Məhkəmə qərarları › İş №2(010)-855/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-855/2024

19.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-855/2024 19.02.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədrliyi Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Cavabdehnə qarşı “kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək onun adına olan abunə kodu **********00030 üzrə xx.xx.2023-cu il tarixli 14-2-2/3-5-4248-1№-li “Akt”ın ləğv edilməsini, qaz sayğacı kartına borcun ödənilməsi ilə bağlı yönəlmənin dayandırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə İddiaçı iddia tələbinə dəqiqləşmə verərək onun adına olan abunə koduna yazılmış 1555.20 manat borcun silinməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, ünvan 1 ünvanında yaşayır. Fərdi yaşayış evinin qaz təchizatı abunə kodu “**********00030” olmaqla istifadə edir. Qeyd edilən yaşayış evinə çəkilən qaz təchizatı ilə bağlı cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixində qəbul edilmiş akt əsasında onun hal-hazırda cavabdehə qaz təchizatı ilə bağlı borcu 1461,70 manatdır. Cavabdehin tətbiq etdiyi borc G-4 markalı **********7 №-li sayğacın hesablanması mexanizmi qoruyucu qapağı gövdədən tamamilə aralanması səbəbi ilə tətbiq etmişdir. Belə ki, tərtib edilmiş aktın əsası “X1”nın tələblərinə zidd olaraq güya sayğacın hesablanması mexanizminin qoruyucu qapağı gövdədən tamamilə aralanması aşkar edilməsi olmuşdur. Belə ki, tərtib edilmiş akt əsasında qaz sayğacının maksimal qaz sərfi 6m 3 orta günlük rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi ilə bağlı absurd bir formada 12960 m 3 qazın ödənilməsi ilə bağlı qərar verilmişdir. Qeyd edir ki, yaranmış vəziyyətlə bağlı dəfələrlə cavabdehə öz kəskin narazılığını bildirsədə, cavabdeh bir mənalı formada ona məsələnin müsbət həlli ilə bağlı heç bir formada köməklik etməmiş və akt əsasında hesablanmış borcun tərəfindən ödənilməsini tələb etmiş və qaz sayğacının kartına borcun ödənilməsi yönəlmişdir. Hesab edir ki, asağıdakı səbəblərə görə akt ləğv edilməlidir və istifadəsində olan qaz sayğacının kartına borcun ödənilməsi ilə bağlı yönəlmə dayandırılmalıdır: 1. Cavabdeh tərəfindən xx.xx.2023-cü ildə tərtib edilmiş akta nəzər yetirsək əyani formada aktın əsasız olmasını görərik, a) Akt tərtib edilərkən abonentin guya orda olması. Qeyd edir ki, xx.xx.2023-cü il tarixdə evdə olmamışdır. b) Akt tərtib edilərkən abonentin guya orda olub və aktı imza etməkdən imtina edib. c) Əslində isə abonent orada olmaması ilə bağlı akta ən azı “aktların tərtib edilməsi haqında” Təlimata uyğun aktı tərtib edən şəxslərdən abonent tərtib edilmiş akta iştirak etməyib cümləsi əlavə olunmalı idi. 2. Cavabdeh tərəfindən aktın tərtib edilməsi səbəbi kimi sayğacın hesablanma mexanizminin qoruyucu qapağı gövdədən tamamilə aralanmasını göstərmək daha absurdur: a)sayğacın hesablanması mexanizminin qoruyucu qapağı gövdədən tamamilə aralanması vətəndaş olaraq o səbəbkar ola bilməz. Belə ki xx.xx.2023-cü il tarixdə yeni mexaniki sayğac quraşdırılmış 2 ay sonra müraciəti əsasında ona smart tipli sayğac quraşdırılmışdır. b) AR-sı NK-nin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X1”nın 4.9-cu bəndinə əsasən zadələnən istehsalçının təqsiri üzündən baş verdikdə sayğacının təmir olunması texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) quraşdırılması istehlakçının vəsaiti hesabına qaz paylacısı tərəfindən həyata keçirilir. Beləliklə cavabdeh AR-sı NK-nin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X1”nın 4.9-cu bəndinə əsasən zadələnmənin konkret olaraq onun tərəfindən təqsirli olaraq edilməsini subut etməlidir. Cünki sonra quraşdırılmış qaz sayğacını o necə müdaxilə edə və ya qapağı ayıra bilər. Yuxarıda qeyd etdiyi mötəbər əsaslara görə hesab edir ki, qaz təchizatı ilə bağlı tətbiq edilmiş cərimə ləğv edilməlidir. Nəticədə pozulmuş hüquqlarının bərpası ilə bağlı məhkəməyə müraciət etməli olub. Cavabdehin etirazı xx.xx.2024-cü il tarixdə Cavabdeh nümayəndəsi X2 iddia ərizəsinə etiraz ərizəsi yazaraq, İddiaçı iddia ərizəsi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İB tərəfindən abonent koduna **********00030 hesablanmış 1461.70 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bildirir ki, iddia ərizəsi tamamilə əsassızdır və rədd edilməlidir. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən istehlakçıya məxsus **********00030 saylı abonent kodu verilmiş yaşayış evinə quraşdırılmış Zenner G4 mexanika markalı **********7 nömrəli sayğac çıxarılaraq yoxlanılması üçün Cavabdeh İB-nin Metrologiya Departamentinin laboratoriyasına göndərilmişdir. Həmin sayğac laboratoriyada yoxlanılmış, “Qaz sayğacının yoxlanılması barədə” MSK-14-2-2/3-5-4248-1 saylı Akta əsasən “sayğacın hesablama mexanizminin qoruyucu qapağı hissədən gövdədən tamamilə aralanıb. Qaz keçir, həsablama mexanizmi açıq vəziyyətdədir, sərfi qeydə almır” şəkildə rəy verilmişdir. Həmin faktla bağlı xx.xx.2023-cü il tarixli, ******* saylı “Təbii X1nın pozulması haqqında” Akt tərtib edilmiş, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunmasına dair tələbnamə müvafiq komissiya tərəfindən təsdiq edilərək qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli tələbnaməyə əsasən hesablanmış dəymiş ziyanın həcmi 12960 m3 təşkil etmişdir. Hesablanmış (12960m3 x 0.12) = 1555.20 manat məbləğində dəymiş ziyan 2023-cü ilin aprel ayından abonentin koduna yerləşdirilmişdir Məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, qaz sayğacına müdaxilə etməklə təbii qazın hesabatının düzgün aparılmamasına nail olunmasında iddiaçıdan başqa heç kimin marağında ola bilməz. Göründüyü kimi iddiaçı qanunazidd, təqsirli hərəkət etməklə, yəni sayğaca müdaxilə etməklə təbii qazın dəqiq hesabatının aparılmasını əngəlləmişdir. İddiaçının təqsirli hərəkətləri nəticəsində itirilmiş qazın bərpasının hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “X1”nın 1.3-cü bəndinə uyğun olaraq bağlanmış qazın alqısatqı barədə müqavilənin 2.2.6-cı bəndi (İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi çıxış etsə də, iddiaçının ərizəsində qeyd olunan qanunvericiliyə əsaslanan hesablanmış zərərin əvəzi kimi ona yazılmış borc məbləğinin silinməsinin hər hansı hüquqi əsası yoxdur. Bir daha bildiririk ki, **********00030 saylı abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacın düzgün işləməməsi, sıradan çıxarılması, yəni iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Bu hal tərəflər, yəni iddiaçı və cavabdeh arasında imzalanmış müqavilədə də öz əksini tapmışdır. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Göründüyü kimi, iddiaçının sayğaca müdaxilə etməsi Cavabdeh İB-nin əməkdaşları tərəfindən aşkar edilmiş və bu qanunazidd hərəkət nəticəsində dəymiz ziyanın əvəzi olaraq iddiaçının abonent hesabına borc hesablanmışdır. Halbuki, iddiaçı ona müvafiq müqavilə ilə quraşdırılan sayğaca güya müdaxilə etməməsini qeyd edərək, məhkəmədə yalnış təsəvvür yaradaraq, dəymiz ziyanın silinməsinə və uydurma məbləğ əldə edərək əsassız varlanmağa çalışır. Tərəflərin izahatı Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, təmin olunmasını xahiş etdi. Cavabdeh nümayəndəsi X2 məhkəməyə ərizə göndərərək iş üzrə etiraz və etirazının əsasını təşkil edən sübutları məhkəməyə təqdim etdiyini və əlavə ediləcək başqa sübutları olmadığını bildirmişdir. Məhkəmə iclasının icraatımda olan digər işlə bağlı baxış iclası ilə eyni vaxta düşməsini üzürlü səbəb kimi qəbul edərək iclasın iştiraklarının olmadan keçirilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul etməyini xahiş etmişdir. İş materialları. xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə-Nərimanov 1000-0020 ünvanında yerləşən sayğacda olan qüsura görə 12963 m3 həcmində dəymiş zərər hesablanmışdır. Qaz sayğacının nominal qaz sərfi 6 m3 orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmalı və hesablanmış məbləğ ödənilməli idi. Hesablaşma qaydası: 6x24x90=12960 m3. “Təbii X1nın pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* №-li aktdan görünür ki, istehlakçı İddiaçı Suraxanı rayonu, Bülbülə-Nərimanov 1000-0020 ünvanında yerləşən sayğaca Cavabdeh İB-nin əməkdaşları tərəfindən baxış keçirilmiş, **********7 saylı sayğacın hesablanması mexanizmin qoruyucu qapağı gövdədən tamamilə aralanıb. Sayğac istismara yararsızdır. Dəymiş ziyanın ödənilməli olduğu müəyyən edilmişdir. Aktdan görünür ki, itirilmiş qazın həcmi 12960 m3 həcmində müəyyən edilmişdir. İş materialarına əlavə eidlmiş qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktdan görünür ki, Bülbülə-Nərimanov 1000-0020 ünvanında Zenner markalı G4 sayğacı M1) 1:00 MY)1:00 M5)1:00 285 manat debitor borca görə əvəzlənmişdir. xx.xx.2023-cü il tarixli **********00030 nömrəli abonent kodlu “GASREP” çıxarışdan görünür ki, İddiaçı borcu yoxdur. **********00030 kodlu 05 dekabr 2023-cü il tarixli abonentin saldosundan görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə-Nərimanov -1000-0020 ünvanda yerləşən mənzildə 3 gözlu qaz plitəsi və kombi işlədilir, xx.xx.2020-cü il tarixdə ora Zenner G4T Smart **********680 nöməli sayğac quraşdırılmış, həmin abonentə 2023-cü ilin aprel ayının sonuna 12960 m3 qaz sərfinə görə “borc” adlı sütünda 1555,20 manat məbləği göstərimişdir. xx.xx.2023-cü il tarixli Cavabdeh Bakı X5 Departamentinə İddiaçı yazdığı ərizədən görünür ki, köhnə mexanik sayğaca müdaxiləyə görə cərimə yazılıb (1538 manat), amma onlar sayğaca müdaxilə eləməmişdir. Cərimə onlara 8 aydan sonra tətbiq olunub. Hazırkı sayğaclarına yeni sayğacdakı pul yüklüyən kimi borca çıxırlar. Onlara nə cərimə haqqında heç bir məlumat gəlməyib, nə şəkil nə protokol, heç bir şey yoxdur. İki aya yaxın xəbərsiz tutulub onlardan. Yeni sayğacı bir ilə yaxındır işlədirlər indi başlayıblar cəriməni tutmağa onlardan. Şikayətə baxılmasını, cərimədən heç bir bildiriş gəlmədiyini, mexanik sayğacın sıfırlayıb təzə sayğac qoymuşdur. Əgər şikayət baxılmasa, məhkəməyə müraciət edəcəyi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş 30 noyabr 2023-cü il müraciətə baxılması məktubundan görünür ki, İddiaçı borcu barəsində Cavabdeh İstehslat Birliyinə müraciət etmiş, müraciətə baxılması nəticəsində müəyyən edilmişdir ki, sözügedən ünvanda quraşdırılmış G-4 markalı **********7 nömrəli qaz sayğacı növbəti dövlət yoxlanılmasına göndərilmək üçün xx.xx.2023-cü il tarixində sonradan ödənişli yeni qaz sayğacı ilə əvəz olunmuşdur. Çıxarılan qaz sayğacı “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun 12.3-cü maddəsinə əsasən dövlət yoxlayıcısının (Azərbaycan Respublikasının İqtisadiyyat yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Metrologiya İnstitunun nümayəndəsi) nəzarət altında CavabdehİB-nin Metrologiya Departamentində Dövlət yoxlamasından keçirilmiş və Sayğacların müayinəsi laboratoriyasının xx.xx.2022-ci il tarixli 14-2-2/3-5-4248-1 saylı aktına əsasən, sayğaca baxış keçirildi sayğacın hesablanma mexanizminin qoruyucu qapağı gövdədən tamamilə aralanıb qaz keçir hesablama mexanizmi açıq vəziyyətdədir sərfi qeydə almır sayğac istismara yararsızdır rəyi verilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh X3 sayğacının yoxlanılması barədə 25 aprel 2023-cü il tarixli 14-2-2/3-5-4248-1 nömrəli aktdan görünür ki, əhali sektorunda istismarda olan BRQS Departamentindən Metrologiya Departemindən gətirilmiş əhalinin diafraqma tipli qaz sayğaclarına 20 aprel 2023-cü il tarixində Metrologiya Departamenti tərəfindən baxış keçirildi və aşağıdakı müəyyən edilmişdi. Yoxlamanın nəticələri: sayğaca baxış keçirildi.Sayğacın hesablama mexanizminin qoruyucu qapağı gövdədən tamamilə aralanıb.Qaz keçir, hesablanma mexanizmi açıq vəziyyətdədir, sərfi qeydə alınmır.Sayğac istismara yararsız olması askar edilmişdir. Məslə ilə bağlı tərəflər məhkəməyə müraciət edə bilərlər. Tətbiq edilən hüquq. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 3. İstehlakçıların hüquqları. Azərbaycan Respublikası ərazisində istehlakçılar aşağıdakı hüquqlara malikdir: ... öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə. Maddə 26. İstehlakçıların hüquqlarının məhkəmə müdafiəsi. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu. Maddə 3. Ümumi tələblər ...7. İstehlakçılar qaz qurğularının bu Qanuna müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar.... Maddə 6-2. Müayinə

1. Qaz paylayıcısının işçiləri istehlakçıya 5 (beş) iş günü əvvəl sifarişli poçt göndərişi və ya istehlakçının əvvəlcədən razılığı ilə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə bildiriş təqdim etməklə (göndərməklə), bu Qanunun 6-2-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulan hallar istisna olmaqla, ildə bir dəfə (hər il noyabrın 1-dək) müayinə keçirilməsini təmin etməli, nəticəsi barədə müvafiq icra hakimiyyəti оrqаnının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi formada 2 (iki) nüsxədə müayinə aktını istehlakçının (və ya onun səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) iştirakı ilə tərtib etməli və aktın bir nüsxəsini istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud eyni ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidir. Müayinə zamanı nöqsan və (və ya) pozuntular aşkar edildikdə müayinə aktında texniki xidmətin qaz paylayıcısı, ixtisaslaşmış podratçı və ya məişət abonenti olmayan istehlakçının müvafiq ixtisaslı işçi heyəti tərəfindən bir aydan çox olmayan müddətdə həyata keçirilməsi barədə istehlakçının seçimi qeyd edilməlidir. Müayinə zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş tədbirlər görülür. Qaz paylayıcısı tərəfindən müayinənin keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

2. Qaz paylayıcısı tərəfindən müayinə ödənişsiz həyata keçirilir.

3. İstehlakçı tərəfindən qaz qurğuları, qaz xətləri və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində nöqsan və (və ya) pozuntular aşkar edildikdə istehlakçının müraciəti əsasında təkrar müayinə qaz paylayıcısı tərəfindən 3 (üç) iş günündən gec olmayaraq aparılmalıdır. İstehlakçı təkrar müayinə üçün il ərzində 1 (bir) dəfədən çox müraciət edərsə növbəti müayinə ödənişli keçirilir. Ödənişin məbləği qaz paylayıcısı ilə istehlakçı arasında bağlanmış müqavilə ilə müəyyən edilir. Müayinə nəticəsində texniki xidmətin göstərilməsi zərurəti yarandıqda, bu Qanunun 6-3-cü maddəsi ilə müəyyən edilmiş tədbirlər görülməlidir.

4. Tüstü bacalarının istismarında təhlükəsizlik texnikası qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Maddə 13. Qazın pаylаnmаsı, satılması və qazın verilməsinin dayandırılması. ...8. Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir)..... 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X1 ilə tənzimlənir. Maddə 11. Qaz fəaliyyəti sahəsində müqavilələr

1. Qaz nəqli xidmətlərinin təşkili, qaz paylayıcı şəbəkələrinin tikintisi və yeraltı qaz anbarlarının yaradılması, onların istismarı, yenidən qurulması energetika müqavilələri olmadan həyata keçirilə bilməz. Belə müqavilələr podratçı ilə müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum arasında bağlanılır. Müqavilələr nəzarət orqanı tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minir. Müqavilənin təsdiq olunma tarixi onun qüvvəyə minmə tarixi hesab edilir...

6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X1 ilə tənzimlənir. X1 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X1”.

4. Qaz sayğaclarının quraşdırılması və istismarı. 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

6. İstehlakçıya qazın verilməsinin dayandırılmasının əsasları və qazın alqı-satqı müqaviləsinin ləğvi. 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.5-1. İstehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. 6.5-2. İstehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 6.5-3. İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 6.5-4. Qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının 16 oktyabr 2021-ci il trixli 13 saylı Qərarı. Təbii qazın olkə daxili tarifləri - Tariflər (ƏDV ilə, manat/min m3) 6.1. Əhali 6.1.1. illik istehlak həcminin 1200 m3 -dək (1200 m3 daxil) olan hissəsi üçün 120,0 6.1.2. illik istehlak həcminin 1200 - 2500 m3 olan hissəsi üçün 200,0 6.1.3. illik istehlak həcminin 2500 m3 -dən çox olan hissəsi üçün 250,0 Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 112. İddianın qiyməti 112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir:...112.1.1. pul vəsaiti alınması haqqındakı iddialarda—alınan məbləğlə;... Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.... 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.... Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır... “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.5. istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə iddiaçını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. İşin məhkəmə tərəfindən araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilərək, dövlət yoxlanmasından keçirilməsi üçün göndərilmiş, yerinə yeni sayğac quraşdırılmışdır. Çıxarılmış sayğaca laboratoriya öz rəyini verərək, **********7 saylı sayğacın mexanizmin qoruyucu qapağı gövdədən tamamilə aralandığı və sayğacın istismara yararsız olduğu müəyyən edilmişdir. Eyni zamanda, iş materiallarında olan müvafiq akta əsasən, iddiaçıya 12960 m3 həcmində qaz itkisi hesablanmış, həmçinin “dəymiş ziyanın bərpasına dair tələbnamə”yə əsasən də həmin itki 12960 m3 kimi qeyd edilmişdir və məhz həmin itkiyə görə iddiaçıdan dəymiş zərərin tələb edildiyi görünür. Cavabdeh təşkilat yuxarıda qeyd edilmiş yoxlamanın nəticəsi olaraq 1555,20 manat həcmində mübahisələndirilən cərimə məbləğini iddiaçının abonent hesabına hesablamışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə tərtib edilmiş aktın qəbul edilməsi üçün əsas olmuş halları, aktın və hesablanmış borcun doğruluğunu sübut etmək vəzifəsi bu aktını qəbul etmiş orqanın üzərinə düşdüyündən və həmin aktın qəbul edilməsi üçün əsas olmuş hallar, eləcə də həmin halların mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmədiyindən həmin akt üzrə göstərilmiş həcmdə hesablanmış zərər istehlakçı tərəfindən ödənilməməlidir. Qaz sayğacında nöqsanların olduğu müəyyən edilsə də, bunun sayğacdan keçən qazın sərfiyatının düzgün aparılıb-aparılmaması ilə hər hansı əlaqəsinin olması cavabdeh tərəfindən sübut edilməmişdir. Həmçinin, tələb olunan borcun real, həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğu sübuta yetirilməlidir və bu halda da sübutetmə yükü təchizatçının üzərinə düşür. Məhz cavabdeh, hesablanmış borcun həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğunu sübuta yetirməlidir. Məhkəmə hesab edir ki, 2023-cü ilin yanvar ayında tərtib olunmuş akta görə hesablayıb tələb etdiyi məbləğ (cəmi 1555,20 manat) baxımından cavabdeh bunu sübut edə bilməmişdir. Həmin akt iddiaçının və mübahisədə marağı olmayan şəxslərin iştirakı olmadan tərtib olunduğundan, mötəbər sayıla və ona əsasən hesablanmış borc məbləği qanuni hesab edilə bilməz. Eyni zamanda, iddiaçının (istehlakçının) ünvanına quraşdırılmış sayğacda yaranmış qüsurların onun təqsiri nəticəsində baş verməsi müəyyən edilmədiyindən, cavabdeh təşkilat tərəfindən tərtib edilmiş akt üzrə hesablanmış zərəri də istehlakçı tərəfindən ödənilməməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı əsassız hesablanmış 1555,20 məbləğində borc məbləği silinməlidir. Məhkəmə xərcləri İstehlakçılar hüquqlarının pozulması ilə əlaqədar iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı dövlət rüsumu ödəməkdən azad olmuşdur. Odur ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olan 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 357, 358, 360 və 362-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. İddiaçı adına olan abunə koduna (**********00030) Cavabdeh tərəfindən yazılmış 1555.20 manat borc məbləği silinsin. Ödənilməmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar