Məhkəmə qərarları › İş №2(010)-693/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-693/2024

05.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-693/2024 05.04.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X1 qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, iddiaçı Baxışova Dı̇ lbər Şahalı qızının Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra mətndə Cavabdeh ASC) qarşı “borcun silinməsi və suyun verilməsinin bərpa edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları

1. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.1995-ci il tarixdə verilmiş Qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 Baxışova Dı̇ lbər Şahalı qızının mülkiyyətindədir.

2. Cavabdeh ASC tərəfindən tərtib edilmiş abonent kartından görünür ki, abonent kodu **********001 olan ünvan 1 ünvanı üzrə borc məbləği 502,87 manat təşkil edir.

İşikn faktiki halları

3. Cavabdeh ASC tərəfindən ünvan 1 ünvanına su sayğacının quraşdırılması və həmin ünvan üzrə **********001 nömrəli abonent kodunun verilməsi işin mübahisəsiz hallarıdır.

İddia tələbi

4. İddiaçı Baxışova Dı̇ lbər Şahalı qızı Cavabdeh ASC-yə qarşı “borcun silinməsi və suyun verilməsinin bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, suyun verilişi və çirkab sularının axıdılmasına görə cavabdeh tərəfindən mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, C.Cabbarlı küçəsi, ev 6-ya (B tikilisi) (abunə kodu **********001) 502,87 manat məbləğinin ondan tələb edilməsinin Cavabdeh ASC-yə qadağan edilməsi, 502,87 manat borc məbləğinin Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, C.Cabbarlı küçəsi, ev 6-ya (B tikilisi) (abunə kodu **********0010) aid abunə haqqında və digər sənədlərdən silinməsinin və Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, C.Cabbarlı küçəsi, ev 6ya (B tikilisi) (abunə kodu **********60000) təbii suyun verilişinin həcmi smart sayğacla ölçülməklə verilməsinin təmin edilməsi öhdəliyinin Cavabdeh ASC-yə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Tərəflərin izahatları

5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, 2015-ci ildə sayğacı dəyişdirib smartkart sayğac ilə əvəz etdilər. Sonradan isə smart sayğaca cərimə borcu yazıldı, lakin cərimə borcu ilə razılaşmadıqları üçün ödəniş edilmədi və bu səbəbdən də su xəttindən istifadə edilmədi. Daha sonra, Əmircan qəsəbəsində yeni su xətti çəkildi və smartkart sayğacı yenisi ilə əvəz etdilər. Cavabdeh ASC tərəfindən verilmiş çıxarışa əsasən xx.xx.2021-ci il tarixə onların heç bir borcu olmayıb. Ancaq onlar xx.xx.2022-ci il tarixdə ünvana 433,52 manat borc hesablayıblar. Sayğacın göstəricisi var, bu məbləği necə, nə səbəbə yazıblarsa, sübutlarını təqdim etməlidirlər. Onlar elektron sayğac yazdığı bütün borcu müntəzəm olaraq ödəyirlər, xx.xx.2022-ci ildə sayğacı çıxarıb aparıblar, idarəyə kimi şikayət etməyinə baxmayaraq hələ də sayğac quraşdırılmayıb. Bugünkü günədək su xəttinə blom vurulub və sudan istifadə edə bilmirlər. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.

6. Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçının sayğacı smart sayğac olub. 2015-ci ildən 2022-ci ilin əvvəlinədək sayğaca pul ödənilmədiyi üçün sistem avtomatik olaraq həmin 6 il üçün hesabat çıxarır, hesabatdan çıxarılan məbləğ 433,52 manatdır. Köhnə sayğac çıxarılıb yeni sayğac quraşdırılanda köhnə sayğac 6 ilin hesabatını verir. Orada yaşayış olub, olmamasına dair elektrik sərfiyyatını təqdim edərək yaşayış olmadığını sübut edə bilmədilər. Həmin mənzildə yaşayış olmasa belə, nəfərsay olub və sistem nəfərsay ilə hesablama aparır. Orada su xətti olub, smart sayğac olub, sayğaca heç bir ödəniş edilməyib və su xəttindən alternativ istifadə yolları olub. Bu isə birbaşa sudan qanunsuz istifadə etmək deməkdir, qanunla buna yol verilmir. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etdi.

Tətbiq edilən hüquq

7. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanunu

Maddə 30. Verilən suyun həcminin hesablanması Maddə 30.1. Su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Maddə 59. Su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrlə bağlı hüquqları Maddə 59.3. Su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna və müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara əsasən hesablanır.

8. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 262 saylı, xx.xx.2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”

Bənd 2.1.5. İstehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcmini smartkart tipli olmayan suölçən cihazın göstəricilərinə əsasən, suölçən cihaz quraşdırılmadıqda isə bu Qaydaların 7.2-ci bəndinə uyğun olaraq müəyyənləşdirmək STKM-in vəzifəsidir. Bənd 2.1.7. İstehlakçının suölçən cihazını onun texniki pasportunda göstərilmiş müddətdə ödənişsiz qaydada növbəti dövlət yoxlamasından keçirmək STKM-in vəzifəsidir. Bənd 2.1.8. İstehlakçının təqsiri olmadan zədələnən suölçən cihazı ödənişsiz qaydada təmir etmək və dövlət yoxlamasından keçirmək, həmin suölçən cihazı təmir etmək mümkün olmadıqda isə onu ödənişsiz qaydada başqası ilə dəyişdirmək STKM-in vəzifəsidir. Bənd 5.1.5. Verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək istehlakçıların hüquqlarındandır. Bənd 7.2. STKM smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmini belə cihazın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir (göndərməlidir). Su sərfi haqqında məlumatın təqdim edilməsini STKM ilə bağlanılmış müqaviləyə əsasən istehlakçının özü də həyata keçirə bilər.

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106. İşdə iştirak edən şəxslərin izahatları 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi

10. Məhkəmə iş materiallarını hərtərəfli araşdırıb, tərəflərin izahatlarını dinləyib hesab edir ki, iddia qismən təmin edilməlidir.

11. Məhkəmə qeyd edir ki, istehlakçıdan tələb edilən borcun real, həqiqətən sayğacdan istifadə nəticəsində hesablanmış borc olduğu sübuta yetirilməlidir və bu halda sübutetmə yükü su təchizatçısının, yəni borcu hesablamış təşkilat olan Cavabdeh ASC-nin üzərinə düşür. Belə ki, mübahisəli borc cavabdeh tərəfindən hesablanıldığından göstərilən halların həqiqətə uyğun olmasının sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. Hazırki halda isə cavabdeh bunu sübut edə bilməmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında sayğacın elektron hissəsinin xarab olduğunu və mexaniki hissənin yazmağa davam etdiyini, iddiaçının da bilmədən sudan istifadə etdiyini və bu səbəbdən borc yazıldığını bildirsə də, məhkəmə qeyd edir ki, istehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmçinin, iş materialları ilə iddiaçıya borcun hesablanması üçün əsaslar müəyyən edilməmiş, cavabdeh iddiaçı tərəfindən sudan istifadə hallarının mövcudluğunu sübuta yetirə bilməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçının ünvanına borc yazılması və həmin borcun iddiaçı tərəfindən ödənilməsinin tələb edilməsi əsassız və qanunsuz olduğundan borcun yaranma mənbəyi məlum deyil və bu səbəbdən həmin borc iddiaçının abunə hesabından silinməlidir.

12. İddia tələbinin təbii suyun verilməsinin təmin edilməsi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, su təchizatı müəssisəsinin istehlakçıya verdiyi suyun hesabı istehlakçıya su təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə su təchizatı müəssisəsi istehlakçının su təchizatını dayandırmaq hüququna malikdir. Hazırki iş üzrə suyun verilməsi borc məbləği ödənilmədiyi üçün dayandırılmış və iş üzrə yekun məhkəmə aktı qəbul edildikdən sonra təbii suyun verilməsi Cavabdeh ASC tərəfindən təmin olunacağından iddia həmin hissədə təmin edilə bilməz. Çünki, istehlakçını təbii su ilə təmin etmək su təchizatı müəssisəsinin əsas vəzifəsi olduğundan və həmin vəzifə birbaşa qanunda nəzərdə tutulduğundan, həmin vəzifənin yenidən məhkəmə tərəfindən cavabdehin üzərinə öhdəlik kimi qoyulması yolverilməzdir.

Məhkəmə xərcləri

13. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir.

14. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən, iddianın qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur.

15. Hazırki iddia üzrə ödənilməli olan dövlət rüsumu məbləği 30 manat təşkil edir.

16. Odur ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyi üçün cavabdehdən 30 manat məbləğində dövlət rüsumu tutulmaqla Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə

17. Beləliklə, qeyd olunanlara əsasən məhkməmə hesab edir ki, iddia qismən təmin edilməli, ünvan 1 (abunə kodu **********001) ünvanına hesablanmış 502,87 manat məbləğində borc silinməli, iddia qalan hissədə rədd edilməlidir.

18. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia qismən təmin edilsin. ünvan 1 (abunə kodu **********001) ünvanına hesablanmış 502,87 (beş yüz iki manat səksən yeddi qəpik) manat məbləğində borc silinsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar