Məhkəmə qərarları › İş №2(010)-697/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-697/2024

14.03.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-697/2024 14.03.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçı, cavabdehin etibarnamə üzrə nümayəndəsi Nümayəndə, mütəxəssis X1 iştirakı ilə İddiaçı Şərı̇ fov Əlı̇ heydər Tağı oğlunun cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi.

1. İddiaçı Şərı̇ fov Əlı̇ heydər Tağı oğlu cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, M.Bəydəmirov küçəsi, döngə 6, 12 saylı evə elektrik enerjisinə görə ödənilməli olan 864.32 manat məbləğində borcun ona heç bir aidiyyətinin olmamasının müəyyən edilməsi və borcun silinməsinin "xxxx" ASC-yə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı Şərı̇ fov Əlı̇ heydər Tağı oğlu ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbində qeyd etdiyi borc məbləğinin 64 manat hissəsini qəbul etdiyini və qalıq borc məbləğinin silinməsini xahiş etmişdir.

3. Cavabdehin etibarnamə üzrə nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, hazırki iş üzrə iddia tələbində qeyd edilən və NDM 035878 saylı akt üzrə hesablanmış 847.13 manat məbləğində cərimənin 64 manat hissəsində tutulmasına, qalan məbləğin isə silinməsinə etiraz etmədiyini bildirmişdir.

İddia tələbinin dəlilləri.

4. ünvan 1 ünvanda yaşayır. Qeyd edilən yaşayış evi cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən elektrik enerjisi ilə təmin edilmiş və ünvanda sayğac quraşdırılmışdır. O, hər ay mütəmadi olaraq işlətdiyi elektrik enerjisinin dəyərini ödəmiş, cavabdehə bununla əlaqədar heç bir məbləğdə borcu qalmamışdır. 25 noyabr 2023-cü il tarixdə səhər yuxudan duranda işıq sayğacının şüşəsinin sınıq olmasını görüb dərhal AR DİN-in 102 xidmətinə zəng vurdmuşdur. Polis əməkdaşları ilə birlikdə cavabdehin əməkdaşları gəlib sayğaca baxış keçirmiş və sayğacda hansısa problemin olmasını bildirib akt yazmışdırlar. Sonradan cavabdehin əməkdaşları onun iştirakı olmadan sayğacı çıxarıb aparmışdırlar. O, bu barədə cavabdehə müraciət etdikdə ona kənar xəttin olmasını bildirmiş və aktın surətini vermişdirlər. Bundan sonra isə cavabdeh tərəfindən ona 864.32 manat debitor borcu hesablanmışdır. "xxxx" ASC-nin əməkdaşları tərəfindən həmin borc məbləğinin ondan tələb edilərkən o, onlara yaranmış borc məbləğinin ona heç bir aidiyyətinin olmamasını bildirmişdir. Tərəflərin izahatları.

5. Məhkəmə iclasında dindirilən mütəxəssis X2 bildirdi ki, təqdim edilən CD diskə baxış keçirilən zaman görünür ki, sayğacın ana xəttinə müdaxilə edilmişdir və sayğaca kənar xətlə qoşulma halı mövcuddur.

6. Məhkəmə iclasında iddiaçı Şərı̇ fov Əlı̇ heydər Tağı oğlu iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, əgər sayğaca kənar xətlə qoşulma halı olsaydı həmin xətt sayğaca qoşulmalı idi, lakin sayğacın plombu üzərində sağlam vəziyyətdə olmuşdur və heç bir müdaxilə olmamışdır. Eyni zamanda bildirdi ki, sayğaca gələn xətlər qurumun özü tərəfindən çəkilmişdir. Əlavə olaraq, Şərı̇ fov Əlı̇ heydər Tağı oğlu bildirdi ki, ona cərimə borcunun bir ay müddəti üçün hesablanmasına etiraz etməz və ərizə ilə məhkəməyə müraciət edərək, borc məbləğinin 64 manat (bir ay üçün) hissəsini qəbul etdiyini və qalıq borc məbləğinin silinməsini xahiş etdi.

7. Məhkəmə iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi Nümayəndə bildirdi ki, mütəxəssis rəyində də bildirdildiyi kimi, sayğaca kənar xətlə qoşulma halı mövcuddur. Hesablanmış cərimə məbləği ilə bağlı bildirdi ki, sayğaca ümumi baxış keçirildiyi tarixdən etibarən (300 gün ərzində) həmin cərimə məbləği hesablanmışdır. Eyni zamanda hesablama qaydası ilə bağlı qeyd etdi ki, əgər sayğaca kənar xəttlə qoşulmanın istehlakçının təqsiri nəticəsində baş vermədiyi müəyyən edilərsə, o zaman bu hal uçotun müvəqqəti pozulması kimi qiymətləndirilir və 1 ay üçün müvafiq cərimə məbləği hesablanır. Əlavə olaraq ərizə ilə məhkəməyə müraciət edərək qeyd etdi ki, akt üzrə hesablanmış 847.13 manat məbləğində cərimənin 64 manat (bir ay üçün) hissəsində tutulmasına, qalan məbləğin isə silinməsinə etiraz etmir.

İş materialları.

8. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, abonent Şərı̇ fov Əlı̇ heydər Tağı oğlunun yaşadığı ünvanda sayğaca baxış keçirilən zaman müyyən edilmişdir ki, fərdi yaşayış evinə sayğac sxemindən kənar xətt daxil olur. Kənar xətt sayğac sxemini qidalandıran Sip faza xəttinin izoliyasiyası pozularaq budaqlanma yolu ilə çəkilmişdir. Sıfır xətti isə sayğac sxemindən götürülmüşdür.

9. Abonent saldosundan görünür ki, abonent Şərı̇ fov Əlı̇ heydər Tağı oğlunun hesabına xx.xx.2023-cü il tarixli NDM035878 saylı akta əsasən ümumilikdə 847.13 manat məbləğində cərimə məbləği hesablanmışdır.

10. “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında xx.xx.2023-cü il tarixli Qərarın surətindən görünür ki, vətəndaş Şərı̇ fov Əlı̇ heydər Tağı oğlunun müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, aparılmış araşdırma zamanı İddiaçı sayğacının kənar şəxslər tərəfindən sındırılması faktı öz təsdiqini tapmadığından material üzrə cinayət işinin başlanılması rədd edilməlidir.

İşin faktiki halları.

11. İşin faktiki halları ondan ibarətdir ki, cavabdeh qurum tərəfindən iddiaçının abonent hesabına cərimə məbləği hesablanmışdır. Cərimənin hesablanmasına səbəb kimi, iddiaçının sayğacdan kənar xəttdən istifadəsi halının aşkar edilməsi göstərilmişdir. İddiaçı öz növəsində hüquq-mühafizə orqanına müraciət edərək, onun sayğacının qəsdən zadələndiyini bildirmişdir. İstintaq orqanı şikayət üzrə cinayət işi açmaqdan imtina etmişdir. İddiaçı ona hesablanmış cərimə məbləğinin əsassız olduğunu hesab edir. Cavabdeh tərəf tərtib edilən akta istinad edərək iddiaçının yaşadığı ünvanda elektrik enerjisini əldə etmək üçün kənar xəttdən istifadə etdiyini bildirir və bunun sübutu kimi xəttin aşkar edilməsi vaxtı aparılmış videogörüntülərin əks edildiyi CD diski məhkəməyə təqdim etmişdir Məhkəmə iclasına dəvət edilmiş mütəxəssis CD diskdəki görüntülərə baxış keçirərək kənar qoşulma halının olduğunu bildirmişdir. İşə məhkəmə iclasında baxılarkən iddiaçı kompramis əldə etmək üçün ona bir ay müddəti üçün cərimənin hesablanmasına etiraz etməyəcəyini, cavabdeh tərəf də öz növbəsində iddiaçının abonent hesabına bir ay müddəti üçün hesablanmış cərimənin saxlanılmasına, qalan məbləğin silinməsinə etirazlarının olmayacağını bildirmişlər.

Tətbiq edilən hüquq.

12. “Elektrik Enerjisindən istifadə qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 №-li qərarı.

1.3. Enerjitəchizatı müəssisəsi elektrik enerjisinin alqı-satqı müqaviləsi əsasında dövlət elektroenergetika müəssisəsindən, yaxud müstəqil enerji istehsalçısından elektrik enerjisini satın alır və onu istehlakçılara satır. 4.1. Enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. 8.1. Dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. 8.2. Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. 8.16. İstehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır.

13. AR Mülki Məcəlləsi.

Maddə 21. Zərərin əvəzinin ödənilməsi

21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 1.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

14. AR Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübutetmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Məhkəmənin mövqeyi.

15. Məhkəmə iş materiallarını hərtərəfli araşdırıb, proses iştirakçılarının izahatını dinləyib hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia qismən təmin edilməlidir.

16. Məhkəmə qeyd edir ki, iş materiallarının araşdırılması və proses iştirakçılarının izahatı ilə müəyyən edilir ki, iddiaçının silinməsini tələb etdiyi cərimə məbləği cavabdeh tərəfindən ona sayğaca kənar xətlə qoşulma ilə əlaqədar hesablanmışdır. Məhkəmə eyni zamanda qeyd edir ki, məhkəmə iclasında dindirilən mütəxəssis öz izahatında iddiaçının istifadəsində olan sayğacın ana xəttinə kənat xətlə qoşulma halının olduğunu bildirmişdir. Bununla belə, tərəflər məhkəmə iclasında razılığa gələrək cərimə məbləğinin bir ay müddəti üçün hesablanmasına etiraz etmədiklərini bildirmişlər. Qeyd edilməlidir ki, yuxarıda istinad edilən sahəvi qanunvericilik aktı da, məbləğin son bir ay müddəti üçün hesablanması halını nəzərdə tutmuşdur. Elə cavabdehin nümayəndəsi də öz izahatında bu hala istinad edərək cərimənin qeyd edilən müddət üçün hesablanmasına etiraz etməmişdir. O da qeyd edilməlidir ki, iddiaçının yşaadığı ünvanda kənar xəttin olması halı da işin halları ilə təsdiq edilmişdir. Ona görə də, məhkəmə iddiaçının abonent hesabına bu əsasla cərimənin yazılmasını qanunsuz hesab etmir. Cərimənin məbləğinə gəldikdə isə, məhkəmə müvafiq dövlət yoxlamasının (hesablaşmanın) aylıq olaraq həyata keçirilməsini, tərəflərin müddət və məbləğlə bağlı aralarında razılığa gəlmələrini nəzərə alaraq hesab edir ki, müvafiq taarif göstəricilərinə uyğun olaraq iddiaçıya hesablanmış cərimə məbləği bir ay müddəti üzrə hesablanmaqla, 64 manat müəyyən edilməli, iddiaçının hesabına hesablanmış qalan 783.13 manat cərimə vəsaiti onun hesabından silinməlidir.

Məhkəmə xərcləri.

17. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

18. AR Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə görə, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

19. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən və iddiaçı iş üzrə dövlət rüsumu ödənilməsindən azad olduğundan iş üzrə ödənilməli olan 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

20. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" ASC tərəfindən iddiaçı Şərı̇ fov Əlı̇ heydər Tağı oğlunun abonent hesabına cərimə olaraq hesablanmış 847.13 manat pul vəsaitinin 783.13 manat hissəsi silinməli, iddia qalan hissədə təmin edilməməli, iş üzrə ödənilməli olan 30 manat pul vəsaiti cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

21. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən iddiaçı Şərı̇ fov Əlı̇ heydər Tağı oğlunun abonent hesabına cərimə olaraq hesablanmış 847.13 manat pul vəsaitinin 783.13 manat hissəsi silinsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilməli olan 30 manat pul vəsaiti cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar