Məhkəmə qərarları › İş №2(010)-876/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-876/2025

11.04.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-876/2025 11.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı , Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə və Bakı şəhəri 24 saylı Notariat ofisinə qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiaçı Cavabdeh və üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə və Bakı şəhəri 24 saylı Notariat ofisinə qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsinə dair ünvan 2nası X5 ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2021-ci il tarixində reyestrdə qeydə alınmış 4Ə/49 saylı daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi və ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsinin Cavabdeh adına dövlət qeydiyyatına alınmasına dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixində anası X5 ilə Cavabdeh arasında 4Ə/49 saylı daşınmaz əmlakın bağışlanması müqaviləsi bağlanılmış, ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi Cavabdeh bağışlanmışdır. Beləliklə, anasına məxsus əmlaka dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi tərəfindən Cavabdeh çıxarış təqdim edilmişdir. Bundan sonra isə xx.xx.2021-ci il tarixində anası X5 vəfat etmişdir. Mərhum anası X5 yuxarıda qeyd edilən bağışlanma müqaviləsi bağlanılan zaman müəyyən təsirlərə məruz qalmış, xəstəliyindən istifadə olunaraq məcburi şəkildə müqavilənin bağlanması üçün təsir altına alınmışdır. Məhkəməyə təqdim etdiyi bağışlama müqaviləsi materiallarından da aydın olduğu kimi anası ümumiyyətlə müqavilə bağlanılan zaman həmin prosesdə iştirak etməmiş, hüquqlarının izah edilməsi, aydınlaşdırılması ilə bağlı müvafiq qeyd öz əksini tapmamışdır. O, xəstə yatağında olarkən notariat ofisinə yaxınlaşmamış, müqavilənin bağlanması zamanı notariat ofisinin əməkdaşı anasının yaşadığı evə yaxınlaşaraq müqaviləni bağlamışdır. Qanunun tələbinə uyğun olaraq müqavilə bağlanılmamış, xəstə anasının səhhətindən istifadə edilərək müqavilə qeydə alınmışdır. O isə sözügedən müqavilənin bağlandığını X2 ona qarşı “torpaq sahəsindən çıxarılma” tələbi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət etməsi zamanı bilmiş, daha sonra isə müqavilənin bağlanıb-bağlanmaması üçün vəkil sorğusu ilə notariat ofisinə müraciət etmişdir. Beləliklə, təqdim edilmiş bağışlama müqaviləsi üzrə iş materialları ona təqdim edilmişdir. Cavabdeh anasını aldatmış, onun xəstəliyindən istifadə edərək planlı şəkildə addım atmış, anasına məxsus ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsini öz adına keçirmişdir. Cavabdehin yol verdiyi hüquq pozuntusu səbəbindən o bu gün vərəsəlik hüququndan da məhrum olmuşdur. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.

Tərəflərin izahatları.

3. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, xx.xx.2021-ci il tarixində anası X5 ilə Cavabdeh arasında daşınmaz əmlakın bağışlanması müqaviləsi bağlanılmış, ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi Cavabdeh bağışlanmışdır. Bağışlama xx.xx.2021-ci il tarixində həyata keçirilmiş və müqavilənin bağlanması zamanı 24 saylı notariat ofisinin əməkdaşı anasının yaşadığı evə yaxınlaşaraq müqaviləni bağlamışdır. X5 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Bağışlama həyata keçirildikdən sonra Cavabdeh ona torpaq sahəsinin atalarının adına rəsmiləşdirildiyini bildirmişdir. Sözügedən müqavilənin bağlandığını isə X2 ona qarşı “torpaq sahəsindən çıxarılma” tələbi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət etməsi zamanı bilmiş, daha sonra isə müqavilənin bağlanıb-bağlanmaması üçün vəkil sorğusu ilə notariat ofisinə müraciət etmişdir. Beləliklə, təqdim edilmiş bağışlama müqaviləsi üzrə iş materialları ona təqdim edilmişdir.

4. Cavabdeh izahatında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə notariat ofisinə müraciət olunmuş, xx.xx.2021-ci il tarixdə notarius evə gələrək bağışlamanı həyata keçirmişdir. Notarius anasının iradə ifadəsini dinləyən zaman hamını otaqdan çıxarmış və anası ilə özü tək söhbət etmişdir. O, X1 fikrini öyrəndikdən sonra bağışlamanı həyata keçirmişdir. Bağışlama müqaviləsi 2021-ci ildə bağlanmış və müqavilənin bağlandığı vaxtdan 4 il keçmişdir. İddiaçı tərəfindən bağışlama müqaviləsinin etibarsızlığı barədə tələb irəli sürmək üçün qanunvericilkdə müəyyən olunmuş müddət onun tərəfindən buraxılmışdır. Qeyd olunanlara əsasən iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək iddia tələbinin rədd olunmasını xahiş etmişdir.

5. Ücüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi və Bakı şəhəri 24 saylı notariat ofisinə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

İş materialları.

6. Bakı şəhəri 24 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması müqaviləsinin surətindən müəyyən olunur ki, hədiyyə verən X5 və hədiyyə alan Cavabdehdur. Hədiyyə verən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi, 0.06 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə “Hədiyyə alanın” mülkiyyətinə verir.

7. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Cıxarışın surətindən müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən, sahəsi 0.06 ha olan torpaq sahəsi X1 mülkiyyətindədir.

8. Gürcüstan Respublikası tərəfindən verilmiş nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Musa Şaxəli oğlu ilə X3 arasında xx.xx.1980-ci il tarixdə nikah bağlanmışdır. Bu barədə nikah aktların qeydiyyat kitabında xx.xx.1980-ci il tarixdə qeyd aparılmışdır.

9. Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Cavabdeh xx.xx.1991-ci il tarixdə doğulmuşdur.

10. Ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X5 xx.xx.2021ci il tarixdə ölmüşdür.

11. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin e-2(010)-4079/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən müəyyən olunur ki, İddiaçı cavabdeh X4 qarşı iddiaçının və onun ailə üzvlərinin yaşayış evindən istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi rədd edilməsi qət olunmuşdur.

12. Bakı şəhəri 24 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan müəyyən olunur ki, xx.xx.2021-ci il tarixli hədiyyə verən X5 ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi, 0.06 ha olan torpaq sahəsini oğlu Cavabdeh bağışlamışdır. X5 xəstəliyi ilə bağlı olaraq notariat ofisinə gələ bilməməsi səbəbindən qabaqcadan əri-Musa Şaxəli oğlunun ərizəsi əsasında ünvan 3 ünvanına gedilmiş, xanımla söhbət aparılmış, öz iradəsi ilə torpaq sahəsini oğluna bağışlanması tərəflərindən müəyyən edildikdən sonra müqavilə tərtib olunmuşdur. Notariat hərəkəti aparılmış və bununla bağlı rüsum alınmış, müqavilədə qeyd edilmişdir. Şəxsin şəkli çəkilməmişdir.

İşin faktiki halları.

13. İşin mübahisəsiz hallarından müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi, 0.06 ha olan torpaq sahəsi X1 mülkiyyətində olmuş və o, xx.xx.2021-ci il tarixində Daşınmaz Əmlakın Bağışlanması müqaviləsi ilə həmin torpaq sahəsini oğlu Cavabdeh bağışlamışdır. Mülkiyyətçi X5 xx.xx.2021-ci il tarixdə ölmüşdür.

Tətbiq edilən hüquq.

14. Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ. I. Hər kəsin mülkiyyət hüququ vardır. II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

15. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 324. Əqd anlayışı və onun növləri 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 339. Hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdin etibarsızlığı 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Maddə 390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 666. Bağışlama müqaviləsi Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Maddə 354. Etibarsız əqdlər üzrə müddətlər. 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarı

Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən isə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi, normada şəxsə qarşı tələb hüququnun deyil, əqdi mübahisələndirmək hüququnun realizəsi ilə bağlı müddət nəzərdə tutulmuşdur. Başqa sözlə, əqdin bağlanması zamanı iradə ifadəsi zədələnmiş şəxsin məhz maddədə göstərilən müddətlər ərzində həmin əqdi mübahisələndirmək hüququ tanınmışdır. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Beləliklə, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarında da ifadə edilmişdir. Qərarda göstərilmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Beləliklə, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur.

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2022-ci il tarixli qərarı

Qeyd edilənlərlə bağlı Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur (Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarı). Beləliklə, iddia müddəti hüquqi təyinat və mahiyyəti etibarı ilə haqların və öhdəliklərin mövcud olması və onların aradan qalxması ilə bağlı olmayıb, borclunun özünü müdafiəsi üçün nəzərdə tutulmuş mülki hüquqi vasitədir. Qanunvericilik mülki münasibət iştirakçılarının pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsinə müvafiq müddətlər daxilində təminat verir.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

19. İşin mübahisəsiz hallarından müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi, 0.06 ha olan torpaq sahəsi X1 mülkiyyətində olmuş və o, xx.xx.2021-ci il tarixində Daşınmaz Əmlakın Bağışlanması müqaviləsi ilə həmin torpaq sahəsini oğlu Cavabdeh bağışlamışdır. Mülkiyyətçi X5 xx.xx.2021-ci il tarixdə ölmüşdür.

20. Bakı şəhəri 24 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması müqaviləsindən müəyyən olunur ki, hədiyyə verən X5 və hədiyyə alan Cavabdehdur. Müqavilənin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması vacibdir və həmin müqavilə tərəflərin iradə ifadəsinə əsasən Mülki Məcəllənin tələblərinə uyğun bağlanmışdır. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar).

21. Mülkiyyətçi X5 xəstəliyi ilə bağlı olaraq notariat ofisinə gələ bilməməsi səbəbindən qabaqcadan əri-Musa Şaxəli oğlunun ərizəsi əsasında notariat ofisinin əməkdaşı ünvan 3 ünvanına getmiş, xanımla söhbət aparılmış, öz iradəsi ilə torpaq sahəsini oğluna bağışlanması tərəflərindən müəyyən edildikdən sonra müqavilə tərtib olunmuş və mülkiyyətçi öz mülkiyyətində olan mənzili öz iradə ifadəsinə uyğun olaraq öz oğluna bağışlamışdır.

22. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, iddiaçı öz izahatında 24 saylı notariat ofisinin əməkdaşının bağışlama müqaviləsinin rəsmiləşdirilməsi üçün evə gəldiyini, xx.xx.2021-ci il tarixdə bağışlama müqaviləsi bağlanan zaman bağışlama müqaviləsindən məlumatlı olduğunu, lakin əmlakın qardaşının deyil, atasının adına rəsmiləşdirilməsini bildiyini və 4 sot torpaq sahəsinin gələcəkdə onun mülkiyyətinə veriləcəyi barədə məlumatlı olduğunu qeyd etmişdir.

23. Hazırkı halda, iddiaçı tərəf mülkiyyətçi X1 və özünün cavabdeh tərəfindən aldadıldığını iddia edərək daşınmaz əmlakın bağışlanması müqaviləsinin bağlanmasının ona torpaq sahəsinin ayrılması halı ilə əlaqələndirsə də, məhkəmə hesab edir ki, bağışlama müqaviləsinin tərəfləri cavabdeh və onun anasıdır. X5 həmin müqavilə bağlanan anda notariat orqanının nümayəndəsinin iştirakı ilə öz razılığını bildirmiş və tərəfin iradə ifadəsinin zədələnməsi halı iş materiallarından müəyyən olunmur.

24. Qanunvericiliyin tələbinə əsasən maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisələndirə bilər. Hazırkı halda isə mülkiyyətçi və cavabdeh arasında mövcud olan bağışlama müqaviləsinin bağlanmasından artıq 3 ildən artıq keçmiş, bu illər ərzində iddiaçı bağışlama müqaviləsinin etibarsız hesab olunması ilə bağlı iddia qaldırmaq hüququndan istifadə etməmiş və həmin müqaviləni mübahisələndirməmişdir.

25. Məhkəmə hesab edir ki, həmin müqavilənin etibarsız hesab olunması ilə bağlı bir illik iddia müddəti tətbiq olunmalıdır və iddiaçı tərəfindən həmin müddət ötürülmüşdür. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı tələbinin əsaslarını məhkəmə araşdırması zamanı sübut edə bilmədiyindən onun iddiası göstərilən hallara görə qanuni və əsaslı sayıla bilməz və rədd olunmalıdır.

Məhkəmə xərcləri.

26. İş materiallarından göründüyü kimi iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərəkən 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsi ilə qiymətləndirilməyən iddia ərizələrinin verilməsi üçün ödənilməli olan dövlət rüsumu məbləğinə uyğun olmuşdur.

Məhkəmənin gəldiyi nəticə.

27. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesаb edir ki, İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə və Bakı şəhəri 24 saylı Notariat ofisinə qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir.

28. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmadığından ödənilmiş dövlət rüsumu iddiaçıya aid olunmalıdır. 29.Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə və Bakı şəhəri 24 saylı Notariat ofisinə qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar