Məhkəmə qərarları › İş №2(010)-781/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-781/2021

25.02.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-781/2021 25.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhərrəmov Orxan Kazım oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı əsassız hesablanmış cərimənin silinməsi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh təşkilat tərəfindən ona hesablanmış 216 manat məbləğində debitor borcun əsassız hesab edilərək silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanda yerləşən yaşayış evində yaşayır. Qeyd edilən yaşayış evinə cavabdeh «Cavabdeh» İstehsalat Birliyi tərəfindən qaz xətti çəkilmiş, **********00250 saylı abonent kodu açılaraq, həmin ünvanda Smart-kart tipli sayğac quraşdırılmışdır. O, hər ay mütəmadi olaraq işlətdiyi qazın dəyərini ödəmiş, cavabdehə bununla əlaqədar heç bir məbləğdə borcu qalmamışdır. Lakin quraşdırılmış sayğac cavabdeh «Cavabdeh» İstehsalat Birliyinin əməkdaşları tərəfindən çıxardılaraq, yerinə yeni Smart kart tipli sayğac quraşdırılmışdır. Bundan sonra o, yeni sayğacla qazdan istifadə etməyə başlamış, lakin bu yaxınlarda yeni sayğacla verilən qaz bloklanmışdır. Bu barədə iddiaçı «Cavabdeh» İstehsalat Birliyinin əməkdaşlarına müaciət etdikdə, onlar həmin sayğacda kənar müdaxilənin aşkar olunmasını bildirmiş və bu əsasla cavabdeh tərəfindən iddiaçıya 216 manat zərər hesablanmışdır. Ona məxsus Smart kart tipli sayğac çıxarılan zaman həmin sayğaca vurulan plomblar yerində olmuş, sayğacın üzərində hər hansı bir zədə aşkar edilməmişdir. Halbuki, həmin plomblar cavabdehin əməkdaşları tərəfindən vurulmuş və sayğac açılan zaman da sayğacda olan plomblar cavabdehin əməkdaşları tərəfindən açılmışdır.Yəni cavabdeh onu sayğacın kənar təsir nəticəsində xarab olmasında təqsirləndirərək, ondan 216 manat tələb edilsə də, onu nəzərə almamışdır ki, sayğacın içində hər hansı bir kənar təsirin edilməsi üçün ilk əvvəl sayğacın içini açmaq gərəkdir. Sayğaca vurulmuş plombları qırmadan isə bunu etmək mümkün deyil.Beləliklə də sayğaca vurulmuş plombların qırılmamasını nəzərə alsaq, bir daha görmək olar ki, iddiaçı tərəfindən plomb qırılmadan sayğaca müdaxilə edilməsi mümkün deyildir. Məhz bu baxımdan da cavabdeh «Cavabdeh» İstehsalat Birliyi tərəfindən iddiaçıan tələb edilən məbləğ əsassız hesab edilərək ləğv edilməlidir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsində qeyd edilənlərə uyğun izahat verib, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh “Cavabdeh” İstehsalat Birliyi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi əsaslıdır, ona görə də, təmin edilməlidir. İş materiallarına əlavə edilmiş ******* saylı, xx.xx.2021-ci il tarixli “Akt” dan görünür ki, istehlakçı İddiaçı istifadəsində olan qaz sayğacı çıxarılaraq yenisi ilə əvəzlənmişdir. Əvəzləmənin səbəbi kimi istismar müddətinin bitməsi göstərilmişdir. İş materiallarına əlavə edilmiş qaz sayğacının yoxlanılması barədə xx xxxxxxxx 2020-ci il tarixli aktdan görünür ki, sayğaca baxış keçirilmiş, sayğacın klapanı işlək deyil, yivli birləşmələri korroziyaya uğrayıb, sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan sol metrologiya plomb yuvasının ətrafı zədəlidir, sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan plombların rəngi qoruyucu örtüyün rəngindən fərqlənir, sayğacın yaddaş arxivi oxundu. Sayğacda ALARM-1 rejimi aşkar olunub. İş materiallarına əlavə edilmiş “Cavabdeh” İstehsalat Birliyi Bakı X1 Departamentinin itirilmiş təbii qazın dəyərinin hesabıanması komissiyasının xx.xx.2020-ci il tarixli aktından görünür ki, istehlakçı kimi İddiaçı göstərildiyi qaz sayğacına kənar müdaxilənin nəticəsi kimi itirilmiş qazın dəyəri cəmi 2160 m3 hesablanmışdır. İş materiallarına əlavə edilmiş İddiaçı məxsus **********00250 nömrəli abonentin saldosundan görünür ki, İddiaçı 216 manat məbləğində borc hesablanmışdır. İşin məhkəmə tərəfindən araşdırılması zamanı müəyyən edilir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilərək, dövlət yoxlanmasından keçirilməsi üçün göndərilmişdir. Dəyişdirilmənin səbəbi sayğacın istismar müddətinin bitməsi olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Qeyd edilən Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Göstərilən Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Yenə həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Hazırkı işdə sayğaca kənar müdaxilənin məhz iddiaçı tərəfindən yetirildiyi müəyyən edilmir. Ona görə də, sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması,həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, iddiaçının ünvanı üzrə hesablanmış 216 manat məbləğində borc silinməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh "Cavabdeh" İstehsalat Birliyi tərəfindən İddiaçı (abonent kodu: **********00250) hesablanmış 216 (iki yüz on altı) manat məbləğində borc əsassız hesab edilərək silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar