Məhkəmə qərarları › İş №2(010)-664/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-664/2025

04.03.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-664/2025 04.03.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiаçı İddiaçı cаvаbdeh Cavabdehnə (bundan sonra – Cavabdeh İB) qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh tərəfindən qanunsuz hesablanmış 1555.2 manat məbləğində borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, həmişə normal olaraq smart kart vasitəsilə ödəniş edərək təbii qazdan istifadə etmişdir. Bir gün smart karta ödəniş etmiş, lakin smart kart sayğaca yükləndikdən sonra sayğaca ödənilmiş məbləğin yarısı sayğaca köçürüldüyünə görə Cavabdeh İB-yə yaxınlaşmış, bu məsələnin aydınlaşdırılmasını və həllində köməklik göstərilməsini xahiş etmiş, lakin cavabdeh tərəfindən ona heç bir köməklik göstərilməmiş, habelə guya sayğaca müdaxilə edilməsi faktının müəyyən edilməsinə dair tərtib edilmiş akt və digər sənədlərin surətləri ona təqdim edilmişdir. Həmin sənədlərdən göründüyü kimi, ona guya qazdan qanunsuz istifadəyə görə 1555.2 manat borc hesablanmışdır. Bu səbəbdən də karta ödənilmiş məbləğin yarısı borca tutulmuşdur. Cavabdeh İB-nin əməkdaşları yalandan və qabaqcadan düşünülmüş plan üzrə gələrək küçənin bütün sayğaclarını “yeni sayğac”larla təmin etmə adı altında dəyişdirmiş və nəticə etibarı ilə qeyri-qanuni üsulla onun kimi vətəndaşların üzərlərinə müxtəlif məbləğdə borc yazılmışdır. Artıq bu kütləvi hala çevrilmişdir. Belə ki, Cavabdeh İB-nin əməkdaşları küçədə quraşdırılmış qaz sayğaclarına özləri müdaxilə edirlər və akt tərtib etməklə 6-7 ay keçdikdən sonra smart kartları bloklamaqla və ya qanunsuz olaraq tutmalar aparılmaqla onun kimi sadə vətəndaşların hüquqlarını pozurlar. Onlar XXİ əsdə yaşamalarına baxmayaraq, Cavabdeh İB keçmişdə feodalizm quruluşunda olduğu kimi insanların üzərində zülm etməklə və qışın soyuğunda insanların qüruru ilə oynamaqla onların əlindəki qəpik-quruş pullarını qəsb edərək mənimsəyir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

İddiaya etiraz.

3. Cavabdeh İB-nin nümayəndəsi tərəfindən iddiaya etirazla məhkəməyə müraciət edilmiş, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

İddiaya etirazın əsaslandırıldığı hallar.

4. İddiaya etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı mənzilinə quraşdırılmış qaz sayğacı yeni sayğacla əvəz edilmiş, laboratoriya şəraitində Azərbaycan Metrologiya İnstitutunun nümayəndəsinin təsdiq etdiyi aktla dövlət yoxlaması nəticəsində əvəz edilmiş sayğaca baxış keçirilən sayğacın çıxış plastmas borusunun deşildiyi, xətaların normadan artıq olduğu, sayğacın minimal sərfiyyatda 100% nisbi xəta ilə işlədiyi, hesablama mexanizminin minimal sərfiyyatda keçən qazın sərfini qeyd etmədiyi aşkar edilmiş və sayğacın istismara yararsız olduğu müəyyən edilmişdir. Qaz sayğacının yoxlanmasının nəticəsi rəsmiləşdirilməklə Azərbaycan Metrologiya İnstitutunun nümayəndəsi tərəfindən də təsdiq edilmişdir. Bundan sonra qeyd olunan nəticələr xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktla rəsmiləşdirilmiş və qaz itkisinə görə borc hesablanaraq iddiaçının hesabına əlavə edilmişdir. Qeyd edilənlər iddiaçının sayğacdan keçən qaz sərfiyyatının qeyd edilməməsindən ötrü sayğaca müdaxilə etdiyini göstərir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “X3”nın 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqısatqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqavilənin tələblərinə görə paylayıcı müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. “X3nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarının 3.2.2-ci bəndinə əsasən qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etmək qazdan istifadə edən istehlakçıların vəzifəsidir. Deməli, qaz sayğacının qaydalara uyğun istismarı və işçi vəziyyətdə saxlanılması və istehlak edilən təbii qazın dəyərinin ödənilməsi istehlakçı kimi iddiaçının vəzifəsidir. İddiaçı tərəfindən istehlak edilən təbii qazın sərfiyyatının istifadə edildiyindən az göstərilməsinə nail olmaq üçün qaz sayğacına edilən müdaxilə və qeydə alınmadan istehlak edilən təbii qazın dəyərinin ödənilməsi üçün iddiaçı məsuliyyət daşıyır. Eyni zamanda həmin hərəkətin məişət abonenti olan iddiaçının iradəsindən kənar edilməsi öz-özündə istisna edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Bu halda iddiaçıya hesablanmış faktiki istehlak etdiyi və müqavilə üzrə dəyərini ödəmək vəzifəsi daşıdığı qaz sərfiyyatına görə hesablanmış qaz borcunun silinməsinin heç bir faktiki və hüquqi əsası olmadığından iddia rədd edilməlidir.

Tərəflərin izahatları.

5. Məhkəmənin əvvəlki baxış iclasında iştirak etmiş iddiaçının vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

6. Məhkəmənin baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş iddiaçının vəkili Vəkil məhkəməyə ərizə ilə müraciət edərək, işə iştirakları olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etdi.

7. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Cavabdeh İB-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, iddiaya etirazlarını və onun əsasını təşkil edən sübutları məhkəməyə təqdim etdiklərini bildirmiş, məhkəmədən işə iştirakları olmadan baxılmasını və iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

İş materialları.

8. “Qaz sayğacının yoxlanılması barədə” xx.xx.2023-cü il tarixli, MSK – 14-2-2/3-5- 2115-1 nömrəli aktdan görünür ki, 13548985 nömrəli plombun kəsilərək G4 SM/1879 saylı qutunun açılması nəticəsində sayğacın çıxış plastmas borusunun deşilməsi, sayğacın istismar müddətində ALARM-1 rejiminin aşkar olunmaması, sayğacın minimal sərfiyyatda - 100% sərfiyyatla işləməsi, kamera vasitəsilə sayğacın daxilinə baxış keçirilməsi zamanı isə plastmas boruda deşiyin olması, hesablama mexanizminin minimal sərfiyyatda köçən qazın həcmini qeyd etməməsi və sayğacın istismara yararsız olduğu müəyyən edilmişdir.

9. “Təbii X3nın pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktdan görünür ki, istehlakçı İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən sayğaca Cavabdeh İBnin əməkdaşları tərəfindən baxış keçirilmiş, 28/2-2023-cü il tarixli dövlət yoxlamasına əsasən, 18-024678 saylı sayğacın çıxış borusunun deşilməsi, sayğacda istismar müddətində ALARM-1 rejiminin aşkar olunmaması, sayğacda plastmas boruda deşiyin olması müəyyən edilmiş və sayğacın istismara yararsız olduğu qeyd edilmişdir.

10. xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı İddiaçı məxsus (abonent kodu – **********01110) ünvan 1 ünvanında yerləşən sayğacda olan qüsura görə 8640 m3 həcmində dəymiş zərər hesablanmışdır.

11. **********01110 kodlu abonentin saldosundan görünür ki, abonentə 2023-cü ilin fevral ayında“qalıq və aktlar”a əsasən 1555.20 manat məbləğində borc hesablanmışdır. İşin faktiki halları.

12. İddiaçı **********01110 kod üzrə təbii qazdan istifadə edən abonentdir. Cavabdeh iddiaçının abonent olduğu ünvanı təbii qazla təchiz edir.

13. Cavabdeh İB tərəfindən İddiaçı abonent olduğu ünvan üzrə sayğac yoxlamadan keçirilmiş, xx.xx.2023-cü il tarixli akt əsasında sayğacda bir sıra qüsurlar - sayğacın çıxış plastmas borusunun deşilməsi, sayğacın istismar müddətində ALARM-1 rejiminin aşkar olunmaması, sayğacın minimal sərfiyyatda -100% sərfiyyatla işləməsi, kamera vasitəsilə sayğacın daxilinə baxış keçirilməsi zamanı isə plastmas boruda deşiyin olması, hesablama mexanizminin minimal sərfiyyatda köçən qazın həcmini qeyd etməməsi və sayğacın istismara yararsız olması – aşkar edilmişdir.

14. xx.xx.2023-cü il tarixdə bu yoxlama nəticəsi əsasında təbii X3nın pozulması haqqında akt tərtib edilmiş, bu akta əsasən 8640 m3 itirilmiş qaz hesablanmış, buna uyğun olaraq 1555.2 manat məbləğində borc abonentin hesabına yazılmışdır.

Tətbiq edilən hüquq.

15. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 3. İstehlakçıların hüquqları. Azərbaycan Respublikası ərazisində istehlakçılar aşağıdakı hüquqlara malikdir: öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə. Maddə 26. İstehlakçıların hüquqlarının məhkəmə müdafiəsi. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər.

16. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 13. Qazın pаylаnmаsı, satılması və qazın verilməsinin dayandırılması. 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X3 ilə tənzimlənir.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X3”.

4. Qaz sayğaclarının quraşdırılması və istismarı. 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

19. "Dövlət rüsumu" haqqında Azərbaycan Respublikasının Qanunu.

Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.5. istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar.

Məhkəmənin mövqeyi.

20. İşin hаllаrındаn göründüyü kimi, Cavabdeh İB-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus sayğaca baxış keçirilərək sayğac yenisi ilə əvəz edilmiş, köhnə sayğacda laboratoriya rəyi əsasında aşkarlanan bütün qüsurlar sayğaca istehlakçı tərəfindən olunan müdaxilə kimi qiymətləndirilərək, dəymiş zərər akta əsasən borc kimi abonentin saldosuna yazılmışdır. Halbuki sadəcə olaraq qaz sayğacının zədələnməsinin müəyyən edilməsi faktı əsasında dəymiş zərər istehlakçıdan tələb edilə bilməz.

21. Belə ki, yuxarıda istinad edilmiş “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1-ci bəndində qeyd edilir ki, ... . Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir...

22. Göründüyü kimi, qaz paylayıcısı (Cavabdeh İB) tərəfindən sayğaca müdaxilə, yaxud qanunsuz qoşulma hallarının aşkar edilməsi qaz paylayıcısına vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etmək hüququ vermir. Cavabdeh qaz paylayıcısının təbii X3nın pozulmasına dair akta əsasən dəymiş zərər kimi iddiaçı istehlakçıdan pul tələb edə bilməsi üçün istehlakçının qazın talanmasında təqsirli olması yuxarıda qeyd edilmiş qərarlar əsasında müəyyən edilməlidir. Yalnız bundan sonra məhkəmə sayğaca müdaxilədə istehlakçının təqsirli olduğu, dolayısıyla dəymiş zərərin məhz istehlakçıdan tutulmalı olduğu nəticəsinə gələ bilər. Hazırkı işdə isə məhkəməyə iddiaçının təqsirini təsdiq edən belə bir sübut təqdim edilməmişdir.

23. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh İB tərəfindən iddiaçı istehlakçıya təbii X3nın pozulmasına dair xx.xx.2023-cü il tarixli akt əsasında hesablanmış 1555.2 manat məbləğində borc silinməlidir.

Məhkəmənin gəldiyi nəticə.

24. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı xx.xx.2023-cü il tarixli akt əsasında hesablanmış 1555.2 manat məbləğində borc silinməlidir.

25. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı (abonent kodu – **********01110) xx.xx.2023-cü il tarixli akt əsasında hesablanmış 1555.2 manat (min beş yüz əlli beş manat iyirmi qəpik) məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar