Məhkəmə qərarları › İş №2(010)-694/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-694/2024

28.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-694/2024 28.02.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə1, Cavabdeh "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia tələbi. 1.İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Elektrik enerjisinə görə cavabdeh tərəfindən mülkiyyətində olan ünvan 1 (abunə kodu **********60000) elektrik enerjisinin verilməsinə 2343,36 manat məbləğinin ondan tələb edilməsinin cavabdeh "xxxx" ASC-yə qadağan edilməsi, 2343,36 manat elektrik enerjisinin verilişinə görə borc məbləğinin ünvan 1 (abunə kodu **********60000) aid abunə haqqında və digər sənədlərdən silinməsinin və ünvan 1 (abunə kodu **********60000) elektrik enerjisinin verilişinin bərpa edilməsi öhdəliyinin "xxxx" ASC-yə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 iddia ərizəsinə əlavə təqdim edərək ünvan 1 ünvanında yerləşən sayğaca əsassız yazılmış 2343,36 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

3.İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ünvan 2 tikilisinin mülkiyyətçisidir, həmin ev 1995-ci ildən iddiaçının mülkiyyətindədir. İddiaçı həmin vaxtdan evə elektrik enerjisinin verilişinin dayandırılmasına qədər orada ailəsi ilə birlikdə yaşamış, lakin cavabdeh tərəfindən elektrik enerjisinin verilişi 2019-cu ildən dayandırılmışdır. Belə ki, evə elektrik enerjisinin verilməsini aparan sayğac 2021-ci ildə vəfat etmiş mərhum qaynatası X2 adınadır. İddiaçının qayınatası müharibə veteranı olmuşdur və müharibə veteranlarına kommunal xidmətlərdə güzəştlər edildiyinə görə onlara yaşadıqları evdə göstərilən bütün kommunal xidmətlərdə qaynatasının adına olmuşdur. xx.xx.2019-cu ildə həmin evə elektrik enerjisinin verilişi cavabdeh tərəfindən dayandırılmışdır və bu günə qədər evdə elektrik enerjisi yoxdur. İddiaçının qayınatası X6 2021-ci ildə vəfat etdikdən sonra elektrik enerjisi üzrə sayğacı iddiaçı öz adına keçirmək istəsə də, cavabdeh imtina etmişdir. Əsas isə ondan ibarət olmuşdur ki, borc ödənilməli və sonra sayğac onun adına keçirilməlidir. Belə ki, 2019-cu ilə qədər elektrik enerjisinin verilişi dayandırılana qədər evə verilən elektrik enerjisinin həcmi sayğacla ölçülürdü və sayğacın göstəricilərinə əsasən o, istehlak etdiyi elektrik enerjisinin pulunu tam şəkildə ödəmişdir. Elektrik enerjisinin verilişinin bərpa edilməsi və sayğacın iddiaçının adına keçirilməsi üçün cavabdeh tərəfindən iddiaçıdan 2343,36 manat borcun ödənilməsi tələb etmişdir. İddiaçı abunə haqqında sənədləri aldıqda müəyyən etmişdir ki, həmin qeyd edilən borcun yaranması dövrləri 2002-2005-ci illərə təsadüf edir, halbuki abunə haqqında sənədin özündən görünür ki, həmin dövrdə evə verilən elektrik enerjisinin həcmini ölçən sayğac cavabdeh tərəfindən quraşdırılmış və həmin sayğacın göstəriciləri də abunə haqqında sənəddə görünür. Belə ki, cavabdeh həm sayğac göstəricilərinə görə iddiaçıdan elektrik enerjisinin dəyərini almış, həm də paralel olaraq başqa borc hesablamışdır. Regional işıq idarəsinə gedərək borcun yaranma səbəbini soruşduqda heç kim iddiaçıya bunun səbəbini izah edə bilməmişdir. Yalnız onu bildirmişlər ki, 86,76 manat borc sayğacın quraşdırılmasına görədir, halbuki sayğacın quraşdırılması pulsuzdur, 131 manat borc xidməti məlumata əsasən hesablanıb, lakin həmin xidməti məlumatın nədən ibarət olmasını ona heç kim bildirməmişdir. Hazırda iddiaçı mülkiyyətində olan mənzildə elektrik enerjisindən istifadə edə bilmir, bununla da onun istehlakçı kimi hüquqları pozulur. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Tərəflərin izahatları.

4. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, mübahisəli ev İddiaçı mülkiyyətindədir. Orada quraşdırılmış saygac isə 2021-ci ildə vəfat etmiş mərhum qaynatası X2 adınadır. İddiaçının qayınatası müharibə veteranı olmuşdur və müharibə veteranlarına kommunal xidmətlərdə güzəştlər edildiyinə görə onlara yaşadıqları evdə göstərilən bütün kommunal xidmətlərdə qaynatasının adına olmuşdur. Hazırda o vəfat etdiyindən saygacı öz adına rəsmiləşdirmək istəsə də, "xxxx" ASC əsassız olaraq ondan borc tələb edir. Belə ki, həmin borcun 2002-2005-ci illər ərzində yarandığını qeyd edərək ondan əsassız olaraq borc tələb edir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

5. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia tələbini qəbul etməmiş və izahatında göstərmişdir ki, iddiaçının məhkəməyə təqdim etdiyi müraciəti əsassızdır. Belə ki, ünvan 2 ünvanda yerləşən evə quraşdırılmış sayğaca görə yaranmış borc "xxxx" Açıq Səhmdar Cəmiyyətindən əvvəl fəaliyyət göstərən "xxxx" ASC və "xxxx" MMC kimi fəaliyyət göstərən qurumların dövründə, yəni 2001-ci ildən 2015-ci il aralığında yaranmış borcdur. Abonentin 2015-ci ildən sonra borcu yaranmamışdır. Həmin borclar tərtib olunmuş aktlara əsasən hesablanmış, lakin həmin aktlar hal-hazırda mövcud deyildir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunmasını xahiş etmişdir.

İş materialları.

6.Şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, C.Cabbarlı küçəsi, ev 6 ünvanında qeydiyyatındadır. 7.Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti başçısının aparatı Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş 30 nömrəli 16551 seriyalı Qeydiyyat vəsiqəsinin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, C.Cabbarlı küçəsi, ev 6 ünvanında yerləşən yaşayış evi mülkiyyət hüququ üzrə X7 adına 2 y/otağı -36,0 kv/m “B” tikintisi xx.xx.1995-ci il tarixdə qeydiyyata alınmışdır.

8. 4 saylı Bakı Asan xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən müəyyən olunur ki, X6 xx.xx.2021ci il tarixdə ölmüşdür.

9. xx.xx.2001-ci il tarixli Abunə Haqqında bildirişdən görünür ki, xx.xx.2001-ci il tarixli BOEO saylı qeydiyyata əsasən X1 2343,36 manat borcu vardır.

10. "xxxx" ASC tərəfindən verilmiş X4 görünür ki, ünvan 4 ünvanında Baxşiyev Abdulla oğlunun adına quraşdırılmış **********60000 saylı abonent kodu üzrə sayğaca görə 2017-ci il tarixə 2298,31 manat borc yazılmışdır.

İşin faktiki halları.

11. Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, C.Cabbarlı küçəsi, ev 6 ünvanında yerləşən yaşayış evi mülkiyyət hüququ üzrə X7 adına 2 y/otağı -36,0 kv/m “B” tikintisi xx.xx.1995-ci il tarixdə qeydiyyata alınmışdır. Həmin mənzilə dair abonent kodu 2021-ci ildə vəfat etmiş mərhum qaynatası X2 adınadır. ünvan 2 ünvanda yerləşən evə quraşdırılmış sayğaca görə yaranmış borc "xxxx" Açıq Səhmdar Cəmiyyətindən əvvəl fəaliyyət göstərən "xxxx" ASC və "xxxx" MMC kimi fəaliyyət göstərən qurumların dövründə, yəni 2001-ci ildən 2015-ci il aralığında yaranmış borcdur. Cavabdehin izahatına görə tələb olunan borc tərtib olunmuş aktlara əsasən hesablanmış, lakin həmin aktların hal-hazırda mövcud olması ilə bağlı sübut təqdim olunmamışdır.

12.Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

13.“Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 saylı qərarı

4. X3 Rejimləri və Əsas Şərtləri 4.1. Enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir.

8. Elektrik Enerjisindən (X11) X5 8.2. Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 8.4. Enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. 8.7. Enerjitəchizatı müəssisəsi hesablaşma dövründə aldığı elektrik enerjisinin haqqını, dövlət elektroenergetika müəssisəsinə onlar arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən edilmiş müddət ərzində ödəməlidir. Hər hansı bir səbəbdən, o cümlədən hesabında vəsait olmadığından, enerjitəchizatı müəssisəsi təqdim edilmiş elektrik enerjisinə görə ödəniş sənədi üzrə ödənişi elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən edilmiş müddət ərzində dövlət elektroenergetika müəssisəsinin hesabına köçürmədikdə, hər bir gün üçün ödəniş aparılan günədək ödəmə sənədindəki məbləğin 0,01 faizi miqdarında dəbbə (penya) verilməlidir. Ödəmə sənədində səhv və ya sayğacların göstərişlərində anlaşılmazlıq aşkar olunarsa, enerjitəchizatı müəssisəsi bu barədə dövlət elektroenergetika müəssisəsinə yazılı məlumat verməlidir. Enerjitəchizatı müəssisəsi yazılı məlumat verdikdən sonra dövlət elektroenergetika müəssisəsi on gündən gec olmayaraq hesablaşmanı və lazım gələrsə sayğacı yoxlamalı, bu yoxlamanın nəticələri haqqında enerjitəchizatı müəssisəsinə məlumat verməlidir. Sayğacın yoxlanılması və ya ödəmə sənədindəki səhv haqqında enerjitəchizatı müəssisəsinin məlumat verməsi, onu təqdim olunan ödəmə sənədi üzrə təyin olunmuş müddətdə ödənişdən azad etmir. Elektrik enerjisinin uçotunda səhv aşkar edildikdə, dövlət elektroenergetika müəssisəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddətindən kənara çıxmamaq şərtilə elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması müddətindən sonrakı dövr üçün yenidən hesablaşma aparmalıdır. Əgər sayğac göstəricilərinin xətası Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin müəyyən etdiyi normalardan artıq deyilsə, onda bu xəta normal sayılır və yenidən hesablaşma aparılması tələb olunmur. Əgər yoxlamanın nəticələrinə görə yenidən hesablaşma aparmaq tələb olunarsa, onda növbəti dövr üçün ödəniş sənədləri yazıldıqda yenidən hesablaşma aparılır.

14. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 3. İstehlakçıların hüquqları Azərbaycan Respublikası ərazisində istehlakçılar aşağıdakı hüquqlara malikdir: öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə; Maddə 26. İstehlakçıların hüquqlarının məhkəmə müdafiəsi İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

16. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.5. istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar;

Məhkəmənin mövqeyi.

17. İşin faktiki hallarından görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, C.Cabbarlı küçəsi, ev 6 ünvanında yerləşən yaşayış evi mülkiyyət hüququ üzrə X7 adına 2 y/otağı -36,0 kv/m “B” tikintisi xx.xx.1995-ci il tarixdə qeydiyyata alınmışdır. Həmin mənzilə dair abonent kodu 2021-ci ildə vəfat etmiş mərhum qaynatası X2 adınadır. ünvan 2 ünvanda yerləşən evə quraşdırılmış sayğaca görə yaranmış borc "xxxx" Açıq Səhmdar Cəmiyyətindən əvvəl fəaliyyət göstərən "xxxx" ASC və "xxxx" MMC kimi fəaliyyət göstərən qurumların dövründə, yəni 2001-ci ildən 2015-ci il aralığında yaranmış borcdur. Cavabdehin izahatına görə tələb olunan borc tərtib olunmuş aktlara əsasən hesablanmış, lakin həmin aktların hal-hazırda mövcud olması ilə bağlı sübut təqdim olunmamışdır.

18. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, abonent saldosuna əsasən cavabdeh təşkilat 2017-ci il tarixədək yaranmış borcun aktlar əsasında yarandığını iddia edərək bununla bağlı sübut təqdim etmədən iddiaçıdan özündən əvvəlki qurumlara olan 2001-ci ildən 2015-ci il aralığında yaranmış borcu tələb edir.

19. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iddia tələbi qismən təmin olunmalı və abonentin hərəkət cədvəlinə əsasən 2017-ci il tarixədək 2298.31 manat yaranmış borc abonentin saldosundan silinməlidir.

Məhkəmə xərcləri.

20. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən dövlət rüsumu ödəməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunduğundan 42.98 manat dövlət rüsumu "xxxx" ASC-dən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

21. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, C.Cabbarlı küçəsi, ev 6 ünvanında İddiaçı tələb olunan (abonent kodu **********60000) elektrik enerjisindən istifadə nəticəsində artıq hesablanmış 2298,31 (iki min iki yüz doxsan səkkiz manat, otuz bir qəpik) manat məbləğində pul vəsaiti "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən silinməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia ərizəsi qismən təmin edilsin. ünvan 5 ünvanında İddiaçı tələb olunan (abonent kodu **********60000) elektrik enerjisindən istifadə nəticəsində artıq hesablanmış 2298,31 (iki min iki yüz doxsan səkkiz manat, otuz bir qəpik) manat məbləğində pul vəsaiti "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən silinsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 42.98 (qırx iki manat, doxsan səkkiz qəpik) manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin olunmasın. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar