinə zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş tədbirlər görülür. Qaz paylayıcısı tərəfindən müayinənin keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

2. Qaz paylayıcısı tərəfindən müayinə ödənişsiz həyata keçirilir.

3. İstehlakçı tərəfindən qaz qurğuları, qaz xətləri və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində nöqsan və (və ya) pozuntular aşkar edildikdə istehlakçının müraciəti əsasında təkrar müayinə qaz paylayıcısı tərəfindən 3 (üç) iş günündən gec olmayaraq aparılmalıdır. İstehlakçı təkrar müayinə üçün il ərzində 1 (bir) dəfədən çox müraciət edərsə növbəti müayinə ödənişli keçirilir. Ödənişin məbləği qaz paylayıcısı ilə istehlakçı arasında bağlanmış müqavilə ilə müəyyən edilir. Müayinə nəticəsində texniki xidmətin göstərilməsi zərurəti yarandıqda, bu Qanunun 6-3-cü maddəsi ilə müəyyən edilmiş tədbirlər görülməlidir.

4. Tüstü bacalarının istismarında təhlükəsizlik texnikası qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Maddə 13. Qazın pаylаnmаsı, satılması və qazın verilməsinin dayandırılması. ...8. Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir)..... 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”.

4. Qaz sayğaclarının quraşdırılması və istismarı. 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 112. İddianın qiyməti 112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir:...112.1.1. pul vəsaiti alınması haqqındakı iddialarda—alınan məbləğlə;... Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.... Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır... “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.5. istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar. Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının 16 oktyabr 2021-ci il 13 saylı Qərarı. Təbii qazın olkə daxili tarifləri - Tariflər (ƏDV ilə, manat/min m3) 6.1. Əhali 6.1.1. illik istehlak həcminin 1200 m3 -dək (1200 m3 daxil) olan hissəsi üçün 120,0 6.1.2. illik istehlak həcminin 1200 - 2500 m3 olan hissəsi üçün 200,0 6.1.3. illik istehlak həcminin 2500 m3 -dən çox olan hissəsi üçün 250,0 Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. İşin məhkəmə tərəfindən araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı smart karta ödəniş edərkən məbləğin yarısının borca tutularaq sayğaca köçürüldüyünü aşkar etmişdir. Daha sonra məlum olmuşdur ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilərək, yerinə yeni sayğac quraşdırılmışdır. Çıxarılmış sayğaca laboratoriya öz rəyini verərək, **********8 nömrəli sayğaca baxış keçirildiyini, sayğacın çıxış plastmas borusunun deşildiyini, xətaların təyin edilə bilmədiyini, hesablama mexanizminin keçən qazın həcmini qeyd etmədiyini, sayğacın istismara yararsız olduğunu bildirmişdir. Cavabdeh təşkilat yuxarıda qeyd edilmiş yoxlamanın nəticəsi olaraq 17280 m³ sərfiyyata görə 2073,60 manat həcmində mübahisələndirilən məbləği iddiaçının abonent hesabına hesablamışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə tərtib edilmiş aktın qəbul edilməsi üçün əsas olmuş halları, aktın və hesablanmış borcun doğruluğunu sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşdüyündən və həmin aktın qəbul edilməsi üçün əsas olmuş hallar, eləcə də həmin halların mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmədiyindən həmin akt üzrə göstərilmiş həcmdə hesablanmış zərər istehlakçı tərəfindən ödənilməməlidir. Qaz sayğacında nöqsanların olduğu müəyyən edilsə də, bunun sayğacdan keçən qazın sərfiyatının düzgün aparılıb-aparılmaması ilə hər hansı əlaqəsinin olması cavabdeh tərəfindən sübut edilməmişdir. Həmçinin, tələb olunan borcun real, həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğu sübuta yetirilməlidir və bu halda da sübutetmə yükü təchizatçının üzərinə düşür. Məhz cavabdeh, hesablanmış borcun həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğunu sübuta yetirməlidir. Belə ki, xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədə itirilmiş qazın bərpası üçün hesabatın qaz sayğacının nominal qaz sərfi 4 m³, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün qəbul edilməklə (4x24x180=17280 m³ ) aparılması həmin mənzildə yalnız 4 göz plitə işlədildiyi və həmin plitənin 24 saat ərzində işləməsinin mümkünsüzlüyü nəzərə alındıqda ağlabatan deyildir. Məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixdə tərtib olunmuş akta görə hesablayıb tələb etdiyi məbləğ (cəmi 2073.6 manat) baxımından cavabdeh bunu sübut edə bilməmişdir. Həmin akt iddiaçının və mübahisədə marağı olmayan şəxslərin iştirakı olmadan tərtib olunduğundan, mötəbər sayıla və ona əsasən hesablanmış borc məbləği qanuni hesab edilə bilməz. Eyni zamanda, iddiaçının (istehlakçının) ünvanına quraşdırılmış sayğacda yaranmış qüsurların onun təqsiri nəticəsində baş verməsi müəyyən edilmədiyindən, cavabdeh təşkilat tərəfindən tərtib edilmiş akt üzrə hesablanmış zərəri də istehlakçı tərəfindən ödənilməməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh X1 Şəhri İsmayıl qızına qanunsuz hesabladığı 2073,60 manat borc məbləği silinməlidir. Məhkəmə xərcləri. İstehlakçılar hüquqlarının pozulması ilə əlaqədar iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı dövlət rüsumu ödəməkdən azad olmuşdur. Odur ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olan 40,74 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 357, 358, 360 və 362-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh X1 Şəhri İsmayıl qızına qanunsuz hesabladığı 2073,60 manat borc məbləği silinsin. Ödənilməmiş 40,74 manat məbləğində dövlət rüsumu cavabdeh Azəriqaz” İstehsalat Birliyindən tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar