Məhkəmə qərarları › İş №2(010)-849/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-849/2021

16.05.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-849/2021 16.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir oğlunun sədrliyi, Cəfərova Səltənət Ələsgər qızının katibliyi ilə, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X2, Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili X1 iştirakları ilə İddiaçı cavabdeh Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsinə tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsinə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 1-ci Bülbülə küçəsi, ev 50 ünvanında yerləşən evinin yerləşdiyi torpaq sahəsində Cavabdeh tərəfindən tikilmiş qanunsuz tikilinin cavabdehin öz hesabına sökülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən ev onun xüsusi mülkiyyətindədir. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 19 may 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla sözügedən evin üzərində onun 8/7 pay hüququ üzrə mülkiyyət hüququ qeydə alınmışdır. Mülkiyyətində olan evin yerləşdiyi torpaq sahəsində Cavabdeh qanunsuz 2 mərtəbəli ev tikmişdir. Həmin evin hər hansı hüquqi sənədi olmamaqla özbaşına tikili hesab olunur. Cavabdeh tikdiyi qanunsuz ev onun öz mülkiyyətindən sərbəst surətdə istifadə etməyinə mane olur. Belə ki, həmin qanunsuz tikilinin pilləkənlərində və pəncərəsində dayanarkən onun həyətində və evinin içində olan hər kəsi və hər şeyi aydın görmək mümkündür. Hər bir vətəndaş kimi onun da öz mülkiyyətindən sərbəst və müstəqil şəkildə istifadə etmək hüququ vardır. Lakin onun öz həyətində işlər görərkən hər hansı şəxs tərəfindən müşahidə edilməsi onu narahat edir. Bu isə öz növbəsində həm onu həm də onun mülkiyyətində olan evdə yaşayan hər kəsi narahat etməklə bərabər şəxsi həyatı haqqında informasiyaların yayılmasına və bu da öz növbəsində rahat yaşayış hüququnun pozulmasına səbəb olur. Digər tərəfdən E. Nəsirova məxsus qanunsuz tikili səbəbindən onun evinə gediş-gəliş yolundan istifadə etməyinə mane yaranır və bu da öz növbəsində sərbəst hərəkətini məhdudlaşdırır. Bu səbəblər onun Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş mülkiyyət hüququnu sərbəst surətdə həyata keçirməyinə mane olur. Həmçinin Cavabdeh məxsus qanunuz tikili texniki-təhlükəsizlik qaydalarına əməl olunmadan tikilmişdir və bu da həmin tikilinin gələcəkdə təhlükə mənbəyinə çevirilməsinə səbəb ola, bu da öz növbəsində həm onun mülkiyyətində olan evdə yaşayan şəxslər, həm də mülkiyyətində olan əmlak üçün təhlükə mənbəyinə çevrilə bilər. Odur ki, mülkiyyətində olan Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 1-ci Bülbülə küçəsi, ev 50 ünvanında yerləşən evinin yerləşdiyi torpaq sahəsində Cavabdeh tərəfindən tikilmiş qanunsuz tikilinin cavabdehin öz hesabına sökülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X9 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, əvvəlki məhkəm iclasında cavabdehə barışıq sazişi bağlanmasını təklif etsə də, hal-hazırda iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili X3 verdiyi izahatında iddiaya etiraz edərək, iddiaçının subyektiv hüququnun olmadığına istinad edərək, onun təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın rədd edilməsinə dair qətnamə çıxarılmalıdır. Mülki işin materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası Əmlakı Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 19.05.2020-ci il tarixli çıxarışın notarial qaydada təsdiq olunmuş sürətinə əsasən Bakı şəhəri Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 1-ci Bülbülə küçəsi, ev 50 ünvanının 7/8 hissəsi İddiaçı Ağabala oğlunun, 1/8 hissəsi isə X4 xüsusi mülkiyyətindədir. (1/8 hissəsi açıq saxlanılmışdır) Azərbaycan Respublikası Əmlakı Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 14.07.2020-ci il tarixli çıxarışın notarial qaydada təsdiq olunmuş sürətinə əsasən Bakı şəhəri Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 1-ci Bülbülə küçəsi, ev 50 ünvanının 7/8 hissəsi İddiaçı Ağabala oğlunun, 1/8 hissəsi isə Cavabdeh Ağabab oğlunun xüsusi mülkiyyətindədir. Asan 1 tərəfindən verilmiş 31.01.2020-ci il tarixli ******* nömrəli arayışa əsasən, X8 26 dekabr 2005-ci ildən ünvan 3 ünvanında qeydiyyatdadır. Eyni zamanda Cavabdeh, X5, X10, X11, İddiaçı, X22, X6, X16, Cavabdeh Azər oğlu, X12 və X17 da qeydiyyatdadır. 23 fevral 2021-ci il tarixli məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X9 tərəfindən verilmiş vəsatətə əsasən, 2(010)-849/2021 saylı mülki iş üzrə ünvan 3 ünvanında yerləşən evi texniki pasportunun olunması ilə bağlı DƏDRX-yə sorğu göndərilməsini xahiş etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 19.03.2021-ci il tarixli **********44 saylı məktuba əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 1-ci Bül-Bülə küçəsi, 50 saylı fərdi yaşayış evi keçmiş Orconikidze Rayonu Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin 29.12.1954-cü il tarixli, 77 nömrəli protokolundan çıxarışa, 16.01.1956-cı il tarixli, Bakı şəhəri 4 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş, 590 reyestr nömrəli müqaviləyə, keçmiş Orconikidze Rayonu Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 53 nömrəli, 05.10.1984cü il tarixli qərarına əsasən 01.11.1984-cü il tarixində ilkin olaraq X4 adına qeydiyyatdan keçmişdir. Sözügedən fərdi yaşayış evinin 7/8 hissəsi 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş, 14.05.2020-ci il tarixli, 2V-256 reyestr nömrəli, vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə, 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş, 14.05.2020-ci il tarixli 2V-257 reyestr nömrəli məcburi paya vərəsəlik hüququ haqqında şəhadətnaməyə, 4 saylı Bakı .“ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş, 04.05.2020-ci il tarixli, 3M-186 reyestr nömrəli miras payının bağışlanması müqaviləsinə əsasən 19.05.2020-ci il tarixində İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. X7 aid olan 1/8 hissə açıq saxlanılmışdır. Sözügedən fərdi yaşayış evinin X7 aid olan 1/8 hissəsi 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş, 19.06.2020-ci il tarixli, 2V-339 reyestr nömrəli məcburi paya vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 14.07.2020-ci il tarixində Cavabdeh adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsilə nəzərdə tutulan mülki qanunvericiliyin prinsiplərindən biri də mülkiyyətin toxunulmazlığıdır. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına dair Protokolun (qeyri-rəsmi 1 saylı Protokol) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdəəmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.. Bu Məcəllənin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə görə, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Bu Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il Qərarında göstərilmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Mülkiyyət hüququna dair eyni mövqe Azərbaycan Respublikasının tərəfdar olduğu “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyada da müəyyən olunmuşdur. Belə ki, Konvensiyanın 20 mart 1952-ci il tarixli Protokolunun (1 saylı Protokolun) 1ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Marks Belçikaya qarşı” işi üzrə qərarında göstərilmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. İddiaçı mülkiyyətində olan Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 1-ci Bülbülə küçəsi, ev 50 ünvanında yerləşən evinin yerləşdiyi torpaq sahəsində Cavabdeh tərəfindən tikilmiş qanunsuz tikilinin cavabdehin öz hesabına sökülməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Tələbini Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 1-ci Bülbülə küçəsi, ev 50 ünvanında yerləşən evin mülkiyyətində olması ilə əsaslandırır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; çünkü iddia tələbinin qanuni əsası kimi istinad olunan Mülki Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər - hazırkı iş üzrə isə iddiaçının, mülkiyyətində (qanuni sahibliyində) olduğunu iddia etdiyi torpaq sahəsinin bu cür statusa malik olduğu, ümumiyyətlə sözügedən torpaq sahəsinin hər hansı hüquqla iddiaçıya məxsusluğu müəyyən edilməmişdir. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008- ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlakı Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 1-ci Bülbülə küçəsi, ev 50 ünvanının 7/8 hissəsi İddiaçı Ağabala oğlunun, 1/8 hissəsi isə Cavabdeh xüsusi mülkiyyətindədir. Qeyd olunan çıxarışda Bakı şəhəri Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 1-ci Bülbülə küçəsi, ev 50 ünvanının yerləşdiyi torpaq sahəsinin mülkiyyət növü dövlət mülkiyyəti kimi qeyd edilmişdir. İşin yuxarıda sadalanan hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, iddiaçını hazırki məhkəmə baxışının predmeti olan iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünki o, mübahisəli torpaq sahəsinin üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmiş, torpaq sahəsinin mülkiyyətçisi tərəfindən onunla müvafiq alqı-satqı müqaviləsi bağlanmamış, yaxud torpaq sahəsi qanunla nəzərdə tutulmuş qaydada onun qanuni istifadəsinə verilsə də, həmin eyni qaydada çıxarışa əsasən cavabdehin istifadəsinə də verilmişdir. Gəldiyi qənaətin əsaslarına uyğun olaraq məhkəmə iddianın digər dəlillərinə münasibət bildirilməsini ümumiyyətlə zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsaslandırır. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər Məhkəmə hesab edir ki, Bakı şəhəri Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 1-ci Bülbülə küçəsi, 50 saylı ev iddiaçının və cavabdehin paylı mülkiyyətində olduğundan, hər ikisinin mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığından, Bakı şəhəri Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 1-ci Bülbülə küçəsi, 50 saylı evin yerləşdiyi torpağın dövlət mülkiyyəti olduğundan, hər iki tərəfin istifadəsində olduğundan, iddiaçının xüsusi mülkiyyətindən olmadığından və bununla da iddiaçının hazırki iddianın irəli sürmək subyektiv hüququ olmadığından, həmçinin də qeyd olunan payları arasında naturada bölgü aparılmadığından, iddiaçının və cavabdehin paylarının hədləri müəyyən edilmədiyindən, İddiaçı Cavabdeh qarşı Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 1-ci Bülbülə küçəsi, ev 50 ünvanında yerləşən evinin yerləşdiyi torpaq sahəsində Cavabdeh tərəfindən tikilmiş qanunsuz tikilinin cavabdehin öz hesabına sökülməsinə dair iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi üzrə 10 (on) manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Cavabdeh qarşı mülkiyyətində olan Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 1-ci Bülbülə küçəsi, ev 50 ünvanında yerləşən evinin yerləşdiyi torpaq sahəsində Cavabdeh tərəfindən tikilmiş qanunsuz tikilinin cavabdehin öz hesabına sökülməsinə dair iddiası rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar