Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-760/2022 07.01.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəmənin hakimi Miriyeva Səlimə Miri qızı, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi”nə dair ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN E T D İ: Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən 30.12.1969-cu il tarixli, 5058 nömrəli müqavilədə soyadı və adı Bədəlov Mirəli kimi, X1 qeyd edilən və 30 iyun 1974-cü il tarixdə vəfat etmiş, Bakı şəhəri, Xətai rayonu (keçmiş Şaumyan) VVAQ Şöbəsinin verdiyi İ-JQ 292830 nömrəli ölüm haqqında şəhadətnamədə soyadı, adı və ata adı X2 qeyd edilən X3 eyni şəxs olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə məhkəməyə təqdim edilərkən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələbləri pozulduğundan ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılmalıdır. Belə ki, ilk növbədə, ərizədə maraqlı şəxsin adı qeyd edilməmişdir. Halbuki, xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə baxılır. Məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Ərizəçi Bakı şəhəri İcraiyyə Komitəsinin Bağ Təsərrrüfatı Tresti və Bədəlov Mirəli (X5) arasında bağlanmış 30.12.1969-cu il tarixli, 5058 nömrəli “bağ sahəsinin və tikililərin uzun müddət icarəyə verilməsi üçün” müqavilədə babası X3 adının yanlışlıqla Bədəlov Mirəli və X1 qeyd edildiyini bildirərək bu sənədlərin X4 məxsusluğunun təsdiq edilməsini xahiş etmişdir. Belə olan halda ərizə üzrə maraqlı şəxs Bakı şəhəri İcraiyyə Komitəsinin X9malıdır. Lakin o da nəzərə alınmalıdır ki, “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22.05.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır ki, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsini təmin etsin və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll etsin. Deməli, hazırkı iş üzrə maraqlı şəxs ləğv edilmiş Bakı şəhəri İcraiyyə Komitəsinin Bağ Təsərrrüfatı Trestinin bütün arxivlərini təhvil almalı olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi olmalıdır. Yəni, Ərizəçi ərizədə qeyd etdiyi yanlışlığın aradan qaldırılması üçün əvvəlcə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət etməli, onun bu müraciətindən imtina edilərsə, maraqlı şəxsi ərizəsində göstərməklə yuxarıda qeyd edilən faktın təsdiq edilməsi üçün məhkəməyə ərizə ilə müraciət etməlidir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir (“Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarı). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: ... 149.2.4. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat ... 150.1. İddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: ...150.1.6. müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir)... 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; ...152.1.6. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə... 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göründüyü kimi, bütün bu tələblərə riayət edilməsi birbaşa qanunvericiliyin tələbidir. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. (MPM md. 151.1) Hazırkı ərizə isə yuxarıda qeyd edilmiş tələblərə riayət edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, ərizə yuxarıda göstərilən əsaslarla geri qaytarılmalıdır. Beləliklə, mülki prosessual qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi”nə dair ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-760/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-760/2022
07.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver