Məhkəmə qərarları › İş №2(010)-733/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-733/2022

11.04.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-733/2022 11.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X21 qızının katibliyi, İddiaçı və vəkili Vəkil, cavabdehin vəkili və nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılma və özbaşına tikilinin sökülməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılma və özbaşına tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, «Günəş» b\y-nin EJ bölməsi, 6-cı keçid, 13 saylı bağ sahəsindən Cavabdeh və onun ailə üzvlərinin çıxarılması, həmin bağ sahəsində cavabdeh tərəfindən özbaşına tikinti apararaq tikilmiş evin cavavdehin öz vəsaiti hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı dəqiqləşmə barədə ərizə təqdim edərək, mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, «Günəş» b\y-nin EJ bölməsi, 6-cı keçid, 13 saylı bağ sahəsindən Cavabdeh çıxarılması, həmin bağ sahəsində cavabdeh tərəfindən özbaşına tikinti apararaq tikilmiş evin cavavdehin öz vəsaiti hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək və iddia tələbini müdafiə edərək bildirdi ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Günəş” b/ynin EJ bölməsi, 6-cı keçid, 13 saylı bağ sahəsi onun xüsusi mülkiyyətindədir. Belə ki, həmin torpaq sahəsi Azərbaycan Respublikası Material Ehtiyatları Nazirliyi tərəfindən 11.09.1986-cı il tarixli protokoldan çıxarış vasitəsi ilə yoldaşına verilmiş və yoldaşı vəfat etdikdən sonra həm uşaqlarına görə, həm də orada uzun müddət işləməsinə görə Nazirlik tərəfindən çağırılaraq həmin torpaq sahəsi onun adına keçirilmişdir. Bundan sonra o, 2019-cu il tarixdə torpaq sahəsinə çıxarış almışdır. Həmin bağ sahəsində ev tikilsə də, lakin hələ dam örtüyü vurulmamışdı. 1 il müddətində pandemiya vaxtı 2 saatlıq SMS icazəsi olduğu üçün bağ sahəsinə gedib baxa bilməmişdir. 1 ildən sonra isə gedib qızı ilə birlikdə torpağına baxmaq istəyəndə cavabdehin orada yaşadığını öyrənmişdir. Cavabdeh ondan kim olduğunu soruşduqda o, torpağın mülkiyyətçisi olduğunu bildirmiş və sənədlər üstündə olduğu üçün təqdim etmişdir. Cavabdeh özü də sənədləri gördükdə inana bilməmişdir. O, cavabdehi məhkəməyə verdikdən sonra Azər zəng edib barışığa cəhd göstərirdi və torpağı ona satmağını xahiş edirdi. Əvvəl qızı torpağın satılmasına razı olmamış, lakin sonradan fikirlərini dəyişmişlər. Bundan sonra isə Azər onunla əlaqə saxlamamışdır. Hazırda isə barışıq ilə əlaqəli heç bir təklif etmirlər. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçı vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, mübahisəli torpaq sahəsi iddiaçıya məxsusdur və rəsmi çıxarışı mövcuddur. Torpaq sahəsi ilə əlaqəli iddiaçının sənədləri olub və onun əsasında ona çıxarış verilmişdir. Mübahisə ilə bağlı cavabdeh tərəfə mülki işin barışıq ilə həll olunması üçün 35000 manat vermələrini təklif etsələr də, əvvəl maraq göstərilmiş, sonradan barışıq ilə əlaqəli hər-hansı təklif olmamışdır. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək izahatında göstərdi ki, barışıq ilə əlaqəli yenə də cəhd göstərirlər. Belə ki, mübahisə ilə bağlı polis tərəfindən iş açılsa və onları aldadan şəxslərdə məsuliyyət hissi yaransa, həmçinin müəyyən bir məbləği ödəsələr daha yaxşı olardı. Çünki, cavabdeh bir dəfə 33.000 manat ödəyərək torpaq sahəsini almış və artıq ev də tikmişdir. Belə olan halda o iki dəfə ziyan çəkir. Əgər həmin şəxslər tərəfindən 6-7 min manat ödənilsə, geri qalan məbləği də cavabdeh kredit götürərək iddiaçıya verərdi. Cavabdeh gənc oğlandır, o, ailə qurmağa hazırlaşır bütün bu hadisələr isə ona mane olur. Cavabdehdə üzvlük bileti var. Dolayı yol ilə etibarnamə vasitəsi ilə həmin torpaq X15 tərəfindən cavabdehə satılmışdır. Cavabdeh isə etibarnamə ilə satıldığı üçün onlara inanmışdır. Ancaq şəxs etibarnamə əsasında satıb və ola bilər ki, torpaq sahəsinin özünə aid olan hissəsini satıb və iddiaçı ilə cavabdehin torpaq sahələri üst-üstə düşmür. Bunları satıcı özü sübut etməlidir. Qanunvericiliyə əsasən alıcı üçüncü şəxsin iddiası ortaya çıxarsa bu zaman satıcını mülki işə cəlb etməlidir ki, o məsuliyyətdən yayına bilməsin. Onda olan etibarnaməyə əsasən X5 etibarnamə əsasında torpaq sahəsini X10, o isə X3. Çünki cavabdeh torpaq sahəsini alan vaxt pulu ona vermişdir. İddiaçı torpaq sahəsinin onun olduğunu, cavabdeh tərəfindən zəbt edildiyini bildirir. Günəş Fəhlə və qulluqçuların yoldaşlıq bağçılığı üzvlük bileti dövlət orqanının möhürü ilə təsdiq edilən sənəddir. Həmin sənəddən də görünür ki, X5 torpaq sahəsini X12 etibarnamə ilə verib. O da, Səriyyənin adından torpaq sahəsini cavabdehə satıb, cavabdeh də pulunu ödəyərək almışdır. Üzvlük ilə Səriyyəyə verilmiş torpaq sahəsinin iddiaçının təqdim etdiyi çıxarışda qeyd olunan torpaq sahəsi ilə eyni olub-olmadığını müəyyən etmək üçün müvafiq ekspertiza təyin edilməlidir. Kadastrda olan torpaq sahəsinin cavabdehə aid olması ilə əlaqəli hər hansı sübut yoxdur. Belə ki, torpaq sahəsinin harada olunduğu müəyyən olunmalı, yerli baxış keçirilməli, koordinatları müəyyən edən mütəxəssis rəyi verilməli və ekspertiza təyin edilməlidir. Bununla əlaqəli hətta Ali Məhkəmənin “torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Plenum Qərarı da var ki, orada qeyd olunub ki, torpaq sahələri ilə əlaqəli mübahisə olduğu təqdirdə mütləq şəkildə ekspertiza keçirilməlidir. Buna görə də qeyd olunanların nəzərə alınmaqla məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Cavabdeh 14.03.2022-ci il tarixdə vəsatət ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, o, 2020-ci ilin yay aylarında özünə torpaq sahəsi almaq üçün soraqlaşarkən X6 ilə tanış olmuşdur. Xankişizadə Azər ona bildirib ki, onun və tanışı X11 Bakının Suraxanı rayonu Hövsan qəsəbəsində 0,05 ha torpaq sahəsi var. Onun dediyinə görə, torpaq sahəsində 11x12 metr ölçüdə yarımçıq tikili də mövcuddur. 2020-ci ilin avqust ayında o, Azərlə görüşüb həmin torpaq sahəsinə baxmışdır. Həqiqətən də torpaq 5 sot idi və içində yarımçıq tikili də var idi. Torpaq sahəsini bəyənmiş və onun sənədləri, eləcə də satış qiyməti ilə maraqlanmışdır. Azər bildirmişdir ki, torpaq sahəsinin bağ sənədləri vardır. Azər vaxtilə mövcud olmuş Azərbaycan Respublikası Material Ehtiyatları Nazirliyinin işçiləri üçün yaradılan «Günəş» yodaşlıq bağçılığının Məmmədova X7 adına tərtib edilən 1994-cü il tarixli üzvlük biletini göstərərək torpaq sahəsinin sənədinin olmasına onu ustalıqla inandırdı. Üstəlik onu əmin etdi ki, torpaqla bağlı heç bir problem yoxdur və tikdiyi yarımçıq tikilini də ona göstərib onu özü üçün tikdiyini, lakin sonradan bu torpağa ehtiyacı olmadığını, özünə başqa yerdə ev tikdiyini dedi. Onun tam inanmağı üçün yaşadığı evi də ona göstərdi və dedi ki, bu torpaqla bağlı heç bir problem ola bilməz. Azər torpağın müəyyən danışıqlardan sonra yekun olaraq 33000 manata satdığını dedi. Azər torpağın ona və X12 aid olduğunu dedi. O, Vəsilə ilə də görüşüb danışıqlar apardı. Qiymətlə bağlı razılaşandan sonra rəsmiləşdirmənin necə aparılacağını soruşduqda ona bildirildi ki, bu evə dair X11 adna etibarnamə verilmişdir və həmin etibarnamə əsasında ona da etibarnamə veriləcək. Azər onu torpaqla bağlı problemin olmadığına bir daha əmin etdi və o, torpağı almağa razılıq verdi. 11 avqust 2020-ci ildə günorta saatlarında o, Hövsan qəsəbəsində «Balmarket»in qarşısında Azər Xankişizadə və onun tanışı olan X15 ilə görüşdü. Qohumuna məxsus avtomobildə əyləşərək onun yanında Vəsilə və Azərə 33000 manat pulu verdi. Pulun verilməsinə dair orada dəftər vərəqində qeyd yazdılar və həmin qeydi X15 alıcı kimi imzaladı. X6 və X8 da qəbzi imzaları ilə təsdiq etdilər. Bundan sonra onlar 35 saylı notariat ofisinə getdilər və Vəsilənin adından ona həmin torpaqla bağlı etibarnamə verildi. Vəsilə ona bildirdi ki, ilkin etibarnamə Məmmədova X7 adından digər şəxs X9 adına verilmiş, sonuncudan da ona etibarnamə verilmişdir. O, Vəsilədən həmin etibarnamənin, eləcə də bağ sənədlərinin surətini də götürdü. Notariat ofisindən çıxanda o, Azərdən torpağın eskiz-planını da istədi. Azər bəhanə gətirdi ki, eskiz hazır deyil, amma yaxın zamanda onu da həll edəcək. Torpağı aldıqdan sonra o, 2020-ci ilin sentyabr ayından başlayaraq orada tikinti və abadlıq işlərinə başladı. Yarımçıq tikilini tikib başa çatdırdı və yaşamaq üçün tam yararlı hala saldı. Həyətə torpaq tökdürüb asma talvar qurdurdu. Hasar çəkdirib darvaza qoydurdu və həyətə daş döşətdirdi. Çoxlu ağaclar əkdirdi. Evin qaz, su, işıq xətlərini çəkdirib təchizatını tamamladı. Həmin kommunal xidmətlər üzrə sənədlər onun adınadır. Evin inşasına, təmirinə, həyətin abadlaşdırılmasına və digər zəruri işlərə görə 75-80 min manat vəsait xərclədi. 2021-cilin noyabr ayında İddiaçı adlı şəxs və onun Elnarə adlı qızı onu taparaq bu torpağı kimdən aldığını, hansı əsasla bu həyətdə ev tikdiyimi soruşdular və bildirdilər ki, həmin həyət onlara məxsusdur. O, etiraz edib torpağın ona məxsus olduğunu bildirdi və necə, kimdən aldığını onlara dedi. Onlar isə bildirdilər ki, bu torpağın nə Azər Xankişizadəyə, nə Ziyadova Vəsiləyə, nə də başqa şəxlərə heç bir aidiyyatı yoxdur, torpaq da, yarımçıq tikili də onlara məxsusdur, yarımçıq tikilini vaxtilə məhz özləri inşa ediblər. Onlar həmin torpaq sahəsi üzərində mülkiyyət hüququna dair çıxarış əldə etdiklərini, torpağın onlara qanuni əsaslarla məxsus olduqlarını bildirdilər. Bundan sonra da İddiaçı ona qarşı hazırkı iddianı qaldırdı. İş materiallarında olan: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 13.07.2019-cu il tarixdə tərtib edilmiş AN seriyalı 383983 №-li “torpaq sahəsinin planı və ölçüsü”ndən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, «Günəş» b\y-nin EJ bölməsi, 6-cı keçid, 13 saylı bağ sahəsinin (0.05 ha) hüquq sahibi İddiaçıdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, «Günəş» b\y-nin EJ bölməsi, 6-cı keçid, 13 saylı bağ sahəsi (0.05 ha) xüsusi mülkiyyət hüququ ilə 18.07.2019-cu il tarixdə İddiaçı adına Daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış vəsatətə əlavə olunmuş Azərbaycan Respublikası Material Ehtiyatları Nazirliyi tərəfindən verilmiş “fəhlə və qulluqçuların yoldaşlıq bağçılığı” “Günəş” üzvlük biletinin görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, «Günəş» b\y-nin EJ bölməsi, 6-cı keçid, 13 saylı bağ sahəsi (0.05 ha) X4 ayrılmışdır. X15 tərəfindən yazılmış və şahidlər X6 və X8 tərəfindən təsdiq edilmiş qəbzin surətindən görünür ki, X15 faktiki istifadədə olan torpaq və tikilini 33.000 manat qarşılığında Cavabdeh satmışdır. X15 tərəfindən Cavabdeh verilmiş 11.08.2021-ci il tarixli etibarnamənin surətindən görünür ki, X15 faktiki istifadəsində olan torpaq sahəsi üzərində tikdirdiyi Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəs, Günəşli bağçılıq ünvanı ərazisində yerləşən yaşayış evini və həmin torpaq sahəsini qanunvericilikdə nəzərdə tutulmuş qaydada mülkiyyətinə verilməsi ilə bağlı zəruri sənədləri toplamağı, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təqdim etməyi, bununla bağlı adından ərizə verməyi, mülkiyyət hüququnun dövlət qeydiyyatına dair sənədləri almağı, həmin torpaq və yaşayış sahəsinə mülkiyyət hüququnu təsdiq edən sənəd əsasında göstərilən torpaq sahəsinin 500 kv.m. hissəsini satmağı, alqı-satqı müqaviləsini imzalamağı, müqavilə üzrə məbləği müəyyən etməyi, ona çatası pulu almağı, məbləğ depozit hesabı vasitəsiiə ödənildikdə, onu bankda təmsil etməyi, əmlak və torpaq vergi borcunu ödəməyi və bu tapşırığın yerinə yetirilməsilə əlaqədar olan digər hərəkətləri etməyi Cavabdeh etibar etmişdir. Etibarnamə 80 il müddətinə verilib və 11/08/2100 tarixədək qüvvədədir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 57.1.-ci maddəsinə əsasən, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” Protokolunun (Protokol qeyri rəsmi olaraq 1 saylı Protokol da adlandırılır) 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Göründüyü kimi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, «Günəş» b\y-nin EJ bölməsi, 6-cı keçid, 13 saylı bağ sahəsi (0.05 ha) xüsusi mülkiyyət hüququ ilə iddiaçının adına Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçının hazırkı tələbindən müəyyən olunur ki, cavabdehin ona məxsus torpaq sahəsindən heç bir qanuni əsas olmadan istifadə etməsi onun iradəsinə ziddir. Cavabdeh tərəfindən mübahisəli torpaq sahəsinin onun qanuni istifadəsində, sahibliyində və ya sərəncamında olmasına dair məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Eynilə, iddiaçıya məxsus çıxarışda qeyd olunan torpaq sahəsilə ilə cavabdehə satılan torpaq sahəsinin eyni olub-olmaması, üst-üstə düşüb-düşməməsi ilə əlaqədar cavabdehin ekspertizanın keçirilməsi ilə bağlı vəsatətinə münasibət bildirən məhkəmə hesab edir ki, hazırki iş üzrə ekspertiza keçirilməsinə və mübahisəli torpaq sahəsinin yerləşmə yerinin müəyyən edilməsi üçün əlavə araşdırma aparılmasına zərurət yoxdur. Belə ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin ünvanı ilə cavabdehin ona satılıdığını iddia etdiyi torpaq sahəsinin ünvanlarının eyni olması, hər iki tərəfin bildirdiyinə görə əvvəllər torpaq sahəsində yarımçıq tikilinin olması və nəhayət, tərəflərin bu hissə ilə bağlı mübahisəsinin olmaması əlavə araşdırmanın aparılmasını lüzumsuz etməklə, iddiaçının ağlabatan müddətdə məhkəmə işinə baxılması hüququnu poza bilər. Bundan əlavə, cavabdehin məhkəmə iclasından kənar barışığa gəlməyə cəhd göstərməsi, həmin torpaq sahəsini özünün almaq istəməsi və buna görə iddiaçıdan vaxt istəməsi hər iki torpaq sahəsinin eyni torpaq sahəsi olmasını sübut edir. Həmçinin, cavabdeh tərəfindən verilmiş vəsatətdən də görünür ki, cavabdeh “ekspertizanın keçirilməsi” barədə vəsatətində də torpağın 5 sot olmasını və hətta içində yarımçıq tikilinin olmasını, yarımçıq tikilini tikib başa çatdırdığını və yaşamaq üçün tam yararlı hala saldığını etiraf etmişdir. Buna görə də məhkəmə hesab edir ki, torpaq sahələrinin yerləşmə yeri cavabdeh tərəfindən əvvəl mübahisələndirilmədiyi (sonradan mübahisələndirildiyi) və əksinə, həmin torpaq sahələrinin eyni olması barədə özünün yazılı etirafı məhkəmə tərəfindən ekspertiza keçirilməsinə lüzum olmadığı qənaətinə gəlməyə imkan verir. Cavabdehin torpaq sahəsini aldığı şəxslərin onun tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində məhkəməyə cəlb edilməsi ilə bağlı vəsatətinə münasibət bildirən məhkəmə hesab edir ki, həmin şəxslərin hazırkı mübahisə obyekti olan torpaq sahəsi ilə hüquqi bağlılığı olmadığından, iş üzrə çıxarılacaq məhkəmə qərarı onların hüquqi mənafeyinə təsir etməyəcək. Belə ki, əvvəla, cavabdehin təqdim etdiyi bağçılıq sənədində həmin bağın sahibi kimi X5 göstərilib. Cavabdeh mübahisəli torpaq sahəsinə dair qeyd edilən şəxsdən digər üçüncü şəxslərə, onlardan isə özünə etibarnamə aldığını bildirsə də, iş materaillarına əlavə edilmiş etibarnamədən görünür ki, həmin etibarnamə səlahiyyətlərin ötürülməsi yolu ilə X1 deyil, torpaqla hər hansı bağlılığı olmayan X11 bilavasitə özünün təmsil olunması üçün səlahiyyətlərin cavabdehə verilməsini nəzərdə tutur. Cavabdehin üçüncü şəxslər qismində cəlb edilməsini xahiş etdiyi X11 və X2 mübahisəli torpaq sahəsi üzərində hər hansı hüquqa malik olması ilə bağlı məhkəməyə heç bir sübut təqdim edilməyib. Belə olan halda, həmin şəxslərin məhkəmə prosesinə cəlb edilməsinə zərurət yoxdur. Mübahisəli tikiliyə gəldikdə isə, onun yarımçıq tikilinin üzərində inşa edilməsi, habelə, inşaat-təmir materialları üzərində cavabdehin mülkiyyət hüququna malik olması işin mübahisələndirilməyən halıdır. Belə olan halda, cavabdeh həmin tikilini sökdükdən sonra özünə məxsus inşaat materillarını mübahisəli sahədən çıxarmaq hüququna malikdir. Eyni zamanda, cavabdehə izah olunur ki, onun tərəflərindən aldadıldığını hesab etdiyi şəxslərin əməlinə hüquqi qiymət verilməsini və ya ona vurulmuş ziyanı mülki və cinayət hüquqi prosedur çərçivəsində tələb etmək hüququ vardır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, «Günəş» b\y-nin EJ bölməsi, 6-cı keçid, 13 saylı bağ sahəsindən (0.05 ha) çıxarılmalı və həmin torpaq sahəsində inşa edilmiş özbaşına tikili Cavabdeh öz hesabına sökülməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edili 17.12.2021-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsilə məhkəməyə müraciət edilərkən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddia təmin edildiyi üçün iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pul Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, «Günəş» b\y-nin EJ bölməsi, 6-cı keçid, 13 saylı bağ sahəsindən (0.05 ha) çıxarılsın və həmin torpaq sahəsində inşa edilmiş özbaşına tikili Cavabdeh öz hesabına sökülsün. Cavabdeh 100 (bir yüz) manat məbləğində dövlət rüsumu alınıb İddiaçı verilsin. Qətnamədən, məhkəmə qətnaməsi iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar