Məhkəmə qərarları › İş №2(010)-726/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-726/2023

24.05.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-726/2023 24.05.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi.

1. Ərizəçi maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən xx.xx.2006-cı il tarixdə anadan olmuş qızı X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Ərizənin əsaslandırıldığı hallar.

2. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki: “X2 xx.xx.2006-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. O, anadangəlmə psixi qüsurlu və hazırda birinci dərəcəli gözdən əlildir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibb Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatında göstərilmişdir ki, onun kənar şəxsin qulluğuna ehtiyacı var və əmək qabiliyyətsizdir. Qızım 16 yaşına çatanadək onun tibb müəssisələrinə aparılması, qanuni nümayəndəsi kimi onu təmsil edərək pensiya sənədləşdirilməsində və s. işlərdə imzaları mən edirdim. O, artıq yetkinlik yaşına çatdığı üçün fəaliyyət qabiliyyəti olmaması səbəbi ilə onun hüquq və mənafelərinin qorunması məqsədi ilə onun üzərində qəyyum təyin olunması tələb olunur. Mən övladımın üzərində qəyyum təyin edilmək üçün Suraxanı rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasına müraciət etdim. Müraciətimə cavab olaraq bildirildi ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi yalnız məhkəmənin səlahiyyətindədir və məhkəmə qərarından sonra qəyyum təyin edə bilərlər”.

Tərəflərin izahatları.

3. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək bildirdi ki, qızı X4 əqli gerilik var. Belə ki, o fikrini ifadə edə bilmir və danışmaqda çətinlik çəkir. Eyni zamanda gözdən əlildir. Qeyd etdiyi səbəblərdən qızının məhkəmə iclasında iştirak etməsi qeyrimümkündür. Qızının üzərində qəyyum təyin edilmək istəyir. Odur ki, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi.

4. Maraqlı şəxs Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyətinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, buna baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

İş materialları.

5. Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 826011 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 (atası X6, anası Ərizəçi) xx.xx.2006-ci il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2007-ci il tarixdə 06 nömrə ilə qeyd edilmişdir.

6. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının yanında Qəyyumluq və Himayə Komissiyası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, X7 üzərində qəyyum təyin edilməsi üçün şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi olması zəruri olduğundan aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir.

7. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə sistemdən çıxarışdan görünür ki, xx.xx.2006-cı il təvəllüdlü X7 xx.xx.2022-ci il tarixdə Tibbi-Sosial Ekspert Komissiyasında müayinədən keçmişdir. Ona “Anoftalmın digər növü, anadangəlmə anaftalmVis OD=0 Vis OS=Anoftalm OD-buynuz qişanın ölçüsü kiçikdir, rəngi bozdur, arxa hissələr müəyyən olunmur. OS-göz almaları yoxdur null” diaqnozu qoyulmuşdur. Əlillik səbəbi: ümumi xəstəlik – gözdən əlil, əlillik müddəti: müddətsiz.

8. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X12 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1133 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyinin nəticə hissəsindən görünür ki, xx.xx.2006-cı il təvəllüdlü X4 orta dərəcəli kəmağıllıq (imbesillik), anamnezində qıcolma tutulmaları müəyyən edilmişdir. X7 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də X7 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. X8 onda müəyyən edilən orta dərəcəli kəmağıllıq (imbesillik), anamnezində qıcolma tutulmaları ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakında yol vermir.

İşin faktiki halları.

9. Ərizəçi xx.xx.2006-cı il təvəllüdlü qızı X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçinin qızı İlahə Cəlillinin hər hansı psixi xəstəliyinin olub-olmamasının, eləcə də onun öz hərəkətlərini dərk etmək və idarə etmək imkanının müəyyən edilməsi məqsədilə məhkəmə-psixiatrik ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X12 tərəfindən verilmiş müvafiq rəydə göstərilmişdir ki, xx.xx.2006-cı il təvəllüdlü X4 orta dərəcəli kəmağıllıq (imbesillik), ananmnezində qıcolma tutulmaları müəyyən edilmişdir. X7 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də X7 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəni müdafiə edərək təmin edilməsini xahiş etmiş, məhkəmə iclası barədə məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir.

Tətbiq edilən hüquq.

10. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 28. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti. 28.8. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər.

11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 305. Məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlər. 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.3. şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında. Maddə 317. Ərizənin verilməsi. 317.2. Məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. 317.3. Şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Maddə 321. Məhkəmənin ərizə üzrə qətnaməsi. 321.1. Şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən fəaliyyət qabiliyyəti məhdudlaşdırılan şəxs üzərində himayəçi təyin etmək üçün əsasdır. 321.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır.

Məhkəmənin mövqeyi.

12. Psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərini idarə etmək iqtidarında olmayan X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş onun anasının ərizəsi üzrə qaldırılmış və fəaliyyət qabiliyyəti olmayan hesab edilməli olan şəxsin yaşayış yeri üzrə məhkəməyə verilmişdir. Şəxsin psixi vəziyyətini müəyyən etmək üçün keçirilmiş psixiatrik ekspertiza nəticəsində fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilməsi üşün əsaslar olduğuna dair müvafiq rəy verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər qanuni əsas vardır.

Məhkəmənin gəldiyi nəticə.

13. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2006-cı il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir.

14. Şərh оlunаnlаrа əsаsən və MPM-in 216-220, 335-338, 227, 357 və 360-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə

QƏT ETDİ:

Ərizə təmin edilsin. xx.xx.2006-cı il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar